MUĞAM DA QURANİ-KƏRİM
KİMİ SİRLİDİR
"Dünya yerindədi, adamlar
ayaq-baş düşüb..."
Tam əminəm
ki, həmsöhbətimi təqdim etməyə ehtiyac yoxdur.
Çünki yalnız "Dədə" sözünü
dilə gətirməklə həmsöhbətimin kim
olduğunu dəyərli oxucu dərhal hiss edəcək.
Çünki mənim həmsöhbətim xalqın sevimlisi,
xalqın xanəndəsi, xalqın sənətkarı Dədə
Süleymandır. Rəsmi olaraq onu sənədlərdə
Süleyman Cümşüd oğlu Abdullayev kim yazıblar.
Amma gerçəklikdə o, müsiqisevrələrin və səsinə
baş əyənlərin Dədə
Süleymanıdır.
- Salam, Dədə.
Nə var, nə yox? Yönü payıza olduğumuz bu məqamda
özünüzü necə hiss edirsiniz?
- Çox
sağ ol. Nə hamıdan yüksəkdə deyiləm, nə
də aşağıda. Elə hamının olduğu yerdəyəm.
Nəticəni özün çıxardarsan. O ki, qaldı nə
var, nə yoxa, hər şeydən bir az var. Payız da ki, məndən,
səndən asılı deyil. Köhnə kişilər
demiş, zaman heç nəyə baxmır, öz dəyirmanını
işlədir.
- Dədə,
dünyanın bu qarmaqarışıq, baş-ayaq olduğu
vaxtda adamlar da bir az nizam-intizamdan kənarlaşıb, necə
deyərlər, bir növ "başlı-başını
saxlasın" prinsipi ilə yaşayır. Bax, belə bir
vaxtda sən necə, səsinə söykənib yaşaya
bilirsənmi?
- Əvvəlcə
gəl baş-ayaq danışmıyax. Nə var onu deyək,
özü də necə var, o cür də deyək. Dünya
ayaq-baş düşüb eləmiyib. Dünya elə
olduğu kimi qalıf, yəni Allah bu dünyanı necə
yaradıf, o cür də var. Min il bundan qabaq da belə oluf,
indi də belədir. Ayaq-baş düşən insanlardı.
Dünyanı da yaxşı, pis səmtə yönəldən
insanlardı. Dünya özü-özüylə müharibə
eləmir ki, müharibəni eləyən də adamlardı,
dünyanı pis günə qoyan da adamlardı. Baş
açmaq olmur, bu adamlar niyə öz günahlarını
dünyanın boynuna atır. Dünya fağırın əli
yox, ayağı yox. Yetən cumur üstünə.
Yazığın adı beddam çıxıf. Hələ də
insanlar dərk eləmir ki, bu, yerində olan dünyanın
başına oyunlar açan da, onu qınayan da
özümüzük. Hər şeyin günahkarı
insandı. Günahın hamısı yenə deyirəm,
insanlardadı. Dünya neyləsin, oturub yerində səsini-səmirini
çıxarmır. Bütün işlərin başında
insanlar dayanır. Allah bütün ixtiyarı insana verib.
İnsan da bir də görürsən ki, heç Allaha da bəndəlik
eləmir. Dava salır, qırğın törədir...
- Dədə,
dava demişkən, heç dava-dalaş salmısan?
- Mən
uşaq vaxtları bir az davakarlıq eləmişəm.
Özü də tay-tuşlarımla yox, ermənilərlə.
Yəqin bilirsən də bizim Qoçəhmədli kəndi
ilə Dağlıq Qarabağın, o vaxtkı Hadrudun ermənilər
yaşayan kəndləri qonşu idilər.
Özümüzün bağımız, bağçamız
olmasına baxmayaraq, gedirdik ermənilərin bağına,
bostanına. Bax, onda dava düşürdü, mən də
qolu zorlu idim, qabağıma çıxan ermənini
salırdım yumruğun altına. Ayrı heç kimlə
dalaşmamışam. Nə uşaq vaxtı, nə də bu
yaşıma qədər. Amma bütün kənd
uşaqları kimi mən də güləşmişəm,
zarafatlaşmışam, şuluq salmışam. Məni də
həmişə Dadaş yıxırdı. Ümumiyyətlə,
haqsız davanın əleyhinə olmuşam. Özüm də
eləməmişəm, eləyəni də
qınamışam. Yadımdan çıxmamış onu da
deyim ki, erməni başını itirib. Erməninin
başı olsaydı, bizim bu günümüzü
görüf fikirləşərdi ki, əvvəlki
qonşuluğu saxlasaydı, indi o da kef-damaq içində
yaşayardı. Amma rusun fitvasına getdi, özünü
yaman günə saldı. Əgər rus olmasa, təkcə
Ağdamla Füzulinin camaatı yığışıf ermənini
torpaqlarımızdan çıxara bilər. Bunu mən deyirəm.
