Allahverdi Bağırova ona
görə minnətdar olmalıyıq ki...
Allahın verdiyi bu oğul payı
təkcə bir ailənin yox, sonralar bütün Azərbaycan
xalqına verilən oğul payı oldu
«Balacaydıq.
Bir dəfə zəlzələ oldu. Gördük ki, anam
qonşu otaqda yatan Allahverdini səsləyir ki, bəs, dur
ayağa evdən çıxaq. Həmin vaxt hamımız evdə
idik, amma anam tez Allahverdi yatan otağa qaçdı. Anamın
aldığı nəfəs idi Allahverdi. Atamın 5 qızdan
sonra nəzir-niyazla tapdığı, gəlişinə yeddi
qurban kəsdiyi oğul payı idi. Bacılarının ismətiydi
Allahverdi. Bir daha Allahverdi kimi oğul doğulmaz».
Almaz
Bağırova iyirmi il bundan əvvəl həlak olan
qardaşı Milli Qəhrəman Allahverdi Bağırovdan
danışır. Danışmaq deyil bunun adı, hər kəlməsinə
sanki nəğmə qoşaraq qardaşını
oxşayır. Oxşadıqca isə gözünün
yaşı sel kimi axır.
Beş
qızdan sonra Allahın verdiyi bu oğul payı təkcə
ailənin yox, sonralar bütün Azərbaycan xalqına verdiyi
oğul payı oldu. Allahverdi Bağırovun qəhrəmanlığı
Qarabağ camaatının yaxşı yadındadır...
Onun
cəsarətindən, qorxmazlığından nə qədər
desən, danışmaq da olar, yazmaq da. 46 illik
ömrünün hər günü, hər anı onun cəsarətinin,
qorxmazlığının, şücaətinin ömür səlnaməsidir.
Əsl
qeyrətli oğullar vətənin dar günündə
sınağa çəkilərlər. 1988-ci ildə ermənilərin
Qarabağa hücumları zamanı ilk ayağa qalxan Allahverdi
və Eldar qardaşları oldular. Dövlətin xəbəri
olmadan Əsgəranla Ağdam arasında keşikçi postu
yaradılanda ora könüllü olaraq ilk dəfə gedən
Eldar Bağırov oldu, sonra ermənilərlə həmsərhəd
bütün kəndlərdə postlar yaradıldı. Yüzlərlə
könüllülərin hər biri gecələr keşik
çəkirdi. A.Bağırov qardaşı Eldar
Bağırov öldürüləndən sonra onun yolunu davam
etdirir, bütün həyatını millətin payı olaraq
yaşayır. 1988-ci ildə Ağdamda ilk müdafiə dəstələri
formalaşmağa başlayanda da belə olub, 1991-ci ildən
Milli Ordunun ilk hissələri yaradılmağa başlayanda da.
Həmin ilin oktyabr ayında Ağdamdakı hərbi hissələr
Şirin Mirzəyevin, Allahverdi Bağırovun və Yaqub
Rzayevin komandirliyi altında yaradılır.Əvvəlcə
yararsız ov tüfəngləri ilə silahlanan
könüllülər az sonra Qarabağın müdafiəçilərinə
çevrilirlər.
Yüzlərlə
əsir götürülmüş insan onun köməkliyilə
geri alındı
Allahverdinin
ən böyük mərdliyi, cəsarəti Xocalı faciəsi
günlərində üzə çıxır, əliyalın
əhalini ölümdən qurtarmaq üçün
qarlı-çovğunlu günlərdə döyüşə
atılır. O günlərdə amansızlıqla, vəhşiliklə
qətlə yetirilmiş yüzlərlə insanın cəsədi
məhz Allahverdinin köməyi ilə düşmən əlindən
alındı, itkin düşən axtarılıb
tapıldı. Yüzlərlə əsir
götürülmüş insan onun köməkliyilə geri
alındı. Cəsədləri Ağdam məscidində kəfənə
bükülüb torpağa tapşırır, əsirləri
sahiblərinə təhvil verirdi. O vaxt hamı Allahverdiyə
müraciət edirdi, ondan kömək istəyirdi. O, 1003 nəfəri
əsirlikdən, 700-ə qədər cəsədi
düşməndən xilas etdi. Bütün bunların əvəzində
isə onlara 32 erməni əsiri, 40 muzdlu
döyüşçü meyiti verdi. Həyatını təhlükə
altına qoyaraq ermənilərin içərisinə
danışıqlara gedirdi. Xocalı faciəsindən sonra
Allahverdi evdəkilərdən sanki gizlənməyə
çalışırmış.
