Qadın qarşısında aciz İmperator

 

   Və gözəl, özündən razı, hikkəli, ağıllı, fəndgir Jozefina 

 

  Hadisə təxminən 200 il bundan əvvəl, daha doğrusu, 1809-cu il dekabrın 15-də baş verir. Həmin gün Fransa imperatoru Napoleon Bonopartın imperatriça Jozefina ilə nikahı ləğv edilir. O Jozefina ki, əri ona pərəstiş edir, tez-tez hədiyyələr bağışlayır, bədxərcliyinə görə deyinsə , ifrata varan xərclərini ödəyir. Lakin imperatriça olmaq təkcə titul, var-dövlət, tac demək deyildi. Bu, həm şəcərəni davam etdirmək, ərinin taxt-tacına varis dünyaya gətirmək demək idi. Amma Jozefina artıq çoxdandı uşaq dünyaya gətirə bilmirdi...  

   Hadisənin səhnə həlli isə tamaşaçılara ilk dəfə ötən həftəsonu Akademik Milli Dram Teatrında təqdim olundu. Öncədən qeyd edək ki, Ferdinand Bruknerin "Napoleon" əsəri (tərcüməçi Azər Mirzəyev) əsasında hazırlanan eyniadlı iki hissəli psixoloji dramın quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Rəqslərin quruluşu əməkdar incəsənət xadimi Rimma Məmmədovaya məxsusdur. Tamaşada Napoleon obrazını Sumqayıt Dövlət Dram Teatrından dəvət olunmuş Oqtay Mehdiyev, Jozefina obrazını xalq artisti Zemfira Nərimanova canlandırıb.   

   Eyni zamanda səhnə əsərində əməkdar artistlər Sabir Məmmədov (Bertye), Elşən Rüstəmov (Taleyran), aktyorlar Şəhla Əliqızı (Mariya Valevska), Türkel Şabanova (Mariya Luiza), Sərdar Rüstəmov (Meneval), Rumiyyə Ağayeva (Rəqs müəllimi, bayraqda), Elçin Əhmədov (Fuşe), İlqar Baxşıyev (Şeypurçu), Teymur Bədəlov Vasif Həsənəliyev (təbilçilər) rol alıblar.   

   Tamaşa təbil şeypur sədaları altında Napoleonla Jozefinanın mübahisə səhnəsilə başlayır. Napoleon imperatriçanı ifrat dərəcədə pul xərcləməkdə, borclarının getdikcə artmasında, eləcə ona varis doğa bilməməkdə suçlayır. Odur ki, vəliəhdinin olacağına ümidini itirib ayrılmaq təklifini irəli sürür. Jozefina da artıq boşanmanın qaçılmaz olduğunu dərk edir.   

   Adətən, tamaşaların ilk səhnələri müəyyən dərəcədə darıxdırıcı olur. Amma bunu Napoleon-Jozefina dialoqu haqqında demək o qədər düzgün olmazdı. Çünki dialoqun özü aktyorların oyunu maraqlıydı.   

   Lakin səhnənin həddən artıq uzanması tamaşaçını yormağa başlayırdı. Bu səhnədə hər iki aktyorun Jozefina - Zemfira Nərimanova Napoleon - Oqtay Mehdiyevin həyəcanı da duyulurdu. Tezliklə hər iki baş rolun ifaçısı o həyəcanı tamaşaçıdan gizlətməyə müvəffəq olur. Hətta tamaşanın ilk dəqiqələrindəcə Zemfira xanımın səsində cüzi problem yaransa belə. Bu problem tamaşanın sonuna qədər aradan qalxmasa da, özünü aktrisanın oyununda büruzə vermədi.   

   Zemfira Nərimanova Jozefinanı olduğu kimi tamaşaçıya çatdıra bildi - gözəl, özündən razı, hikkəli, ağıllı fırıldaqçı. Aktrisanın fakturası geyimləri səhnədə göz oxşayırdı. Əsl imperatriça kimi. Burda qeyd etmək yerinə düşər ki, Zemfira Nərimanova baş rolun ifaçısı olaraq 4 ildən çoxdur səhnəyə çıxmırdı. O, sonuncu dəfə fransız yazıçısı Alber Kamyunun eyniadlı əsəri əsasında rejissor Əsgər Əsgərovun quruluş verdiyi "Anlaşılmazlıq" tamaşasında əsas obrazlardan birini oynayıb. bu illər onun akrisa kimi peşəkarlığını, qadın kimi gözəlliyini əlindən almayıb.   

   Bir , aktrisa kimi bütün keyfiyyətləri bir yana, Zemfira Nərimanovanın ogünkü oyununda səhnə üçün qədər darıxdığı, "səhnənin acı" olduğu aydın şəkildə sezilirdi.   

