“Özümü musiqi cəbhəsinin sıravi əsgəri kimi hiss edirəm”

 

 Zümrüd Dadaşzadə: “Musiqi şeiri o qədər gözəlləşdirər ki, sözlərdəki zəifliyə göz yuma bilərik”

 

 Musiqini təkcə dinləmək deyil, hətta o haqda danışmaq belə insana böyük zövq verir. Hələ həmsöhbətin musiqi sahəsində çalışan biri olsa, daha maraqlı məqamlar ortaya çıxa bilər. Bu dəfə “Şənbə qonağı” olaraq həmsöhbətimiz sənətşünaslıq elmləri namizədi, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə oldu. Azərbaycan və dünya musiqisi, musiqilərimizin dünyada tanıdılması və s. musiqi ilə bağlı müxtəlif mövzularda söhbət etdik. Zümrüd xanımdan aldığımız müsahibəni sizlərə təqdim edirik.

 

- Dünyada musiqinin növləri çoxdur. Hərəsinin də özünəməxsusluğu var. Bizim musiqilərin digərlərindən fərqi nədir?

- Azərbaycan musiqisi dünya musiqisinin bir hissəsidir. Bizim musiqimizin özünəməxsusluğu çoxdur. Bir neçə il öncə Ceyms Kvark adlı ingilis bəstəkarı Azərbaycana gəlmişdi. Dedi ki, siz musiqilərinizin özəl cəhətlərini qoruyub saxlamısınız. İngiltərədə demək olar ki, biz folklordan məhrum olmuşuq, folklorumuz ölmək səviyyəsinə çatıb. Bizim musiqimizdə müxtəliflik var və biz öz folklorumuzu mühafizə edə bilmişik. Bura şifahi ənənəyə əsaslanan peşəkar musiqi olan muğamlarımızı, aşıq mahnılarımızı, el mahnılarımızı, zəngin folklor nümunələrimizi və s-lərini aid etmək olar. Digər tərəfdən Azərbaycan XX əsrdə dünyaya bəstəkarlıq məktəbi bəxş etdi. Üzeyir Hacıbəylinin Azərbaycan musiqisi tarixində ilk yazılı ənənəyə əsaslanan professional musiqi olan “Muğam operası” yaratdı. Sonra bu ənənə davam etdi. Bizim bəstəkarların böyük bir hissəsi bu zənginlikdən faydalanaraq, Avropa musiqisinin illərcə, əsrlərcə yaratdığı nailiyyətləri, tapıntıları birləşdirib, bir araya gətirib, tamamilə yeni bir bədii tam ərsəyə gətirə bildilər. Bəzi əsərlərimizdə birbaşa olaraq, muğama, milli adətlərimizə bağlılıq hiss olunmasa da, dolayı yolla bu çatdırılıb. Hətta Fərəc Qarayev kimi avanqard üslubda işləyən bəstəkarın əsərlərini xaricdə dinləyəndə deyirlər ki, biz başa düşürük ki, bu musiqini şərq mədəniyyətinin təmsilçisi yazıb. Musiqinin cərəyanında belə, sanki bizim şərqə xas olan zaman duyumu özünü göstərir. Sovet dönəmində Azərbaycanda caz musiqisi ön cərgələrdə gedirdi. Pop musiqisi sahəsində son dövrlər yaxşı mənada dəyişikliklər hiss olunur. Bəstəkarlarımız Üzeyir bəy yolu ilə irəliləyir və dünya musiqisində olan zənginlikləri əks edərək, milli zəmində möhkəm durmaq və bunları bir araya gətirmək prinsipi ilə çalışırlar. Bəstəkarlarımızın yaradıcılığında dünya və Azərbaycan musiqisini bir araya gətirmək və hətta yaxınlaşdırmaq cəhdləri var. Qara Qarayev də bunu edə bilib. O deyirdi ki, mən ispan, bolqar, alban mövzularında əsərlər yaradıram. Amma hamı deyir ki, bu əsərlərdə mənim azərbaycanlı əllərimin izi görünür. Qara Qarayev deyirdi ki, başqa xalqların əsrlərlə keçdiyi yolu, biz bir neçə on ilə qət etmişik. Dünya təcrübəsinə daha dərindən yiyələnmək lazımdır. Demək lazım deyil ki, bu bizimdir, bu dünya nailiyyətləridir. Bizim də bu günkü işimiz ümumbəşəri işin bir hissəsidir.

- Ümumilikdə hansısa bir musiqi janrı bütün dünyanı öz ağuşuna alması üçün hansı keyfiyyətlərə cavab verməlidir?

