«Mən
bircə gün Vaqifə can deməsəm...»
Xalq Şairi Vaqif Səmədoğlunun həyat
yoldaşı Nüşabə
(Babayeva) Vəkilova
Kulis.az-ın «Yazıçı
xanımı» layihəsində
Əvvəl özünü, sonra
yaradıcılığını tanıdı
Vaqiflə məni onun əmisi oğlu tanış edib. Hər ikimiz bir dəfə ailəli olub ayrılmışdıq.
İki il
Əfqanıstanda tərcüməçi
işləmişəm. Orda bir əczaçı işləyirdi,
həm də kartla fala baxırdı.
Gələnə yaxın
mənə də baxdı və dedi ki, sənin
ailə quracağın
adam cəmiyyətdə
tanınan və hörmətli adam olacaq. O, səni çox sevəcək, özünün də iki uşağı var. Çox şeylər dedi, sonradan gördüm ki, hamısı Vaqifdə
var.
Bundan sonra mənimlə kim maraqlanırdısa,
soruşurdum ki, iki uşağı var? Zaman keçdi, mən
burda Şərqşünaslıq
İnstitutunda işləyirdim,
Vaqifin əmisi oğlu Cavanşir də bizimlə işləyirdi və səmimi münasibətlərimiz
vardı. Bir gün
ədəbiyyat ensiklopediyası
gətirmişdi, oturub
baxırdıq. Vaqifin
şəklini göstərib
dedi ki, bax, mənim əmim oğludur. Dedim ki, tanıyıram,
qardaşımla bir yerdə «Caz klub»da işləyiblər.
Cavanşir dedi ki, gəl səni
onunla tanış
edim, sizinki tutar. Dedim ki,
boş-boş danışma
və uzaqlaşdım.
Arxadan dedi ki, onsuz da
kiminləsə ailə
qurmalısan də, tək qalmayacaqsan ki, yaxşısı budur gəl, onunla tanış
edim səni, bir-birinizə yaraşırsınız.
Dedim ki, əl çək.
İşdən evə getdik,
Cavanşir evə zəng elədi ki, mən onunla
danışdım, sizi
görüşdürəcəyəm.
Vaqif də sonra mənə
danışır ki, Cavanşirlə heç vaxt o cür söhbətlərimiz olmamışdı,
birdən-birə gəldi
başladı mənə
səni tərifləməyə.
Vaqif də deyib ki, sən
niyə mənimlə
belə danışırsan? Cavanşir ona
deyib ki, sən onu bir
dəfə görsən,
mənə sağ ol deyəcəksən ki, o, qadın barədə sənə danışmışam.
O dövrdə mən əsasən rus dilində mütaliə edirdim, Vaqifin yaradıcılığından bixəbər idim. Yalnız
Az.TV-də «Caz klub»da bir - iki
dəfə görmüşdüm,
qardaşım o verilişin
redaktoru idi.
Cavanşirin müdafiəsinə belə getmədim, çünki Cavanşir dedi ki, o da
gələcək, mən
də getmədim.
Beş il sonra il yarım
ayrılıq
May ayı idi, Cavanşir zəng elədi ki, televizorda «Bəxt üzüyü» kinosu gedir. Dedi ki, kinoya bax, sonra
Vaqif sənə zəng eləyəcək,
heç olmasa danışmağa mövzun
olsun. Dedim ki, sən narahat
olma, mən mövzu taparam, amma sonra oturub
kinoya baxdım. Kino qurtaran kimi Vaqif
zəng elədi, dedi ki, axşam
sizə zəng edəcəyəm. Axşam zəng
elədi, həmin vaxtdan bizim gecə
zənglərimiz və
sabaha qədər söhbətlərimiz başladı.
Beş il münasibətlərimiz
belə davam elədi. Uzun sözün qısası
artıq evlilik məqamına çatanda
biz ayrıldıq. Vaqif barədə
danışmağı sevmir.
Bizim münasibətlərimizdə indi
artıq elə dövr gəlib ki, o, mənimlə bağlı xatirələri
belə kiminləsə
bölüşməyə razı deyil, qıymır. Əvvəllər o qədər əhəmiyyət
vermirdi, indi dəyişib, daha həssas olub.
Ayrılmağımızın bir çox səbəbləri vardı,
əsas səbəb o
idi ki, mən
qəti addım atmağa ehtiyat edirdim. Birdən ikinci dəfə
də ailə münasibətim alınmazdı,
onda yaşamaq çətin olardı.
İkinci uğursuzluq insana
baha başa gələ bilər.
Bir məqam da vardı
ki, daha da əmin olmaq
üçün münasibətlər
ayrılıq sınağından
keçməli idi.
Beş ildə iki dəfə
belə sınaq keçdik. İkinci
dəfəki sınağın
müddəti bir il yarım
çəkdi.
Vaqif anası
ilə yaşayırdı,
mən də öz ailəmlə, ata-anamla. Yenidən sıfırdan başlamaq,
evliliyə qərar vermək çətin idi. Biz mitinqlərdə,
milli azadlıq hərəkatının yığıncaqlarında
olurduq. Yəni düşüncə, dünya görüşü
baxımından da bir-birimizi tamamlayırdıq.
Ayrılmışdıq, amma onu fikrimdən çıxarda
bilmirdim. Artıq qərara
almışdım ki,
xaricdə qohumlarımız
var, onların yanına çıxıb
gedim. Bir gün bacımla
küçədə gedərkən
Vaqiflə üz-üzə
gəldik. Vaqif diksindi elə bil, amma adi,
köhnə tanışlar
kimi salam,
necəsənlə kifayətləndi
və hərə öz yoluna davam etdi.