   Napoleon obrazı da Sumqayıt Dövlət Dram Teatrından dəvət olunmuş Oqtay Mehdiyev tərəfindən müsbət həllini tapmışdı. Birincisi, aktyor xarici görünüş baxımından Napoleona xeyli bənzəyirdi ki, bunu da uğur saymaq olar. İkincisi, uyğun xarici görünüşü plastikası ilə bahəm aktyorun oyunu çox yaxşıydı. O, böyük sərkərdənin daxili yaşantılarını, qadın qarşısında acizliyini peşəkarlıqla göstərə bilmişdi. Napoleon Jozefinanı sevirdi, bu qadını ilahiləşdirmişdi. Onun hər bir hərəkəti, səhv olsa belə, qəbul olunurdu, hər addımı dəstəklənirdi. Yalnız heç cür baş verməyən hamiləlik onu çox məyus edirdi. Bircə Jozefina ona oğlan varis doğa bilsəydi... o, heç vaxt qadınını tərk etməzdi.   

   Amma rəsmən boşanmış olsalar da, Napoleon ürəyində heç vaxt Jozefinadan ayrılmamışdı. Bunu tamaşanın sonunda Oqtay böyük məharətlə göstərə bildi. Xüsusilə tamaşanın son səhnəsində Napoleonun monoloqu sadəcə super alınmışdı. Bircə bəzi sözlərdə ləhcə hiss olunmasaydı...  

   Ümumiyyətlə, tamaşadakı digər aktyorların da ifaları qənaətbəxş idi. Əməkdar artistlər Sabir Məmmədov (Bertye) Elşən Rüstəmov (Taleyran) həmişəki kimi, səhnəyə hakim idilər. Xüsusilə, Napoleonun dövlətin maraqları naminə Avstriya şahzadəsi Mariya Luiza ilə evlənməyə qərar verdiyi səhnədə.   

   Yeri gəlmişkən, Mariya Luiza - Türkel Şabanova Musiqili Komediya Teatrından dəvət olunmuşdu. O, aktrisalıq bacarığı ilə yanaşı, gözəl səs imkanlarına da malik idi. Şeypurçu İlqar Baxşıyev isə Musiqili Komediya Teatrı orkestrinin üzvüdü. Bir maraqlı məqam da odur ki, təbil çalan gənclərdən biri Zemfira Nərimanovanın tələbəsidir. Hər iki gəncə təbil çalmağı rejissor özü öyrədib. Bayraq, təbil şeypur isə tamaşaya xüsusi təmtəraq verib.   

   Elə aktyorların geyimləri təmtərağı ilə seçilirdi. Akademik Milli Dram Teatrının dərziləri tərəfindən hazırlanan səhnə kostyumları olduqca gözoxşayan dövrünə uyğundur.   

   O ki qaldı bütövlükdə "Napoleon" tamaşasının özünə, əsər rejissor Namiq Ağayevin quruluşunda müsbət uğurlu həllini tapıb. Səhnə əsərində Napoleonun döyüş məharəti, imperator kimi böyüklüyü yox, məhz sevgisi, qadına olan münasibəti önə çəkilib ki, bu da tamaşaçının marağına səbəb olur, hadisələrin axarını sona qədər izləməyə sövq edir. Sadə, dekorasiyadan çox az istifadə edilən səhnə tərtibatı olan tamaşada rejissor maraqlı elementlərdən istifadə edib.   

   Məsələn, Napoleonun məşuqəsi Mariya Valevskaya (Şəhla Əliqızı) Napoleon, Jozefina özünün kuklalarından ibarət tamaşanı izləyir. Həmin maraqlı səhnə tamaşaya fərqli bir rəng qatır. Bu yerdə vurğulayaq ki, Namiq Ağayev A.Şaiq adına Kukla Teatrında bir neçə tamaşaya quruluş verib. "Napoleon" isə "Azdrama"da səhnələşdirdiyi ikinci tamaşadır.   

   Təbii ki, tamaşada müəyyən xırda çatışmazlıqlar da oldu. Amma ilk premyera üçün olduqca uğurlu nümayiş idi. Hər halda zamanla tamaşa "bişəcək" bütün həyəcanlar, çatışmazlıqlar da öz yoluna düşəcək. Tamaşanı izləmək istəyənlər üçünsə qeyd edək ki, Akademik Milli Dram Teatrının bu mövsümdəki ilk premyerası olan "Napoleon" tamaşasının ikinci nümayişi oktyabrın 10-da keçiriləcək.

 

 

   Xəyalə Muradlı (artpublika)

 

   Ədalət.- 2012.- 3 oktyabr.- S.5.