«QARABAĞ DÜYÜNÜ»

 

Bir təqdimatdan qısa qeydlər

 

Bəri başdan deyim ki, indi tədbir xatirinə tədbir, görüş xatirinə görüşlər o qədər atıb ki, adam bəzən (səmimi etiraf edirəm - Ə.M) bu tədbirləri eşidəndə, bu dəvətləri dinləyəndə haldan-hala düşür. Qalırsan odla su arasında. Getməmək də olmur, getmək də. Getməyəndə deyirlər bizi saymadı, bizi bəyənmədi, gedəndə də o qədər ət tökən təriflər, şablon çıxışlar, tutuquşu kimi təkrarlar eşidirsən ki, ya dərmana cumursan, ya da arağa. Ayrı cür bu pazı canından çıxara bilmirsən. Amma bir gerçəklik də var ki, adamları düşündürən, auditoriyanı ələ alan, insanlarla birbaşa təmasa keçən, yəni tədbiri idarə edənlə, tədbirə gələn arasında körpü yaradan elə mövzular, elə məsələlər, elə insanlar olur ki, həmin məqama sərf etdiyi vaxt üçün təəssüflənmirsən. Hətta nahar da yadından çıxır, yandırmaq istədiyin siqaret də...

Söz vaxtına çəkər deyiblər. Mənim barəsində yazmaq istədiyim tədbir də elə sözün vaxtına çəkdiyi məqamda, sözün, daha doğrusu, problemin daha çox közərdiyi, daha çox alışıb yandığı, daha çox səsləndiyi bir ünvanda gerçəkləşdi. Bu ünvanı torpaq yanğılı, yurd həsrətli insanlar daha yaxşı tanıyır. Biro qapını jurnalistlər dəftərlərinin yuxarı başında yazıblar. Yəqin sizimaraq bürüdü. Ona görə məhşur filmlərimizin birində deyildiyi kimi, sizləri intizarda qoymadan həmin ünvanı açıqlayıram:

- Dağlıq Qarabağ Azərbaycanlılarının İcması!

Bu İcma binası şəhərimizin gediş-gəliş çox olan bir ərazisində yerləşir. Maraqlıdır ki, həmin bina tikilməyə başlanan və hələ ondan bir az da öncə başlanan məqamda binanın ətrafındakı yerlərdə torpaqlarından didərgin düşmüş kifayət qədər insanlar məskunlaşmışdı, istər yarımçıq tikililərdə, istər yataqxanalarda. Bu gün artıq möhtəşəm bir binada yerləşir Dağlıq Qarabağın Azərbaycanlı İcması. Həmin İctimai Birlik son illər daha çox fəallığı ilə, əlaqələrinin genişlənməsi ilə, qonaq-qaranın çoxluğu ilə də diqqəti çəkir. Dünən həmin binanın qonaqlarından biri də bizlər idik. Bizlər deyəndə ki, mən özümü qonaqlar sırasına aidə etmirəm, amma həqiqətən İctimai Birliyin nüfuzlu qonaqları var idi. Həmin qonaqlar da Azərbaycan ictimaiyyətinin yaxşı tanıdığı, öz ictimai-siyasi fəallığı ilə göz önündə olan, öz maraqlı açıqlamaları, yanaşmaları ilə insanda müsbət emosiya yaradan, insana müsbət aura bəxş edən YAP-ın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı, elmlər namizədi Aydın Mirzəzadə idi. Onu da xatırladım ki, Aydın müəllim həm də Milli Məclisdəki Təhlükəsizlik Komitəsinin sədr müavinidir.

Bu görüş nə təsadüfi xarakter daşıyırdı, nə də sıradan biri deyildi. Bu görüş əslində arzulanan görüşlər sırasında öz yeri olan, öz auditoriyası olan görüş idi. Çünki iştirakçılar da, görüşü təşkil edənlər də nə üçün, niyə bir araya gəldiklərini çox gözəl bilirdilər və onların hər birinə gün kimi aydın idi ki, bu tədbir onların ürək ağırlarına, yaddaşlarına ümidlərinə daha böyük işıq saçmaq, daha böyük ümidlər əlavə etmək üçün keçirilirdi. Xüsusilə bu görüşün şah damarının mahiyyəti tarixi gerçəkliyin bütün nəsillər üçün açıqlanması, təqdim edilməsindən ibarət idi.