Çünki mən erməninin dabbaqda gönünə bələdəm.
Yəni dediyim odur ki, Allah bizi yaradıb və bizə də
bir yol göstərib birimiz o yolu ağılla, başla
qana-qana gedlirik, birimiz də haramlıqla, namərdliklə, ev
yıxmaqla. Ona görə də Allah özü hər
şeyin qiymətini verir. Çünki ondan yuxarıda
heç kim yoxdu. Görən də odur, qiymət verən də.
Allahın qoyduğuna heç kim düzəliş eləyə
bilməz, qulp qoya bilməz. Elə musiqidə də belədi.
Bir də görürsən ki, biri əllaməçilik eləyir.
Amma bir ayrısı ağılla, düşüncəylə,
yerli-yerində muğama təzə əlavələr gətirir,
yeni möhür vurur. Bunun ikisinə də deyirlər olmaz. Bəli,
birinci olmaz, yəni əllaməçilik heç kim tərəfindən
qəbul edilmir. Amma ikinci niyə olmasın ki? Axı bu insan
yeni boğazla, yeni ştirxlərlə musiqimizi cilalayır.
Buna "sağ ol" demək lazımdır. Saa bir söz də
deyim. Dünyanın, yerin, göyün nəyi varsa, nəyi
görürüksə, nəyi eşidiriksə, nəyi
oxuyuruqsa, bunlar hamısı müqəddəs "Qurani-Kərim"imizdə
yazılıb. Ağıllı adamlar o müqəddəs
kitabı oxuyub özünə ağıllı yol da
seçir. Hətta ağıllı alimlər Quranı
öyrənib ondan istifadə etməklə öz kəşflərini
də edirlər. Çünki hər şeyin bünövrəsi
Quranda yazılıb. Quran dünyanın çox böyük
sirridir. Onu oxuyub başa çıxmaq, onu dərk eləmək
heç kimə nəsib olmayıb. Hər dəfə oxuyanda
bir sirrdən agah olursan. Muğam da onun kimidi. Hər kəs
öz ifası ilə onun bir sirrini açır. Hə,
yadıma düşmüşkən, saa onu da deyim də, bizdəki
o Muğam evi var ha, Muğam teatrını deyirəm, onu rəhmətlik
İslam Rzayev yaradıb. Bəzi ağzıgöyçəklər
deyiblər ki, biz yaratmışıq. Yalandı. Onu Seyidin
gözəl tələbəsi İslam Rzayev yaradıb.
Özü də havadan yox haa...
- Dədə,
üzr istəyirəm, başa düşmədim, nə demək
istəyirsən?
- Burda
çətin nə var ki? Rəhmətlik İslam şərq
ölkələrinə qastrola getmişdi. Hə, saa onu da
deyim ki, farslarda da, ərəblərdə də muğam var.
Amma bizim muğam hamısından bitkindi. Ərəblərin
muğamı cəmi üç mərhələdi. Bax,
İslam Rzayev qastrolda görüb ki, ərəblərin
muğam teatrı var. Oturub qulaq asıb. Sonra bundan fikrini
soruşublar, İslam da deyib ki, muğam burda bitmir.
İnanmayıblar. İslam burda nə təhər oxuyubsa, məəttəl
qalıblar. Günaha batmayım, bir şeyidə deyim saa. Ərəblərdə
tək-tək yaxşı muğam oxuyanlar var. Amma
hamısı təkcə o üç mərhələyə
qədər oxuyur. Bizim muğam başqa bir şeydi. Sirrdi,
vallah, sirrdi. Sirr olmasa, Xanı, Seyidi, Cabbarı, Keçəçioğlunu,
Ələsgəri, Yaqubu, Əbülfəti, Saranı,
Şövkəti dinləməkdən doyardıq və bir də
qulaq asmazdıq. Görürsən, hər dəfə o
böyük xanəndələri dinləyəndə təzə
nə isə tapırsan. Ə, bir də saa bir şey deyim e, Qədiri,
İslamı unutmaq olar? Mənsuriyyəni deyəndə Yaqubu
yaddan çıxarmaq olar? A kişi, bu sənətkarlar Allah
vergisi ilə doğulublar, Allah vergisi ilə də muğama
möhür vurublar. Məni tərpədirsən, yadıma
ayrı şeylər də düşür. Bəzən
ağzıgöyçəklər deyir ki, "Mənsuriyyə"ni
oxuyanda ora Segah əlavə eləmək olmaz. Ə, niyə
olmur axı? Bu adamın qəvliyyəti var, səsi var.
