ŞAMAXIDA OXUNAN NƏĞMƏLƏR
İsgəndər Etibar
ŞAMAXIDA SƏHƏR
Şamaxıda bu səhər,
Mürgü döyür küləklər.
Ürəklərdə çırpınır
arzular, diləklər.
Kələklər hamılıq deyil,
fərdlərindi.
Budaq-budaq yarpaqlar
Sallanıb havaya
bağırsaqda xovlar kimi;
Çəkəcək agacların canına
Karbon dolu nəfəsi.
Bizə
oksigen verib
coşduracaq, artıracaq
həvəsi,
Qoz, əncir
ağaclarından başqa.
Havaya təkan gəlir,
Küləklər oyanır,
Ağaclar budaq-budaq qollarını
açıb,
Yallı ğedir.
Çiçəklərin, otların ətrinə bələnib,
Dodağı ballı gedir.
CÜCÜ
Cücü var, nöqtə
boyda
Gəzir
- ayaqları var,
Nə boyda?
Döyünən ürəyi var,
Nə boyda?
Yeyir, içir,
Ömrü biçir,
nə qədər?
Ömrü faydalıdır,
Hədərdir, hədər?
Həyat
boyda deyil,
Faydalıqdadır.
Torpaq bilir kimi, nə dadır.
19.07.12,
Şamaxı.
BİLMİRƏM
Ümidlər, arzular çürüyüb,
Həsrətin yolları bürüyüb,
keçə bilmirəm.
Fikrim yolları kürüyüb,
Məni
də xəyallar sürüyüb,
gəzə bilmirəm.
O günlər xəyaldı,
yuxusa,
Bu ömrüm gündüzdü,
yoxsa,
geçə, bilmirəm.
2012.
Təkcə sənin məhəbbətinlə
oyandım,
Həyat adlı eşqə boyandım.
İtir
insan, insanlıq,
Allah ondan küsəndə.
Toxumunu kəsəndə,
Oyansa da gec olar.
Qoşulma axına.
Nə var canlıdı,
Məhəbbətlə baxana!
Bu sözümü gül elə,
Tax yaxana...
06.08.12.
XATİRƏLƏR SELLƏNİR
Şamaxının küçələrində,
gündüzündə, gecələrində,
İtən anı, saatı,
günləri axtarıram.
Yuxusuz gecələrdə
Gözlərimdən süzülən,
Ürəyimdən üzülən,
İşığı axtarıram.
Çiçəklərə, quşlara,
Tay-tuşlara ürək verən,
Uşağı axtarıram.
"Pəl-ağac" oyununda,
Pəli
göyə milləndirən,
"Gizlənpaç" oyununda,
Kötüyü dilləndirən,
O günü axtarıram.
Baxıb,
heyran olduğum,
Saçlarını yolduğum,
O gülü axtarıram.
Bir çinara söykənib
göz yaşı axıdıram.
Üstündə oturduğum,
Zamanı
otardığım
sal daşı oxuduram.
Daşları da susduran,
sükutu qorxuduram.
Təzə güllər, çiçəklər,
al-əlvan köynəkdilər,
Baxdım, geyə bilmədim.
Yaşım məni göynədir,
Gözəllər baxıb gülür,
Deyirlər - bu, qocalıb,
Gülüşləri köhnədir.
Bu söz, məni üşüdür
Gözləri yolda qalan,
O qız məni eşidir?
Xatirə
var, əlcək kimi geyinmişəm,
Barmaq-barmaq çəklrəm əllərimdən,
Barmaqlarım töyşüyür.
Xatirələr aşıb-daşır,
Selləyir küçələri.
Vaxt dirənir,
İsgəndər Etibar da
Xatirələr zirvəsindən yıxılır,
Xatirələr yox olur.
10.08.12.
GÜN
Heyif bir anlıqdı,
Heyif bir günlükdü
gördüklərim...