Görüşü də Şuşa rayon İcra hakimiyyətinin müavini Vüsalə Fətəliyevanın ilk çıxışı əslində tanışlıq mahiyyəti daşımırdı. Çıxış bir ip ucu idi söhbətin başlanmasına, məclisin idarə edilməsinə, tədbirə gələnlərə xoş aura yaratmağa... Elə belə də alındı. İcra başçısının müavini bildirdi ki, İcmanın bugünkü qonağı hamımızın tanıdığı Aydın Mirzəzadədir. Onun bizimlə görüşə gəlməsi çox əlamətdar bir məqamla bağlıdır. Belə ki, millət vəkilinin bu günlərdə işıq üzü görmüş iri həcmli, nəfis şəkilli «Qarabağ düyünü» kitabı bütün Azərbaycan üçün, bütün dünya üçün nə qədər önəmlidirsə, bəlkə də iki qat, üç qat ondan artıq didərgin düşmüş bir milyon soydaşlarımız üçün önəmlidir. Çünki bu kitab bizlərin, Dağlıq Qarabağ sakinlərinin məruz qaldığı işğalın, evsizliyin bütün tarixini, bütün məqamlarını açıb ortaya qoyur. Elə ona görə də biz böyük məmnuniyyət hissi ilə hörmətli Aydın müəllimin kitabının təqdimatını keçiririk. Tam səmimiyyətlə deyim ki, bu tədbirin uğurlu keçəcəyinə şübhəm yoxdur.

Belə də oldu. İlk söz alan Elçin Əhmədov demək olar ki, kitabın bütün məziyyətlərini bir-bir şərh etdi. Elm adamı olan, gənc nəslə auditoriyalarda tarixin sirlərini açan Elçin Əhmədov birmənalı olaraq qeyd etdi ki, biz zaman-zaman tariximizə dair kitabların, mənbələrin qıtlığını yaşamışıq. Sevindirici haldır ki, son on ildə Azərbaycan tarixi ilə, xüsusilə Dağlıq Qarabağın tarixi ilə bağlı bir-birindən maraqlı kitablar nəşr olunur, mənbələr üzə çıxarılır. Hörmətli Aydın müəllimin «Qarabağ düyünü» isə həm əldə olunan mənbələrin yeni baxışda təqdimatıdı, həm də bu kitabın özündə daha yeni, daha maraqlı faktlar da öz əksini tapır. Kitabın tərtibatı, materialların yerləşdirilməsi, Qarabağın ayrı-ayrı bölgələrinin iqtisadi göstəriciləri, dövlət və hökumət sənədlərinin fotosurətləri, beynəlxalq təşkilatların açıqlamaları bu kitabda bir toplum halında ortaya qoyulub. Üstəlik ermənilərin özlərinin etiraflarının da bir mənbə kimi bu kitbda yer alması çox sevindiricidir. Bu kitab həm də bir xronologiya təsiri bağışlayır. Çünki hadisələr tarixi ardıcıllıqla göstərilir. Bu da kitabdan istifadə edənlərə daha geniş bir imkan yaradır.