Elə bildim artıq səni itirdim və gəldim...
Sonra Vaqif Türkiyəyə gedir, orda Emin Sabitoğlugildə
qonaq qalır. Bir gün
bacım zəng elədi ki, mənə Türkiyədən
Xədicə Abbasova zəng eləmişdi.
Deyirmiş ki, Vaqiflə
Nüşabənin romanı
varmış, mən niyə bilmirəm? Sən demə, Vaqif orda deyib ki,
sevdiyim qadın məni sevmir daha. Xədicə də soruşub
ki, kimdir o qadın, səni sevməmək olar? Vaqif də deyib ki,
sən onu tanıyırsan, bacısı
ilə «Dan ulduzu»nda işləmisən, Nüşabədir.
Yeni il axşamı,
kefsiz halda öz otağımda uzanmışdım, anam gəldi otağıma, təəccüb dolu nəzərlərlə mənə
dedi ki, qonağın gəlib.
«Kim?» deyə eyni təəccüblə
soruşdum, dedi ki, Vaqif.
Saçı-başı qarışıq özümü
atdım dəhlizə,
gördüm Vaqif dayanıb. Yaxınlaşdım
ona, elə anamın yanında məni basdı bağrına və anama dedi ki,
bunsuz burdan gedən deyiləm. Çox qəribədir ki, heç nə deyə bilmədim.
Sonralar mənə danışdı
ki, oturub dostlarla yeyib-içirdik, birdən elə bildim ki, səni
itirirəm, elə bu an gəlməsəm
yanına, itirəcəyəm
səni, bəlkə də artıq itirdim deyə düşündüm və
qalxıb gəldim.
Ailə qurduq. Onda məni cəlb
edən ilk növbədə
intellektdir. Bu adam mənim üçün maraqlıdır,
kişi qadını maraqlandıra, güldürə
bilirsə, qadın artıq onun əlindədir. Vaqif bu gün də mənim üçün maraqlıdır.
Yaradıcılığı ilə evlilikdən sonra nəinki tanış oldum, hətta ona bu yöndə
yardımçı oldum.
Hiss etdim ki, sevmək öz yerində, amma mən bu adama
lazımam. Mənə ehtiyacı var.
Bir gün oturub başladım onun dağınıq əlyazmalarını makinada
çap eləməyə. Vaqif gəldi gördü və çox sevindi, dedi ki,
ömür boyu rus yazıçılarına
qibtə eləmişəm
ki, onların xanımları yazıçıya
dayaqdır, köməkdir,
indi öz xanımım mənim dayağım olub. Bunu bir missiya kimi
eləyirəm.
Ardıcıl bir neçə kitabı çapdan çıxdı. «Mən
burdayam, ilahi», «Uzaq, yaşıl ada» və sair.
Allah ömür versə, hələ çox fikirlərimiz var.
Gül əhvalatı
Qızım
anamla qalırdı, anam rəhmətə gedəndən bizimlə
yaşadı, Vaqif öz soyadını verdi ona. Biz
köçürdük onu, artıq nəvəmiz var. Vaqif mənim
qızımın övladını uşağın doğma
babasından artıq sevir. Vaqif də onun üçün
avtoritetdir. İlk gündən çalışdım ki,
uşaqlarımızın münasibəti yaxşı olsun.
Vaqifin də iki qızı vardı, onlar da yerbəyer olublar.
Vaqif
yaradıcı insandır, hiss adamıdır. Mən bir gün ona can deməsəm birtəhər
olur, soruşur ki, noolub? O da
mənə münasibətdə
elədir. Təzə
evlənmişdik, bir dəfə dedim ki, istəyirəm mənə gül alasan. Dedi ki,
necə yəni, mən əlimdə buketlə gəlim, camaat nə deyər? Dedim ki, anlamadım, səni kiminsə nə deyəcəyi maraqlandırır, yoxsa mən? Heç nə demədi,
görünür özü
üçün analiz
elədi və evə güllə gəldi.
Bir müddət
tutuquşu saxladıq. Evimizdə dörd
tutuquşu vardı.
Onların davranışını, bir-birinə münasibətlərini
müşahidə edirdik.
Həmişə çalışaram ki, Vaqifin ürəyi nə istəyirsə, onu həyata keçirim. Həyatımda yeganə insandır
ki, mən onun xətrinə dəyə, incidə bilmirdim. Təzə evlənən vaxtlar
boş-boş şeylərin
üstündə küsürdük,
daha çox Vaqif küsərdi. İndi elə deyil. İndi ha fikirləşirəm, yadıma
da düşmür ki, nə üstündə
küsürdük. Hətta elə
olub ki, Vaqif qapını çırpıb gedib, düşünüb-daşınıb qayıdıb.
Onun halbahal olması əvvəl mənə qəribə gəlirdi, sonra başa düşdüm, hər şeyi özüm üçün
ayırd etdim. İndi bir-birimizi
o qədər kəşf
etmişik ki, içimizdən keçənləri
oxuyuruq. Bütün
kişilərdə bir
xasiyyət var, səndə bəyəndikləri
xüsusiyyəti heç
kim görməsin,
başqası bəyənməsin
deyə ört-basdır
etməyə çalışırlar.
Mənə həsr etdiyi şeirlər çoxdur, hər halda yeni dövr yaradıcılığında mən varam.
Ramilə QURBANLI
Ədalət.-2012.-29 noyabr.-S.8.