"...müəllim olacağımdan qorxurdum"
Xuraman Hüseyinzadə: "Səfeh bir tələbəliyim olub"
"Tələbəlik
illəri" layihəsində növbəti
qonağımız gənc yazar Xuraman Hüseyinzadədəir.
Elə də uzaq olmayan tələbəlik illərindən
yaddaşında qalmış xatirələri gənc yazar oxucuları
ilə bölüşür.
-Ali məktəbə necə
hazırlaşırdınız? Repetitor yanına gedirdiniz
yoxsa təkbaşına hazırlaşırdınız?
-Çox
ciddi hazırlaşırdım. Ətraf aləmdən təcrid
olunmuşdum. Gecələr səhərə qədər kitab
oxuduğum günlər olurdu. Repetitor yanına gedirdim. Sonra
getmədim, özüm hazırlaşdım. Məni qane
etmirdi, ona görə.
-İmtahan həyəcanı necə
yadınızda qalıb? Kəsilməkdən qorxurdunuzmu?
-Həyəcan
yox idi. Qəbul olacağım ürəyimə
dammışdı. Çünki verdiyim cavabların
doğruluğuna əmin olmuşdum. Yox, qətiyyən qorxmurdum.
Sadəcə qəbul ola bilməsəm ruh
düşkünlüyü yaşayacağımdan qorxurdum.
-Ali məktəbə qəbul
olunmaq xəbərini kimdən aldınız və necə
qarşıladınız?
-Ali
məktəbə daxil olmağımın xəbərini bibim
qızının ərindən eşitdim. Həyatımda o
cür sevindiyimi xatırlamıram. Zarafat deyil, çəkdiyim
əziyyət hədər getməmişdi. Hamı məni təbrik
edirdi. Bu, çox gözəl bir duyğuydu. O günü
heç vaxt unuda bilmirəm.
-Hansı ali məktəbdə təhsil
almısınız və ilk dərs günü necə
yadınızda qalıb?
-Azərbaycan Dövlət
Pedaqoju Universitetində
təhsil almışam. İlk dərs
gününü xatırlamıram.
Ümumiyyətlə, mən universitetə
böyük ideyalarla.
xəyallarla hazırlaşmışdım, məndə ali məktəblər haqda başqa təsəvvür
vardı. Qəbul olduqdan sonra
gördüm ki, yanılmışam.
-Ali məktəbdə
ən çox sevdiyiniz müəllim kim idi?
Hansı
dərsləri sevirdiniz?
-Zahid Xəlil və Nabat xanım. Gözəl pedaqoqlardır.
Sevdiyim dərslər psixologiya, pedaqogika və uşaq ədəbiyyatı
idi.
-İmtahanıları özünüz
verirdiniz yoxsa...
-Yox, atam verirdi
(gülür). Yadımdadı ki, ilk semestrdə zoologiyadan qurbağanın
daxili orqanlarından danışanda müəllim
bilərəkdən məni
dolaşdırdı. Və kəsildim.
Pul almamış əl çəkmədi və ondan sonra müəllim
peşəsinə nifrət
elədim. Dəfələrlə universitetdən çıxmaq
istədim. Çünki onlar kimi müəllim
olacağımdan qorxurdum.
Qurbağanın üstündə
məndən bir qoyunun pulunu alan müəllimim
kimi müəllim obrazı gözlərimi qırmışdı. Gördüyünüz kimi, heç magistratura-filan da ağlımdan keçirmədim.
İlk dərsə başlayanda çoxu özünü yeyib-tökürdü ki, pul almayacam, özünüz oxuyun, özümüz də oxuyanda bizə dağ çəkirdilər.
Ona görə də sonra oxumadım. Bir sözlə, mərdi qova-qova namərd elədilər.
-Tələbəlik
illəri ilə bağlı ən yaddaqalan xatirənizi bölüşə bilərsinizmi?
-Elə yaddaqalan günlər olmayıb. Uşaqlar çətinlik çəkirdi.
