Ora
var
Əslində mən bu
yazını çoxdan yazmalı idim. Amma nədənsə
yaza bilmirdim. Bəlkə də ona görə ki, sənin bu
dünyada olmadığını qəbul etmək istəmirdim.
Sən bizim aramızdan getdiyin gündən içimə qəribə
bir ağırlıq çöküb. Bəlkə də bu
yazıyla sənin sonuncu ismarışını digərlərinə
çatdırandan sonra rahatlıq tapdım.
Hər şey o gün baş verdi. Hansı gün ki, xaricə getmək
üçün sənədlərimin arxasınca
qaçırdım. Digər şeylər
haqda düşünə bilmirdim. Çünki
qarşıda həyatımın yeni mərhələsi
gözləyirdi və bu mərhələyə
adlamağı çox istəyirdim. Nə
isə, sənəd-sünəd işini bitirib işə
qayıtdım. Facebook səhifəmi
açıb əsas səhifədəki xəbərləri
oxuyurdum və birdən sənin vəfat etdiyinlə
bağlı xəbəri gördüm. Çatdıra
bilmirəm mən o an nə hisslər keçirdim. Bilmirdim, inanmırdım, bir sözlə,
şokdaydım. Ancaq ağlıma gələn
insan Qismət idi. Qisməti
yığdım telefonuna zəng çatmırdı. Heç bir şey fikirləşə bilmirdim. Bunun bir zarafat olmasını arzulayırdım.
Tez işdən çıxıb AYB-yə
getdim. Ümid edirdim ki, orada bir xəbər
alaram. Yaxşı ki, yolda Qismətə zəng
çatdı və Qismət məlumatı təstiqlədi.
Artıq başıma, necə deyərlər,
qaynar suyun töküldüyünü hiss elədim.
İçimdə bir sual vardı: axı bu necə ola bilər?
Uzun sözün
qısası, "525-ci qəzet"in redaksiyasına gəldim.
Cavid və Qismət artıq buradaydı, Rəşad
müəllimi gözləyirdik. Sizə o
anları necə çatdırım bilmirəm -
üçümüz oturub bir-birimizə baxırdıq.
Heç kimin Zərdüştün xəstəliyi
haqda heç bir xəbəri yox idi. Axı
mən gec-gec Zərdüştü görürdüm, axı
bu uşaqlar Zərdüştü hər gün görür
və dərdləşirdilər, axı bunların nə əcəb
belə bir haldan xəbərləri olmasın?! Bir
sözlə, suallar içimdə çox idi, amma cavabın
yerinə içimdə bir cavab siqnal kimi yayılırdı:
"Zərdüşt artıq yoxdur". Bu fikir özü məni
elə bir hala salırdı ki, bunu anlada bilmirəm: insan
itkisi, xəbərin gözlənilməzliyi və... necə
deyərlər, üçü birində. Nəhayət
Rəşad müəllim gəldi. Rəşad
müəllimi indiyənəcən bu qədər pis halda
görməmişdim. Siqaret dalbadal
qalanır, fikirləşir, nəhayət üzünü
Cavidə tutaraq soruşdu - xəbəriniz var idi ki, o xəstə
idi? -Yox, Rəşad müəllim, səhər
qardaşı mesaj yazdı ki, Zərdüşt keçinib. Rəşad
müəllim bir daha tüstünü içinə çəkərək:
- Elə mən də o gün ona zəng elədim ki, Rusiyada
oxumaq istəyirsən, dedi ki, əlbətdə, bir az nasazam, düzəlim, gedəcəm ora. Səsində
heç nə hiss eləmədim. Qismət dilləndi:
- Onu yaxşı tanıyıram.
O, istəmirdi ki, biz bilək onun vəziyyətini.
Mən isə susurdum, kənardan
ağır drama tamaşası izləyən seyirçi kimi
bu səhnəyə diqqətlə baxırdım, amma
seyirçi necə teatırın gedişinə qarışa
bilmədiyi kimi, mən də qıraqda durub, sadəcə
susub, hadisədən vaqe olmağa
çalışırdım....
Xırdalığa
girməyəcəm, sadəcə səhər tezdən
bütün ədiblər yığışıb Qəbələyə
- Zərdüştün qəbri üstünə gedirdik.
Sözün düzü, yolda gözləmədiyim bir halla
raslaşdım: burada insan itkisi halı yox idi, biz elə bil Zərdüştün
toyuna gedirdik. Bilmirəm bu nədən idi, bəlkə
şok xəbərin nəticəsi idi - deyə bilmirəm.