Bacısı
Almaz xanımın dediklərindən:
-
Allahverdi dörd gün idi evə gəlmirdi. Ayaq üstə
güclə dayanırdı. Yüyürüb qucaqladım.
Üz-gözü, əlləri, paltarı qan içində
idi, çətinliklə yeriyirdi. Dedi ki, qorxma, cəsədlərin
qanıdır. Evə apardım, ayaqları şişdiyi
üçün ayaqqabıları kəsib
çıxardım, əl-ayağını isti suya qoydum.
İnildədi, dedi ki, qorxma ağrı deyil,
gördüyüm müsibətlər məni inildədir.
İki-üç saatdan sonra dedi ki, maşın
çağır, məni aparsın. Dedim, Ali (bir
çoxları Allahverdiyə belə müraciət
edirmiş- N.Q.) qurban olum, yat, dincəl. Üzümə sərt
baxıb, qəzəblə «nəə» dedi. O qəzəbli «nəə»
hələ də qulaqlarımdan getmir. Yəni demək istəyirdi
ki, millətin bu müsibətli günlərində necə
yatım, dincəlim?! Elə hey üzünü bizdən gizlətməyə
çalışırdı. Qəribə olmuşdu. Elə
bil ermənilərin törətdiklərindən
utanırdı, evdə oturmaq istəmirdi. Xocalı faciəsindən
həddindən artıq sarsılmışdı. Xocalı
qadınlarını, qızlarını görəndən
sonra özünə gələ bilmirdi. 9 yaşlı qız
uşağının başına nə oyun
açmışdılarsa, gəlib evdə
hönkür-hönkür ağladı. Bizə sarı da
çönüb baxmırdı...
İndi
görəsən, erməni əsirliyindən
aldığı o 1003 nəfərdən heç olmasa 10 nəfəri
Allahverdini xatırlayırmı, ildə bir dəfə ona
Quran oxutdururmu? Çətin! Xatırlasalar, biri Xocalı
soyqırımı günü telekanallarda adını çəkər.
Tək bir dəfə televiziyada operator işləmiş (o da
Xocalıdan deyildi -A.B.) bir nəfər dedi ki, bütün Azərbaycan
xalqı Allahverdi Bağırova minnətdar olmalıdır ki,
o vaxt cəsədləri yığanda ermənilərlə
danışıqlar aparıb, video-çəkilişə
razılıq aldı. İndi dünyaya Xocalı
soyqırımını sübut etmək üçün sənədlər
var. Bax, mənə ən çox təsir edən bu
unutqanlıqdır.
Azərbaycan
tərəfi yalnız Allahverdinin sayəsində Xocalı faciəsində
öldürülənlərin meyitlərini çıxara
bildi. Ermənilərlə danışıqlar aparmaq, don
vurmuş meyitləri çıxarmaq, onları Ağdama gətirmək,
dəfn etmək, yaslarını vermək, əsirlikdən
qurtaranları yerləşdirmək... bütün bunlar bəlkə
də Xocalı dəhşətlərini görməyən
kimsə üçün asan görünər. Lakin on
günlərlə meyit gözləyən insanlara kömək
əlini yalnız Allahverdi uzadırdı. Hamısını
öz vəsaiti hesabına eləyirdi. Ölənlərin dəfninə
də köməklik göstərirdi. Ağdam məscidində
həmin insanların yaxınları onlara verilən işgəncələri
görməsinlər deyə, meyitləri yuyub kəfənləyirdilər.
Ermənilərlə danışıq aparırdı, gedirdi sərhədə.
Bu, hər oğulun işi deyildi ki, ermənilərlə belə
danışıq aparsın. Allahverdi çox ürəkli
adam idi.
Xocalı
faciəsi zamanı üç uşağı əsirlikdən
almışdı. Analarını ermənilər girov
götürmüşdülər. Onları xeyli saxladıq.