Sabah nə olacaq,
Deyə
bilmərəm,
Deyə
bilmərsən,
Deyə
bilməzlər...
İsgəndər,
Bu gündən bərk yapış
Bu günü yaşat, yaşa
Ölütək vurma başa.
Əlinə düşən hər
günün,
Sıxıb çıxart
Şəkərini, balını
Suyunu navdanlayıb,
İşlət ömür dəyirmanını,
Üyüt dəqiqələri, saatları,
Günü, elin xeyrinə.
Düşdümü gün əlinə,
yüyənlə, min belinə,
Aman vermə
səni ayaqlaya.
Gülə-gülə, ağlaya-ağlaya,
Dəqiqəni yumruq,
Saatı
külüng elə,
Günün bağrını yar,
Əlinə düşüb, fürsətdi
Günü girinc elə,
Zirvəsini qucaqla.
Kədərini uzaqla,
5.08.12.
BU QIZ
Bu qız dərddi, ələmdi,
Üzdən kasıb görünür,
İçi, bəlkə qələmdi,
xəzinələr daşıyır,
Hər əsrdə
yaşayır.
Çoxlarına oxşamır,
Tamam başqa
aləmdi.
Gəzir
sakit, inadla
Bu dünyanın, yolların,
Üzünə tüpürə-tüpürə.
Uzun, enli balağı
Yeri süpürə-süpürə,
9.07.12.
SEVƏN, SEVİLƏN GÖZƏL
Dindirməyin bu gözəli,
Ürəyi fəth olunub.
Duyğuları əsirdi.
Razıdı fatmehindən,
Ləbələb eşq piyaləsini
boşaldıb,
Eşqində məsti.
Yoxdu başqa
marağı, qəsdi.
Yadlar nə qədər
Eşq dolu piyalə uzatsa,
Deyər, içmişəm, bəsdi.
Söz atma ki,
Söz açılmaz
arzular şəhərində.
Atlanma ki, çatasan,
Qalarsan söz atın yəhərində,
Çaparsan qaranlığa,
Düşərsən sahilsiz nigaranlığa,
Faydası olmaz səhərin də.
30.06.12,
İçimdəki mən
Məndə ikinci mən,
Quduz canavar kimi
İçimi yeyir.
Hər gün - öyünmə,
sən busan, busan - deyir,
Məndən xəbərsiz.
Çox
duyğular, fikirlər
Məni
çeşidləyir
ələksiz, xəlbirsiz.
Hər gün qulaqlayır məni;
Gah susdurub daş edir,
Gah da bulaqlayır məni.
İçimdəki məni görən yox,
Ona sinə
gərən yox.
Yeyir yediyimdən,
İçir içdiyimdən,
Keçir keçdiyimdən.
Bu qədər yaxın ikən
Üzünü görməmişəm.
Məndə mən olduğunu
səsindən bilirəm.
Mən onun əmrindəyəm,
O hökm edir;
Dirilirəm, ölürəm.
05.08.12.
Həyat
Həyat
bostandı;
Tağlarında insanlarg
Bəslənirəm öz tağımda;
Həyətdə, işdə, otağımda,
Söz-söhbət, giley-güzarg
Məhəbbət çağlayır
dodağımda.
İndi,
Oturmuşam həyətdə,
Ağrılarım süzülür torpağa.
Nəfəs-nəfəs buxarlanıram,
Nəfəsim qonur
ağaclarda yarpağa.
Torpaq iliyinə, sümüyünə
kimi
Çəkir ağrılarımı
Nəyim
var, götürür,
Otlara, çiçəklərə ötürür,
Saxlayır əmanət kimi.
Qaytarır nəvələrə,
dəvələrə,
Dahilərə, həvələrə,
Bir də dolandırır dünyanın başına,
Ağrımı, acımı, sevincimi.
Yaşadır kədər adlı
ağrımı,
Fərəh adlı sevincimi.
20.07.12.
Şamaxı.
Ədalət.-2012.-28 noyabr.-S.7.