Şərəfli
ömür yolu
Tale, daha doğrusu, jurnalist peşəsi
mənə bu nadir istedada malik insanla şəxsən
tanış olmaq səadəti bəxş etmişdir. Görkəmli
taixçi-alim, Azərbaycan tarixşünaslıq məktəbinin
yaradıcısı Əlövsət Quliyev yaşasaydı,
bu il 90 yaşı tamam olardı. Amma uca Yaradan ona bu illərin
yarısından da az ömür vermişdi: o, 1969-cu ildə,
cəmi 47 yaşında dünyasını dəyişmişdir.
Bu yaxınlarda "Azərbaycan" qəzetində
AMEA-nın prezidenti Mahmud Kərimovun və akademiyanın
müxbir üzvü, A.Bakıxanov adına Tarix İnstitutunun
direktoru Yaqub Mahmudovun imzası ilə Əlövsət
Quliyevin baş tutmamış yubileyi ilə əlaqədar məqalə
oxudum. Bu yazı yaddaşımda böyük alim haqqında həmkarlarına,
dost-tanışlarına məlum olan xatirələri yenidən
oyatdı. Nədənsə, yadıma dahi Heynenin sözləri
düşdü. Şair hesab edirdi ki, "hər bir insan
dünyadır, insan bu dünya ilə doğulur, onunla da
ölürg" Əlövsət Quliyevə münasibətdə
bu ifadənin ikinci hissəsi ilə razılaşa bilmirəm.
Əminəm ki, Əlövsət müəllimin özü
ilə gətirdiyi, özü ətrafında yaratdığı
dünya onun varislərinin - yetişdirdiyi şagirdlərin,
bir yerdə işlədiyi həmfikirlərinin, sevdiyi
insanların şəxsində hələ də
yaşayır.
Əlövsət müəllimi
ilk dəfə 1950-ci illərin axırlarında
görmüşəm. O vaxt ədəbi işçi kimi
"Bakinski raboçi" qəzetinin redaksiyasında yenicə
jurnalistlik fəaliyyətinə başlamışdım. Əlövsət
müəllim Tarix və Fəlsəfə İnstitutunun
direktoru kimi çapa hazırlanmış məqaləsini
imzalamaq üçün redaksiyaya gəlmişdi.
Yadımdadır, müəllif hər sözə diqqət
yetirir, nəyisə düzəldir, əlavələrini
edirdi. Yeri gəlmişkən, onun yazısını redaktə
etmək, demək olar ki, lazım gəlmədi: məqalə
həm üslub, həm də dil baxımından yüksək
ədəbi səviyyədə yazılmışdı. Etiraf
edim ki, əvvəlcə hətta təəccübləndim,
çünki mənə demişdilər ki, Bakıya ucqar dağ
kəndindən gəlmiş alim rus dilini kifayət qədər
yaşlı vaxtında öyrənmişdi. Müəllifim
haqqında ilk məlumatı evdə bu görüş barədə
təəssüratlarımı bölüşərkən
aldım.
Heç demə, Əlövsət Quliyev 1944-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki BQU) qurtardıqdan bir az sonra universitetin tarix fakültəsinin dekanı işləmişdi. O vaxt gələcək həyat yoldaşım da burada oxuyurdu. Tələbələr cəmi 26 yaşı olan dekan barədə hər şeyi bilirdilər. Bilirdilər ki, o, Stalin təqaüdçüsü olmuş, hələ tarix fakültəsində oxuyarkən SSRİ tarixi kafedrasının tövsiyəsi ilə filologiya fakültəsində tarixdən dərs demiş, dekan təyin olunmamışdan bir qədər əvvəl namizdəlik dissertasiyası müdafiə etmişdig Həm də fəal ictimaiyyətçi olmuşdu: fakültənin, universitetin, hətta ali məktəb və elmi müəssisə işçiləri həmkarlar ittifaqının sədri seçilmişdi. Amma sanki Tarixə vurulmuş bu adam bütün bunları ikinci dərəcəli hesab edirdi. Onun həyatında başlıca yeri elm tuturdu
Həm təbliğat şöbəsinin əməkdaşı, həm də tarix elminin məsələləri ilə məşğul olduğuma görə Əlövsət müəllimlə yaxından tanış olduqdan sonra tez-tez ona məsləhət üçün müraciət etməli olurdum. Onun simasında geniş biliyə malik, təfəkkürlü, məqsədyönlü, iradəli insan gördümg Məncə, bu keyfiyyətlər sayəsində, yaxın dostu, tanınmış tarixçi İqrar Əliyevin sonralar xatırladığı kimi, Əlövsət müəllim "ikinci kursda rus dilini praktik olaraq bilmirdi, amma artıq beşinci kursda rusca yazılmış elmi işləri redaktə edirdi".
