Döyüşən, deyişən, dəyişən məbəd və ya 21 yaşlı qocanın xatirələri

 

Azərbaycanın, eyni zamanda keçmiş SSRİ məkanının ilk müstəqil media strukturu olan ANS, 21 il əvvəl noyabr ayının 26-sı yaranıb. Olduqca çətin bir vaxtda - müharibələr, iqtisadi böhran, siyasi qarışıqlığın hökm sürdüyü bir dövrdə Vahid və Seyfulla Mustafayev, həmçinin Mirşahin Ağayev tərəfindən 1991-ci ildə yaradılmış ANS növbəti ad gününü qeyd edir.

Amma bu ad günündə Vahid və Seyfulla Mustafayevlər, Mirşahin Ağayev işdə yoxdur. Çox sonradan öyrənirəm ki, rəhbərlik "Xoca" filminin nümayişi ilə bağlı Misirdədir.

ANS-in Azərbaycan tamaşaçısı üçün önəmini nəzərə almaq üçün həmkarlarımızı təbrik etmək, eyni zamanda TV-də çalışan həmkarlarımızla ad günlərində söhbətləşmək üçün yollandıq ANS-ə. Bizi qapıda adətə görə mühafizəçilər qarşılayıb, ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədovun otağına ötürdülər. (Qeyd edim ki, mühafizəçilərin qapının ağzındaca telefonlarımızı təhvil alması mənim heç ürəyimcə olmadı) Mais Məmmədov bizi qapıda qarşılayıb, qonaqpərvərliklə otağına dəvət edəndən sonra qısa müddətlik harasa getdi. Təxminən 5-10 dəqiqə qeyri-müəyyən vəziyyətdə Mais müəllimi gözlədim. Az sonra o qayıtdı və yanındakı cavan oğlanı bizə təqdim etdi. Əslində Ayaz Nizamioğlunu uzun müddətdir ki, efirdə gördüyümdən təqdimata ehtiyac qalmadı. Mehribanlıqla əl verib görüşdük. Məlum oldu ki, ANS-lə tanış olmağımıza həmkarımız Ayaz köməklik edəcək.

 

Ayaz Nizamioğlu: "Peşəkarlıq ANS-in əsas prinsipidir"

 

Mais müəllimlə sağollaşıb, Ayazın iş otağına keçdik. ANS-ə adi bir tələbə kimi üz tutan Ayaz hazırda televiziyanın təhlil redaksiyasının baş redaktorudur. Otağa keçən kimi həmkarım həvəslə ANS-ə gəlişindən və burda yaşadığı maraqlı günlərdən söhbət etməyə başladı. "ANS-lə bağlı çox maraqlı və unudulmaz xatirələr var. Məsələn, 2008-ci ildə Rusiyanın Gürcüstandakı hərbi əməliyyatı zamanı mən ANS-in xüsusi müxbiri kimi döyüş bölgəsinə yollandım. Xəbər hazırlamaq üçün Qoriyə, döyüş bölgəsinə yollanmışdım. Rəhbərlik də, özümüz də bilirdik ki, həyatımızı təhlükəyə atırıq. Ancaq peşəkarlıq və ANS-çi olmağımızın məsuliyyəti bizi bu bölgədə işləməyə ruhlandırırdı. Başa düşürdük ki, hadisəni düzgün və dolğun işıqlandırmaq lazımdır. Peşəkarlıq ANS-in əsas prinsipidir. Biz Qorini tərk edəndən 10-15 dəqiqə sonra həmin rayonda ciddi atışma olmuş və bir gürcü jurnalisti yaralandı. ANS-də jurnalist ekstremal vəziyyətdə işləməyə hər zaman hazırdır. ANS-çilər yaxşı xəbər hazırlamaq üçün öz aralarında rəqabət aparmağı bacarır. 10 il əvvəl mən ANS-ə gələndə adi bir tələbə idim. Burda özümü yetişdirdim, inkişaf elədim və 10 il sonra artıq burda müəyyən bir post tutmuşam. Mənim üçün xoşdur ki, ömrümün 10 ilini burda keçirmişəm. Gördüyünüz kimi, biz ad günümüzü də iş başında keçiririk. Mənim üçün ən kədərli xatirə bir neçə il əvvəl ANS-in ad günü ərəfəsində bağlanması oldu. Düzdür, bu, qısa müddət çəkdi, amma mənim həyatımda dərin iz buraxdı. O günlərdəki fəaliyyətimiz hələ də yadımdadır. Bütün ad günlərimiz yaddaqalan olur və hər ad günündə ANS-də mütləq dəyişiklik olur. Bu il də xəbər yönümlü proqramların sayını artırmağı qarşımıza məqsəd qoyduq və məqsədimizə nail olduq. Reytinqlərə görə də vəziyyətimiz çox yaxşıdır. Xəbərlər bizim kanalda hər zaman birinci yerdədir. ANS-in xəbər standartları dünya standartlarına tam uyğundur. Bir sözlə, ANS hələ də baxımlıdır".

