YADA
DÜŞÜR XATİRƏLƏR
XƏLİL RZA
ULUTÜRK – 80
Ölkə
prezidenti cənab İlham Əliyev 4 iyun 2012-ci il tarixli sərəncamı
ilə XX əsr Azərbaycan poeziyasının
tanınmış nümayəndəsi, xalq şairi Xəlil
Rza Ulutürkün 80 illik yubileyi keçirilir... Mən milli
müstəqilliyimizin mübariz söz ustası olan şairlə
bağlı xatirələrimi dilə gətirməyi
özümə vətəndaşlıq borcu bilirəm.
...
Bir il olmazdı ki, qəzetdə işləyirdim. Çox tez
irəli çəkmişdilər məni. Məktublar
şöbəsinin müdiri idim. 1963-cü ilin bir yaz
günü redaktor tapşırıq
verdi. Sabah şənbədi, amma sən
işdə ol, gözlə, Salyandan iki şair
gələcək - Xəlil Rza və Ağacavad Əlizadə, qarşıla
onları, hərəsinin 4-5 şeirini alarsan, verərik qəzetə. Tanınan dövrü mətbuatda tez-tez
çap edilən şairlərdi. Çək-çevirə
salma...
Qeyd
edim ki, o zaman bizim «Məhsul» Azərbaycan KP MK-nın qəzeti
idi - Neftçala, Salyan, Puşkin (indiki Biləsuvar),
Astarxanbazar (Cəlilabad) rayonlarını əhatə etməklə
həftədə 4 dəfə nəşr olunardı. 17,5 min
abunəçimiz var idi.
Bəs
neyləyim, ünlü, tanınan, söz ustalarını necə
qarşılayım? Ağacavadın şeirləri qəzetlərin
manjetinə çıxardı, kitabları əl-əl gəzirdi.
Sevgi, məhəbbət, əməyin, tarla qəhrəmanlarının,
partiyanın tərənnümü əsas mövzuları
idi. Hələ söz-söhbət gəzirdi ki, Azərbaycanda,
Muğan, Mil, Şirvan zonalarında, radio və televiziyada
tanınan, dəbdə olan el sənətkarı Aşıq
Qurban, Aşıq Pənah, Aşıq Bəylər,
Aşıq Kamil, Aşıq Yadulla... gözəlləmə,
qoşma yazarkən daha çox Ağacavaddan «qidalanırlar».
Burda qəribəlik, qeyri-müəyyənlik yoxdu. Söz
adamı şeirini qəzetdə çap elətdirirdisə,
uzaqbaşı ona 15-20 manat qonarar verilirdi, həmin şeir
aşığa ötürülürdüsə, onun qiyməti
baha idi. Ancaq şirin səsi, zənguləsi olan, qafiyəni,
rədifi bilməyən aşıq bircə qoşma
üçün şairin cibinə toylardan aldığı
pulun 200-300-nü qoyurdu. Get dolan, ye, iç, kef elə.
Qovluqları
vərəqlədim. Xəlil Rzanın kitabına göz
yetirdim. Sovet dövlətini, Kommunist Partiyasının, hər
yeri gülşən ölkənin tərənnümü yox
idi, onda insan ləyaqəti, Azərbaycan sevgisi, Araz həsrəti,
mənəvi, əxlaqi dəyərlər var idi. O, inqilab, vətənpərvər
şair kimi sevilirdi. «Krasnodar qəhrəmanları» poeması
Lenin komsomolu mükafatına təqdim edilmişdi.
«Azadlığı istəmirəm zərrə-zərrə,
qram-qram, qolumdakı zəncirləri qram gərək, qram-qram»
beyti dillər əzbəriydi.
Bunlar
bilgilərim. Bəs qonaqları necə qarşılayım, hə?
