«Masallının söz çələngi» Yeni kitablar

 

Əlimdə bir kitab var, 516 səhifədən ibarətdir. Ha vərəqləyirəm, ha baxıram bu «Masallının söz çələngi» kitabına, bilmirəm nədən, haradan, kimdən başlayım. Qeyd edim ki, bu ədəbi almanax çox nəfis şəkildə, qalın ciliddə buraxılıb. «Adiloğlu» nəşriyyatında işıq üzü görüb. 500 ədəd çap olunub. Bu savab işi görən, yazarları sevindirən Masallı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qəzənfər Ağayev olub. Masallı çoxsaylı şair və yazıçılara diqqət yetirib, yazarları sevindirib və onları bir ədəbi almanax çərçivəsində birləşdirib, bütöv edib. Məhz buna görə hörmətli Qəzənfər müəllimə minnətdarıq. Bu kitabda Masallının «Tahir Qurbanov, Əvəz Nəbioğlu, Novruz Xoşbəxt, Sulduz Tarıverdiyev, Rəsul Rzayev, Soltanağa Məhərrəmov, Qulu Vəcioğlu, Tofiq İlham, Dadaş Bəxtiyar, Xanəli Ağayev, Ahı Müzəffərov, Baba Qurban, Xudakərim Məftun, Adəm Seyfullayev, Gülqasım İsgəndərov, Məmmədağa Məmədov» g (Vaqif Yusifli, filologiya elmləri doktoru, əməkdar mədəniyyət işçisi.) ilə bərabər yeni imzalar gördüm: Rafiq Məmməd, Qəni Bəxtəvər, Nurməmməd Ağa, Süleyman Əlisa, Arif Fərzəli, Qardaş Əlişoğlu, Camal Lələzo, Həsənağa Əliyev və s. Onların bir çoxunun formalaşmasında Bakı ədəbi mühiti böyük rol oynayıb. Mən bu sıraya Məmməd Kazımı (hərçənd ki, onun adı Masallı ədəbi mühitinin formalaşmasında xidmətləri çoxdur), Zeydulla Ağayevi, Azad Talışoğlunu, Ağaddin Mansurzadəni, Zülfüqar Qodmanlını, Fəxrəddin Ziyanı, Vasif Səmədovu, Nurəddin Mənsuru, Kəraməti, Böyükxan Pərvizi, Mirəziz Seyidzadəni, Rəsmiyyə Sabiri, Zakir Abbası, Əli Şimşəyi, Qiyas Həmidi, Vaqif Nəsiri daxil edirəm...

Bəli, qalın, iri həcmli kitabı vərəqlədikcə biri-birindən maraqlı ədəbi-bədii yazılara rast gəlirəm. Yazıçı-publisist Ağalar İdrisoğlunun «Anamın nağılı» hekayəsi də hamımızın tanıdığı, bildiyi mövzudadır.

Şair Arif Fərzəlinin «Yetim segahı» güclüdür. O deyir ki,

 

İsmlər pərdə üstdə yollardı - qoşa,

Gedən ölməzliyə gedib qovuşar

Qaçıb el-obaya hay sal, ay uşaq,

Dədəsi tapılıb «Yetim segahın

 

Şair Azad Talışoğlunun «Masallıdadır» şeirində doğma mahalın füsunkarlığı əks olunub.

İstedadlı yazıçı-publisist, əməkdar jurnalist «Şöhrət» ordenli Milli Məclisin deputatı Elmira Axundova Elçinin dram komediyalar toplusunun mütailəsinin təsirindən yaranan düşüncələrini «Fövqəl missiya» adı altında oxuculara təqdim edir.

Bakı Dövlət Universitetinin məzunu, hazırda Qasımlı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyən Ədalət İsazadənin «Bir bayatı üstə», «Vətən yaxşı», «Qızlar şəkil çəkdirər» «Tut ağacı boyunca» şairləri yaddaqalan obrazlıdır. Deyim tərzi sadədir

Şair Faxrəddin Ziya «Masallı» şeirini hər birimizə xas olan duyğu telləri ilə qələmə almışdır:

 

Sən mənim dünyaya göz açdığım yer,

Sən mənə torpağı sevdirən məkan.

Sən mənim ilhamla söz açdığım yer,

Sən mənə Vətəndə vətənsən, inan.

 

Qoynunda hər fəslin öz gözəlliyi,

Yazın yaz ətri var, qışın qarı var.

Sinəndə Xəzərin rəngarəngliyi,

Yaşıl ormanların şux vüqarı var

 

«Masallının söz çələngi» almanaxında Gülhüseyn Hüseynoğlu Aydın Əliquluyevin mənsur şeirləri toplanmışdır.

Jurnalist Həsənağa Əli Murtuzanın da «Ötən günlərin lətifələri» maraqlıdır.

Masallılı yazarların almanaxında İradə Əlimərdan qızının «Sevgim qarımış demə», «Şirin pıçıltı», «Yoluna sarı», «Taleyin üzü dönmüş», «Söyləyin», «Göstər o qüvvəni mənə» «Bir ağac olaydım» adlı yeni şeirləri çap olunmuşdur.

İstedadlı Azərbaycan şairi Kəramət rayonun Göyəçöl kəndində doğulub. O, «Müşküllərin müşkülü» şeirində yazır ki:

 

Təzə ağaclar əkərdim,

barını yeyən ölməz,

təzə torpaq hardan alım?

 

Ev tikərdim,

qarşısından keçənlərin dərdi olmaz.

Bu daşlar dünya daşları.

 

 

Nəğmələr oxuyardım,

Sirli-sehirli nəğmələr.

Təzə sözlər tapammadım.

 

Təzə ağac, təzə nəğmə, təzə ev,

ya yerdən çıx, ya göydən en,

təzə adam!

 

Bəli, «Masallının söz çələngi» ədəbi almanaxında bir mahalın yazarlarından, onların bədii yazılarından söz açılır. Əlbəttə, balaca bir yazıda bütün ədiblərin əsərlərindən söz açmaq olmur.

Qeyd edək ki, kitab maraqlı tərtib edilmişdir və öz oxucusunu tapır. Çünki burada istedadlar birləşiblçr, söz qoşublar. Elə istedadlar ki, başqaları kimi kitab çap etdirə bilmirlər. İndi kitab çapından alan heç nə yoxdur. Hər kəs yazır, çap etdirir... Amma bu kitabda bir yerə toplanan yazarlar kitab çap etdirməyə çətinlik çəkən müəlliflərdir. Yaxşı yazıya hər vaxt ehtiyac olub və olacaq: istər əlyazması şəklində, istərsə də çap formasında olsun...

 

 

Əlhüseyn ŞÜKÜROV,

Jurnalist-politoloq

 

Ədalət.-2012.-30 noyabr.-S.7.