Şəhər içərisində "şəhərcik"

 

 Bu "şəhərcik" Biləsuvar rayonunda salınır

 

 Son illər ölkədə, eləcə də regionlarda sosial-iqtisadi inkişaf, abadlıq-quruculuq işləri öz sürətini bir az da artırıb. İnsanların həyat tərzlərindəki müsbət dəyişmələr, simasında hər gün daha bir yenilik edən şəhərlər, qəsəbələr ölkənin ümumi vəziyyətinin daha da yaxşılaşmasından xəbər verir.   

 Cənub bölgəsinin qədim rayonlarından olan Biləsuvarda da bu inkişafın real cizgiləri aydınca görünür. Kənd təsərrüfatı rayonu olan Biləsuvarda ümumdaxili məhsul xeyli artmışdır. Rayon mərkəzi ilə bərabər kəndlərdə də abadlıq-quruculuq, tikinti işləri hər gün bir az da genişləndirilir.   

  Biləsuvar şəhəri isə indi öz görkəmini tamam dəyişib. Səliqəli, rahat küçə və meydançalar, bağlar, yeni inzibati və yaşayış binaları, sosial obyektlər bir-birindən gözəl və yaraşıqlıdır. Bu işlərin davamı kimi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan böyük bir küçədə indi son tamamlama işləri gedir. Burda aparılan abadlıq-quruculuq işləri nəticəsində bütün kiçik tikililər, ticarət köşkləri sökülərək daha müasirləri ilə əvəz edilib. Xeyli genişləndirilmiş küçənin hər iki tərəfindəki istinad divarları layla üzlənmiş, mərmər daşlarla çərçivəyə salınmışdır. Piyada yolu - səkilər yenidən kiçik daş üzlüklərlə döşənmişdir. İşıqlandırma sistemi daha müasir texniki avadanlıqlarla təchiz edilən bu küçənin gecələri daha füsunkar olur. Çünki burda hər şey təzə, könülaçan və gözoxşayandır.      

 

Sabahın xeyir, usta  

 

Hal-hazırda Biləsuvar şəhərinin mərkəzində böyük tikinti işlərinin aparılması da regionların sosial-iqtisadi inkişafının tərkib hissələrindən biridir. Xatırladaq ki, Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binası, Təhsil şöbəsinin, Bələdiyyənin, Məşğulluq Mərkəzinin, digər idarə və təşkilatların yerləşdiyi 4 mərtəbəli bina, bir sıra sosial obyektlər burada yerləşirdi. Qısa zaman kəsiyində bütün bunların hamısı söküldü. Təmizlik işləri aparılandan sonra ərazi hasara alındı. Məlum oldu ki, bu ərazidə yeni inzibati binalar tikiləcək, burdakı parkda yenidənqurma işləri aparılacaq.   

   Tikintinin aparıldığı əraziyə kənar şəxslərin daxil olması qadağandır. Mühafizəçi də bir daha bunu xatırlatdıqdan sonra məqsədimi başa düşüb:  

   - Qoy onda icraçısına məlumat verim. Bura işləmək üçün gündə o qədər adam gəlir ki. Fikrət müəllim hər işçini bəyənən deyil.   

   O qədər böyük olmayan tikinti meydançasında ekskavatorun, daşyonan maşının səsindən ustanı çağırmaq müşkülə döndü. Xeyli aralıda ortaboy, gündən yanıb-qaralmış bir nəfər kağızlara baxa-baxa yanındakılara göstəriş verirdi. Mühafizəçini görüb ani olaraq söhbətinə ara verdi, sonra mənə ani nəzər salıb yenidən yanındakılara nəsə izah etməyə başladı.   

   Bir-birindən xeyli aralıda tikilməkdə olan binalarda beton, hörgü quraşdırma işləri aparılırdı. Ekskavator bu binaların arasında dairəvi yer qazırdı. Dəmir çubuqlar, sement kisələri, digər tikinti materialları səliqə ilə divarboyu yığılmışdı. İnşaatçılar heç bir səs-küyə əhəmiyyət vermədən dayanmadan işləyirdilər. Yəqin belə səsli-küylü onlar üçün adiləşib.   