«Qarabağ düyünü» barəsində çıxış edən, Xankəndindən millət vəkili seçilmiş Flora xanım kitabla bağlı fikirlərini səsləndirməklə yanaşı, həmkarının gərgin əmək nəticəsində ictimaiyyətə çox samballı bir tədqiqat işi bəxş etdiyini vurğuladı. Mərasimdə çıxış edən Xocalı rayonunun sabiq icra başçısı, millət vəkili Elman Məmmədovun fikirləri həmişə olduğu kimi, yenə də kəskinliyi və emosionallığı ilə seçilirdi. Hadisələrin içərisində necə deyərlər, yaşamış, böyümüş, şahidə və iştirakçıya çevrilmiş Elman Məmmədov birmənalı olaraq söylədi ki, mən bu kitabı artıq oxumuşam və öncədən də artıq onun tezisləri ilə tanış idim. Çox sevinirəm ki, dostum Aydın müəllim öz qarşısına qoyduğu məqsədə uğurla çata bilib. Çünki bu kitab təkcə ölkə daxilində deyil, həm də ölkə hüdudlarından kənarda da samballı bir elmi mənbə kimi ortalığa qoyulmağa layiqdir. Elman müəllim çıxışında onu da vurğuladı ki, bu cür kitabların araya-ərsəyə gəlməsi ilə yanaşı, bizim milli məfkurəmizin, bizim milli oyanışımızın və milli birliyimizin sürətli, keyfiyyətli olması da çox vacibdir. Nə qədər ki, biz bir millət kimi öz milli keyfiyyətlərimizi, milli dəyərlərimizi qiymətləndirə bilmirik, onu dərk etmirik, o qədər də problemlərimiz qalacaq, artacaq. Bizim içimizdən olan, amma başqalarının dəyirmanlarına su tökənlər adlarını ziyalı qoyub ziyanlı işlərlə məşğul olanlar dövlətimizə, müstəqilliyimizə, ərazi bütövlüyümüzə maneələr yaradacaqlar. Odur ki, biz hamımız yaşımızdan, cəmiyyətdəki yerimizdən asılı olmadan mütləq milli özünüdərkdən keçməliyik, özümüzü tanıyıb, özümüzə qiymət verməyi bacarmalıyıq. Onda biz torpağımızı həqiqətən canımız qədər sevəcəyik. Həqiqətən onun uğrunda yumruq kimi birləşəcək, qələbəyə qovuşacağıq.

Tədbirdə çıxış edən digər iştirakçılar, xüsusilə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin üzvü Orxan Əkbərovun, YAP Şuşa rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Şuşanın yetirməsi olan, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən ictimaiyyətçi Pərvin xanımın, Şuşa rayon İcra başçısmının müavini Əkbər Hacıyevin və digərlərinin söylədikləri fikirlər səmimi olduğu qədər də düşündürücü idi.

Tədbirin sonunda oxucuları qarşısında çıxış edən müəllif, yəni millət vəkili Aydın Mirzəzadə hər kəsə bu tədbirə qatıldığına, müzakirələrdə fəal iştirak etdiyinə görə təşəkkürünü bildirdi. Aydın Mirzəzadə onu da vurğuladı ki, kitabın araya-ərsəyə gəlməsində ona dəstək vermiş Qaçqınlar və Məcburi Köçkünlər Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərova öz dərin təşəkkürünü bildirirəm. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab hələlik görülən işin ilk mərhələsidir. Mərhələdə həmin kitabdakı ən önəmli hissələrin xarici dillərə tərcümə olunub yayılması, xüsusilə Xocalıya dair olan fəslin ayrıca bir kitab kimi nəşr edilib xaricdə və ölkə daxilində yayımını təşkil etmək Azərbaycana qonaq gələn siyasət adamlarına, jurnalistlərə, araşdırmaçılara təqdim etmək dayanır.

Çıxışının bir məqamında millət vəkili xüsusi olaraq vurğuladı ki, hər kəs azərbaycanlı olmaqla yanaşı, həm də qarabağlı olmalıdır. Tutduğu mövqedən, maddi imkandan, vəzifədən asılı olmayaraq, dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlı özünü qarabağlı bilməlidir. Biz hamımız özümüzün qarabağlı olduğumuzu dərk etdikcə torpaqlarımızın azad ediləcəyi ana daha çox yaxınlaşacağıq.

Məclisin sonunda Vüsalə xanım millət vəkili Aydın Mirzəzadəyə və bütün iştirakçılara təşəkkürünü bildirməklə Şuşada görüşməyi, belə tədbirləri Şuşada keçirməyi arzu etdi.

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2012.-29 noyabr.-S.6.