Başlayır Mənsuriyyədən, yavaş-yavaş keçir
Segaha. Özü də elə keçir ki, ruhun da incimir. Sonra
keçdiyi kimi də yavaş-yavaş qayıdır Mənsuriyyəyə.
Bundan gözəl nə ola bilər? Niyə mız qoyursan?
Kişinin oğlu yaradır da. Qəvliyyətin var, sən də
oxu. Yoxdu, tay qadağa qoyma. Bu olar, bu olmaz!.. Sən Allah
bağışla e, qatıb-qarışdırıram, amma
söz gələndə gərək deyəsən. Bilmək
gərəkdi ki, muğam qollu-budaqlıdı, hər tərəfə
şaxələnir. Muğamda açılmayan sirlər var. Əvvəldə
dediyim kimi Quranda olduğu kimi. Bax, bu möcuzədi bizim
musiqimizi dünyaya sevdirən, dünyaya meydan oxuyan.
Dünyanın elə bir musiqisi yoxdur ki, onun içərisində
bizim musiqinin təsiri, əlamətləri olmasın. Bayaq ərəblərdən
danışırdım haa, ərəblər
"Şur"dan o yana gedə bilmir. Səsləri
"Şur"a kimi çatır. Amma biz
"Şur-Şahnaz", "Sarəc" və ondan
sonraları da oxuyuruq. Yəni "Şikəsteyi-fars",
"Simayi- Şəms" var...
- Dədə,
mən bayaq dava sualını elə-belə vermədim e. Yəni
mənim də içimdə öyrənmək istədiyim
bir mətləb var idi. Onu səndən öyrənmək istəyirəm.
- Kol-kos
doğrama, sözün nədi onu de. Soruş görüm.
- Dədə,
indi oxuyanlar çoxu yaddan çıxmasın deyə dava
salır, bir-birinin saçını yolur, bir-birinin
paxırını açır...
- Yox, bildim
nə deyirsən. Bunların heç biri mənilik deyil.
Ümumiyyətlə, səsi, istedadı, əxlaqı, dinləyiciyə,
tamaşaçıya hörməti olan heç bir oxuyan bu
yolu tutmaz. Mən belə görmüşəm. Bizi belə tərbiyələndiriblər,
belə böyüdüblər. Tam səmimiyyətimlə
deyirəm, vallah, ürəklə deyirəm. Dünyanın
tanıdığı böyük Seyid Şuşinski mənə
dərs verib. Mən ondan dava-dalaş dərsi almamışam.
1959-cu ildən, yəni Bakıya gəldiyim gündən (yəqin
bilirsən də məni Seyid gətirmişdi - Ə.M.)
böyük sənətkarlarla bir yerdə olmuşam. Mən
İslamı görmüşəm, Zeynəb Xanlarovanı
görmüşəm, Əlibaba Məmmədovu
görmüşəm, Əbülfət Əliyevi
görmüşəm, Şövkət xanımı
görmüşəm, Qulu Əsgərovu görmüşəm,
Yaqub Məmmədovu görmüşəm. Yəni elə
istedadları, elə sənətkarları görmüşəm
ki, mən ancaq tərbiyələnmişəm, öyrənmişəm.
Rəhmətlik Seyid Zeynəb xanıma, İslama, Quluya, mənə
və bir neçə digər sənətkarlarımıza
bir yerdə dərs keçirdi. O həm də bizə həyatı
öyrədirdi, tamaşaçıya, dinləyiciyə
ehtiramı öyrədirdi. İnan Allaha ki, bu yaşıma qədər
bir tar çalanla, bir kamança çalanla, ümumiyyətlə,
heç bir sənət adamıyla narazılığım
olmayıb. Heç kimin xətrinə dəyməmişəm.
Hamıyla mehriban yola getmişəm, hörmət etmişəm,
hörmət görmüşəm. İndiki oxuyanlar bir az
ayrı yolu tutublar. Amma düz eləmirlər. O ki, qaldı
musiqimizə...
- Hə, Dədə,
musiqimizdə nə baş verir?
- Gəl
etiraf eliyək ki, hörmətli Mehriban xanımın diqqəti
sayəsində Azərbaycan muğamı ayağa qalxdı,
bir daha özünü dünyaya göstərdi. Onun sayəsində
müsabiqələr keçirildi və bu gün Babək,
İlkin, Qoçaq, Təyyar, Elşad, Elçin, o biriləri
müğamın inkişafında öz sözlərini deməyə
başladılar, muğama yeni nəfəslər gətirdilər.
Aydınca göründü ki, böyük sənətkarların
ardınca böyük də istedadlar gəlir. Düzdü, bəzən
hətta tanınmış xanəndə də nəyi isə
düz oxumaya bilər, oxuyur da. Amma mən heç vaxt
birbaşa kiminsə qəlbinə dəymirəm, irad tutmuram.