- Musiqi qədim dövrlərdən başlayaraq, bütün sənət növləri arasında həmişə gündəmdə olan bir sənət olub. Musiqi yeganə sənət növüdür ki, elmlər sırasında öyrənilir. Riyaziyyat, həndəsə, astronomiya ilə yanaşı musiqi öyrənilib. Musiqinin kosmik yaranışı barədə nəzəriyyə də var. Musiqinin insanın emosional dünyasına təsir etmək imkanı var. Musiqinin materialı olan səsin təsir qüvvəsi böyükdür. Aqressiv ola bilər, təcavüzkar ola bilər, insanı təngə gətirə bilər. Görümlü obrazlardan fərqli olaraq, səs bir çox insanların beyninə, ürəyinə hakim kəsilir. Eksperiment üçün suyu şüşə qablarda dondurublar və hər qabın yanında ayrılıqda müxtəlif musiqilər səsləndirilib. Bethoveni, Motsartı çalanda həndəsi formalı çox gözəl fiqurlar yaranıb. Aqressiv musiqilər səsləndiriləndə isə formasız fiqurlar yaradılıb. Hansı musiqilərin bütün dünyanı öz ağuşuna ala biləcəyinə gəlincə isə, mənə elə gəlir ki, bütün bəstəkarlar bunu sınayıb. O musiqidə ki, xalqın dünyagörüşü, dünya duyumu əks olunubsa və dünya musiqi ənənələri ilə birləşdirə bilmisənsə, onda o musiqi həqiqətən də maraqlıdır. 2009-cu ildə Azərbaycanda “Muğam aləmi” festivalı keçirildi. Festival çərçivəsində keçirilən konsertlərdən birində İtalyan mənşəli Braziliyalı drijor Silvio Barbato Fikrət Əmirovun simfonik muğamlarını bizim orkestrlə bərabər ifa etdi. O dedi ki, bir daha əmin oldum ki, orda sənin millətinin yaradıcılığı, musiqisi, dünya duyumu özünü göstərir. F.Əmirov da məhz bunu eləmişdi.

- Musiqi ilə sözlər həmahəng olanda yaxşı musiqi alınır. Bəzən o qədər də yaşı olmayan sözlərdən gözəl musiqi yaranır. Bu necə baş verir?

- Dünya musiqi tarixində belə nümunələr var. Mən buna romans janrının başında duran Frans Şubert adlı Avstriya bəstəkarını misal göstərmək istəyirəm. Onun bəzi romansları tanınmış şairlərin sözlərinə yazılsa da, iki romansı var ki, o qədər də məşhur olmayan bir müəllifin sözlərinə yazılıb. Musiqi ilə sözün gizli məqamlarına nüfuz edib, poeziyanı bir qədər də yuxarı qaldırıb. Bəlkə də şeiriyyatda olmayan mətləbləri belə musiqi üzə çıxarıb. Dözülməz haldır ki, gözəl poeziya nümunələrini bəstəkarlar götürür, amma dərin mənalarını aça bilmirlər. Musiqi şeiri o qədər gözəlləşdirər ki, sözlərdəki zəifliyə göz yuma bilərik.

- Bəzən deyirlər ki, musiqidə dilin rolu azdır, əsas musiqidir. Amma Azərbaycan dilini saitlərin çoxluğuna görə musiqili dil adlandırırlar...

- Hər bir musiqinin əsasında səs və intonasiya dayanır. İntonasiya da elə dildən qaynaqlanır. Rus bəstəkarının əsərini Üzeyir bəyin əsərlərindən məhz bu dil və intonasiya xüsusiyyətlərinə görə ayıra bilirik. Düz buyurduz ki, saitlərin çoxluğu musiqiyə təsir edib. Mən operanı, romans janrını nəzərdə tuturam. Musiqi intonasiyaları dilin intonasiyasına əsasən yetişdirilir.

- Azərbaycanda keçirilən musiqi ilə bağlı tədbirlərin xarici ölkələrdə keçirilənlərdə iştirak etməyimizdən fərqi?

- Hər ikisinin ölkə üçün əhəmiyyəti böyükdür. Həm xaricdə, həm də ölkəmizdə bizim çıxışlarımız böyük rol oynayır. Xarici ölkələrdə çıxışlarımız ölkəmizin tanıdılması baxımından əhəmiyyətlidir. 20 il bundan əvvəl heç xəyal edə bilməzdik ki, dünya səhnələrində ölkəmizi davamlı olaraq tanıda biləcəyik. Dünya sənətkarlarının ölkəmizə gəlməsi isə başqa bir tərəfdən əhəmiyyətlidir. Onlar gəlib burda öz ölkələrini təmsil etməklə bərabər, həm də səhnədə sənətçilərimizlə birlikdə çıxış edirlər. Ölkəmizdə keçirilənlərin əhəmiyyəti ona görə çox böyükdür ki, biz dünyanı tanıyırıq, dünya da bizi. Dünyanın hər bir böyük ifaçısının ölkəmizdə gəlib çıxış etməyi gənclər üçün bir məktəbdir. Belə bir mübadilə olmasa, biz əyalət səviyyəsinə enmiş olarıq. Biz artıq sənətdə olan yüksək meyarları görürük və onlara uyğunlaşmağa çalışırıq.

