"AYB-yə
yad dalğaları buraxmaq
lazım deyil"
Rəşad Məcid:
"Anarın dediyi ad
növbəti sədr
olacaq"
Azərbaycan Yazıçılar Birliyinin
gənclər üzrə
katibi Rəşad Məcid Azadlıq Radiosuna müsahibə verib. "Ədalət"
qəzeti həmin müsahibəni təqdim edir.
- Rəşad bəy, söhbət vardı ki, Yazıçılar Birliyinin
qurultayı bu payız nəhayət ki, keçiriləcək.
Tarixi müəyyənləşibmi?
- Qurultay 2009-cu
ildə olmalı idi. Amma obyektiv-subyektiv
səbəblərdən 3 il gecikdi. Əgər qurultayın vaxtından 3 il
keçibsə, saymaq
olar ki, 2009-cu ildə biz qurultayı keçirdik və həmin katibliyi, həmin tərkibi seçdilər. Deməli, növbəti qurultay
da 2014-cü ildə olmalıdır.
- O zaman qurultay 2014-cü ilə qalır?
- Güman edirəm ki, elə olar.
- Aradabir qurultayın keçirilməməsini
necə izah edəcəksiz?
- Mən elə bilirəm ki, 3 il
ləngiyəndən sonra
növbəti qurultayı
2014-cü ildə keçirmək
daha doğru olardı. 2014-cü ilin payızına inşallah qurultayı gözləyərik.
- Bu AYB-nin qərarıdır, yoxsa sizin şəxsi
fikrinizdir?
- Belə bir qərar hələlik yoxdur. Bu mənim şəxsi
fikrimdir. Hesab edirəm
ki, qurultay dediyim vaxtdan gec olmayacaq.
- Bəs sədr kim
olacaq?
- Allah Anar müəllimin canını
sağ eləsin. Mən onun iti ağlına
çox heyranam.
Yaddaşı da, ağlı
da, hamısı yerindədir. Anar müəllim
2014-cü ildə qalmaq
istəyərsə, qalar.
Yox ortaya yeni ad qoyarsa... Burda əsas Anar müəllimin mövqeyi olacaq. Onun dediyi ad növbəti
sədr olacaq.
- O sizin də adınız ola bilərmi?
- Əlbəttə.
- Sədrliyə
iddialısz?
- İstəmirəm
AYB sədri olmaq... o qədər də istəmirəm. Əgər şərait
yetişsə, desələr
ki, mən lazımam, onda olaram. Ən birinci də
Anar müəllimin sözü mənim üçün vacibdir.
O desə, olaram.
- Niyə
Anar sizin üçün avtoritetdir?
- Uşaqlıqdan
onun əsərləri
ilə, tamaşaları,
filmləri ilə böyümüşəm. Son 8
ildə onunla işləyirəm. Hesab edirəm
ki, ömrümün ən sanballı illərini keçirirəm.
Anar müəllimin prinsipiallığını
da görmüşəm,
özünə ziyan olsa belə kimisə dəstəkləmədiyini
də.
- AYB-yə sizcə, yeni nəfəs, yeni lider lazım deyilmi?
- Olacaq. Lider, avtoritet bir günə yetişmir ki... Anar müəllim, Fikrət müəllim də elə bilirəm istəyəcəklər ki,
AYB təzələnsin, təzə
ruh gəlsin. Amma o köhnə ruh orda həmişə qalacaq. Mənim ordakı otağımda
"Azərcell"in dalğaları
tutmur. Hərdən zarafatla deyirəm
ki, bizim köhnə yazıçıların
ruhu ordadır, ona görə tutmur. Ona görə də
ora kənar, yad dalğaları buraxmaq lazım deyil.
- Həm yeni enerjidən, ruhdan danışırsız,
həm də "yeni, yad dalğaları"
AYB-yə buraxmamaqdan...
- Hər yenilik gözəl deyil ki...
- Yenilik demişkən, "Ulduz"
jurnalını birdəfəlik
gənclərə vermək
planı varmı? Müvəqqəti olaraq gənclərin
redaktorluğu ilə çıxan nömrələri
bəyənirsinizmi?
- Bu, mənim
təklifim idi. Elçin Hüseynbəyli
sağ olsun, dəstək verdi,
"Ulduz" jurnalını
konkret sayları çıxarmaq üçün
gənclərə verdik.
Qismət çıxardı, sonra Cavid Zeynallı,
Aysel Əlizadə çıxardılar. Ayselin redaktorluğu
ilə çıxan sayda məhz istədiyimi görmədim.
Jurnalda enerji yoxuydu, zəhmət yoxuydu, iddia yoxuydu, nəyisə dəyişmək
istəyi yoxuydu.
Mən təbiət etibarı ilə gənclərin üsyankar olmağının,
nəyisə dəyişməyə
cəhd etmələrinin
tərəfdarıyam. Düzdür, bu, yekəxanalığa, ulduz
xəstəliyinə çevrilirsə,
onda bir az zalım
oluram. Çünki bu gənclər
əziyyət çəkmək
istəmədilər. Bu jurnalın Qulu Ağsəsin, Elçinin,
İlqarın ayda buraxdığı jurnaldan
heç olmasa 5 qat fərqi olmayacaqdısa, dinamika, hərəkət, iddia olmayacaqdısa, o dərəcədə
hay-küylə göyə
qaldırmağa dəyməzdi...
"Ulduz" jurnalı da, elə Yazıçılar
Birliyinin digər strukturları da mütləq gəncləşməlidir.
Ədəbiyyat yolu da keşməkeşlidir. Bilmək olmur
ki, 20 yaşında istedadlı, maraqlı, üsyankar roman yazan cavan oğlan 30-40 yaşında nə edəcək? Bunu proqnozlaşdırmaq
olmur. Elxan Qaraqan Milli Kitab Mükafatında birinci yer tutdu,
məni də söydülər, qınadılar.
- Niyə tək sizi qınadılar?
Axı siz tək münsif
deyildiz?
- Bilmirəm, niyə?
- Bəlkə siz təsir edirdiz onlara?
- Bəlkə də insanlar mənimlə hesablaşırlar,
inanırlar ona görə. Özümü tərifləmək istəmirəm, hardasa təsir gücüm var yəqin.
- İkinci
dəfə bunu niyə bacarmadız?
Bəyənmədiyiniz Pərviz Cəbrayıl
birinci oldu.
- Onda mən maraqlanmırdım. Pərvizin əsərini bəyənmirdim axı. Elxan Qaraqan - 20 yaşında uşaq cəmiyyətdəki problemlərə etirazla dolu bir roman yazdı. O romanda işıq gördüm, fikirləşdim ki, davam etdirsə, gələcəkdə uğur qazana bilər. Amma indi Elxandan çox narazıyam mən. Gücünün az hissəsini yazıçılığa qoyur, replə məşğul olur. "Sonuncu mələk" romanından razı qalmadım.
Ədalət.-
2012.- 4 oktyabr.- S.6.