Sadəcə onun qəlbinə dəymədən deyirəm
ki, deyəsən səsin yerində deyil. O da səhvini
başa düşür. Amma cavanlar belə eləmir. Birinin
bir balaca səhvi oldu, aləmi qatırlar bir-birinə.
Dava-dalaş da belə şeylərdən başlayır. Bilmək
lazımdır ki, heç kim bu dünyanı tutub getməyəcək.
Cabbar, Xan, Seyid gəlif-gedif. Onların ardınca Şövkət,
Əbülfət, Qulu, Yaqub, İslam gəlif-gedif. Onların
dalınca da biz gedəjiyik. Bizim dalımızca da
başqaları gələjək. Yəni hər şey mərhələ-mərəhələdi.
Odur ki, gərək ürək sındırmayasan, əl
tutasan, yol göstərəsən. Özü də ürəklə,
adam balası kimi, xətirə, şəxsiyyətə
toxunmadan. Bizdən əvvəlkilər muğamı qoruyub,
indi biz qoruyurux, bizdən sonra da gələnlər qoruyajax. Bu
gün həmin o cavan muğam oxuyanlar məni görən kimi
yığışır başıma. Soruşur, məsləhət
alır, sual-cavab edirlər. Maa ləzzət verir, mən də
bildiyimi öyrədirəm. Ümumiyyətlə, qəvliyyəti
olan, səsi olan heç bir oxuyanı danmaq olmaz. Mən lap elə
qadın oxuyanları da deyirəm. Aygünü, Nəzakət
Teymurovanı, o birilərini nə təhər danmaq olar.
Muğam oxuyan qadınlarımız çox mükəmməl
bilir öz sənətin. Adlarını unutduqlarım məni
bağışlasınnar. Mənim estradayla işim yoxdu. Ancaq
onlar da muğamı bilsələr, işlərinin xeyrinə
olar. Çünki estrada özü də muğam
üstündədir. İstənilən musiqini səsləndir,
deyim hansı muğamın üstündədi. Heç biri
muğamdan kənara çıxa bilmir. Bu, Üzeyirin
böyük xidmətinin nəticəsidir. Üzeyir də
deyib, Seyid də deyib ki, muğama əlavələr olar, amma
ağıllı əlavələr. Səndən bir şey
soruşum.
- Buyur, Dədə.
- Yaqub
"Mənsuriyyə"ni oxuyub. Pisdi? Lap elə Qədiri
deyim. Qədir Rüstəmovu yaddan çıxarmaq olar?
- Yox,
mümkün deyil.
- Ay sağ
ol. Bu kişilər öz qəvliyətinə görə
oxuyub, möhürünü vuruf, çıxıf - gedif. Mən
Əbülfət Əliyevi, Zülfü əmini, Mütəllim
Mütəllimovu nə təhər yaddan çıxarım.
Mütəllimin "Segah"ını kim oxuya bilər? Bir
yadına sal:
Hər
bağın, hər bağçanın
Öz
bülbülü şeydası var
- bu dəqiqə
də qulaqlarımda səslənir. Bu kişilər öyrənə-öyrənə,
sevə-sevə oxuyublar. Biz də elə, bizdən sonra gələnlər
də elə olacaq. Ələsgərin, Segah İslamın,
Keçəçioğlunun valları var. Onlara saatlarla qulaq
asıram. Bu yaşımda da öyrənirəm. Ayə, mənim
73 yaşım var e, amma öyrənirəm. Çünki
muğam başdan-ayağa sirrdi. Öyrəndikcə öyrənirsən,
bitif qurtarmır. Sağ olsun cavanları, görürəm onlar
da muğamı həvəslə öyrənirlər. Bu
heç də pis deyil. Əksinə, pis odur ki, oxuyanın
özü özünə qiymət verə bilməsin. Niyə
oxuduğunu, nədən ötrü oxuduğunu dərk eləməsin.
Əgər dərk eləsə, bu sənətdən
qorxmayajax. Hara qədər oxuya biləcəyini müəyyənləşdirəjək
və oxuya bilməyəndə də yavaşca öz
işinin ardınca gedəjək. Amma dərk eləməyənlər
ömrü boyu ortalıqda qalajax. Bax, dad bu
yarımçıqların əlindən. İndinin
özündə də bir az yekəlik çıxmasın,
camaat məni məclisinə dəvət eliyir. Çünki
mən camaata da hörmət etməyi bacarıram, sənətə
də qiymət verməyi bacarıram. İndiki cavanlar
özündən böyüklərin yoluna baxsalar, öz
yollarını vaxtında müəyyənləşdirəjəklər.
