SUİ-QƏSDÇİ, YOXSA BÖYÜK XİLASKAR?..

 

   Qəribədi, Tanrı insanlığı xəlq edəndən bəri yüz milyardlarla insan doğulub, yaşayıb, izsiz-tozsuz da yer üzündən silinib gedib. Onların adı, nişanəsi olan nə varsa əlahəzrət zamanın təkərləri altında əbədilik yox olub. Amma bu sırada elələri də var ki, nə vaxt yaşamasından asılı olmayaraq adları insanlığın yaddaşına yazılır, xalqının tarixinə çevrilir, hətta ümumbəşəri tarixin bir parçasına dönür. Əlbəttə bunu, Allahın insanlar arasından seçdiyi peyğəmbərlərdən tutmuş böyük sərkərdələrədək, möhtəşəm elm və sənət adamlarınadək aid etmək mümkündü.   

   Əslində tarix və şəxsiyyətlərlə bağlı iki fərqli fikir mövcuddur. Bəziləri iddia edir ki, tarixi məhz qəhrəmanlar, görkəmli şəxsiyyətlər yaradır, digərləri isə belə hesab edir ki, həmin şəxsiyyətləri tarixin özü yaradır. Yəqin bu iddiaların hər ikisində haqlı dəlillər vardır. Amma mənə elə gəlir ki, tarixin və ya tarixi şəxsiyyətlərin hansının yaradıcı olması iddialarını rahat buraxmaq lazımdır. Tarix elə qəhrəmanlarıyla, şəxsiyyətləriylə, böyük dəyişiklikləriylə, fəlakətləriylə, təbiət hadisələriylə, qanlı döyüşləriylə... xalqların, insanların yaşadığı keçmişdir, tarixdir.   

   O da bir çoxları kimi yaşadığı həyatla, əməlləri ilə tarixin bir hissəsinə çevrildi. Haqqında təhqiqatlar aparıldı, yazılar yazıldı. Anadan olanda Auqusto Joze Ramon Pinoçet Uqarte adlandırılan, amma dünyanın daha çox general Pinoçet adıyla tanıdığı adamdan bəhs edirəm.  

 

   (Əvvəli qəzetin 25 sentyabr sayında)  

 

   Əlbəttə, Pinoçet həm də insan kimi özünəməxsus bir şəxsiyyət olub. Harada olursa-olsun bütün davranışlarında o özünü nəzarətdə saxlamağı bacarırdı. Düşmənlərinə, rəqiblərinə hücum üçün, necə deyərlər, boş yer buraxmayıb. Ən gərgin anlarda özünü itərməyib. General da özünü soyuqqanlı, qorxusuz sakit bir adam hesab edirdi. Maraqlıdı, Auqusto Pinoçetin bütün şəraitlər, vəziyyətlər üçün vaz keçmədiyi qaydalar mövcud idi. Bioqraflar yazırlar ki, General Uqarte ordu komandanı olandan sonra kütlə qarşısna çıxanda, istənilən tədbirlərdə daim tünd-mavi ya təntənəli-ağ mundirdə görünməyi sevərmiş. Həm çox səliqəli, lakin ciddi geyinərdi. Geyimdə heç vaxt vaz keçmədiyi elementlərdən biri isə vaxtıyla atasının qalstuka taxmaq üçün bağışladığı qızıl sancaq iri qaşlı qızıl üzük olub.    

   Şahidlərə görə, onun bütün həyatı özünün qəbul etdiyi çox sərt ciddi rejim altında keçib. Yazırlar ki, Pinoçet geyimini özü seçərmiş. Gündəlik rejimə dəmir intizamla riayət edərmiş. Hər gün saat 7-də yuxudan qalxan Auqusto Pinoçet heç vaxt səhər idmanını unutmayıb. Yeyimcil deyilmiş. Genralın çox adi, məhdud qida rasionu varmış: qalet (xüsusi peçenye növü), soyutma kartof, qızardılmış ət, ənginar, qatıq təzə meyvələr. Hətta təntənəli naharlarda dəniz xərçəngi, üstündənsə şampinyon (yeməli göbələk növü) da sevərmiş. Maraqlıdır, Pinoçet kofeni, alkoqolu siqareti qəti xoşlamayıb. Amma böyük məclislərdə hərdən bir bakal şərabı özünə icazə verərmiş. Menyusunda bitki çayları, ananas portoğal şirələri vaz keçmədiyi içkilər olub.   

   Hakimiyyətdən gedəndən sonra evdə vaxtının daha çox hissəsini yazı masasının arxasında qeydiyyat aparmaq, mütaliə etməklə keçirərmiş. Böyük qızı İnes Lusia atası ilə bağlı xatirələrinin birində qeyd edir ki, o, hər gün tezdən qalxar, səhər yeməyindən sonra stolunun arxasına keçər, yazı-pozu ilə məşğul olarmış: "Atam həm ciddi yumor hissinə malik idi. Son vaxtlar işini asanlaşdırmaq üçün kompüter kurslarına vaxt ayırsa da, amma heç cür buna alışa bilmədiyi üçün sonda əli ilə yazmağa üstünlük verdi. Bir çox hallarda isə qeydiyyat apardığı kağızları əzib atırdı. Bir dəfə ona dedim ki, lazım deyil, bunları tullama. Onda atam gülüb mənə belə cavab verdi: Niyə, sən onları satmaq istəyirsən?"  