Sonra uzaq qohumları gəldi, onlara təhvil verdi. Belə
şeylər çox olub həyatımızda...
Qəhrəmanın
son arzusu
1992-ci
il iyun ayının 10-da Allahverdi Bakıdan Ağdama
qayıdırmış. Ucar rayonunun ərazisində yol kənarındakı
bir yeməkxanada oturmaq istəyərkən tanışlardan
biri deyir: «Ali, xəbərin var, deyirlər, ermənilər
Ağdama girib?» Çay içmədən maşına oturan
Allahverdi sürücüsünə tez-tez
qışqırır: «Mehman, bərk sür, fikirləşəcəklər
ki, Allahverdi ermənilərin Ağdama girəcəyini
bilirmiş, ona görə Bakıya gedib».
Yevlaxa
çatanda orada soruşur ki, Ağdamdan nə xəbər? Deyirlərki,
heç nə bilmirik.Bərdədə də belə.Batalyonun
yerləşdiyi Ağdam 50 saylı texniki peşə məktəbinə
çatanda Allahverdinin qapqara qaralmış sifətiaçılır.Allahverdinin
Ağdamı necə sevdiyi bir daha məlum olur. Bu da Allahın
qismətiymiş.Allahverdi vətən yolunda, Ağdam
uğrunda ölümə tələsirmiş, Tanrı
yazısıdır, ondan qaçmaq olmaz!
Ən böyük hərbi uğuru 1992-ci iliyunun 12-də Aranzəmin, Naxçıvanik döyüşlərində olur. O döyüşlərdə Allahverdi bütöv bir batalyonun işini görmüşdü. Naxçıvanik kəndində düşmənin bütün canlı qüvvəsi və texnikası darmadağın edilmişdi.Cəmi bir saat kifayət etmişdi Naxçıvanikə Azərbaycan bayrağının sancılması üçün. Növbədə isə düşmən qüvvələri xeyli güclü olan Aranzəmin kəndi idi.100 erməni meyiti və 10 düşmən əsiri bahasına alındı Aranzəmin.Daha sonra isə Pircamal, Dəhraz, Təkir, Mirikəndləri ermənilərdən təmizləndi. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi 2 saat lazım oldu.Lakin bu döyüş Allahverdi Bağırovun son döyüşü oldu.Alınmış kəndlərdən Ağdama qayıtdığı yerdə «UAZ-469» markalı maşın minaya toxunaraq partladı.Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi sürücüsü Əmir Mirzəyevlə birlikdə şəhid oldular. Əvvəlcə BakıdaŞəhidlər Xiyabanında dəfn olunması nəzərdətutulsa da, sonra qardaşı Eldar Bağırovun yanında-Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn olunur. 1993-cü ildə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına, daha sonra isə «Qızıl ulduz» medalına layiq görülüb. Beləcə, bir qəhrəmanın kitablara sığmayacaq qədər zəngin olan ömür yolunu qısaca da olsa xatırlamağa çalışdıq. Onun hər şeyi var idi. Gözəl ailəsi, dillər əzbəri adı-sanı, yaxşı güzəranı... Ağdamda ictimai iaşə birliyində işləyirdi. Restoran, tikinti kooperativləri, dükanları... və bir də əqidəsi var idi. Uğrunda canını fəda etdiyi əqidəsi. Həmişə deyərmiş ki, kim hara gedir-getsin, mən Ağdamda qalacağam. Doğurdan da o, torpağı çox sevdiyi üçün orda qaldı. Yaşasaydı, indi 66 yaşı olardı. Ağdamsız yaşaya biləcəkdimi? Yaşasaydı, erməni Ağdamı işğal edə biləcəkdimi? Bunlar cavabı bəlli olmayan suallardır... Cavabı bəlli olan nəsnə onun son arzusunu reallaşdırmaqdır - Milli Qəhrəmanımızın üçrəngli bayrağımızı Xankəndinə sancmaq arzusunu. Allahverdi Bağırovun ruhunu şad etməyə çox az qalıb.
Naibə Qurbanova
KarabakhİNFO.com
Ədalət.-2012.-29 noyabr.-S.4.