Dikbaşlıq eləyənlər uzaq gedə bilməzlər.
Ağıllı oxuyan həmişə öz yerini bilir. Bir də
yeri olmasa da deyim. Mən açılmamışam e, heç
açılmaq da istəmirəm. Çünki... (bir
anlıq susur). İndi bəzi ağzıgöyçəklər
deyir ki, bu yaşda bu nə addı sənə verdilər?
(söhbət "Əməkdar artist" adından gedir - Ə.M)
Mən də kəsəcə cavab verirəm ki, mənə
hansı ad layiqdir, xalq verif. Hökumət də bu adı layiq
bildi, bu adı verdi. Sağ olsunlar, görürlər ki,
yaşımın çiçəkləyən
vaxtıdı, səsimin açılan vaxtıdı, bir az da
həvəsləndirdilər. İnşallah, o biri adları da
verərlər. Mən bir şeyi bilirəm: - xanəndə
Allahın ona verdiyi səsi xalqın xidmətinə yönəltməlidir.
Elin-obanın məclislərində gücü
çatdığı kimi iştirak etməlidi. Rəhmətlik
Rüstəm Səfərəliyevi tanıyırdın?
- Əlbəttə
ki, tanıyırdım.
- Bax,
Rüstəm əmi mənim ana qohumum idi. Bərdədə
birinci katib işləyirdi. Rəhmətlik Heydər Əliyev
onun xətrini lap çox istəyirdi. 1969-cu ildə Bərdəyə
konsert verməyə getmişdim. Gecə rəhmətliklə
oturub söhbət eliyirdim. Maa dedi ki, istəyirsən Heydər
Əliyevə deyim saa ad da versin, ev də. Mən də gəlib
bunu rəhmətlik anama danışdım. Anam da savadsız
arvadıydı. Özün Qoçəhmədliləri
tanıyırsan dana. Maa qayıtdı ki, bala, Urustama denən
Heydər Əliyevə desin ki, qoy Süleyman oxumağın
oxusun. İndi Allah ölənlərin hamısına rəhmət
eləsin, mən belə söhbətlərin də şahidi
olmuşam. Tay ayrı nə deyim. Onda mənim qara
"24"üm var idi. Rüstəm əmi deyirdi ki, katibin də
"24"ü var, sənin də. Mən də
"24"-ü kosmosa uçandan almışdım. Zarafatla
deyirdim ki, sizə hökumət verib, maa göyə
çıxan. Görünür Rüstəm əmi o söhbəti
Heydər Əliyevə demişdi. Çünki Ulu Öndər
hakimiyyətə qayıdandan sonra mənə Prezident təqaüdü
verdi.
- Dədə,
yeri gəlmişkən, el-oba söhbəti elədin yadıma
düşdü. Sizə bu titulu, yəni "Dədə"
adını ilk dəfə kim verib? Birinci kim sizə "Dədə"
deyib?
- Allah Səyavuş
Sərxanlıya rəhmət eləsin. Çox gözəl
insan idi. Tanıyırdın onu?
- Əlbəttə.
Yaxın münasibətim də olub rəhmətliklə.
- Dədə
sözü ən çox aşıqlarda olur. Dədə Ələsgər,
Dədə Şəmşir və ayrıları. Bunun da səbəbi
odur ki, aşıqlar həmişə elin-obanın içində
olur, kasıb toylarını pulsuz çalıb-oxuyur. Yəni
camaatın dərdinə-sərinə qalır. Belə pis
çıxmasın, mən də heç vaxt heç kimə
"toy pulu" oxumamışam. Nə veriblər, min bərəkət
demişəm. İnan Allaha, bax, sənin də, mənim də
canım üçün o qədər pulsuz toylar oxumuşam
ki. Hətta tar çalanım Mahmud arada zarafat eliyif ki, Dədə,
bu toyda pul olajax, yoxsa yox? Demişəm puldan gözünü
çək. Digər tərəfdən, xalq məni
urvatlı tutur, mənə pul xarclayıb, mən də o pulu
xalqa qaytarmışam. Mən ömür boyu pul
yığmamışam. Evim olub, uşaqlarım dolanıb,
maşınım olub, heç kimə əl
açmamışam, artıq tamahlıq eləməmişəm.
