YENİ PROYEKTİMİZ:
ALTMIŞINCILAR
BƏHLUL ABDULLA - 2
"Altımışıncılar"
dedikdə adətən yazıçıları nəzərdə
tuturlar və bütün vurhəşir də bildiyimiz kimi hər
zaman onların başında olur.Bunun nədən olduğunu mən
araşdıran deyiləm,amma bunu bilirm ki ALTIMIŞINCILAR təkcə
ədəbiyyatda deyil, sənətin bütün sahələrində
özlərini göstərməkdə idi. Və mənə
elə gəlir ki, dünyamızın
altımışıncı illəri təkcə bizim məmələkətdə
deyil, başqa məmləkətlərdə də eyni anlamda
intibah illəri kimi yaddaşlara həkk olunub.Məsələn,
sevgili Türkiyə cumhuriyyətində ALTIMIŞINCILAR
adıyla bir dərnək də var. Həmişə
gönlümdən keçib belə bir təşkilat və
ya dərnək bizlərdə də olsun,amma bizlər ayrı
Türkiyə ayrı.Hər zaman adları ortalıqda hallanan
yazar və sənət adamları sonrakı nəsil tərəfindən
heç də gönül xoşluğu ilə
qarışılanmayıb. Açığını deyim
ki,hətta onları insafla müdafiə edənlər də
qınaq sahibi olur. Mən onların müdafisinə qalxmaq məqamında
uzağam. Sadəcə onlardan bəzilərini yenidən
xatırlatmaq istərdim. Ən çox o
yaradıcıları ki, onlar ədəbiyatçı deyillər.Yazar-çizər
deyillər.Amma bu sırada yazarlar da ola bilər.
Daşlaşmış "ALTIMIŞINCILAR"
sırasına salınmayan ALTIMIŞINCILAR da olub. Kimlərdir
bunlar?
Altmışıncı illərdə respublikamızda
gedən proseslərdə ən başlıcası Azərbaycan
Milli azadlıq hərəkatı və ona doğru yolda Bəhlul
Abdullanın xüsusi bir yeri olduğu məncə kimsədə
şübhə doğurmaz. O zaman Z-cü Sverdlov küçəsi,
sonradan Mirbəşir Qasımov küçəsindəki
24-nömərli ünvanda toplandığımız günlər
və orada elədiyimiz söhbətlər, bu toplantıların
məğzi barədə mən DÖVLƏT
ÇEVRİLİŞİ kitabımda geniş
yazmışam, amma həmin kitabada yaddaşın "namərdliyi"
ucbatından bir çox isimlər sıradışı
qalıb. O hadisələrin içində yazarlar Azər
Abdulla, Bəhlul Abdulla, Əli Həsənov və Əsgər
Məmmədov da olmalıdır. Bu adamlar arasında mənə
görə Bəhlulun ayrıca yeri var və onun 90-cı illərdə
baş verən proseslərdə iştirakı və tutularaq
bir neçə azərabycanlı ziyalısı ilə
götürüldüyü, uzun bir müddət Rusiyanın
türmələrində saxlandığı kimsənin
yadından çıxmayıb.
Bəhlulu
bu işlərə vadar edən nə idi? Əslində bu bir
aptal sorudur, ona görə ki, mənim və mənim
yaşıdlarımın bu işdə nə işi
vardısa da, Bəhlul bəyin də məhz amacı o idi və
üstəlik də Bəhlulun folklor uğrunda
apardığı mübarizədə elmdən başqa bu
millətin var oluşunun ta uzaq əsrlərə
dayandığını sübuta aparan yolda addım idi. Bəhlulun
60-cı illərdə və daha sonralar 90-cı illər hərakatındakı
xüsusi yeri bəlkə də, haradasa Dövlət Təhlükəsizlik
Komitəsinin arxivlərində qalmaqdadı və inanıram
ki, günün birində Bəhlul Abdullanın 90-cı illərdə
həbs olunaraq, Rusiyanın həbsxanalarında böyük
qorxu altında keçirdikləri saatlar
araşdırılacaq və onun bioqrafiyasındakı əskiklikləri
dolduracaq.
Əslində
Bəhlul Abdullanın 90-cı illərdəki hərəkatda
yeri 60-cı illərdəkindən tamamilə fərqlənir.
Ona görə ki, şayət 60-cı illərdə Bəhlulun
Azərbaycanın müstəqilliyi və Bütöv Azərbaycan
hərakatında iştirakı bir az gənclik və
qızğınlıq tonunda baş vermiş olsa da, 90-cı
illərdəki iştirakı artıq çox sanballı bir
alimin və ziyalının ağıllı düşüncə
ilə və məqsədli olduğu artıq hamımıza məlumdur.
