Zərdüşt yurdu, Şumer məskəni, Oğuz eli...

 

      (əvvəli ötən sayımızda)

  

      Fiy aşırımı və Surxay qalası

 

      Fıy aşırımı tarixi aşırım hesab olub. Dağıstanda yerləşən Fıy kəndinin adından götürülüb. Filfilli kəndinin şimalında, Dağıstan ilə sərhəddə yerləşir. Fıy aşırımı və bu aşırımdan keçən yollar orta əsrlərdə hərbi cəhətdən daha əlverişli olub. Hündürlüyü 3100 metrdən çoxdur. Son illərə qədər rayon əhalisi Fıy aşırımı ilə Dağıstanla əlaqə saxlayıb. Oğuzdakı digər aşırımlara nəzərən daha geniş, əlverişli və işlək olub. Hazırda burada dövlət sərhəd məntəqələri yerləşir. Aşırım və ona gedən yol turizm məqsədi ilə istifadə olunur.  

   Surxayxan qalası (XVIII əsr) Filfillidən piyada təxminən 40 dəqiqəlik məsafədədir. Qazıqumuqlu Surxay xan tərəfindən tikildiyi bildirilən bu qala rayon mərkəzindən 55 km şimal-şərqdə, Filfillinin şimalında, Xaçmaz keçidində, Qalaçayın sağ sahilindədir. Talanın ortasında, yaşıllıqların arasında itib. Qalanın üstünü kol - kos basıb. Qalanın ətrafında mövcud olan yaşayış evlərinin qalıqları Surxayxan qalasının son orta əsrlərə aid qala-şəhər olduğunu bildirsə də abidə tədqiq edilməyib. Nadir şah Əfşarın Qazıqumuqlu Surxay xanla döyüşü məhz bu ərazilərdə baş verib.  

 

   Muxas kəndi, Uğan mağarası  

 

   Muxas sözü "maz", "mazis" sözündən götürülüb. Böyük, azman, dəstə və s. mənalar daşıyır. Mərkəzdən qərbdə, Daşağılçayın sol sahilində, Oğuz-Şəki şosse yolundan 3 km sağda, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Dəniz səviyyəsindən 754 metr yüksəklikdə yerləşir. XIX əsr aid məscid kənd mərkəzindədir. Digər tarixi abidə bir qədər aralıda yerləşir.  

   Baş Daşağıl kəndinin girişində, Uluçayın qərb tərəfində, nəhəng qayaların altında yaranmış təbii mağaradır. Qədim türklərdə müqəddəs, ulu hesab edilən dağ-qaya toteminə sitayiş edilib. Uğan mağarası ibtidai insanların ilk sığınacaq yerlərindən sayılır. Bura ilə bağlı əfsanələr çoxdur. Toponimi iki cür izah edirlər. ya günəşin əsas rəngidir. Günəşi təmsil edir. Ucalığı bildirir. Digər ehtimala görə isə uğultu, qulağa gələn sürəkli səs, an isə cəm şəkilçisidir. Uğan uca, müqəddəs yer, mağara mənasını daşıyır.  

 

   Xaçmaz kəndi  

 

   Rayon mərkəzindən 40 km şərqdə, Nəzərçayın sağında, Qalaçayın solunda yerləşir. Oğuzun ən çox əhalisi olan kəndidir. Adıl körpüsü (XIX əsr), Cümə məscidi (XIX əsr) Xaçmaz məscidi (XIX əsr), Daşüz - Hacı Rəşid körpüsü (XIX əsr) kimi tarixi abidələri var.  

   Xaşmaz toponimi müxtəlif mənalarda işlənir. Xaç tərkibli toponimlər Azərbaycanda geniş yayılıb. Xaçmaz Alban tayfa ittifaqına aid, qədim türk qəbilələrindən birinin adıdır. Bəzi tədqiqatçılar bu sözü od, atəş, Günəş anlamında yozurlar. IV-VII əsrlərdə Azərbaycanda xristianlıq geniş yayılsa da, xaçın tarixi bundan daha əvvəlki tarixlərə gedib çıxır. Atəşpərəst olan əski türklər - oğuzlar Günəşə səcdə edərkən yerdən çıxan qazın, odun önündə əlləri köksündə durarkən xaç şəkli alırdılar. Xaçmaz sözündəki "maz" hissəciyi - "maq" sözünün dəyişilmiş formasıdır. "Maq" da tayfa, qəbilə adıdır. Xaçmaz və "xaçmataqlar" od nişanlı oğuzlar kimi izah edilə edilir. Eyni zamanda bu toponimi "xaçı inkar edənlər" kimiizah edirlər.  

 

   Filfilli kəndi  

 

   Rayon mərkəzindən ən uzaq məsafədəki bu kənd eyni zamanda Oğuzun ən yüksəkdə yerləşən son yaşayış məntəqəsidir. 1160 metr hündürlükdə yerləşir.   

   Xaçmaz kəndinin 10 km şimalında, qədim Xaçmaz keçidində, Qalaçayın sağ sahilində, Qafqaz silsiləsinin cənub ətəyindədir. Oğuzun ən ucqar dağ kəndinin əsas sakinləri ləzgilərdir. Kəndin içərisindən çıxan Lanqır bulağının ətrafında kababxana var. Kəndə gəlib-gedən çox az olsa da kəndin olduqca qonaqpərvər camaatı var. Dağıstanla sərhəddə yerləşən kənddə civə, qızıl yataqları olduğu söylənir. Filfilli heçilk anlaşıldığı kimi fil məskəni deyil. Çox mübahisəli toponimdir. Ərəbcə "filfil" sözündən götürülüb, yabani istiot mənasını verir. Klassik aşıq ədəbiyyatında "fülfül" gözəlin yanağında qara istiotu andıran xala deyilir, epitet kimi işlənir. Ən son ehtimala görə isə "fil", yaxud "filfil" tayfa adıdır. Filfil tayfa adamlarının olduğu yer, məkan mənasını bildirir. "Filfilli" ərəbcədən sakit, təmkinli insanların yaşadığı yer kimi izah edilir. Ərazidə Qalabaşı yaşayış yeri (XVII - XVIII əsrlər) kənddən 2 km şimal-şərqdə isə qədim qəbiristanlıq - nekropol aşkar edilib. Kəndin şimalında erkən orta əsrlərə aid qədim Oğuz qəbiristanlığı var. Şimal -şərqdə, XVIII əsrə aid Surxayxan qalası var ki, bunların içərisində kəndə ən yaxın məsafədə ən asan yerdə olanıdır.  

   Doğma yurd yerimiz olan Oğuz haqqında çox geniş yazmaq geniş danışmaq olar. Bu yerlərin təbiəti, turizm imkanları haqqında çox az yazılıb. Ümid edirəm ki, bu yazıdan sonra Oğuza, qədim Zərdüşt Şumer məskəninə maraq daha da artacaq....

 

 

   Cəlil Cavanşir

 

   Ədalət.- 2012.- 6 oktyabr.- S.4.