Qazanmağı da bacarmışam, xarclamağı da. Qohum-əqrabama
doyunca əl tutmuşam. Halal xoşları olsun. 1972-ci ildə
köhnə Şamxorda, indiki Şəmkirdə həmin o rəhmətlik
Siyavuş Sərxanlıyla bir məclisdə idim. Gecənin
bir yarısı rəhmətlik maa dedi ki, Süleyman müəllim,
anam ağır yataqdadı, bu günlük, sabahlıqdı,
gedək ona bir baş çəkək. Gecə yarısı
durub gəldik bunların kəndinə. Sərxanlı kəndidə
dərənin dibindədi. Gəldik, gördüm arvadın vəziyyəti
həqiqətən ağırdı. Çıxdım həyətə
ətrafa baxdım, Qoçəhmədli yadıma
düşdü. Özümdən asılı olmadan bir
"Segah" oxudum. Özü də bu sözlərlə:
Ya rəbb,
sənə and verirəm Peyğəmbərə,
Rəsulun
məzarı xatirinə sən əfv et,
Füzulini
- mən burda Siyavuşun anasını nəzərdə
tuturdum və deyirdim:
Əfv et
Füzulini, keç günahından,
Çox
günah etmiş özü bilmədən
- sonra
qayıtdıq otağa, gözlərimizə inanmadıq.
Bayaqdan can üstə olan ana durub oturmuşdu yerin içində.
Mənim sidq ürəklə Allaha üz tutmağım o
ananın ömrünü 3-4 il uzatdı. Bax, həmin gecə
Siyavuşun anası soruşdu ki, ay oğul, bu qonaq kimdi?
Siyavuş da yarı zarafat, yarı ciddi dedi ki, dədəmdi,
gəldi səni xilas elədi. Bax, dədə söhbəti
ordan başladı. Onda Siyavuş mənə bir şeir də
yazdı:
Ya rəbb,
bu nə səsdi, yandı ağız, dil,
Həsrətin
yolunu illərə saldı.
Sökülən bir sinə, tikilən bir ev
Adımı, sanımı çöllərə
saldı.
Arazın
yolunu daşdan eylədi
O tayı,
bu tayı huşdan eylədi.
Durna
qatarını köçdən eylədi,
Göylərdən
endirib düzlərə saldı.
Gözümü yaş boğdu, dağları duman,
Ömürdən keçdi ay dad, ay aman.
Laçın Siyavuşu Qartal Süleyman,
Dağlardan endirib çöllərə saldı.
Bax, beləcə
Dədə söhbəti başladı. 40 ildi bu adla
yaşayıram. Kim də deyir pul havax olajax, deyirəm
torpaxlarımız qayıdanda. İndi borcumuz el-obanın
toyunu şenləndirməkdi.
- Dədə,
sənət yoldaşlarınızdan ən çox kimə
ürək qızdırmısınız, kimə sirr vermisiniz?
- Ən
birinci rəhmətlik İslam Rzayevə. Rəhmətlik məni
3-cü 4-cü kursda oxuyanda getdiyi toylara özüylə
aparardı. Deyərdi ki, Sülü, getdik Maştağaya,
getdik Nardarana. İslamdan sonra Yaqub Məmmədovnan
yoldaşlıq eləmişəm. Ölənəcən
qoymamışam əlini cibinə salsın, çaypulu versin.
Düzdü, rəhmətlik bir az simic idi, amma onun səsindən
ötrü ölürdüm. Atam da çox istiyirdi rəhmətdiyi.
Kəndimizdə çox olmuşdu. Saa bir şey də deyim,
qoçəhmədlilər pul xarşdıyandı. Rəhmətlik
Seyid maa deyirdi ki, Qoçəhmədli toylarından
çuvalnan pul gətirirəm. Bu camaat yaxşı oxuyana
yaxşı da pul xarşdıyır.
- Dədə,
mən bilirəm ki, sənin oğlun Cümşüd də
oxuyur. Onun gələcəyini nə təhər görürsən?
Süleyman ola biləcək?
- Yox,
heç vaxt ola bilməyəjək. Çünki biz sənətə
əziyyətlə gəlmişik, öyrənə-öyrənə
gəlmişik. Bunların meyli özləri özlərini
aldatmağadı. Gedirlər toylara, diskləri qoyurlar, Allah
verir texnikaya, toyu yola verib çıxıb gəlirlər.
İndiki şadlıq evləriynən, keçmiş
toyxanaların arasında yernən göy qədər fərq
var. İndi kimdi xanəndədən oxumaq tələb edən,
mahnı sifariş verən, oxuyanın səhvini tutan?
Başlı-başını saxlasındı. Azərbaycandakı
şadlıq sarayları o duzsuz oxuyanları mikrafon hesabına
ətə-qana doldurub. Qarmon çala bilməyən gedib
oxuyur, nağara çala bilməyən gedib oxuyur, tar
çala bilmir, gedib oxuyur. Əl boyda mikrafonun hesabına olur
oxuyan. Onlara da qol-qanadı şadlıq evlərinin yiyələri
verir. Fonoqramma oxuyanların anasını ağladır.
