Yurd fədaisi və ya sevginin ölüm pöhrəsi

 

Sadə riyaziyyatda belə qayda var: iki nöqtə istiqaməti müəyyənləşdirir. Aslan Kəmərlinin Yurda bağlı silsilə şeirlərini bir daha fərqli baxışla oxudum və böyük dərd böyük sevginin böyük itkisidir düsturunu, yəni haqqın görüntüsünü bir daha birmənalı qəbul etdim. A. Kəmərlinin yurd, el-oba, torpaq, vətən aşiqi olması, nəhayət fədaisi, şəhidi olması hər kəsə bəllidi. Onun səxsiyyətini və sənətini elat anlayışına istinadən müəyyənləşdirən bu fikrin, hökmün təsdiqinə varaq.

Aslan Kəmərlinin könlünə yurd sevgisi əvvəla genindən gəlir, ötəndə kəndinin coğrafiyasından, dədə yurdunun kənddə yerləşdiyi məkandan və nəhayət yaxın cənnət meşələrlə - Qılınckəndi, Vələsdi, Batdaxlı, Cəyvid, Baş kalafa, Dərəbəyli, Hasyvalı, Xanımın bulağı, Calaxbaşqa yaylaqlarla müntəzəm təmasdan və bu təmasın nəinki həyat tərzinin tərkib hissəsinə, hətta həyat tərzinin özünə çevrilməsindən yarandı. Bu sevgi bizim incəlilərin, xüsusən, qayıb meşələrin lap ətəyində, bir addımlığında məskunlaşan kəmərlilərin hamısındadı.

Aslan Kəmərlidə isə bu sevgisevda, bağlantı sonsuzluğa, ilahi zirvəyə qalxdı, görüntülü oldu. Görüntünü isə Aslan Kəmərlinin istedadı ortaya qoydu.

İlkinə ağlıma gələn qaydanı xatırladan da elə buydu. Sevdalı könülistedad deyilən iki nöqtə dünya deyilən müstəvidə tale xəttini yaratdı. Aslan Kəmərlinin tez qırılan, ancaq yaddançıxmaz tale, yığval xəttini...

 

Sevgi şeirə işıqlı enerji verər.

Dərd şeirə od qoyar.

 

Nə yazıqlar ki, böyük sevginin mənbəyini itiribböyük dərdin mənbəyinə urcah olduq!

Yəqin razılaşarsınz: insanın gözündən, könlündən keçib yaddaşı formalaşdıran ətraf mühit insanın daxili orqanına çevrilir və zədələnərsə, insan xəstələnə, kəsilib atılarsa məhv ola bilər. Aslan Kəmərlinin sevgisini, eşqini, ruhunu, varlığını müəyyənləşdirən əsas mənbənin- Qılınckəndinin həlatından kəsilib atılma ağrısının kəsilmiş bədənin verdiyi fəsadlardan nə fərqi var ki?!

 

Ayağı altına baş qoymalıyam,

Gözümdə Məkkədi, Qurandı kəndim -

düşüncəsinin sahibindən nə gözləməliydik ki?!

 

İndi Aslan Kəmərlinin insan taleyində, şair taleyində dediyimiz məqamlarla bağlı yaradıcılığının saldığı izə diqqət yetirək. Onun yurda bağlı şeirlərində üç əsas istiqamət var.

-yurdun insanına, ləhcəsinə, adətinə vurğunluq,

-təbiətinə bağlılıq, təsvir, poetik tablolar,

-təbiətdə dinamikanın tərənnümü.

bütün bunların böyük qismi, ansamblvari yaddaş toplusu, nostalji duyğular toplusudur. Nümunələr göstərməkdən öncə bir məsələ də vurğulanmalıdır ki, Aslan Kəmərli hələ meşələr özümüzdə olanda da hər yaşdan geriyə- uşaqlığına, yeniyetməlik illərinə, həmin illərin kəndinə boylanıb, həm xoş xatirələrini, həm də artıq zamanın aşıladığı məkanda ömrün itkilərini yana-yana, kövrələ-kövrələ yazıya gətirirdi.