Dostlarından birinin dediyinə görə, Bəhlul Abdulla tam
bu yolun yoçusu deyilmiş (yəni inqilabçı
deyilmiş), amma mənə elə gəlir ki, 60-cı illərdən
başlanan və otuz il davam edən fikri bir mübarizənin
sonucu olaraq Bəhlulun milli azadlıq hərakatında
çarpışması və bizlərdən fərqli olaraq
həbs olunması gözlənilən bir şeydir.
Uzun illər
bir şəhərdə yaşamaq və bu şəhərin
dünənində yaxın olub taleyin müxtəlif
çarpışmasında eyni şəhərdə olsan da
uzun illər görüşməməyin əzabını o
zaman çəkirik ki, o zaman da artıq çox gec olur. Mənimlə
Bəhlul arasında olan uzun illərin
ayrılığının acısı indi məni
düşündürsə də, taleyin hökmü ilə
bacarmadığım ortada. Altmışıncı illərin
Bəhlulu mənə o qədər əziz idi ki, gərək
son illərin Bəhlulsuzluğu məni ayıldaydı. Təəssüflər
olsun ki, bu olmadı, amma bu iş üçün ailəsi ilə
danışanda həyat yodaşının məni
tanıdığını və çox mehriban səslə
qarşıladığından hiss etdim ki, mənsiz də o
ailədə adım anılıb. Günah məndə olub
ki, bunu vaxtında hiss eləməmişəm.
Bəhlul
Abdulla elm camiəsində çox hörmətli bir alim və
ziyalı olub. Bunu onun tutduğu vəzifələr,
yazdığı kitablar açıq-aydın sübut etməkdədir.
Üstəlik də onun alim dostları Bəhlul haqqında
danışmaqdan əziyyət çəksələr də,
inkar da etmədilər.
TƏƏSSÜFLƏR Kİ...
Birinci
yazımın başlanğıcına qayıdıram:
...Başlanğıc üçün mənə
görə sadəcə Bəhlul Abdulla olan gözəl
folklorçu və unudulmaz bir ziyalı haqqında
yazmağın çətinliyini hiss etdiyimdən ALTMIŞINCILAR
sırasında yeri olduğu üçün iş bir az asan
olsun deyə onu tanıyanlara müraciət etməyi
düşünüdüm.
Düşünürəm ki, aşağıdakı ibrətamiz
fikirləri oxusanız mənim nədən bu
başlığı seçdiyimin anlamını bilərsiz.
Öncədən bunu deməyi də borc bilirəm ki...
( bu arada
mərkəzdəki iş yoldaşlarımdan biri mənə
yaxınlaşır və soruşur: bu Abdin nə deməkdir,
sən bunu hardan tapmısan?
İzah
etməyə çalışıram və yenə də
soruşur: yaxşı, əvvəlcədən sənin
adın, familin necəydi: yenə də təkrar edirəm
dediklərimi: qardaşım, mən heç nə əlavə
eləməmişəm, sadəcə mən TOFİQ MƏHƏRRƏMOĞLU
ABDİNOVAM və "ov"u atmışam.
Adam
şəkilidi, bilmirəm məni dolayırdı, bilmirəm
nədisə, yazacağım şeyi unutduğum
üçün: bax ha, gör kimlərlə işləyirəm
deyib, nöqtəni qoydum)...
Aha, nəyi
yazacağımı xatırladım:
bizim
çox işlətdiyimiz iki fikir hər zaman məni
düşündürüb:
Birincisi:
çalış ölmə!!!!!!
İkincisi:
öldün, hər şey bitdi.
Bu iki
fikrin ikisi də ağırdı. Yəni şayəd bizim
gözəl türklüyün düşüncə tərzinin
malı budursa, bu çox acıverici bir şeydi. Amma
görünür bu acıverici fikirlər təkcə bizə
məxsus deyil.
1974-cü il. Böyük rus rejissoru, yazarı,
kinossenaristi və aktyoru Vasili Şukşin çəkiliş
zamanı qəflətən vəfat edir... Mən həmin
günlərdə Moskvadayam və onun dəfnində
iştirak edirəm.
...Sonradan bu mərasim haqqında mənim yazım QOBUSTAN
toplusunda çap olunur. Həmin yazıda
aşağıdakı sətirlər yer alır:
"...Sonradan mən Şukşin haqqında jurnalist
G.Boçarovun məqaləsində oxudum:
"Ölümündən cəmisi bir neçə gün
keçməmiş, hələ torpaqla bədəni
soyumamış Şukşinin ünvanına -
yaşadığı evə, Kinematoqrafiya komitəsinə 160
mindən çox məktub gəlib. Bu məktubları
göndərənlər onun ölümünə yanan adamlar
idi. Novodeviçye qəbiristanlığında onun məzarının
üstündə gül-çiçək,
qırmızı başınağacı budaqları
arasında poçt kağızlarına, adicə şagird dəftərindən
cırılmış vərəqlərə, bloknot vərəqlərinə
rast gəlmək olardı. Bu adamların ona son sözü,
son məhəbbəti idi. Vida sözləri idi!