   Bir neçə dəqiqədən sonra usta ilə görüşmək mümkün oldu:  

   - Sabahın xeyir, usta. Deyəsən işin qızğın çağıdır, vaxtını alacam.   

   - Xoş gəlmisən, jurnalist. Əgər istəyirsənsə rahat söhbətləşək onda günortaya yaxın görüşək. İndi doğrudan çoxdur, vaxt da ki, gedir.   

   Doğru sözə deyəsən, razılaşmalı oluram.   

 

   "Bura şəhərin ən gözəl məkanı olacaq"  

 

   Burdakı tikintini aparan "Kaspian Servis" MMC-nin inşaat üzrə baş icraçısı Fikrət Şirin oğlu Dadaşovun işi doğrudan çoxdur. 1975-ci ildən tikintidə çalışan, 2004-cü ildən "Kaspian Servis" MMC-də fəaliyyət göstərən Fikrət Dadaşovun narahatlığı, məsuliyyəti elə həmin andaca hiss edilir:  

   - Bizə etibar göstərib veriblərsə, onu layiqincə yerinə yetirməliyik. Tikinti başa çatandan sonra isə rahat nəfəs almaq olar. Ancaq ona qədər yorulmadan, dəqiq və səliqəli işləməliyik. Burdakı tikintinin də məsuliyyəti mənim üzərimə düşür. Ona görə də hər şeyə özüm nəzarət edirəm. Bax, gördüyün bu tikinti 2 hektar ərazidə aparılır. 100 nəfər işçinin - mühəndis-texniki heyətin, hörgüçülərin, quraşdırıcıların, qaynaqçıların və digərlərinin təşkil elədiyi bu kollektiv çox işgüzardır. Burda çalışanların əksəriyyəti də elə Biləsuvar rayon sakinləridir.   

   Biləsuvar rayon İcra Hakimiyyətinin 3 mərtəbəli binası 642 kvadrat metr ərazini əhatə edir. Bu binada otaqları, konfrans zalı, sanitar qovşağı, mətbəx və digər yardımçı otaqlar nəzərdə tutulub. Bu bina ilə qarşı-qarşıya tikilən o 3 mərtəbəli bina isə Heydər Əliyev Mərkəzi olacaq. Bu iki binanın arasında isə park salınacaq. Ən müasir işıqlandırma sistemi qurulacaq. Fəvvarə də bunun sağ tərəfində, gül-çiçəklərin əhatəsində olacaq. Sakinlərin dincəlməyi üçün bura oturacaqlar düzüləcək. Sol tərəfdə isə ulu öndər Heydər Əliyevin əzəmətli heykəli ucaldılacaq. Heykəlin ətrafında gül-çiçək, müxtəlif dekorativ ağaclar əkiləcək. Heydər Əliyev Mərkəzi isə 924 kvadrat metr ərazini əhatə edir. Orda 2 kitabxana, ulu öndərin abidə-büstü qoyulacaq muzey, 150 nəfərlik konfrans zalı, sərgi salonu, heykəltəraşlıq dərnəyi, və istirahət otaqları fəaliyyət göstərəcək. Mərkəzin sol tərəfində isə 2 mərtəbədən ibarət Yeni Azərbaycan Partiyasının binası inşa edilir. 300 kvadrat metr ərazisi olan bu bina da müasir texnologiyaya söykənir. Burda da otaqları, kabinetlər, konfrans zalı başqa xidməti otaqlar olacaq. Bu binaların hər birində müasir qurğulardan istifadə etməklə havalandırma sistemi qurulacaq. Bir sözlə, burdakı inşaat işlərinin tamamından sonra bura şəhərin ən gözəl məkanı olacaq.   

   Sakinlər qonaqlar burda istirahət etməkdən zövq alacaqlar. 01 iyun 2012-ci ildən işə başlamışıq, İnşallah, 2013-cü ilin mart ayında, Novruz bayramı ərəfəsində tikintini başa çatdırmaq fikrindəyik. , deyirsən, bəlkə biz bir stəkan çay içək, onsuz da nahar vaxtıdır.   

   Başımız söhbətə qarışdığından vaxtın ötdüyünü bilməmişdik.

  

   (ardı gələn sayımızda)

 

 

  Səxavət Məmmədli

 

  Ədalət.- 2012.- 2 oktyabr.- S.3.