İstədiyimiz kimi əylənə
bilmirdik, ad günləri
tort gətirirdilər, pul
yığıb hədiyyə
alırdıq, vəssalam.
Hərdən şəhərə çıxırdıq. Mən çox
nadir hallarda uşaqlara
qoşulurdum. Marağım yox idi.
-Hansı dərslərdən qaçırdınız?
-Lazımsız dərslərə
girmirdim, bufetdə oturub çay içirdik. Uşaq vaxtımdan belə bir xasiyyətim vardı: harda olsam, mütləq özümə komanda yaradırdım. Universitetdə də belə
oldu. Həmin uşaqlarla dərslərdən
yayınırdıq. Əvvəl əyani
oxudum, sonra dərsə getməməyin
ucbatından qiyabi oxudum.
- Tələbəlik
illərinizdə ən
çox sevdiyiniz kitab, ən çox sevdiyiniz mahnı, ən çox sevdiyiniz film yadınızda qalıbmı?
-Kitab çox oxuyurdum. Sveyqi, Bulqakovu, Cek Londonu, Borxesi, Markezi, feministlərə-Vircinya
Vulfa, Marqaret Dürasa marağım artmışdı, sektalarla
da maraqlanırdım.
XX əsr qərb
fəlsəfəsini çox
oxuyurdum. Sonuncu kursda
ingilis dili kursuna getdim. Yəni mənim öz dünyam vardı. Türk və rus ədəbiyyatını
lap acgözlüklə oxuyurdum.
Bunlardan başqa, universitetdə oxuduğum müddətdə
uşaqların psixologiyasına
mükəmməl bələd
olduğumu düşünürəm.
Universitetdə oxuduğum illərdə
ən böyük qazancım elə bu oldu. Sevdiyim mahnı Fausto Papettinin "Emmanuel"i idi. "Troya"ya
və "Altıncı
hiss"ə çox
baxırdım.
-Tələbəlik
illərinizdə sevgi
macərası olubmu?
O illərin xatirəsini
bölüşmək istərdinizmi?
-Macəra deməzdim. Elə-belə qarşılıqsız bir belə deyim,
uşaq məhəbbəti
idi. İndi fikirləşəndə anlayıram ki, o heç sevgi də deyilmiş. Amma nədənsə "Emmanuel" həmişə mənə
o alayarımçıq hissi
xatırladır.
-Sizin üçün seminarlar,
yoxsa mühazirələr
maraqlı olub?
-Əsas dərsin
adı idi. Marağım yox idisə, heç biri maraqlı deyildi.
-Tələbə
yoldaşlarınız üçün
darıxırsınızmı?
-Yox.
Orta məktəb illərim daha rəngarəng və unudulmaz
keçib. Tələbə yoldaşlarımın çoxu
yadımdan çıxıb. Biri ilə əlaqə
saxlayırıq. O da məni fb-də tapıb.
-O illəri xatırlayanda ən
çox nə ovqatınızı pozan nə olur?
-İmtahan
vaxtları müəllimlərə bihudə yerə pul vermək.
Bu adamlar başa düşmür ki, o pullara həmin tələbə
paltar alar, qəşəng geyinər, ya başqa
lazımlı işlərə sərf edər.
-Tələbəliyin sonuncu
günü xatirinizdə qalıbmı?
-Heç
o da qalmayıb. Səfeh bir tələbəliyim olub. Xatirəsiz,
təəssüratsız... Heç diplomum da bilmirəm, evin
hansı tərəfində toz yığır. Bu qədər
əziyyət çək, xərc çək, diplomunu toz
bassın. İşləmək istəyəsən, ona da pul
istəyələr....
-Yenidən o günlərə
qayıtmaq istərdinizmi?
-Belə
qayıtmaq istərdim ki, yaşım o yaş olaydı, xaricdə
təhsil alaydım və bir daha buralara qayıtmayaydım. Heç
"Emmanuel"i də sevməyəydim...
Söhbətləşdi: Cəlil
Cavanşir
Ədalət.-2012.-24 noyabr.-S.5.