Mütləq qonaqlıq verməyə borcluyam. Hərdən
güzarım Salyana düşəndə müxbirlərimiz-dəmiryolçu
Emin Eminov, neftçilər Davud Gözəlov, Zöhrab Əhmədov,
müəllim Əlican Əliyev (axır zamanlar «Gənclik» nəşriyyatının
direktoru idi. Allah rəhmət eləsin) məgər gəlirli,
pullu yerdə işləyirdilər ki, mənə süfrə
açırdılar? Yox, sadəcə olaraq məni istəkli
qonaq bilirdilər!
Özümü
yetirdim redaksiyanın arxasındakı mehmanxananın
aşpazı, qədəh dostum Aslan Zeynalova. «Drdimi» dinləyib:
«Darıxma», - dedi - qoy gəlsinlər, oturarsız otaqların
birində, tava düzəldərəm, hər növ də
içki verərəm. qoymaram pərt olasan.
Gəldilər. On birin yarısı idi. Ağacavadın «408» markalı Moskviçi
dayandı redaksiyanın
qabağında. Qaçaraq özümü
çatdırdım. Görüşdük, öpüşdük. Bərk hirslənmişdi
o. Söyürdü sovet
hökumətini: «Mən
deyəndə ki, ruslar bizi işğal
edib, bəzi əclaflar qaçır məndən... Fikir verin ey, Salyandan Puşkinə 52 kilometrdi, bura gəlmək üçün
gərək rusun icazəsi olar. O, tranziti nəzərdə tuturdu... Ağacavad onu sakitləşdirməyə
çalışırdı. Hirsi soyumurdu, qışqırırdı,
belə vəziyyətlə
barışa bilmirdi.
Sözarası onu deyim ki,
Puşkin İranla həmsərhəd olduğu
üçün, rayona
həm Salyan, həm də İmişli istiqamətində
buraxılış məntəqələri
- tranzitlər qoyulmuşdu
və bu məntəqələrdə ancaq
rus millətindən olan hərbiçilər növbə çəkirdilər. Ruhu şad
olsun Ə.Elçibəyin.
hakimiyyətə gələn kimi «rus ordusu bir
nəfər kimi çıxmalıdı Azərbaycandan»
dedi və sərhədçilər çıxıb
getdilər. İndi o, keçid məntəqələrinin
ancaq yol qırağında xarabalıqları
qalır.
Nə isə,
keçdik mənim otağıma. Qabağına bir stəkan
çay qoydum. Stəkanı birnəfəsə çəkdi başına.
Sonra portfelindən bir neçə şeir götürüb ucadan, guya onu çoxluq
dinləyir, hayqıra-hayqıra
oxumağa başladı.
Hə, deyəsən,
hirsi-hikkəsi azaldı
bir az
və məni sorğu-suala tutdu:
-Hə, cavan oğlan neçə şeirimi çap edə bilərsiz?
Ökbəli cavab verdim:
-Bir səhifəlik.. Hansını məsləhət bilsəniz.
-Qorxub eləmirsən ki?
-Nədən? Kimdən?
-Bəlkə çapdan sonra sənə nə isə irad tutarlar, sataşarlar hə?
-Çəkinməyin yoxdur,
redaktorun dişlidi, rayonda yox ey,
zonada söz yiyəsidi...
-Haçan çıxacaq?
-Gələn şənbə.
Nə düşündüsə, soruşdu:
-Qəzetiniz oxunurmu?
-Hə, hə, əl-əl gəzir. Saat 11-ə kimi sahibinə çatmasa, zənglər ara
vermir: «Nə baş verib? Niyə yubanır «Məhsul?». Ələlxüsus
Salyandan 17,5 min tirajımızdı. 16 Ştatdankənar müxbirimiz
var. Hər gün
15-20 məktub alırıq.
A.Əlizadə də 4 şeirini
verdi bizə.
Ayağa qalxdılar ki, getsinlər, bərk yapışdım:
-Hökmən qonağım
olacaqsınız. Bax, arxadakı
mehmanxananın bir otağı bizimdi. Aşpaz yolumuzu gözləyir.
Getdik.
Ağacavad istədi qalsın,
Xəlil Rza qoymadı:
-Lənkəranda Şəkər
Aslan yolumuzu gözləyir, - dedi.