Yadımdadır, 1958-ci ildə onunla tanış olarkən "Azərbaycan tarixi" üçcildliyinin ilk cildi çapdan çıxmışdı. Bu cild qədim dövrlərdən başlamış Azərbaycanın Rusiyaya birləşdirilməsinədək olan mərhələni əhatə edirdi. Kitab Əlövsət Quliyevin rəhbərlik etdiyi, arxasınca apardığı adamların onillik kollektiv əməyinin məhsulu idi. O vaxt respublika rəhbərliyi ölkəmizin tarixini yazmaq məsuliyyətini gənc, perspektivli alimin üzərinə qoyulmuşdu. Həmkarları xatırlayırlar ki, nəşrin redaksiya heyətinin üzvü olan akademiklərdən tutmuş laborantlaradək hamı onun rəhbərliyi altında həvəslə, vətənpərvərlik əhval-ruhiyyəsi ilə işləyirdi.
İki il sonra
"Azərbaycan tarixi"nin ikinci cildi nəşr olundu. Burada Rusiyada təhkimçilik hüququnun ləğvindən
sonra Azərbaycanın iqtisadi vəziyyəti təhlil edilirdi.
Üç il sonra isə iki kitabda
üçüncü cild işıq üzü gördü.
Bu cilddə proletar inqilabı və sosializm
quruculuğu, kommunizm quruculuğuna keçid dövründə
Azərbaycan haqqında zəngin material verilmişdi. Özü də hər şey haqqında dəlil-sübutla,
arxeoloji tapıntılara, sənədlərə, statistik məlumatlara
istinadla bəhs olunurdu. Əlövsət müəllimin
həmkarları və dostları İqrar Əliyev və Dilarə
Seyidzadə xatirələrində yazırdılar: "Məhz
bu əsər üzərində iş zamanı onun
istedadı və yüksək elmi yetkinliyi açıq şəkildə
üzə çıxdı. Əlövsət
Quliyev üç cildin müəlliflərindən və
redaktorlarından biri kimi ömrünün on ilindən
çoxunu bu işə sərf etmiş, Azərbaycan tarxinin
bir sıra mühüm məsələlərinin tədqiqinə
əvəzolunmaz töhfə vermişdir".
İkinci və
üçüncü cildlər hazırlanarkən Əlövsət
Quliyev doktorluq dissertasiyası müdafiə etmiş, ona
"Azərbaycan tarixi" ixtisası üzrə professor
adı vermişdilər. Təbii ki, əsas
elmi əsəri üzərində işlədiyi illərdə
alim başqa kitablar, məqalələr də yazırdı.
Allah-Təala Əlövsət Quliyevə həm
də ədəbi istedad vermişdi. Artıq qeyd etdiyim
kimi, o, asan dildə, sadə, hətta bədii üslubda
yazırdı, yazdıqlarını oxumaq maraqlı idi
Burada kiçik bir haşiyə
çıxıb on il əvvəl, alimin 80 illiyi münasibətilə
istedadlı jurnalist, yazıçı-publisist Elmira Axundova və
yazıçı-tərcüməçi Mirzə Hüseynzadənin
"Əlövsət Quliyev: o, Tarix yazırdı" sənədli
romanı haqqında bir neçə kəlmə demək istərdim.
Əlövsət Quliyevin tərcümeyi-halından
parçalar, qohumlarının, həmkarlarının və
dostlarının onun haqqında xatirələri əsasında
hazırlanmış bu kitabın ən böyük məziyyəti
ondan ibarətdir ki, müəlliflər qəhrəmanın
bütün elmi fəaliyyətini dərindən təhlil edərək,
onun ayrı-ayrı əsərləri üzərində
dayanaraq oxucuya geniş biliyə malik insan, əsl ziyalı
obrazı təqdim etmişlər. Salyan
rayonundakı bir kənddən çıxmış oğlan
məqsədyönlülüyü, inadkarlığı,
başlıcası isə işləmək
bacarığı sayəsində belə bir mərtəbəyə
yüksəlmişdir. Biz bu kitabda həmçinin
böyük elm təşkilatçısını,
bütöv bir alimlər nəsli yetişdirmiş
ağıllı və istedadlı müəllimi
görürük. Əlövsət müəllimin
sədaqətli şagirdi, tarix elmləri doktoru Dilarə
Seyidzadənin qeyd etdiyi kimi, ardıcılları Əlövsət
müəllimdən həm də icra intizamı öyrənmişlər.