Şukşinin cənazəsini Moskvaya yola salanda
(Şukşin "Onlar Vətən uğrunda
vuruşurdular" filminin çəkildiyi kənddə
keçinmişdi) adamlar təyyarəni uçmağa
qoymurmuş. Deyirlərmiş: "biz vidalaşmaq istəyirik.
Tabutun ağzını qapamayın. Bağlamayın
tabutu".
Biz onu
sevə bilmədik!
Biz - yəni
kim?
Yenə
də həmin məqalədə oxuyuruq: "Əgər biz
Şukşin haqqında danışırıqsa, ona gəlin
belə bir faktı da qeyd eləyək. Ölümündən
bir neçə gün sonra mən Şukşinin məşhur
həmkarlarından bir neçəsindən onun haqqında
söz söyləməyi xahiş etdim. Görün nə
oldu: Onlar bir neçə kəlmə deməyə vaxt
tapmadılar. Təkcə bir gün, bir saat ərzində yox,
hətta bir neçə gün ərzində. Bir nəfər
məşhur sənət ustası, intelektual bir tərzdə əlimi
əlinə alıb: "Əzizim sən bir saat deyirsən.
Axı mən o bir saatı hardan tapım sənin
üçün?
Başqa
bir məşhur kinematoqrafçı üç gündə
otuz dəqiqəlik vaxt tapa bilmədi ki, üç kəlmə
desin. Tapa bilmədi.
Üçüncü...
Dördüncü adam isə: "bəlkə
üç-dörd ay sonra görüşək. İndi
Şukşinin bu yox vaxtında, onun ölüm ab-havası
soyumamış bir zamanda, incəsənətimizin çətin
bir anında mənə söz demək çətindir. Mənə
bu barədə düşünmək çətindir".
Mənə
də çətindir. İndi mən belə adamları
günahlandırmıram. Yox, onları
günahlandırmıram. Mən şəxsən həmin
adamların insanlıqdan, gözəl keyfiyyətlərdən
danışan filmlərinə baxmayacağam. Lap həmin filmlər
sənət incisi olsa da getməyəcəyəm.
Mənə
elə gəlir ki, mənim belə acıqlı, belə
hirsli, belə kəskin yaşamağımı düzgün
başa düşəcəklər".
İNSAFƏN SONRADAN AYDINLAŞACAQ
Kİ...
Bəlkə
mən müraciət etdiyim adamlarla ünsiyyət qura bilmirəm.
Ola bilər. Bu istisna deyil, çünki Bəhlul müəllimin
qızı Nilufər xanım mənə bir kitab gətirir və
həmin kitab alim Bəhlul Abdullayevin 70 illik yubileyinə həsr
olunmuş bir kitabdı.
Düşünərsiniz: nə olsun, indi epey kitablar
çap olunur və alim Bəhlul Abdullayev haqqında bir
kitabdı də çıxıb, olsun çıxan min
kitabdan biri. Bu cür düşünməyə də haqq
qazandırmaq olar. O acıdan ki, həmin kitab Xəzər
Universiteti Nəşriyyatı tərəfindən çap
olunub və nə yaxşı ki, Bəhlul Abdullayev bir vaxtlar
bu universitetdə dərs demiş və onun tələbələri
(!!!!!!!!!!!!!!!!) müəllimlərinə olan müqəddəs
borcların bu cür ifadə etmişlər və yaxud bu kimin
təşəbbüsüdürsə, Allah
yardımcısı olsun.
Oxucu diqqəti
üçün deyim ki, həmin kitabda Bəhlul Abdullayevi sevən
alimlərin və sırdan insanların çox səmimi
sözləri var. Akademiklər Bəkir Nəbiyev, Teymur
Bünyadov ,alimlər İsaxan Aşurov, Qəzənfər
Paşayev, Nizaməddin Şəmsizadə, Qəzənfər
Kazımov, Axund Hacı Soltan (burada bir parantez açım: sən
demə, Bəhlul bəy də Haca getmiş və o da Hacı
titulunu qazanmış və çox layiqli olaraq qədim Bəhlul
adına bir HACI da əlavə olunmuşdur, mübarək
olsun. Zarafat üçün deyim ki, bu titul ona o əbədi
dünyada nə dərəcədə yarayır bilmirəm, biz
yeri Cənnət olsun, deyək) və başqaları Bəhlul
müəllimin həyatından maraqlı faktlarla oxucuları
tanış edir.
***
NOT: Tanımayanlar üçün
bioqrafik bilgilər birinci yazımızda.
Tofiq Abdin
Ədalət.- 2012.- 6 oktyabr.- S.15.