Maşına minib gedərkən,
səmimi, isti münasibətlərimiz yaransın
deyə zarafat elədim:
-Salyandan gəlirsiz. Bazara dönüb bir balıq ala bilməzdiz?
Ucadan güldü. Gülüşü də özü kimi təbii idi. Ürəkdən gələn gülüş.
-Cavan oğlan haqlıdı, ay. Ağacavad. Bizim ayamamız var axı: «Balıq başı yeyən Salyanlı». Buyur, cavab ver!..
... Növbəti şənbə bir
səhifə X.Rza şeirləri çap edildi və oxucuların rəğbət
ilə qarşılandı.
Sonrakı ay, vay, vay, əsl həngamə qopdu. Azərbaycan KP MK-nın qlavliti
- mətbuatda dövlət
sirlərini mühafizə
edən idarəsi xülaləsində bizim qəzeti yaş yuyub, quru sərdi.
X.Rzanın şeirləri təhlil
edilir, antipartiya, millətçilik əhval-ruhiyyəsi
faktlarla göstərilirdi.
Yadımdadı nümunə
kimi elə beləcə yazılmışdı:
«Mənə bir xitabət kürsüsü,
bir stkan su verin, dərbənddən
Təbrizəcən ayağa
qaldıracam bütün
Azərbaycanı»...
Xülasə, vəziyyət gərgin idi. Tələb edilirdi:
müqəssir mütləq
cəzalansın. Belə yazmışdılar,
lakin zəng eləyib tapşırıq
verdilər ki, mən hökmən işdən qovulmalıyam.
Redaktor Həmdulla Əzizov - Allah ona rəhmət eləsin, çalışır kimlərəsə
xahiş-minnət eləyirdi
ki, bəs günah mənimdi... Şöbə müdiri cavandı, azdı təcrübəsi... Nəhayət, mən gedim Azərbaycan KP MK-ya, qlavlitin rəisinin yanına, sonra MK-nın mətbuat şöbə müdiri İslam Fərzəliyevin
qəbulunda oldum.
Bildilər, gördülər ki, mən çox
gəncəm, həyat
təcrübəm kifayət
deyil, ədəbiyyat,
ictimai-siyasi gedişat
haqqında bəsit təsəvvürə malikəm.
Qayıtdım rayona, cavanlığım, qəzetdə
cəmi bir il işləməyim
nəzərə alınıb,
kürəyimin düz
ortasına yağlı
töhmət yapışdırıldı.
***
Sonrakı il Lenin institutunun (indiki N.Tusi adına universitetin) qiyabiçi tələbəsi idim. Yay sessiyasında gərginlik yaşadım. Bizə
dedilər: tökülüşün
küçəyə, qoşulun
S.Rəhimovun alim oğlu Şamonun cənazəsini Fəxri Xiyabana aparan izdihama. Çölə qaçarkən basırıq
oldu, arxadan gələnlər məni
itələdilər, yıxıldım
ağzıüstə, gördüm
altımda qara, uzun bir kişi çabalayır.
O, ayağa qalxıb mənə tərs-tərs
baxdı, barmaq silkələdi, guya onu mən itələmişəm.
qışqırdı:
«Baxarsan haluva». Hamı gülüşdü,
səhərisi dostlarım
qorxuzdu məni: «işin bitdi, yıxılan kişi bilirsən kimdi?» Prorektor Məmmədsəlim
Tahirli - M.Ə.Sabirin oğlu. Qiyabi, axşan şöbələrinə
baxır.
Dərdimi, hal-qəziyyəni kimə
söyləyim? Vallah məndə günah olmayıb, kimlər məni itələyib o kişinin üstünə,
onu da bilmirəm...
Söz-söhbəti rayondan
isti münasibətlərim
olan baş müəllim Xeyrulla Məmmədova - indi o rəhmətliyin adına
Lerikdə küçə
var - təfsilatı ilə çatdırdım.
Düşündü, düşündü
və dedi:
- Rəhbərlik bizim kafedranın müəllim,
şair Xəlil Rzadan çəkinir. Gedək onun yanına.