   Auqusto Pinoçetlə görüşəndən sonra onun təbiəti, şəxsi keyfiyyətləri haqqında yazan iki jurnalist (kitablarında) qeyd edir ki, sərtlik ironiya generalın xarakterinin ayrılmaz hissəsidir. "General qeyri-adi cazibəyə malikdir. O öz zarafatları ilə müsahibini məftun edə bilər. Bu təcrübəli polemika sahibi sanki bunları (ironik zarafatları) yoxlama şarları tək havaya buraxaraq çox diqqətlə gələn reaksiyaları izləyir... Bu ona lazımdı. Amma işlər heç bununla bitmir. Çünki hansısa gözlənilməz məqamda onun cəzbedici görüntüsünün içərisindən adama tamam başqa - sərt, amiranə, zəhmli bir Pinoçetin diqqət etdiyini görürsən. O çoxtərəflidir. Birdən Pinoçet əsl cəngavər kimi nəzakətli olur: "İcazə verin, sizə kömək edim. Paltosunu verməyə kimin ki, dostu yoxdur, demək o adamın paltosu, dostu var". Bəzi vaxtlarda isə general uşağa bənzəyir. Bəzən o, köhnəfikirli kəndlini xatırladır. Amma... Qəfildən hər şey dəyişir, qarşında əsəbi şəkildə yumruğunu stola çırparaq düşündüklərini gizlətmədən söyləyən bir general durur. Özü bu zaman belə davranışına görə kimin onun haqqında fikirləşdiyini qəti vecinə almır. Belə vaxtlar onun səsinin tembri, hətta gözlərinin rəngi belə bir anda dəyişir".

      Onun haqqında yazanlar Pinoçetin ciddi, diqqətili ata, həm yumşaq, xeyirxah baba kimi göründüyünü qeyd edirlər. Amma aydın olur ki, doğmalarına olan şəfqətin, mehribanlığın, qayğının da içərisində əriməyə macal tapa bilməyən tələbkarlıq var. O, yerində , orduda da ətrafındakılara hədsiz tələbkar olub. Lakin kimsə bu xarakterinə görə onu qınamazdı, çünki general Uqarte özü hamıya nümunə idi. Heç bir zaman, heç kim onu öz qaydalarından döndərə bilməyib. Hətta bu ənənə ömrünün sonunadək beləcə davam edib. Maraqlıdır, vəzifədən gedəndən sonra bir dəfə tanınmış idman aparıcısı Eduardo Banvalle jurnalistlərə müsahibə verməsi xahişi ilə müraciət edib. Generalın katibliyindən çiddi şərtlər əsasında razılıq alınıb. Belə ki, müsahibəyə gələn bütün jurnalistlər səliqəli kostyumda, qalstuklu, qara, təmiz ayaqqabılarda, üzləri təraşlı, qısasaçlı, qulaqları sırğasız olmalıdır. Hətta o da tələb edilmişdi ki, gələnlərdən kimsə soyuqdəyməli, tütün iyi verməməlidir.   

   Kifayət qədər maraqlı, qəribə şəxsiyyət olan General Uqarte ömrünün sonunadək onun hakimiyyətdə oturacağına inananları, eləcə dünyanı 1990-cı ildə bir heyrətləndirdi. Həmin vaxt o, demokratik qaydada prezident seçkiləri keçirərək səs çoxluğu ilə qələbə qazanmış Asokarın əlini sıxıb təbrik etməsiylə hamını böyük təəccüb içərisində buraxmışdı. Pinoçet məhz həmin an, 11 martda yerini yeni seçilmiş prezidentə təhvil verərkən özünün məşhur tarixi sözlərini söyləmişdi: "Missiya yerinə yetirildi". Bəli, General Pinoçet missiyasını başa vurmuşdu. O, belə hesab edirdi ki, Çili bundan sonra demokratik, stabil bir dövr yaşayacaq, çevrilişlər bir daha baş verməyəcəkdir. Əslində tarix göstərdi ki, Pinoçet bu ümidlərində səhv etməyib.

      Özü həmişəlik senator statusu alandan sonra planlaşdırdığı sakit həyata yollandı. Düzdür, ölümündən bir qədər əvvəl bəzi qüvvələr onu məhkəmələrə çəkib cəzalandırmağa cəhd etdilər. Amma hamısı boşuna. Auqusto Pinoçet 2006-cı il dekabrın 10-da, 91 yaşında bu dünyaya əbədi vida dedi.   

   Onunla bağlı ən maraqlı məlumatlardan biri budur ki, General Auqusto Pinoçetin qəbri yoxdur. Onun külü xatirəsi həmişə əziz tutulan ailəsinin evində saxlanlır...

 

 

   BABƏK YUSİFOĞLU

 

   Ədalət.- 2012.- 2 oktyabr.- S.3.