Ağlımdan o an həmişə təklikdə
düşündüyüm bir fikir keçdi: mən öləndən
sonra nə olacaq? Cavabı da həmən an aldım - heç
nə! Hər şey öz axarında davam edəcək.
Bu hardasa xoş hiss deyil, baxma, axı hamı bir ömür
yaşayır insanların qəlbində, xatirəsində iz
qoyur, belə yanaşma məncə ürək
yerinə motor olan robotlara yaraşır. Nə isə, bu
mözuya girməyəcəm, indi anladacağım an Zərdüştün qəbrüstü
olan anımızdır.
İlkin olaraq sizə
Zərdüştün əbədi uyuduğu məkanı
anlatmaq istəyirəm. Dərin meşəlik,
dağın yamacı, bir kənardan çay axır. Həmişə mən şəhərdə qəbiristanlığa
gedəndə səhralıq və ətraf quru mərmər
daşlardan ibarət bir xiyabanlığa bənzəyirdi və
mənim beynimdə qəbiristanlıq təəssüratı
belə qalmışdı. Amma bura tam fəqli
idi.
Məncə meşədən
idimi, ya yox, oranın aurası tam fərqli idi. Cənnət desələr mən həmin məkanı
təsvir edərdim. Nə isə, hamı
qəbrin başına yığışdı,
danışmağa başladı. Mən elə bu an da sanki kənarda durub teatr səhnəsinə
baxırdım, bu məqamda da mən iştirakçı yox,
tamaşaçı idim və ən əsas isə səsləri
eşitmirdim. Sadəcə daxilimdə ikinci
Orxanla - öz eqomla söhbətləşirdim. İlkin olaraq Rəşad müəllimə
baxdım, gözləri yaşarmış halda Zərdüştdən
nəsə danışırdı, daha sonra əmisini
gördüm (sözün düzü, həyatımda bu qədər
güclü insan görməmişdim, bəlkə onun
gücü Tanrıya bağlılığı ilə
bağlı idi - bilmirəm, o amma çox möhkəm
dayanmışdı). Daha sonra gözüm
Günel Xəzələ sataşdı, o an anladım ki,
öz aramızdan biz bir nəfəri itirmişik. Güneli o qədər də yaxşı
tanımıram - cəmi bir neçə dəfə
görmüşdüm. Amma o halını
görəndə sadəcə bu qadına qibtə elədim.
İnsanda bu qədər böyük ürək
olduğu halda insan itkisini belə keçirə bilər.
Bəlkə də bayaq avtobusda düşündüyüm bir
anlıq bir fikir - hansı ki, insanlar hissiyatsız bir robortdur -
o düşüncə alt-üst oldu və o an sənin dəyərini
bir insan kimi daha yaxşı anladım ki, əgər sən
bir xanımın bu qədər yaxın dostu olmuşsansa və
doğma qardaş itkisi kimi sənin itkini qəbul edib, sənin
itkini yaşayırsa, deməli həyat əbəs yerə
deyil. Doğurdan da insanlar arasında mənəvi
qardaşlıq, kutsal dostluq yaşayır. Bir anlıq
içimdəki səsizlikdən məni Rəşad müəllimin
sözü ayıltdı: - Günel bəlkə sən bir
neçə söz deyəsən?
Günel sadəcə
halsız halda, səsini belə çıxara biləcək vəziyyətdə
deyildi, sadəcə başını yellədi. Mən ilk dəfə idi ki, Rəşad müəllimi
belə birdən hönkürən gördüm. Yenidən səssizliyə keçdim.
Hamı nəsə
danışıb bir-bir sənlə sağollaşdı, bir
Nahid qaldı, bir də mən. Mən gəlib
qəbrinin üstündəki torpağı ovuşdurmağa
başladım. Bilmirəm mən niyə bunu edirdim, bəlkə
sənsizliyimizin sonuncu dəlili idi bu torpaq, hansı ki, beynim mənə
deyirdi ki, hə, bu belədir, o yoxdur artıq,
varlığı bədənini tərk edib, o artıq
yoxluqdur - hansı ki, qarşında torpağın altında
uzanıb. Amma bir şeyi yaxşı xatırlayıram: sən
mənə, bəlkə də həyatım boyu heç kimin
öyrədə bilməyəcəyi bir dərsi verdin. Hamı kişilikdən danışırdı, sən
danışmadın, sadəcə bu əzmkarlığı
göstərdin. Kişi kimi insanların
gözünə baxmaq hər ərkəyin işidir, amma hər
ərkək ölümün gözünə bu qədər əzmkarlıqla
baxa bilməz. Amma sən bu əzmkarlığı
bizə göstərdin. Sən öləcəyin halda
bunu hiss etdirmədin.Yadımdadır, Cavidin toyunda sənlə
bir neçə dəqiqəlik danışığım
olmuşdur.
