Uğurlar, dostum!

 

Əsəd Qaraqaplanın "Halroman"ı haqqında

 

"...dilim, dodağım nə təhər quruyubsa, indi hiss etdim ki, bayaq süzdüyüm çayı axıra qədər içib qurtarmamışam, növbəti qurtumu içmək istəyəndə anladım bu yanğını... Sən demə, mətn üzərində işləmək də elə qadın üzərində işləmək kimi bir şeymiş, hər şeyi unudur adam, onun ən incə yerini tapmaq, ona ən xoş sözləri pıçıldayıb yatağa salıb ona kobudluq etməyindən xoşlanması əsas olsa da, önəmli olan ona hansı enerjiylə, hansı ehtirasla yanaşmağındı... Həm də heç nəyin əbədi olmadığı bu dünyada indiki halımla qadınları razı salıb, bunu yazmaqdan, özündən sonra bir şey qoymaqdan başqa əlimdən elə də böyük bir gəlmədiyini duyanda yazmağa və qadınlara daha çox aludə oluram..."

 

Əsəd Qaraqaplan, "Halroman" halromanından IV hal və ya "Rənanın Gecə zəngi halı" halından bir parça

 

Bu yazı Əsəd haqqında olmasa belə bu başlığı seçəcəkdim. İndi həqiqətən içimdəki yanğını hiss edirəm. Yuxarıdakı parça "Halroman"da diqqətimi çəkən, daha doğrusu gülümsəyə bildiyim bir neçə parçadan biridir. Bu balaca kitabı oxuduqca o qədər əzab çəkdim ki, bunu yazsam oxucular da əzab çəkməli olacaq. Elə bu yazını yazanda da əzab çəkirəm, ancaq oxucu bu əzabı hiss etməyəcək. Daha doğrusu istəmirəm ki, oxucu əzab çəksin. Təəssüf ki, bu romanı (halromanı) oxuyan anlayışlı oxucunun ən sonuncu halı - əzab halı başlayır.

Əsəd Qaraqaplan günümüzün reallığına tüpürən, gündəlik qayğılara həyatında yer ayırmayan, sosial problemləri vəhşicəsinə əzib keçə bilən, pozitiv enerji paylamağa çalışan, əslində neqativ enerjiylə yüklənən, İbrahim Sadri, Yusuf Hayaloğlu kimi şeir ifaçılarına hərisliklə qulaq asan, "Yəmən türküsünə" qol götürüb oynayan, Natalie Cordone adlı müğənninin "Hasta siempre" adlı Çe Gevaradan bəhs edən klipinə baxıb ekstaz yaşayan, tanıdığı bütün ədəbiyyat adamları ilə mübahisə edən, mütaliəyə yenicə başlayan, odlu-alovlu, etiraz dolu şeirlər yazan, Aqşinin gülüşünü, Xanəmirin qətiyyətini, Rafiq Tağının nəsrini bəyənən, Sevinc Pərvanəni, Günel Mövludu istedad kimi qəbul edən, Gənc Ədiblər Birliyinə, AYO və AYB-yə səmimi qəlbdən nifrət edən, ədəbiyyat sevdasıyla alışıb-yanan, əxlaq haqqında qarmaqarışıq fikirləri olan, ən əsası mənim əsəblərimi son həddə qədər tarıma çəkən, çərçivələrə sığmayan maraqlı bir yazı adamıdır.

Onu iki ilə yaxındır ki, tanıyıram. Kifayət qədər maraqlı və cəsarətli ədəbiyyatçı olduğunu söyləyə bilərəm. Baxmayaraq ki, son vaxtlar münasibətlərimiz dostluq səviyyəsində deyil, ancaq əvvəllər bərk dost olmuşuq. Necə deyirlər? "Bir tikəni yarı bölən dostlar". Hə, bu sözü bizim haqqımızda demək mümkün idi.

Əslində onun haqqında bir neçə yazı başlayıb yarımçıq qoymuşam. Bu sonuncu yazını isə bitirməyə çalışacam, əgər bitirməsəm daha heçyaza bilməyəcəm Əsəd haqqında. Mənim nə isə yazmağım, xüsusilə "Halroman"a fikir bildirməyim o qədər vacib deyil. Kitab nəşr olunmamışdan öncə elektron variantda kitabı Əsəd mənə göndərib fikirlərimi öyrənmək istəmişdi. Mən də əsər haqqında fikirlərimi şəxsən özünə bildirmiş, yazdıqlarım fikirləri isə göndərməyib saxlamışdım. Kitabda Xanəmirin, Rafiq Tağının, Şərif Ağayarın, Vaqif Bayatlının maraqlı fikirləri, əsərə qarşı iradları var. Sonradan Əsədlə bu barədə xeyli söhbətlərimiz olsa da mən "Halroman" haqqında xüsusi bir yazı ortaya çıxara bilmədim. Bir neçə yarım-yapalaq yazı yazsamda Əsədə göndərmədim. Bu yazı isə son günlər Əsədə deyiləcək vacib bir söz kimi məni narahat edir. Onun parlaq yazar taleyini, gələcəyini görüb-hiss etdiyim üçün bu yazını yazmalıydım.

"Halroman"ı yazıb ortaya çıxaran, onun janrını bəlirləyən Əsəd Qaraqaplan bir yazar kimi alqışa layiqdir. Ortaya mətn qoyaraq mücadiləsini sürdürən yazar dostumu alqışlayıram. Əsədin bu cəsarətinə əhsən! "Halroman"la söhbətimiz bambaşqadır.