- Nə qədər təbliğat aparılsa da, musiqilərimiz oğurlanır. Bunun üçün musiqi sahəsində hansı işlər aparılmalıdır?

- Azərbaycanda Müəllif Hüquqları Agentliyi var ki, orda xeyli işlər görülür. Demək olmaz ki, tam diqqətsiz qoyurlar. Əvvəllər musiqilərimiz adsız göstəriləndə, ölkəmizin adı qeyd olunmayanda çox narahat olurdum. Amma indi bir az rahatlanmışam. Ona görə ki, bu gün biz özümüz sənətimizi nümayiş elətdirmək imkanına malikik. “Eurovision-2012”də iştirak edən An Mari ölkəmizə gəlib, musiqimizlə tanış olduqdan sonra bir neçə mahnımızı ifa etdi. “Sarı gəlin”ə Azərbaycanda klip çəkdirdi. Biz oğurluqların qarşısını əks təbliğatla ala bilərik. Cavabsız qoymaq lazım deyil, elmi araşdırmalarla sübut etmək lazımdır. Bu sahədə xeyli işlər görülür. Biz sadəcə olaraq başımızı aşağı salıb, musiqilərimizi təbliğ etməliyik və əks təbliğat aparmalıyıq. 2003-cü ildə Azərbaycanda mədəniyyət siyasəti adlı tədbir keçirildi. İsveçrədən olan bir ekspert söylədi ki, nə olar qoy başqa millətlərin nümayəndələri də sizin musiqiləri çalsınlar. Hind mahnıları dünyada məşhurdur, sizinkiləri də oxusunlar. Dedim ki, oxusunlar, amma müstəqilliyini təzə əldə etmiş bir xalq kimi istəyirik ki, bizim öz möhürümüz olsun.

- Yaddan çıxan, unudulan, az ifa edilən musiqilərimiz çoxdurmu?

- Bəzən olur ki, diqqətdən qaçır. Retro mahnılarımızı demək olmaz ki, unudulur. İfaçılarımız var ki, öz repertuarında belə mahnılara tez-tez müraciət edirlər. May ayında romans janrı ilə bağlı keçirilən tədbirdə bir neçə romans eşitdim ki, az-az ifa edilir. İfaçılar araşdırıcı olmalıdır. Bir siyahı var ki, ifaçılar bəzən ondan kənara çıxa bilmirlər. Amma o siyahını genişləndirmək lazımdır.    

- Hazırda hansı işlərlə məşğulsuz?

- Neçə ildir ki, Bakı Musiqi Akademiyasında işləyirəm. Akademik musiqi ilə məşğulam, əsas tədqiqat obyektim simfoniyadır. Hesab edirəm ki, Azərbaycan bəstəkarların simfonik yaradıcılığı dünya musiqi tarixində özünəməxsus yer tutmaq iqtidarındadır. “Azərbaycan musiqisi və klassika”  (Akademik musiqini nəzərdə tuturam) mövzusunda tədqiqat işi aparıram. Bir neçə əsəri götürüb təhlil etməklə olmaz. Paralellər aparasan, dünya musiqisində nə baş verir. Elə bir dövrdə yaşayırıq ki, geniş müstəvilərdə araşdırmalar aparılmalıdır. Təkcə kabinet alimi deyiləm. Müasir musiqimizə aid nə varsa, maraqlanıram. Bir musiqi tənqidçisi, musiqi jurnalisti kimi də fəaliyyət göstərirəm. Təkcə elmi fəaliyyətlə məhdudlaşmıram.

- Belə bir söz var ki, hər kəs bu dünyaya müəyyən bir missiya üçün gəlir. Zümrüd xanım hansı missiya üçün dünyaya gəlib?

- Özümü musiqi cəbhəsinin sıravi əsgəri kimi hiss edirəm. Əsas istəyim odur ki, Azərbaycan dinləyicisi mədəni, intellektual səviyyəsi yüksək, zövqlü olsun. Qara Qarayev deyirdi ki, biz bəzən zövq anlayışını unuduruq, amma zövq çox vacibdir. Əgər kimdəsə yaxşı bir musiqini dinləməyə həvəs oyada bilirəmsə, kiməsə yardımçı ola bilirəmsə ki, yaxşı musiqini bayağı musiqidən ayırsın bu mənim uğurumdur. Musiqi sahəsində bu cür işləri görməyi özüm üçün missiya hesab edirəm. Çalışmışam ki, səviyyəli əsərləri, peşəkar müəllifləri tamaşaçılara təqdim edim.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2012.- 29 sentyabr.- S.13.