Əlövsət
müəllim harda işləyirsə-işləsin, hansı
vəzifəni tutursa-tutsun, həmişə lider idi. Yəqin ki, bütün bu məziyyətlər ona
atasından - güclü, boybuxunlu, inadkar kəndlidən
keçmişdi. Əlövsət müəllimin
atasını tanıyanlar xatırlayırdılar ki, o hər
işdə birinci olmağa çalışır, heç
kimdən geri qalmaq istəmirdi. Nəcəfqulu
kişinin səkkiz uşağından biri - Əlövsət
belə böyümüşdü. Oğlanın
xüsusi qabiliyyəti və nadir yaddaşı vaxtından əvvəl
qurtardığı orta məktəbdə, sonra isə Salyan
pedaqoji məktəbinin tarix fakültəsində üzə
çıxmışdı. Qabiliyyətli
tələbəni hamı sevirdi - müəllimlər təhsilə
vurğunluğuna və məsuliyyət hissinə görə,
yoldaşları isə xeyirxahlığına, ehtiyacı olan
hər kəsə əl uzatmağa hazır olduğuna görə.
Yeri gəlmişkən, sonuncu xüsusiyyət
professor Qliyevin xarakterinin, demək olar ki, başlıca məziyyəti
idi.
İllər keçəndən
sonra buna mənim özüm də əmin oldum. "İzvestiya" qəzetinin Azərbaycan üzrə
xüsusi müxbiri işləyərkən alimdən xahiş
etmişdim ki, başqa bir şəhərdən ailəsinin
yaşadığı Bakıya gəlmiş layiqli və
savadlı gəncin, ixtisasca tarixçinin institutunda işə
düzəlməsinə kömək etsin. Bu elə də asan deyildi, amma Əlövsət
müəllim xahişimi yerinə yetirdi. Üstəlik,
yeni əməkdaşa elmi iş üçün mövzu da təklif
etdi. Tədqiqatın gedişinə də daim nəzarət
edirdi
Əlövsət müəllimin
başqa bir özünəməxsus xüsusiyyəti də
vardı: o, avaraları, işə başısoyuq yanaşan məsuliyyətsiz
adamları sevmirdi. Belələrinə
üzünün ən pis tərəfini göstərir,
özünün dediyi kimi, "ağıldan əlillər"lə
hətta sərt davranırdı.
Bununla yanaşı,
heç nəyə baxmadan fədakarlıqla elmə xidmət
edənlərə ürəyini verməyə hazır idi.
Bu böyük elm fədakarı, görkəmli
alim, tələbkar və eyni zamanda başqalarının əməyini
layiqincə qiymətləndirməyi bacaran insanla birgə
işləyənlərin hamısı bu barədə məhəbbət
və məmnuniyyətlə danışırlar.
Əlövsət
Quliyevi xatırlayarkən bir məqamı da qeyd etmək istərdim.
Deyirlər ki, o həmişə düşmənlərinə
(təəssüf ki, onun da düşmənləri vardı)
qalib gəlirmiş. Özü də mənə
elə gəlir ki, bu qələbəni xarakterində xırda
hisslər, nifrət, qisas duyğusu olmadığına
görə qazanırdı. O, mərd adam
idi, böyük iradəsi vardı, bu və ya digər vəziyyətdə
müdriklik göstərməyi bacarırdı. Məsələn, onu institutun direktoru vəzifəsindən
çıxarıb elmi işçi təyin etmişdilər.
Bu onun şəxsiyyəti ilə tanış
olan bir çox həmkarlarına qəribə gəlirdi. Amma alimin özü tamamilə sakit idi, heç bir
şey olmamış kimi işə başladı və bununla
da yaranmış gərginliyi aradan qaldırdı.
Əlövsət
müəllimlə qeyri-formal şəraitdə bir yerdə
olmaq da maraqlı idi. Bir dəfə onunla
Dunay çayında kruizə çıxmışdıq.
Yadımdadır, o, vaxtilə tələbəsi
olmuş həyat yoldaşımla universitet həyatından
gülməli əhvalatları xatırlayıb qəşş
edirdilər.
Gəzintidən sonra
bizi evinə dəvət etdi. Həyat
yoldaşı Xanım xala bizi mehriban qarşıladı, əldən-ayaqdan
getdi. Evin sahibəsi hamıya qarşı
belə idi. Sonralar da Əlövsət
müəllimin evində oldum. Bir neçə
dəfə xalamı, Böyük Vətən müharibəsinin
iştirakçısı, cəsur snayper Ziba Qəniyevanı
da o evə aparmışdım. Ziba Qəniyeva
Moskvada yaşayır, elmə məşğul olurdu. Tez-tez ata-baba yurduna gəlirdi. Həm o
vaxtkı ölkəmizdə, həm də dünyanın bir sıra
digər ölkələrində tanınan məşhur alimlə
görüşmək onun üçün maraqlı idi
Əlövsət
müəllim ömrünün son iki ilində yenidən Tarix
İnstitutuna rəhbərlik etdi. Yeri gəlmişkən,
hətta rəsmən direktor olmayanada da kollektivdə əsas adam idi. Bu dövrdə
"Qırmızı Əmək bayrağı" ordeni ilə
təltif olundu, Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü seçildi.