 

Yenə uşaq olum,

Hər səhər çağı

Bürünüm çöllərdə dumana, çənə,

Meyvəli bağlara kəsilim yağı,

Arxamca teylənsin Xeyransa nənə.

 

Gəlsin Qocakəndən səsim, sorağım,

Bir zoğal çubuğu qılıncım olsun.

Çiyələk - naharım,

Kaha - yatağım,

Palıdın yarpağı balıncım olsun.

 

Külək məni qovsun,

Mən qaçım ondan,

Çəkilim ormanlı Cülyəyə doğru.

Enim kəndimizə söküləndə dan,

Girim pəncərədən anamdan oğrun...

 

Bunlar ömrün təbii əlçatmazlarıdı. Ya da:

 

Dolandım dağları, gəzdim aranı,

Çöllərin qızaran yanağı oldum.

Arıçı Mahmudun, çoban Qurbanın,

Meşəçi Musanın qonağı oldum.

 

...İmranı, Şərifi başıma yığıb,

qədər çapmışam qarğı atımda...

 

...Arxadan gizlicə yanaşıb mənə,

Çəliklə vurardı Süleyman əmim.

 

Burda etdiklərini danışıb, başqa şeirindəsə gördüklərini xatırlayır:

 

Aşıq Calal cazı zilə çəkərdi,

Qarşı dağlar səs alardı səsindən.

Otuzluq lampada öləziyərdi,

Mağarı titrədən zənguləsindən.

 

...Mağarın söhbəti hey aşıb-daşar,

Keşişin əməli dilə düşərdi.

Adamlar bir az da mehribanlaşar,

Obamız bir az da kərəmləşərdi...

 

Bu yazıda məqsəd şairin yaradıcılıq məziyyətlərinin qatlarını, sənətkarlığının xüsusiyyətlərini araşdırmaq deyil, SONa - ağrılı şanlı sona çıraq tutan ƏZƏLin fraqmentlərini, detallarını görkləməkdi:

 

Tez ol, Musa dayı,

Oğlun sağ olsun,

Sümüyümə yaman düşüb, bir çal.

El-oba yanında üzün olsun,

Cavanlar tərpəşir, bir az zildə çal.

 

Yaman məqamıdır dirə-döymənin,

Kürəklərdə kəmər çatlayar yenə.

Yusif şığıyanda yazıq Löymənin

Dodağı ortadan patlayar yenə.

 

Dilləndir zurnanı, cəngi çal, cəngi,

Bu hava yaraşır obaya, kəndə.

Yenə ayağını kəsir üzəngi, -

Kəhəri cövlana çəkib İsgəndər.

 

Bu atı heç zaman İncə elində,

Cıdırda bir dəfə keçən olmadı.

oğlan evində,

qaız evində

Qırağı yelənli örpək qalmadı.

 

Yalmanına sığal çəkib murazdan,

Gözlərindən dönə-dönə öpəydim.

Yəhərimə naxış vurub qotazdan,

Tellərinə müşgü-ənbər səpəydim.

 

Az qalır sıçraya ulduza, aya,

Yüyəni ağzında gəmirir, didir.

Elə çal,

Sədası düşsün obaya,

Desinlər, bu hava kəhərinkidir.

 

...Gah sevinc arayır,

Gah kədər məni,

Hələ düşməmişəm eşq həvəsindən.

Elə ovsunlayıb bu kəhər məni,

Ayrıla bilmirəm cazibəsindən.

 

Üzünü Qoşa dəyirmana tutub:

 

Köçdən sonra yurdda qalan

Qara ocaq daşısanmı?..

 

Hanı indi o yığnağın,

Kəsilibdi ağnağazın...

 

dolanır indi bu pər,

növbədə durur Yetər,

şellənir Gödək Cəfər,

Şahad yoxdu, susub yaman

Qoşa dəyirman.