 

Kəmalə Quliyeva: "ANS-in 21 ilinin 7-sində mənim də payım var"

 

Dəhlizlərdə ora-bura vurnuxan, tələsən əməkdaşları görəndə başa düşdüm ki, ANS-çilər ad gününü adi iş günü kimi yaşayır. İllərdir bu televiziyada çalışan və hər bir ANS tamaşaçısının yaddaşında dərin iz buraxan "köhnə qvardiya" ilə söhbət etmək istəyimi Ayaza bildirirəm. O da öz növbəsində məni tanınmış ANS-çilər Azadə Balayeva və Kəmalə Quliyevanın çalışdığı otağa gətirir. Təqdimatı da özünəməxsusdur: "Gördüyün bu xanımlar ANS-in qocaman əməkdaşlarıdır. Yəqin ki, xanımlar "qocaman" sözündən inciməyəcək".

Hazırda "İç xəbər" layihəsində çalışan Kəmalə Quliyeva həvəslə ANS-lə bağlı xatirələrini bölüşür: "Mən ANS-ə AzTV-dən gəlmişəm. Az-çox təcrübəm olduğu üçün məni aparıcı kimi işə qəbul etdilər və mən "Şirin çay" verilişində çalışmağa başladım. Daha sonra isə məni "İç xəbər" layihəsinə dəvət etdilər. Olduqca maraqlı xatirələrim var. Ən yaddaqalan xatirələr isə tərəf müqabilim İlqar Mikayıloğlu ilə birlikdə veriliş apardığımız vaxtlara aiddir. Bildiyiniz kimi, material çatışmayanda güc aparıcılara düşür. Efirlərin birində material çatmadığı üçün məcbur olduq İlqarla başqa mövzulardan söhbət etməyə. Filmlərdən, təcrübədən və digər müxtəlif mövzulardan danışdıq. Verilişin sonuna qədər də material gəlmədi və biz 17 dəqiqə İlqarla danışmağa məcbur olduq. Bizdə adətən materiallar arası 2-3 dəqiqə danışırdıq. Ancaq bu dəfə hətta verilişi tez bitirməyə məcbur olduq. Çox narahat idik ki, reytinqimiz normal olmayacaq. Amma həmin gün tamaşaçı bizi daha çox izləmişdi. ANS 21 ilinin 7-sində mənim də payım var. Arzu edirəm ki, ANS hər zaman yaşasın".

 

Azadə Balayeva: "...biz ANS-i sevirik"

 

Azadə xanım hal-hazırda "İç xəbər" layihəsinin redaktorudur. Onun stoluna yaxınlaşıb söhbət etmək istədiyimi bildirirəm. O da öz növbəsində jest edib, kulis.az dərgisində bu gün işıq üzü görmüş şeirimi mənə göstərir. Baxışları ilə sanki, "Görürsünüz, mən də sizi tanıyıram" demək istəyir. Azadə xanım qəzetçilikdən televiziyaya keçən həmkarlarımızdandır. Amma uzun müddətdir ki, ANS-də çalışır və artıq buranın tanınmış simalarından biridir. "Televiziyaya gələndə təbii olaraq çoxlu çətinliklərim olurdu. Bir dəfə Mirşahin müəllim çox vacib bir tapşırıq vermişdi. Müsahibi böyük çətinliklə razı salmışdıq. Hadisə yerinə çatanda isə məlum oldu ki, kaseti götürməmişik. Təbii ki, bütün planlarımız da pozuldu. Bir dəfə də MDB-nin icraçı katibini aeroportda qarşılayan zaman gülməli bir hadisə baş verdi. Mən sual verirdim, o isə mənim aksentimi başa düşmürdü. Çox çətinlikdən sonra həmkarlarım mənim sualımı tərcümə etdi və o da cavab verdi. Bu cür xatirələr təbii ki, çoxdur. Hər şeyə rəğmən biz ANS-i sevirik və iş yerimizlə qürur duyuruq. Həmkarlarıma bu gözəl gündə uğurlar arzulayıram".