Tanıdı məni, Salyanda olarkən, şeirlərinə
görə töhmət
almağımı müəllim
Əlican Əliyev danışıbmış ona. Hal-qəziyyəni
Xeyrulla müəllim çatdıran təki, gözləri çıxdı
kəlləsinə, əsdi-coşdu:
- İnstitutu inhisara alıb bu iki
nəfər: rektor Mehdixan Vəkilov, noolsun S.Vurğunun qardaşıdı, Məmmədsəlim
Tahirli - noolsun Mirzə Ələkbər
Sabirin oğludu...g ikisi də ağsaqqal
yaşdadı, amma əcaib-qəraib əməllərlə
məşğuldular, adam
heç istəmir dilinə gətirə...
Düşdü ikinci mərtəbəyə,
cumdu M.Tahirlinin kabinetinə. Məni də apardılar
içəri. Möhkəm
hirslənmişdi, prorektora
nələr demirdi
o... Yekun belə oldu: burda mənə
güldən ağır
söz deyən olsa, küssün bəxtindən.
Ayrılanda öyüd-nəsihət verdi:
- Dərslərini yaxşı
oxu! Bunlara nə etibar?
Bir də gördün 2-3 müəllimə, öz adamlarına «iki» yazdırdılar, hə.
Odey institutdan xaricolma əmrin divarda...g Mənlə tez-tez əlaqə saxla!
Üçüncü
görüşümüz.
Bulvarın
qurtaracağında, dənizə uzanan «Nərgiz» kafesində
istədim nahar eləyəm. Gözlənilmədən
qarşılaşdıq, qaça, uzaqlaşa bilmədim. Xəlil
Rza və Sərdar Əsəd (sonralar o, intihar etdi. Niyə? Səbəbi
hələ də müəmmalıdı) üzbəüz əyləşiblər.
Xəlil Rza əl elədi, çağırdı yanına...
Şeirlərinin çapına görə töhmət
aldığımı danışdı dostuna. S.Əsəd,
demə vuran imiş. «Gəl o töhməti qeyd eləyək»
deyib, konyak gətirdirdi, Xəlil bəy şeir dedi, biz vuduq
bala-bala...
***
Son
illər «Azərbaycanın azadlığı, müstəqilliyi
yolunda canımı qoymuşam». «Mən torpağım, Vətənim
üçün canımdan keçərəm» deyərək,
qəzetlərə odlu-alovlu müsahibə verən,
televiziyalarda bəlağətli nitqlər söyləyən
«milli qəhrəmanları» görəndə Xəlil Rza
Ulutürkün monimontal obrazı canlanır gözlərim qarşısında.
Sinəsinə döyənləri qınayıram və onlara
deyirəm: Heç biriniz Azərbaycanı X.R.Ulutürk kimi
sevməyib. Bu sözləri dahi inqilab şairi ilə
görüşlərim, onun tufanlı, fırtınalı, əzablı-ağrılı
həyat yoluna, amalına, mübarizəsinə bələd
olduğum üçün deyirəm. İndi yoxdu dünyada,
haqqa qovuşub. Nəyi qalıb? Oğlu, Milli Qəhrəman Təbrizi
vətənə qurban verdi...g Özü xəstə ola-ola
1990-cı il 20 yanvar qətlamı zamanı Levertova
zindanında dustaq ömrü yaşadı, Levertova gündəliyini
yazdı.
Bu
gün Xəlil bəyin zəngin, milli ruhlu əsərləri
- mən bilərəkdən onun
yaradıcılığı, şeirləri haqqında
söz açmadım-zəif təbliğ edilir. Neyləmək
olar? yox, belə getməyəcək, tarix... Böyük şəxsiyyət,
söz, hünər sərkərdəsinin qiymətini verəcək!
Nə qədər müstəqil Azərbaycan var, Xəlil Rza Ulutürk
yaşayacaq! Mən Günəşə inandığım
kimi, bu həqiqətə də inanıram!
Əlibala Rəhimov
Ədalət.-2012.-29 noyabr.-S.6.