Nəsillər gəlir

 

Özümü qoymuşam bilməməzliyə,

Görən tanıyarmı məni Türkayım?

Üç aydır gözünə görünməyirəm,

Onsuz ağır keçir hər günüm, ayım,

Görən tanıyarmı məni Türkayım?

 

Üç ayın kədəri dönüb illərə,

Ömürlü ayrılıq heç olmayaydı.

Ətrini aldığım Türkay nəvəmin

Babası bu hissə qapılmayadı.

Ömürldük, ayrılıq heç olmayaydı.

 

Qanana işarə kifayət eylər,

Üstün vurmaq olmaz bunun bir daha.

Gəlimli, gedimli bu dünya ki, var,

Gəlişi ucuzdur, gedişi baha,

Üstün vurmaq olmaz bunun bir daha.

 

Özümü vuracam bilməməzliyə,

Ancaq qorxuram ki, sınar, inciyər.

İkinci bahardır mənim ömrümə,

Gecələr gözümdə yatar, dincələr,

Ancaq qorxuram ki, sınar, inciyər.

 

Yox, Fərhadı gərək alam çiynimə,

Bizi qoşa görsə gülər, ağlamaz.

Onların gülüşü can dərmanımdır,

Hər an könlümüzü açar, bağlamaz.

Bizi qoşa görsə gülər, ağlamaz.

Görək göstərər bu incə mətləb,

Görək kim olacaq göz şahidləri.

Türkelin, Aynurun istəklərindən,

Günaydının seçim tərzi irəli,

Görək kim olacaq göz şahidləri.

 

Bircə təsəllim var bu qovhaqovda,

Türkay məni görən kimi güləcək.

Tanımağın ayırd edə bilməsə,

«Gözəlimsən» deməyimdən biləcək.

Türkay məni görən kimi güləcək.

Həqiqətin nəvəsidir bu xilqət,

Nəsillər ardınca nəsillər gəlir.

Atalı, analı böyüsün deyə,

Arzu-istəyimiz göyə yüksəlir.

Nəsillər ardınca nəsillər gəlir.

 

 

Heyran

 

GEDİRƏM

 

Bir daha axtarma məni ay gülüm,

Ömür ki, yaşanır hey dilim-dilim.

Gözləri yollarda qalan sevgilim,

Bu fani dünyaya gəlib, gedirəm.

 

Bu gedən karvanı kimsə əyləməz,

Haqq işidir, haqqa şərik söyləməz.

Təbiblər yığılsa əlac eyləməz,

Tükənməz dərdimi bilib gedirəm.

 

Kim yetişib bir ömürdə sevincə,

Ömür başa çatar, bir an gülüncə.

Xatirəndə saxla məni ölüncə,

Axan göz yaşımı silib gedirəm.

 

Ürəyimdə arzum qalmadı daha,

Əcəl aman verməz gədəyə, şaha.

Şükürlər olsun ki, o bir Allaha,

Sənin qucağında ölüb gedirəm.

 

 

GƏLMƏDİN

 

Dərd sinəmi dağlayanda,

Qəm dilimi bağlayanda.

Ürəyim qan ağlayanda,

Gözlədim, niyə gəlmədin.

 

Gün qovmazmı duman, çəni,

Gəzmədin gözdən itəni.

İstəyirdim görəm səni

Gözlədim, niyə gəlmədin?

 

Çəkiləndə imtahana,

Qəsd edirlər şirin cana.

 

Bil, varlığım yana-yana,

Gözlədim, niyə gəlmədin?

Dağlar başın qar almışdı,

Güllü bağım saralmışdı,

Gözüm yollarda qalmışdı,

Gözlədim, niyə gəlmədin?!

 

 

Fərhad Rza Ulutürk

 

Ədalət.-2012.-30 noyabr.-S.7.