GÖRÜLƏN İŞLƏRİN MİQYASI YENİ UĞURLARA RUHLANDIRIR

 

(əvvəli ötən saylarımızda)

 

Çaylarsuvarma sistemləri

 

Katex, İnter və Mazım çaylarında 470 p/m uzunluğunda daş-beton bənd tikilmiş, Balakənçay sisteminin daş-beton bəndlərində isə 490 kubmetr həcmində cari təmir işləri aparılmışdır. Mazımçayın Meşəşambul kənd ərazisində 200 metr məsafədə qabion bənd qurularaq çayın sahili bərkidilmişdir. Çay yataqlarında 387m/kubmetr həcmində tənzimləmə tədbirləri həyata keçirilmiş, Arılıqbinə, Şambul, Meşəşambul, Qazbinə, Qaysa və Xalatala kəndlərinə məxsus əkin sahələrinin və yaşayış ərazisinin mühafizəsi üçün 30 km uzunluğunda suvarma və qurutma kanalları təmizlənmişdir.

 

Əhalinin mavi qazla təminatı...

 

Qazlaşdırılma sahəsində 4527 evə qaz xətti çəkilməklə rayon üzrə abonent sayı 9836 nəfərə çatdırılmışdır. 565 abonentin mənzilinə qaz sayğacı quraşdırılmışdır. Poşbinə, Mazımqaray, Arılıqbinə, Meşəşambul, Qaysa, Şərif, Sarıbulaq, Xalatala, Salban yaşayış məntəqələrinə qaz xətlərinin çəkilməsi davam etdirilmişdir. Qazlaşma başa çatdırılmış Talalar, Qazma və Qazbinə kəndlərinə qış mövsümü başlayanadək qaz qoşulacaqdır.

 

... içməli su problemi həll edilir

 

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində şəhərin Qafqaz, Füzuli, Ə.Əfəndiyev küçələrində ümumilikdə 3500 metr, Mahamalar kəndində 1000 metr məsafədə su xətləri dəyişdirilmişdir. Rayonun Gülüzanbinə, Şərif, Sarıbulaq, Gərəkli Şambul kəndlərində 5 artezian quyusu qazılmış, Katex Tülü kəndlərində 2 artezian quyusunun qazılmasına başlanılmış, Xalatala, Qullar, Kortala Yeni Şərif kəndlərində artezian quyularının qazılması nəzərdə tutulmuşdur.

Eyni zamanda istismar olunan və yararsız vəziyyətə düşmüş 4 subartezian və 2 artezian quyusu təmir edilərək əhalinin istifadəsinə verilmişdir.

Balakən-Qazma-Darvazbinə yolunun şəhər ərazisindən keçən hissəsində 3,6 km məsafədə su və kanalizasiya sisteminin qurulmasına başlanmışdır.

 

Aztəminatlı ailələrə dövlət qayğısı

 

Ötən dövrdə sosial cəhətdən ən az müdafiə olunan vətəndaşlara dövlət tərəfindən verilən ünvanlı sosial yardım proqramının uğurla icra olunması üçün zəruri tədbirlər görülmüş, ünvanlı sosial yardımın təyin olunmasında şəffaflıq və ədalətlilik təmin olunmuş, şikayətlərin sayı əhəmiyyətli dərəcədə azalmışdır. İndiyədək 1100 ailəyə ünvanlı sosial yardım ödənilmişdir. Hər ailəyə ödənilən orta aylıq yardım 110 manat təşkil etmişdir. 3164 nəfərə sosial müavinət, 261 nəfərə təqaüd ödənilmişdir.

 

Təhsil, səhiyyə, mədəniyyət...

 

2012-2013-cü tədris ilinin başlanğıcında ümumtəhsil məktəblərində 11749 şagird məktəbə cəlb edilmişdir.

Ümumtəhsil məktəblərinin şagirdlərinin müxtəlif tədbir, yarış və müsabiqələrdə iştirakı təmin edilmiş, fənn olimpiadalarının respublika turunda iştirak edən 15 nəfər şagirddən 2 nəfəri III yeri, 3 nəfəri isə IV yeri tutmuşdur.

Ölkə Prezidenti cənab İlham Əliyevin 19 aprel 2012-ci il tarixli Fərmanına uyğun olaraq IX və XI siniflərdə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilmişdir. Müvəffəqiyyət faizi IX siniflərdə 76,5 faiz, XI siniflərdə isə 91,8 faiz olmuşdur. 2011-ci ilə nisbətən IX siniflərdə müvəffəq olanlar 10 faiz azalmış, XI siniflərdə isə 10,8 faiz artmışdır.

2012-ci ildə ali məktəblərə qəbul üçün sənəd vermiş 406 nəfərdən 192 nəfəri tələbə adını qazanmışdır ki, bu da 2011-ci ilin göstəricisindən 3 nəfər çoxdur. Ali məktəblərə qəbul zamanı 16 nəfər 500-dən yuxarı, 3 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Məzunlardan 2 nəfəri təhsildə qazandıqları uğurlara görə qızıl medala layiq görülmüş, 1 tələbəyə isə Prezident təqaüdü təyin olunmuşdur. Əhaliyə tibbi xidmətlərin göstərilməsi sahəsində rayonun stasionarlarında 2707 xəstə müalicə almışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonun tibb müəssisələrində müalicə almağa üstünlük verənlərin sayı 2 dəfə artmışdır.

Müvafiq dövr ərzində 949 uşaq və ya 2011-ci ilə nisbətən 167 uşaq çox doğulmuşdur. Əhalinin mədəni istirahətinin və asudə vaxtının səmərəli təşkili məqsədilə mədəniyyət müəssisələrində müxtəlif tədbirlərin təşkilinə xüsusi diqqət ayrılmışdır.

Heydər Əliyev Mərkəzində əlamətdar və tarixi günlər, şair və yazıçıların yubileyləri , sərgilər təşkil edilmiş, dəyirmi masa, konfrans, disput, görüş və kitab müzakirələri keçirilmişdir. Heydər Əliyev mərkəzində «Sənətkarlar evi» yaradılmış, burada rəsm, foto studiya, rəqs, toxuculuq, gənc dizaynerlər, kulinariya məktəbi və başqa dərnəklər fəaliyyətə başlamışdır.

2012-ci ilin «İdman ili» elan olunması ilə əlaqədar tərtib olunmuş «Tədbirlər planı»na uyğun olaraq idmanın 12 növü üzrə 48 rayon birinciliyi keçirilmişdir. Keçirilən rayon səviyyəli yarışlarda 4955, 31 respublika səviyyəli yarışda 238 idmançının iştirakı təmin edilmişdir. Həmin yarışlarda idmançılar 9 dəfə I yeri, 11 dəfə II yeri və 14 dəfə III yeri tutmuşlar.

Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, zərərli vərdişlərdən çəkindirilməsi, istedadlı gənclərlə iş, asudə vaxtın səmərəli təşkili məqsədilə çox sayda yarış, «dəyirmi masa» və müxtəlif tədbirlər keçirilmişdir.

 

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.-2012.-29 noyabr.-S.6.