VƏTƏN SEVGİSİNƏ DOYMAYAN ÖMÜR

 

Çox danışdıq, haradasa beş-altı saatdan da artıq, amma nə deyim ki, bu insandan doya bilmədim və o danışdıqca gözüm önündə Azərbaycan canlanmağa başladı, yetmişini yola salmış bu qadın öz məğrur baxışı ilə, müdrikliyi ilə və canlı tarix olması ilə mənə təsir edirdi. Bir aralar ruhuna toxundum suallarımla, elə bilirdim ki, ürəyim daş kimidir, amma onun axan göz yaşlarına dözə bilmədim, o gözlərdən axan yaşların hər bir damlası, zərrəsi müqəddəs idi, o yaşlar bir qəbir torpağının ustünə axdıqda bu bakirəti qazandı. Mən nə karə idim ki, yenidən o anları xatırladaraq buna vəsilə oldum, amma yenə də bu peşmançılıq içində bir gizlin razılıq hissi də vardı məndə, nə yaxşı sən varsan, ey Azərbaycan qadını!

...Üçüncü blok, ikinci mərtəbəyə qalxdım, qapıya yaxınlaşdım, uzaqdan bir azca seyr etdim, bu evin qeyri-adiliyini görmək istədim. Bəlkə də onu bizim kimilər görəsi deyilmiş, bura Azərbaycan Milli qəhrəmanı Gültəkin Əsgərovanın böyüdüyü ev idi...

Rəfiqə ana hər şeyi danışdı, ta Gültəkinin körpəliyindən son gününədək...

... "Üç uşaq böyütdüm, bir ayağım bağçada, bir ayağım universitetdə idi, oxuyurdum, iki qoşa saatın arasında evə qaçırdım, uşaqlara baxırdım, yenə də mühazirələrə girirdim. Gültəkin ortancıl qızım idi. Çox tez böyüdülər. Qızım dəqiq elmləri əla bilirdi, bütün fənlərdən həmişə əla alırdı, amma yekunda Tibb universitetinə qəbul vaxtı balını kəsərdilər, bununla belə o, heç vaxt təslim olmadı və nəhayət ki,Tibb işçisi olmağı bacardı. Çox tez hörmət qazanan və kollektivə isnişən qiz idi. Bir gün gəldi ki, "ana, ürəyim çox sıxılır, mənə elə gəlir ki, nəsə çox pis şeylər baş verəcək". Düzü, onda heç kim inanmazdı ki, bu möhkəmlikdə Sovet günlərin birində çökəcək. İlk dəfə mən onu 19 yanvarda tamam başqa bir adam kimi gördüm. Axşam növbəsində işə çıxmalı idi, hazırlaşıb evdən çıxdı və təxminən bir saatdan sonra geri qayıtdı. "Ana, işdə çox sıxıldım, gəldim ki, bir az yatım". Otağa girib arxasınca qapını bağladım və getdim qonşularla söhbət etməyə. Axşam saat on ikiyə yaxın evə zəng etdilər ki, Gültəkin təcili xəstəxanaya gəlsin. Düzü qız oyanmasın deyə telefonun şunurunu çıxardım və fikirləşdim ki, qızım narahat olmasın, yatsın. Bir müddətdən sonra aşağı məhlədə səs-küy qopdu və məlum oldu ki, gecə ruslar şəhərə hücum edərək insanlarımızı öldürürlər. Təcili Gültəkin yatan otağa qaçdım, qapı açıq, o isə çoxdan getmişdi. Gecə səhərədək ölənlərə yardım etmişdi. İki sutkadan sonra evə gəldi. Özündə deyildi, həmişə danışardı ki, heç vaxt unutmayacağam 20 yanvar şəhidi Boris Yefimov gözümün qabağında necə can verib, sonra da 20 noyabr Qarakənd faciəsində, Daşaltı əməliyyatı və Xocalı dərdləri qıza əməlli- başlı təsir göstərdi , üzü bulud kimi tutulmuşdu. Demək olar ki,heç gülməzdi son vaxtlar. 1992-ci ilin aprelinə kimi bunların xəstəxanasının həkimləri qrup-qrup gedirdilər döyüş bölgəsinə.

Bir gün evə gəldi, əynində də hərbi forma vardı. Üzümdən öpdü, ana necə yaraşır, üzümü çevirdim, baxmadım, fikirləşdim ki, yenə nəsə zarafat edir. Qızım məni qucaqladı, "ana, niyə baxmırsan mənə? Yaxşı, sənədlərim hardadı?". Elə bilirdim qiz aspiranturaya hazırlaşır, sən demə, komissarlığa gedirmiş. Apreldə - o, cəbhəyə gedən gün evdə adam əlindən tərpənməyə yer yox idi. Heç kim istəmirdi ki, o getsin - mən, bacıları, işdən də. Amma qərarı qəti idi. Şuşada, Laçında vuruşduAğdamda qanlı döyüşlərdə yaralananlara yardım edirdi. Tez-tez Bakıya hospitala yaralı gətirir, evə də dəyib gedərdi. İyun ayında Aranzəmin (Xankəndi) yüksəkliyində düşmənlə ağır döyüşdə Gültəkin həlak olur...

Azərbaycan qadını bax beləcə qəhrəmanlıq və ölməzliyini qazanır. Günümüzdə Bakının ortasında hərbi xidmətdən yayınan onlarla qorxaq gənc də bu ölkənin övladıdır. Evdə körpəsini, yoldaşını qoyub, döyüşə atılan qadın da Azərbaycan vətəndaşıdır...

Bəlkə yenə yaz gələcək, bəlkə yenə o torpaqlarda çiçək açacaq, bəlkə bu iyirmi ildə qovrulan ciyərlər bir gün azadə nəfəs alacaq. Başındakı Örpəyini papaqla əvəz edən qadının ruhu qabağında papağımızı ancaq dəmir başlıq geyməklə, silaha sarılmaqla çıxa bilərik. Bəlkə də dağlar dumandır, bir tabutda yavrun dincəlir. Mənə daş heykəlləri, barelyefləri deyil, azadlıq heykəlini ucaldın, Qarabağın azadlığının heykəlini"!

 

 

Əziz Əlibəyli

 

Ədalət.-2012.-27 noyabr.-S.5.