"Halroman"ın ümumi ruhu əslində uğursuz sevgi macəralarından, qadın tovlamaqdan ibarət olmayan, yeri gəldi-gəlmədi özünü psixoloji əzaba salan qəhrəmanın gündəlik yaşam çabalarından ibarətdir. Ayna da, Lena da, Rəna da qəhrəmana ona görə lazımdır ki, o bütün bu qarmaqarışıq sevgi oyunları içərisində nə isə yaza bilsin. Ən faciəlisi qəhrəmanın Rənaya olan sevgisidi. Bu yerdə Rafiq Tağının əsər haqqındakı bir sözünü şərhə ehtiyac duyuram. R. Tağı "Halroman" haqqında təxminən belə bir fikir yazır: "Əsər sevgi yox, hələlik sevişmək təcrübəsi olan bir yazarın əsəridir." Yox, əsər sevişməyə ciddi ehtiyacı olan, sevgi haqqında çox ciddi təsəvvürləri olan bir yazarın əsəridir. İnanmıram ki, R.Tağı bu məqamı görməsin. Əsəri üç dəfə, bir dəfə elektron variantda, iki dəfə də kitab halında oxumuşam. Hiss edirəm ki, Əsəd ətafından, cəmiyyətdən yığdığı güclü neqativ enerjini ən adi bir fahişəyə belə boşalda bilsəydi, "Halroman" kimi bir əsəri tamam başqa cür yazardı.

Əsərdə dilə yönəlik hücumlar çox uğursuzdur. Xanəmirsayağı qəddarlıq demək olar ki, hiss olunmur. Bir neçə xırda cəhdlər uğursuz alınıb məncə. Anadolu türkcəsindən təsirlənmələr, pinti bir cəhd kimi qiymətləndirilməlidir. Digər oxucular əsər haqqında qeyri-müəyyən danışsalar da, mən konkret olaraq sonuncu dəfə oxuyanda hiss etdim ki, Əsəd bu yazını sadəcə yazıb qurtarmağa, sonrada "halroman" adlı janr ortaya qoymağa ciddi cəhd göstərib. Əsərin sujeti alt qatında gizlənsə də, hiss olunmayacaq qədər əsərin yapısında da süjet hiss olunur. Əsədin yazdığını oxuduqca hiss edirəm ki, bu həqiqətən yazılsaydı çox böyük roman ola bilərdi. Əsərdəki qəhrəmanlar, Əsədin Aynası, Lenası, Rənası hansısa yazılmaqda olan bir romanın qəribə taleli, hətta faciəli qəhrəmanlarıdırlar. Əsərdə kənara çıxmalar, C. Coys, M. Bəyazidlə bağlı ricətlər əsəri oxunaqlı eləsə də, ala-bəzək yamaq təsiri bağışlayır.

Əsəd psixoloji məqamları, sevgi axtarışlarını uğurla yazsa da əsərin ümumu ruhu bütün əsər boyu qəhrəmanın qadınlarla yatmağa uğursuz cəhdləri kimi görünür.

Məsələn, əgər qəhrəman Rənayla üç gün üç gecə sekslə məşğul olsa, onu sevmədiyini həmən etiraf edərək nə qədər yanlış yolda olduğunu dərk edər və Aynaya geri qayıdar. Təəssüf ki, qəhrəmanın bu şansı yoxdur, Əsəd ona bu şansı yaratmır. Eyni zamanda Lenayla vəhşicəsinə sevişdikdən sonra (bir-iki saata dörd şair öldürdükdən sonra - Ə.Q.) yenə də Rənanı arzulayır. Deməli, Əsədin yaratdığı nakam qəhrəman bütün günü Rənayla yatmağı düşünsədə, Rəna onu sevdiyi üçün bu ilişgidən qaçır. Əsərdə isə yazılanlara nəzər salsaq görərik ki, Rəna müxtəlif kişilərlə yatağını paylaşa bilən bir qadındır. "Halroman"ın zəif imkanlı, böyük ürəkli qəhramanı isə Rənanı - 37 yaşlı bu bədbəxt qadını sevir. Əsədin yazdığı qəhrəmanın sevgi təcrübəsi olsa da, sevişmək, seks cəhdlərinin uğursuzluğu qabarıq dərəcədə hiss olunur.

Psixoloji detallar, xüsusilə bir yazarın düşdüyü hallar, nəyi necə hiss etməsi əsəri qurtarır. Bir yazar kimi mən, əsərin qəhrəmanının Rənaya olan tutkusunu anlayıram. Bu sevgiyələ əlaqəli deyil. Rənaya yazılan məktublar, müraciətlər və bütün yazılanlar əslində Rənanı yoldan çıxarıb yatağa çəkmək cəhdləridir.

Əsər uğursuz sonluqla, oxucunu maraqlandırmayan sonluqla yekunlaşır. Bilmirəm, bəlkə də belə deyil.

İlk dəfə oxuyanda elə hiss olunurdu ki, əsərdəki üç qadından biri qəhrəmanı dəlicəsinə sevərək digərlərinə qısqanaraq intihar edəcək. Və ya Rənanın psixoloji olaraq analizi göstərirdi ki, Rəna qəhrəmanı son anda anlayaraq onunla yatmağa, sevişməyə razı olacaq. Əsədin qəhrəmanlara bu şansı verməməsi oxu prosesini əzaba çevirir. Bütün sonluğu qurmaq, bütün hadisələrdə son söz əlahəzrət oxucuya qalır. Bu standart roman janrından fərqləndiyi üçün Əsəd buna "halroman" adı verməkdə yanılmayıb. Əsər ilk cəhd, yazarın iddiasını ortaya qoymaq cəhdi kimi uğurlu bir tapıntıdır.

İnanıram ki, Əsəd daha ciddi "halroman"larla oxuculara əzab verməkdə davam edəcək.

Son olaraq deyirəm: Uğurlar, dostum!

 

 

Cəlil Cavanşir

 

Ədalət.-2012.-28 noyabr.-S.8.