Rüstəm Kamal

 

   İncəli Çiçəyin sözündə və gözündə

 

   Salam Allah salamıdı  

   Salam İncədən, İncədən.  

   Dürlü-dürlü savab olsun  

   Kəlam İncədən, İncədən.

  

   Mən deyən də saydan olsun  

   Haxdan gəlsin, göydən olsun  

   Ziyam, nurum aydan olsun

   Haləm İncədən, İncədən.

  

   Eşq süzülən irmaqlara,  

   Dür tökülən dodaqlara,  

   Pir bildiyim ocaqlara  

   Qulam İncədən, İncədən.

  

   Çox dolandım ürək-ürək  

   Sevgi əkdim, dərdim Çiçək  

   Payım-pürşüm pətək-pətək  

   Balam İncədən, İncədən.

  

   Salam Allahın ismisə, Salam Tanrının duasısa, Salam İslam mədəniyyətisə və bizi hər addımda təhlükədən qoruyacaq bir Allah kəlamısa onda salam olsun hər könülə, Tanrı nəzərgahı olan möcüzəli-sirr könülə, ziyasından hər kəsə bircə zərrə də olsa pay düşən nur könülə, ziyarətgah, qibləgah bilib üz tutduğumuz, Tanrının ən ətirli kəlamlarına qonaq olduğumuz pir könülə, özü bu dünyaya sığmayıb, fəqət hamını özünə sığışdıran isti ocaq, dolu bucaq - oba könülə, oymaq könülə, ləl-gövhər könülə...  

    Allahın adı ilə başlayıb onun nəzərgahında olan könüllərə üz tutdum, görəlim nə olar? 18-ci əsr böyük türk şairi İbrahim Haqqı demiş:

  

   Haqq şeyləri xeyir eylər, 

   Zənn etmə ki, qeyr eylər,  

   Arif onu seyr eylər,  

   Allah görəlim neylər?

   Neylərsə gözəl eylər.

  

   Hər dildə onun adı,  

   Hər canda onun yadı,  

   Hər quladır imdadı,  

   Mövlam görəlim neylər?  

   Neylərsə gözəl eylər.

  

   Naçar olacaq yerdə,  

   Nagah açılır pərdə,  

   Dərman edər ol dərdə  

   Mövlam görəlim neylər,  

   Neylərsə gözəl eylər.

  

   Hər hansı işdə onu bilirəm ki, pis, ya yaxşı tərəfinə nə edirsə Tanrım gözəl edir. Hansı yolu açır, hansı izni verirsə Rəbbim gözəl edir. Bütün verdiklərinə şükür!  

   Neçə vaxtdır ki, ətrafımda cövlan edən bütün hadisələrdən, bütün tədbirlərdən, hər qələm əhlindən, mətbuat qaynaqlarından elə eşıdirəm ki, Rüstəm Kamal adlı bir Tanrı bəndəsinin hamı 50 yaşına, allı-güllü yaşına doğru yol alıb gedir. Gedənlərə baxıram, elə ürəyim atlanır ki, mən də qoşulum bu köçə. Allahdan bir güc, bir rəvac istəyirəm mənə də iynə ulduzu işıq, yol verəydi gedəydim onun pir könlünü ziyarət edəydim.

  

   Dağlar ilə, daşlar ilə,  

   Çağırıram, Mövlam, səni.  

   Səhərlərdə quşlar ilə,  

   Çağırıram, Mövlam, səni.

  

   Göylərdəki İsa ilə  

   Tur dağında Musa ilə   

   Əlindəki əsa ilə  

   Çağırıram Mövlam səni.

  

   Dəryalarda mahnı ilə,  

   Səhralarda ahu ilə,  

   Abdal olub "Ya Hu" ilə,  

   Çağırıram, Mövlam, səni.

   (Yunus İmrə)  

  

   Yol ver Mövlam, yol ver mən də Həzrəti Sözün başına yığılıb pir könülləri ziyarət edən bəndələrə, qullara qoşulum. Onlara doğru uçum, quş olum. Gendən baxıram söz nəhənglərinə, söz əjdahalarına geri dururam. Yox, əfəndim, yox, bu deyəsən mən girən kol deyil axı. El arasında belə bir deyim var: Atın işləməyən yerə, köçünü sürmə. Elə isə izn verin Rüstəm Kamal haqqında bir İncəli lətifəsində deyildiyi kimi, mən də özüm bildiyim kimi oxuyum, yazım...  