 

Natəvan Babayeva: "...biz etibarlı olmağı da bacarırıq"

 

Müxbirlərin çalışdığı otaqdan keçib ANS-in daha bir layihə rəhbəri Natəvan Babayevanın iş otağına daxil oluruq. Müxbirlər otağında çox pozitiv ab-hava hökm sürür. Saat 3-ə işləyib və Natəvan xanım ciddi şəkildə efirə hazırlaşır. Əvvəlcə söhbətləşməyə razı olmasa da, "saqqızını oğurlayıram". İsrarımdan sonra mehribanlıqla oturmaq üçün yer də göstərir. Üz-gözündən hiss olunur ki, işindən və mövqeyindən razıdır. "Amerikada əkiz qüllələr partladılan zaman, biz xəbər hazırlayırdıq. Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyevlə danışmağımız lazım idi. Amma telefonçu qızlar bizi Bakı Baş Polis İdarəsinin o vaxtkı rəis müavini Yaşar Əliyevə bağladı. Mən də həyəcanla partlayışla bağlı sual verir, Amerikadakı vəziyyəti öyrənməyə çalışırdım. Çox həyəcanla suallar verir, bombalardan, göydələnlərdən danışırdım. Mən həyəcanla danışdıqca Yaşar Əliyev də deyirdi ki, "nə olsun..." Axırda dözə bilməyib soruşdum ki, "Yaşar müəllim, siz Amerikada deyilsiniz?" O da rahatlıqla cavab verdi ki, xeyr, mən Bakıdayam. Məlum oldu ki, biz səhv nömrəni yığmışıq. Hər dəfə İlqar Rəhimov əvəzinə, İlqar Mikayıloğlunu yığıblar. O da səhv düşüldüyünü bilə-bilə bizə cürbəcür rəqəmlər deyib. Sonradan həmin xəbəri yenidən işləməyə məcbur olmuşuq.

ANS-ə sevilən kanal olmağı arzu edirəm. Çox televiziyalar deyir ki, baxımlı kanalıq. Amma əsas şərt etibarlı kanal olmaqdır. Məncə, biz etibarlı olmağı da bacarırıq".

ANS TV-nin xüsusi müxbiri Ləman Əliəşrəfqızı təxminən 9 il əvvəl bu televiziyaya gəlib. Əvvəllər müxtəlif qəzetlərdə çalışıb. Amma özünün dediyinə görə, ANS ona daha doğmadır. "Mən siyasət müxbiri olsam da, "İç xəbər"də sosial müxbir kimi işə başladım. ANS-in 21 yaşı, mənim isə burda işləməyə başlamağımın 9 ili tamam olur. Mən jurnalistikanın əsas kriteriyalarını ANS-də öyrənmişəm. Arzu edirəm ki, ANS məktəb rolunu hər zaman öz üzərində saxlasın".

 

Heç yandan əliboş qayıtmayan Qənirə Ataşova

 

Qənirə Ataşova da ANS-in "köhnə qvardiya"sına aiddir. Uzun illərdir ki, ANS-in efirlərində gördüyümüz bu xanım hal-hazırda "Baş xəbər" layihəsinin rəhbəridir. ANS-də belə bir fikir dolaşır ki, Qənirə Ataşovanı hara göndərsələr, əliboş qayıtmır. Qənirə xanım artıq 14 ildir ki, ANS-də çalışır. "Mən jurnalistika təhsili almamışam. Amma oxuduğum sahəyə, fizikaya həvəsim yox idi. Hər zaman televiziyaya can atırdım. ANS isə bütün telekanalların içində öz fərqli tərzi ilə, hadisələrə fərqli yanaşması ilə məni özünə cəlb edirdi. Özlüyümdə qərar vermişdim ki, ANS-də işləyəcəm. 2-ci kursda oxuyanda ANS-də müsabiqə elan olundu və müsabiqəyə qatıldım. Müsahibədə Vahid müəllim, Mirşahin müəllim və tanınmış jurnalist Sevil Nuriyeva oturmuşdular. Sözün düzü, münsiflərdən birinin Vahid Mustafayev olduğunu sonra bildim. Müsahibəyə qatılanlar çox idi. Müsahibədən keçdim və başladım ANS-də təcrübə keçməyə. Mən burda Seyfulla Mustafayevdən çox şey öyrəndim. Eyni zamanda, Vahid Mustafayevin dərsləri də mənim öyrənməyimdə çox böyük rol oynadı.