Şadlıq evləridi də, nə istiyirsən oxu. Saa
heç kim heç nə demiyəjək. Keçmiş məclislər
keçmişdə qaldı. Qız oxuyanlar da ki, tay
ağını çıxardıb. Bu haram puldu. Mən disk
hesabına oxuyanlara pis mənada yox, ağsaqqal kimi deyirəm,
özlərini aldatmasınlar. Səsləri yerində olmayanda
oxumasınlar. Halallığı unutmasınlar...
- Dədə,
mənə konkret cavab ver. Oğlun Cümşüd bu yolu
axıra kimi gedəcək, yoxsa yox?
- Maa elə
gəlir ki, yox. O, bu oyunlara dözə bilməyəjək. O,
bu meydanın adamı döyül. Mən ona həmişə
sözümü deyirəm.
- Dədə,
toylardan söz düşmüşkən, deyə bilərəsən
indiki toylarımızın dadı-duzu niyə
qaçıb?
- Ona
görə ki, hər şey reklamdı, bəhsəbəhsdi,
hamısı bir-birinə oxşuyur. Oxuyanlar da, açılan
süfrələr də tay adamın canını
boğazına yığıbdı. Heç kim toydan ləzzət
almır. Nə bilim vallah, adam baxıb mat-məəttəl qalır.
Toylarımız az qala şouya dönüb. Hərə bir
hoqqabazlıq eliyir. Nə isə.... Allah hamının toyunu
mübarək eləsin. Amma belə çox getmiyəjək.
Bir də mən şadlıq evlərinin sahiblərindən
daha çox xalqımı qınıyıram. Bu xalq heç
kimin xətrinə dəymək istəmir. Bu xalq hamıya əl
çalır, hamının konsertinə gedir, hamıya
gül göndərir, boğazından kəsib bilet alır.
Üzü utanır dana. Amma nə oxuyanlar utanmır, nə də
şadlıq evlərində camaatın evinə girənlər.
Xalq sözünü deməlidi. Deməlidi ki, mənim toyuma gəlmisən,
adam balası kimi mahnı oxu. Maa disk lazım olsa, evimdə
qoyub qulaq asaram. Heç kim demir. Onlar da bundan istifadə edir.
Yenə deyirəm, taxsır camaatdadı, taxsır bizdədi.
- Dədə,
indi bir yerdə işləyib eləyirsən, yoxsa?..
- Yox. Haqq
üçünə çox dəvət eliyiflər. Amma mən
getməmişəm. Asəf Zeynallının direktoru da,
müavini də dəfələrlə ağız
açdı, amma mən konsertlərə, ora-bura, yəni
camaatımızın xeyir-şərinə çox gedirəm
deyin, razı olmadım ki, xalxın uşaxları maa umud oluf
ortalıqda qalsın. Mən heç kimi aldada bilmərəm.
Bayaq yadımdan çıxdı, muğamdan danışanda
demədim. İndi qəfildən yadıma düşdü,
qoy deyim sən də yadında saxlıyıf yeri gələndə
deyərsən. Sözlə musiqi bir-birini tamamlayan iki
qanatdı. Bir-birindən heç vaxt ayrı ola bilməz.
Söz, qəzəl musiqini tamamlayır, musiqi də
sözü, qəzəli. Düzdü, tarı,
kamançanı lap o biri alətləri də tək
çalmaq olar. Amma o solo ifada barmaqlar danışır.
Çaldığın mahnını barmaqlar deyir.
Sözü eşitməsən də barmaqların səsi
musiqidən sənə hər şeyi çatdırır.
Biryolluq bilmək lazımdı ki, sözlə musiqi bir
candı. Sözlə musiqi anayla baladı, onları bir-birindən
ayırmaq olmaz. Sən fikir ver də, Möhlət tarda
çalır və yaxud Elçin çalır, Feyruz
çalır, eləcə də o biriləri. Musiqi ilə bir
yerdə barmaqlar Möhlətin demək istədiklərini bir-bir
saa deyir. Sənnən Möhlətin barmaqları
danışır. Bunları bir-birindən ayırmaq
qeyri-mümkündü.
- Dədə,
arada sənnən telefonla danışanda dedin Aqil Abbasa bir
ismarıcım olacaq. O nə məsələdi?
- Belədi
də. Özün bilirsən ki, mən Aqili lap çox istiyirəm.
Bilirəm ki, o da məni çox istiyir. Televizorda Aqilin bir
verilişi varıydı. Ağdamda çəkmişdilər.