   Rüstəm Kamalın bütün görünən tərəflərini hamı kimi görməyə, çox şükür ki, mənim də azdan-çoxdan gücüm çatır. Hərə bir prizmadan baxır Rüstəm Kamala. Biri alim gözü ilə baxır, biri aqil, biri kamil, biri söz sərrafı, biri ədəbiyyat bilicisi, biri tənqidçi, biri müəllim-filosof nə bilim daha nələr sadalamaq olar. Amma məsələ burasındadır ki, Rüstəm Kamalın görünməyən tərəfləri var ki, bilmirəm onu hamı görə bilirmi? O, müşahidəni çox sevən adamdır. Hətta müşahidəsi çox güclü adamdır, deyərdim. Rüstəm Kamalın sakitcə oturub, hətta insanlara yox, yerə baxdığı halda, nələri müşahidə etdiyini və yaddaş lentinə köçürdüyünü bəlkə də çoxları hiss etmir. Amma istənilən bir məclisdən, istənilən bir görüşdən, ən adi söhbətlərdən belə Rüstəm müəllim bəlkə də bir filmlik materialla qayıdır və mənim üçün zövq aldığım tək-tək insanlardandır ki, hadisələri o qədər maraqlı, şirin və yumorla danışır ki, o günü, o anı gerçəkdən ömürdən-gündən sayıram və yaşayıram. (belə məqamda mən bütün tanıdığım dostlarımı Rüstəm Kamalın yaddaş kameralarının qırmızı isığı yananda ancaq ehtiyatlı olmağa çağırıram - zarafat).   

   Mən də ömrü boyu hamını, hər şeyi müşahidə edib özünə çox böyük sərvət yığan bu insanı necə müşahidə etmişəm, necə görmüşəm bax eləcə də qələmə almaq istəyində bulundum .  

   Söz bazarında ucuzluğun od tutub yandığı bir zamanda heç kimin nə uzun şeirə, nə uzun çıxışa, söhbətə qulaq asmağa hövsələsi, səbri, vaxtı olmadığı bir zamanda Rüstəm Kamal uzun, ya qısa (istər saatlarla olsun) hamını özünə qulaq asmağa məcbur edən məntiq, ağıl, zəka sahibi, dedikləri bir-birinin təkrarı olmayıb, heç kimin deyə bilməyəcəyi fikirləri bəyan edən natiq, bəlkə də Tanrının ancaq ona pıçıldadığı qeyri-adi düşüncələri, kəlamları bizə çatdıran, qəlbimizi və ruhumuzu fəth edən fatehdir. (Tanrı hər kəsə fatehlik qismət edirmi ki?) R. Kamal heç kəsin görə bilmədiyi xəlvətliyə çəkilməyə məqam axtaran, göz yaşı kimi dupduru piyalə zanbağın ləçəklərində gizlənən bircə damla şehdir. Dan yeri sökülməmiş, günəş ziyası insanları oyatmamış, Tanrı ilə dərdləşən və üzünə gülümsəyən bircə damla şeh. Şeir qıtlığında cadar-cadar könlümüzə yağan yaz yağışı, səhralıqlarda təşnə ruhumuza sığal çəkən bir həzin, bir sərincə mehdir. R.Kamal kişi düzlüyündə, dost ülfətində, uşaq saflığında, könül gözəlliyində hamının əli çata bilməyəcəyi, amma uzaqdanca tamaşa edib heyranlıqla baxdığı qövsi-quzehdir.  

   R. Kamal şamandır, görücüdür. Hər kəsin iç dünyasını oxuyan, hər sirrini gözündən duyan, dərdli könüllərin pıçıltısı, xəlvəti nidası, dilinə, dodağına qonmuş bir gümültülü eee...h-dir.  

   Hamıdan, hər kəsdən bəzən qaçmağa çalışıb tək-tənha əngin səmaların altında, ucsuz-bucaqsız meşəliklərin sonunda yaşıl bir talaya çıxıb Tanrı ilə xəlvətcə pıçıldaşan əməli-salehdir.  

   R.Kamal çox ciddi müşahidələri, şirin, qeyri-adi yumoru ilə heç kimə bənzəməyən, kefli İsgəndərin dili ilə ruhən, mənən ölmüşlərə hayqırtı salıb oyadan Mirzə Cəlilidir. Sifət cizgilərində də, yumorunda da, məntiq, ağıl, kamalında da yeganə Cəlil Məmmədquluzadəyə bənzər təşbehdir. Bəzən deyirlər ki, Yunus İmrələr, Nəsimilər, Mirzə Cəlillər bir də olmayacaq, yetişməyəcək. Amma mən fikirləşirəm elə dahilər, elə dühalar yüz ildə bir dəfə də olsa yetişir, deyəsən.  

   Könül adlı sazımıza qayğıların sığal çəkdiyi bir zamanda Rüstəm Kamal dünyanın nazına dözüb, bizim nazına dözdüyümüz, qiblə bilib üz tutduğumuz, ətəyində namaz qılınacaq, sirrimizə yaxın sirdaş, qəlbimizə həyan, dost-yoldaş, ümid yerimiz, pənah yerimiz olan kəslərdəndir.  