Başı həmişə
işə-gücə qarışıq olsa da, alim dörd
uşağının tərbiyəsinə xüsusi fikir
verirdi. Onların ataları ilə
özünəməxsus münasibətləri vardı.
Əlövsət müəllim ikinci
qızını nəvazişlə "Çita" deyə
çağırırdı. Diribaş,
gülərüz, ağıllı Afaq yaranmış problemləri
danışmaq üçün atasının işdən gəlməsini
gözləməyib ona kiçicik məktub yazır və səbirsizliklə
cavab gözləyirdi. Əlövsət
müəllim ilk övladı, böyük qızı, əlaçı
Kəbutərlə fəxr edirdi. Valideynləri
ona "Cıppılı" deyirdilər. Ata ailənin sonbeşiyi Ceyranın musiqiyə həvəs
göstərməsinə sevinirdi. Axı
qıza nənəsinin, Əlövsət müəllimin
anasının adını vermişdilər. Evdə onun
adı "Analı" idi
Mənə elə gəlir
ki, Əlövsət Quliyevin ən çox sevdiyi, fəxr
etdiyi övladı oğlu Təlatüm idi; ata ona
"Oğul" deyir, bu sözü xüsusi olaraq mənalandırırdı.
Tez-tez gecələr oğlu ilə oturub söhbət etməyi,
ona qulaq asmağı sevirdig
Özü də Əlövsət
müəllim uşaqlarının təhsilinə kifayət qədər
ciddi nəzarət edirdi. Tələbkar, həm
də ədalətli idi. Hansınınsa
gündəliyində pis qiymət görəndə dilxor olur,
uşaq buna haqq qazandırmaq üçün nəsə deyəndə
isə həmişə müəllimlərin tərəfini
tuturdu.
Görkəmli müəllimin
övladları özləri üçün vacib olan
başqa bir məqamı da xatırlayırlar. Əlövsət müəllim çox oxuyur, hər
şeyi dərindən bilmək istəyirdi. Ona görə də kitaba pərəstijgah kimi
baxırdı. İlk dəfə onun evdəki iş
kabinetində olanda kitablarının sayından heyrətə
gəldim - otağın dörd divarı da döşəmədən
tavanadək kitabla dolu idi. Özü də elmi ədəbiyyatla
yanaşı, bədii ədəbiyyat da, rus və dünya
klassiklərinin əsərləri də çox idi. Əsasən də rus dilində. Azərbaycan
yazıçı və şairlərinin əsərləri də
az deyildi.
Nə vaxtsa Əlövsət
müəllim oğlu ilə söhbət edərkən
uşaqlarına daha çox vaxt ayıra bilməməsinə
haqq qazandırmaq üçün deyirmiş: "Oğul, mən
çox işləməli, özümdən sonra elə bir
ad qoyub getməliyəm ki, sən onu bayraq kimi ömrün boyu
daşıya biləsən".
Şübhə
yoxdur ki, bu, görkəmli həmvətənimiz, böyük
alim və qeyri-adi insan Əlövsət Quliyevə müəssər
olmuşdur. Həqiqətən,
övladları - oğlu Təlatüm, qızları Kəbutər,
Afaq və Ceyran onun adını bayraq kimi daşıyırlar.
Tarix elminin bir çox nümayəndələri
özlərini Əlövsət Quliyevin şagirdi saymaqdan
qürur duyur, Müəllimin işini davam etdirirlər.
Əlövsət Quliyev haqqında
çox danışmaq olar - onun atasına, kiçik vətənini
təcəssüm etdirən hər şeyə həyəcanlı
münasibətindən də, hər şeyin gözəlini
sevməsindən də, əsl elm xadimlərinə hörmətlə
yanaşmasından da, insan kimi abır-həyasından da
Yaxşı ki,
xalqının Tarixini yazmış insanı unutmur, onun layiqli
qiymətini verirlər. Bakının mərkəzi
küçələrinin birində bu küçənin Əlövsət
Quliyevin adını daşıdığını göstərən
lövhəni görmək xoşdur. Alimin
dünyaya göz açdığı Salyan rayonunun
Qızılağac kəndində də belə bir
küçə var.
Bununla belə, əminəm
ki, həyatı və işi ölkəmizin salnaməsində
əksini tapmış böyük şəxsiyyətlərdən
birinə qoyulmuş əsas abidə - Əlövsət müəllimin
şagirdlərinin, elmə şərəflə xidmət ənənələrinə
heç vaxt xilaf çıxmamış
ardıcıllarının hələ də ürəklərində
Müəllimə bəslədikləri məhəbbət və
sədaqətdir.
Elmira
ƏLİYEVA
Ədalət.-
2012.- 6 oktyabr.- S.5.