İlk dəfə Orxan Fikrətoğlunun "Pressinq" verilişində başladım. Ondan sonra ardıcıl olaraq "İç Xəbər", "Salam Azərbaycan", "Xəbərçi", "Nəzər nöqtəsi", "Əhatə dairəsi" verilişlərində çalışdım. ANS-in qaydası budur, hara göndərsələr orada işləyirik.

Bu yaxınlarda Suriyada, müharibə bölgəsində olmuşam. Ən maraqlı və çətin səfərlərimdən biri idi. Suriyaya Türkiyənin Hatay bölgəsindən, qaçaq yolla keçdik. Meşədə irəlilədikcə çox qorxurduq. Qarşımıza çıxanlar suriyalı qaçqınlar oldu. Onlar da bizdən çəkinirdilər. Sözün düzü, Mirşahin müəllim israrla geri qayıtmağımı istəyirdi. Amma mən Seyfulla müəllimə zəng edib, razı saldım. Mirşahin müəllim bir hadisə baş versə diplomatik qalmaqalın yaranacağından narahat idi. ANS-in bir üstünlüyü də odur ki, bizə müharibə bölgəsində işləməyi də öyrətdi".

 

Zarafatcıl "Böyük Seva"

 

Sonuncu həmsöhbətim ANS-də "Böyük Seva" kimi tanınan Sevda Həsənovadır. Onu söhbətləşməyə razı salmağımız xeyli çəkir. Ayaz bizə kömək etməyi boynuna götürdüyü üçün, zəng edib israr edir. Nəhayət, Ayazın müşayiəti ilə tanınmış ANS-çi Sevda Həsənovanın işlədiyi otağa daxil oluruq. Olduqca rahat və səmimi həmsöhbətdir. Ən çox diqqətimi çəkən isə, "Böyük Seva"nın iş telefonunun zəngi oldu. Söhbətin şirin yerində telefonda azan oxunmağa başladı. O isə israrla mənə əyləşməyi təkid elədi. Kresloya əyləşmədən öncə söz atmağı da unutmadı: "Ehtiyatlı ol, qırılmasın".

"Böyük Seva" artıq 19 ildir ANS-də çalışır və işindən çox məmnundur. "Mənim ANS-dəki stajım bir insan ömrü qədərdir. Az vaxt deyil və bura ilə bağlı çoxlu xatirələrim var. ANS ÇM yeni açılmışdı və bacımın təklifi ilə xəbər oxumaq üçün gəldim radioya. Vahid Mustafayev məni yoxladı və işə götürdü. Ömrümün yarısı bura ilə bağlıdır. Hər şeyi burda görmüşəm. ANS-çi olmağın yeganə üstünlüyü ANS-çi olmaqdır. Çox şərəflidir ANS-də çalışmaq. Ən böyük arzum budur ki, ANS-in öz binası olsun".

Söhbətimizin şirin yerində Sevda xanıma böyük bir tort hədiyyə gətirirlər. Tortdan dadmağı çox israr eləsə də, tort yemədiyimi bəhanə gətirib imtina edirəm. Ancaq o da israrlıdır. Tortu kəsir və xahiş edir ki, Lent.az-dakı dostlarına aparaq.

Beləliklə, qaynar bir iş günündə, ANS-çilərlə bərabər televiziyanın 21 yaşını qeyd edirik. Gözəl təəssüratlarla sağollaşıb şirkətdən çıxanda, uşaqlığım gözümün önündə canlanır və Çingiz Mustafayevin döyüş bölgəsindən çəkdiyi kadrları, Mirşahinin Elçibəylə son müsahibəsini və Qənirə Paşayevanın reportajlarını xatırlayıram...

Ad günün mübarək, ANS!

 

 

Ədalət.-2012.-27 noyabr.-S.6.