   Mənim özümçün Rüstəm müəllim ən duyğulu anlarımda, dünyadan, həyatdan ən küskün məqamlarımda könül qapısını ürəklə açdığım, iki-üç möhtəşəm dostumdan biri, hər yerdə yeri görünən, hər zaman yoxluğu bilinən dərddaşım, yurddaşımdır.  

  

   Dəlib deşir ürəyi dərd ürəkdə qalanda,  

   Dərdləşmək gözəl şeydi, dərdini duyan ola.  

   (Zəlimxan Yaqub)

  

   R.Kamal dərdi gözdən duyan, ömrünü dostlarına qıyan dostdur.  

   Bəlkə də deyərlər ki, Rüstəm Kamal kimi öncül, böyük alimin mənim kimi xırda, kicik adamlarla nə dostluğu? Nə bilim... Amma deyəsən könülcə alçaq olanların ruhu, duyğusu, hissi, səxavəti, etibarı,ülfəti və eşqi çox böyük, çox uca olur axı. Həzrəti Mövlana deyirdi ki, eyni dildə danışanlar deyil, eyni duyğunu, eyni ruhu daşıyanlar bir-birini daha gözəl anlayır. O baxımdan R.Kamal mənim anladığım və duyduğum, məni anlayan və duyan az-az ruh və könül dostlarımdandır.  

   Tanrı esqilə yaşayan insanların gecələr Allahı ilə bir pıçıldaşması, göz yaşlarını bölüşməsi məqamları olur. Rəbbimə şükürlər deyirəm ki, o ali məqamları yaşamağı mənə də nəsib edib. Hər damla göz yaşımın muncuq-muncuq düzülüb şeir sətirlərinə döndüyü gecələrdə

      

   Neylədimsə ovunmadı ürəyim,  

   Tarımardı ağlım- huşum qərarsız.  

   Gündüzlər gizlicə, gecələr xəlvət,  

   Öz-özümü yuyan yaşım qərarsız.

     

   Yem olmuşam dərdlərimlə nuşam mən,  

   Qol-boyunam, qoynunda bihuşam mən,  

   Dərd aşiqi bir sevdalı quşam mən,  

   Qəm oxuram, yayım -qışım qərarsız.  

      

   Yüküm ağır, yol ver, Mövlam, amandı,  

   Bu yollarda sağ qalmağım gümandı  

   Çatıbsa acalım, göndər, zamandı,  

   Yol gözləyir qəbrim-daşım qərarsız.  

      

   Vermə sənsizlərə, qıyma tuş olum  

   Sən hardasan, Tanrım, uçum, quş olum.  

   Yetir o karvana mən də qoşulum,  

   Fəda sənə canım- başım, qərarsız.

      

   deyib Tanrıya sığındığım məqamlarda çox olub ki, Haqdan qapılar açılıb, pır könüllərə dolam-dolam yollar görünüb, o nurlara, o işıqlara qovuşa bilmişəm, axtardığımı o könüllərdə tapıb bütövləşə bilmişəm. Nə yazıqlar ki, bəlkə də nə yaxşı ki, bizim kimi ruh adamlarının o məqamlarını görənlər və duyanlar azdır.   

   Bir müdrikin yazdıqlarından oxumuşam, deyir ki, elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə bərabər olsun. R.Kamal mənim üçün elə insanlardandır. Dostumuz, qardaşımız Məmməd Dəmirçioğlu Rüstəm Kamalı bir universitet adlandırır və deyir hamı universitetə oxumağa, təhsil almağa gedir, mən onu özümlə gəzdirirəm. Mən isə hələ o universitetin qiyabi tələbəsiyəm. (Özünün dediyinə görə) Amma sevinirəm ki, məni tezliklə əyani şöbəsinə qəbul edəcək. (zarafat)  

   50 yaşlı, allı-güllü yaşlı könül fatehimizə ömrün bu qıl körpüsü adamacından uğurla keçib, 2-ci 50-də də bax beləcə gözümüzdən yaş axıncaya qədər gülüş dolu, sevgi dolu günlər arzulayıram. Qoy ömrü elə bəhrəli ağaca bənzəsin ki, hər tərpənişində meyvələri hər yana dolu kimi yağsın. Mənə həyatı sevdirən iki şeyi-- eşqi və azadlığı öz könül bilicimizə arzulamaq diləyinnən 2-ci 50-nin sonunda görüşə bilmək ümidi ilə.....

  

 

   Məmməd Dəmirçioğlunun təqdimatında

 

   Ədalət.- 2012.- 6 oktyabr.- S.12.