- Zərdüşt, haralardasan,
görsənmirsən?
- Heç, Ukraynadaydım.
- Nə əcəb? Oxumağa
getmişdin?
- Yox, müalicəyə.
- Nəsə olub ki? Salamatçılıqdır?!
- Hə, gözümə görə
getdim, dedilər əməliyyat lazımdır lazerlə. Belə ciddi şey deyil.
- Hə, Ukrayna gözəl yerdir,
necə deyərlər, hər kişinin arzusudur ömründə
bir dəfə də olsa orda olsun.
Sən mənim
dediyimə sadəcə güldün. İndi
anladım ki, sən nə haldaydın və mənə baxaraq
nə düşünürdün. Daha sonra sən Alikin
maşının yanında tək şəkil çəkdirəndə
içimdə nəsə bir hiss sənin yanına
atılmağımı dedi və necə deyərlər kadra
atılaraq sənlə şəkil çəkdirdim. Nədənsə
orda zarafatca - bu şəkil xatirə olacaq, qoy Zərdüşt
də gələcəkdə fəxr etsin ki, mənlə
şəkil çəkdirib, - dedim. O an
baxışlarını unutmuram: mənə elə baxdın
ki, bəlkə bir cildlik romanların deyə bilmədiyi fikirləri
sənin o ankı baxışın dedi.
Daha sonra
torpağı əlimdən yerə tökərək Nahidlə
sadəcə sənin qəbrinə baxdıq və həyatın
niyə belə haqsız olduğundan gileyləndik. Doğurdan da, sən çox gənc idin, sənin
görəcəyin işlər hələ
qarşıdaydı.
Yazımın əsas
yeri buradır, çünki burda yuxularımızdan söz
açacağam. Sənin yasında əmin dedi ki, sən
bu dünyanı əbədi tərk etməmişdən
öncə yuxu görmüsən ki, səni məleykə ilə
evləndiriblər və oyanıb şirin çay istəmisən.
Çayı içib gözlərini əbədi
bağlamısan. Amma mən burda - Minskdə
üçüncü gün yuxumda səni
gördüm...
Bir oğlanla
danışırdım, amma danışığında,
siqaret çəkməyində və gülməyində səni
mənə çox xatırladırdı. Dözməyib
sual verdim:
- Zərdüşt sənsən?!
Başını tərpədərək - hə, - dedin.
- Axı bu necə ola
bilər? Sən axı... Başqa bədəndə
niyə?!
- Belə yaxşıdır, istəyirəm
ki, heç kim məni tanımasın və
həyatı tam fərqli yaşayacam.
- Zərdüş, - əlimi
yuxarıya uzadaraq - ora var? - soruşuram. Sən
başını tərpədərək - Hə, var, - dedin,
daha sonra işıq sürəti ilə səndən
uzaqlaşmağa başladım.
Yerimdən duranda
qan-tər içində idim. Əvvəl
anlaya bilmədim hardayam, sonra əqlim yerinə geldi ki, Minskdəyəm.
İstədim ki, tez kompüterin
qarşısına keçərək bunu yazım. Sonra
nəsə içimdə "hələ yox" - dedi və
yerimdə yenidən uzandım
Nəhayət bu
yazını yazdım - bu yazını yazmaq mənim beynimin
yox, urəyimin istəyidir və sonra nə
yazacağımı sözün düzü, bilmirəm, sadəcə
cümlələr öz axarı ilə gəlir. Amma sonda, Zərdüşt, sənə demədiyim,
amma demək istədiyim bir söz var. Adını
götürdüyün Zərdüştlükdə deyildiyi
kimi - sənin ruhun, yəni varlığın bədənini tərk
edəndə sən yoxluğa çevrildin. Amma
yazılarınla,düşüncələrinlə,
hərəkətlərinlə və ən nəhayət əzmkarlığınla
bizlərdə əbədi iz qoyaraq illuzial
varlığını yaşatdın, bir sözlə iz
qoydun. Allah sənə rəhmət eləsin, qardaş, amma bəlkə
də sən bizdən də dirisən!..
Orxan
Muxtarlı,
Minsk
İdarəçilik Universiteti
hüquq elmləri üzrə magistr
Ədalət.- 2012.- 4 oktyabr.- S.7.