 

Adicə dəyirmanın uçub-dağılmasını ürəyinə salan şair o boyda dağların-daşların itkisinə necə dözməliydi ki?!.

İndi bircə bəndin çəkdiyi klipə baxaq:

 

Zirvələrdən bulud axar dərəyə,

Cüyür qaçar, yaxın düşməz bərəyə,

Bir qulaq as göydə çaxan nərəyə-

Meşələrə bahar fəsli gələndə.

 

yaxub kəndin bircə bənddə çəkilmiş dan üzü tablosuna baxaq:

 

Bulud yorğanına girər ulduzlar,

Oyanar yuxudan kəpənəklər.

Bulağı yuxudan oyadan qızlar

Evlərə dönərlər dolu sənəklə.

 

Köç dala qayıdanda qeyri-adi nisgil qarışıq sevincin, bir qədər həsrət yüklü ovqatın, o kövrək ayrılığın yaşantılarını dağlarda, yaylaqlarda olanlar bilir:

 

Eymələr doldurub qaymağı, yağı,

Çəkilib üstündən daha yığnağı.

Sükuta qərq olub Çayqoşan dağı,

Qar düşüb yaylağa, boran vaxtıdı.

 

...Dağ yolu yenə haraylı-haylı,

Çobanın dilindən düşmür gəraylı.

Köç enib yaylaqdan sovqatlı-paylı,

Saralıb gül-çiçək, aran vaxtıdı.

 

Yəni, demək istəyirəm ki, belə ömür yaşamışdı, yaşantılarını beləcə şeirə çevirmiş elə bir qəlbin yiyəsiydi o. O boyda adı çəkilən meşələr gözümüz görə-görə, ağlımız kəsə-kəsə əlimizdən alınıb erməniyə veriləndə hayqırtılardan sonra Aslanın ürəyi qədər döyünə bilərdi o qədər döyündü döyündüyü müddətdə bu itkinin ağısını, fəryadını, hüznünü, ahını-amanını şeirə gətirdi.

Onun qısa ömrünün yaradıcılığının bir parçasını ehtiva edən diqqətinizə çatdırmağa çalışdığım yuxarıdakı bəndlərin, misraların işığı, enerjisi şair könlünün ilahi sevgisini anlatmaq, yaşantısını yaşatmaq cəhdiydi.

İndi şərhsiz-filansız müxtəlif ardıcıl şeirlərindən misralara diqqət verək:

 

Bəxtim üstə olan çiçək

Soldu, anam, soldu getdi.

Şimal səmtdən əsən külək

Ləçəyini yoldu getdi...

 

Yurd yerini itirmişəm,

Haray, ellərim haray.

 

Gözlərimin yaşı yanır,

Ürəyimin başı yanır,

Yurd yerinin daşı yanır,

Haray, ellərim haray...

 

Bu torpağın, bu obanın

Oğlundan uman yeridi.

 

...Bu cərgənin ön sırası

Kəmərli Aslan yeridi.

 

Solum gedib sağım gedib,

Göy dağda yığnağım gedib.

Qaragöz torpağım gedib,

Daha mənim nəyim qalıb?

 

...Aslan deyir al canımı -

Daha mənim nəyim qalıb?

 

Gılınckəndi, unutma sən

Aslan kimi balan olub.

 

Bunlar şairin tərcümeyi-halında ömrün 84-dən sonrakı parçasının misraları deyilmi?!

Aslan Kəmərlinin istəyi, sevgisi, itkisi, ağrısı, dərdi, hüznü hamımızın ümumiləşmiş sevgimiz, itkimiz, dərdimizdi.

İntəhası, bu sevgini, bu itkini, bu dərdi onu kimi bu qədər ürəyinə salmaq, yazıya gətirmək, ölümün üstünə yerimək hər kişinin işi deyil. O, Aslan Kəmərliydi!

 

 

Rəfail İNCƏYURD

 

Ədalət.-2012.-28 noyabr.-S.6.