Sərhəddi keçib dedi ki, Dədə Süleyman deyir ki,
Qarabağın ayaqqabısı yoxdu ayağına geyinib gəlsin
dalımızca. Mən də Dədəyə deyirəm ki, mən
getdim Ağdama, o da durub gəlsin. Bəzi
ağzıgöyçəklər bu verilişdən sonra maa
dedilər ki, guya Aqil maa ayrı cür işarə vuruf. Amma
onlar başa düşmədi ki, Aqil də, mən də
demişəm ki, Qarabağ bizim dalımızca gələn
döyül, biz ora getməliyik. Özü də sən
hamıdan yaxşı bilirsən ki, mən Murova qədər,
döyüş gedən hər yerdə əsgərlərimizin
yanında olmuşam. Gecə ay işığında da
oxumuşam, onlarla bir səngərdə onların
arzularını yerinə yetirmişəm. Mənim
üçün dünyada ən böyük nisgil, ən
böyük ağrı ermənilərin indi yiyə
çıxdıqları torpaxlarımızdı. Ona görə
də deyirəm ki, biz ora qayıtmıyınca, rahatlıq
tapan döyülük. Hələ Füzuli
alınmamışdı, orda müdafiə dəstəsinin rəhbəri
varıydı Bəylər müəllim, o, ratsiyaynan ermənilərlə
danışanda aldım ratsiyanı onun əlinnən alıf
oxudum:
Bilsin
bütün aləm, sonsuz asiman,
Ay
Qarabağın hər nöqtəsi bizimdir...
- erməni
o biri tərəfdən dedi ki, ara, başına
pırlanım, nə qədər istiyirsən oxu, gözəl
oxuyursan. Amma Qarabağ bizim olajax... Mən o bombanını
altında, el-obanın yanında olanda çoxları bilmirdi
müharibə nədi. Hətta Yuxarı Yağlıvənddə
bir qohumumun həyətindəydik, bir də gördüm ki,
qavalımı alt otağa düşürüb gizlədir.
Soruşdum ki, niyə belə eliyirsən? Dedi ki, bu köpəyuşaxları
top atırlar. Allah eləməmiş, qavalın zədələnər.
Nə isə... Bax, dediyim odu ku, adamlar gərək hər
şeyi öz mənasında, paxıllıq, rişxənd eləmədən
başa düşsünlər, anlasınlar. Yoxsa sözə
qulf qoymax, nə bilim ürək qırmax nəyə
lazımdı ki? Adını çəkməyəjəm.
Bir eloğlum gecəyarısı maa zəng vuruf ku, ə, bu
yaşda bu nə addı saa verdilər? Tay buna nə deyəsən?
Eləcə dedim ki, mən yaşımın çiçəklənən
dövrünü yaşıyıram, nə də məsləhətdi
onu da veriflər. Allah canlarını sağ eləsin. Hələ
qavaxda o qədər illərim var kı. Sözüm deyəsən
ona çatdı, o saat telefonu qoydu üstünə. Yəqin
sən də bildin də nə dedim. Saa da bir məsləhətim
var. Heş vaxt heş kimin ürəyinə dəymə.
Allahdan böyük kimsə yoxdu. Allahın ətəyini əlindən
buraxma. Dünyaynan-zadnan da işin olmasın. Məqaləni
yaz, şerini yaz, arada dosta-tanışa, lap elə maa zəng
vur çay içək, söhbət eliyək. Allah haqqı
bu gün əməlli-başlı istirahət elədim. Evdə
qavağıma bir tikə çörək qoyurlar
boğazımnan keşmir. Amma indi çörək də
yedik, çay da işdik. İstiyirsən saa arax da gətirsin.
Arxayın ol e, pulum var. Bir də bu "Ləvəngi"də
hamı məni tanıyır. Məsləhət olmuyan
şeyi süfrəyə gətirməzlər. Sən Allah
düzünü de, ləvəngi xoşuna gəldi?
- Sağ
ol, Dədə, ləvəngi də əlaydı, söhbətimiz
də. Allah saa ömür versin. Allah qismət eləsin,
ürəyimizdəki o Qarabağ nisgili tezliklə öz şəfasını
tapsın. Bayaq danışdıqca necə kövrəldiyini
yaxşı görürdüm. Sağ ol, Dədə! Sən
hələ Füzulidə də oxuyacaqsan, inşallah. 80
illiyin orada toy-bayram olacaq.
Bəli, Dədə
Süleymanla dost kimi, qardaş kimi, eloğlu kimi, onun səsinin
dəlisi kimi söhbətləşdik. Bir də onda baxdım
ki, şər qarışıb, saatlar keçib.
Düzünü deyim, Dədənin nə söhbətindən,
nə də zümzüməsindən doymurdum, ayrılmaq istəmirdim.
Amma bütün görüşlərində bir zaman çərçivəsi
var. Bizim bu söhbətimizin çərçivəsi
olduğu kimi.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2012.- 6 oktyabr.- S.8-9.