Valeh
Kərimov: "Yolda mənə "Moşu müəllim",
"Moşu qağa", "Şair" deyə
yaxınlaşırlar"
Xalq artisti Valeh Kərimovun Milli.Az-a müsahibəsi.
- Valeh müəllim, teatra ilk gəlişinizdən elə
Sumqayıt Musiqili Dram
Teatrındasınız... Paytaxt teatrına
gəlmək istəyiniz
heç olmadı?
- Mən 1969-cu
ildə İncəsənət
Universitetini bitirib, Sumqayıt Musiqili Dram Teatrına gəlmişəm.
Həmin
ildən bu günə kimi elə o teatrın aktyoruyam. Arada paytaxt teatrına
gəlmək istəyim
olub, amma nəsə baş tutmayıb. Ona görə də
elə öz teatrımda qalıb işləmişəm.
- Siz "Bəxt üzüyü"
filmindəki Moşu obrazı ilə tanındınız... Bu filmdən əvvəl hansısa filmə çəkilmişdiniz?
- Bu film 1991-ci ildə
çəkilib, məni
tamaşaçılar bu
film ilə tanıyırlar.
Həmin
ildə Ənvər Əblucun çəkdiyi
"Pəncərə" filmində də çəkildim. Sonra isə
Vaqif Mustafayevin "Yerlə göy arasında" filmində
çəkilmişəm. Bax belə, mənim film həyatım bundan ibarətdir. Məni filmlərə
dəvət etməyiblər.
- Həyatda da filmdəki kimi ləhcə ilə danışırsınız?
- Mən təmiz səhnə danışığı dilində
danışıram. Hər filmdə
də ləhcə ilə danışmaq düzgün deyil. Biz belə qərara
gəldik ki, mən bu filmdə
ləhcə ilə danışım. Yaxşı da
oldu. Mənim danışığımda ləhcə
hiss edə bilməzsiniz,
çünki bu aktyora yaraşan şey deyil. Mən cavanlığımda poeziya
ilə məşğul
olub, bədii gecələrdə şeirlər
ilə çıxış
etmişəm. Heç kimin
ağlına gəlməzdi
ki, bir gün
Moşu olacaq və mən bu adla tanınacağam
(gülür).
- Afaq xanımla istərdinizmi yenidən bir filmdə tərəf müqabili olasınız?
- Təkcə
Afaq xanımla yox, bütün aktyor, aktrisalarla tərəf müqabili olmaq istərdim. Mənim bütün sənətçilərə
hörmətim var. Təbii
ki, məni Afaq xanımla görüb tanıyıblar.
- Yolda
"Moşu" kimi sizə yaxınlaşanlar
olub?
- Yolda mənə "Moşu müəllim", "Moşu
qağa", "Şair"
deyə yaxınlaşırlar.
Filmdən elə sözlər
deyirlər ki, fikrə gedirəm, sonra yadıma düşür ki, bu sözü mən demişəm (gülür).
- Teatrda daha çox faciə aktyoru kimi tanınırsınız,
yoxsa komediya?
- Mən teatrda xarakterik rollar aktyoru kimi tanınıram. Teatrda ilk vaxtlar "Müsibəti Fəxrəddin"
(Fəxrəddin), "Sevil"
(Balaş), "Komsomol"
(Gəray bəy),
"Müfəttiş" (Xlestakov), "Danabaş kəndinin əhvalatları"
(Xudayar bəy), "Varlı qadın" (Sarı), "Ağa Məhəmməd şah Qacar" (Ağa Məhəmməd şah Qacar) və s. rolları oynamışam.
- Neçə
ildir İncəsənət
Universitetində dərs
deyirsiniz?
- Artıq 8 ildir ki, universitetdə
dərs deyirəm. İstedadlı tələbələrim
də var, amma təəssüf ki, sənətə gələnlər çox
az olur.
Açığı bizim
sənətdə dolanmaq
bir az
çətindir. Ona görə
də gənclər bu sənətdən qaçırlar.
- Hal-hazırda
çəkildiyiniz film, serial var?
- Hazırda
Tahir İmanovun serialında çəkilirəm.
Artıq
serialın 13 seriyası
hazırdır. Serial İsmayıllı rayonunda
çəkilir. Mən Bələdiyyə
rəisi Mirəlini oynayıram. Çətin vaxtlarda Mirəlinin yanına gəlib, kənd camaatı ondan məsləhət alır. Serial kənd həyatından, kənd camaatının güzəranından bəhs
edir.
- Ailə həyatınız haqqında
nə danışa bilərsiniz?
- İki
oğlum, bir qızım, dörd nəvəm var. Ailədə
mənim sənətimi
davam etdirən yoxdur. Heç mən də
istəməzdim ki, övladlarım bu sənətə gəlsinlər.
Çünki bu sənətin
çətinliyini görürəm.
Mən Prezident təqaüdçüsüyəm,
xalq artistiyəm, teatrda işləyib, universitetdə dərs deyirəm. Hamı axı bunları
edə bilmir. Arzu edərdim ki, bundan sonra həm
teatrda, həm də kinoda yaşıma uyğun rollar oynayım.
- Sonda istərdim ki, gənclərə, bu sənətə gələnlərə
tövsiyənizi bildirəsiniz...
- Gənclərə
tövsiyəm odur ki, tutduqları işdən möhkəm yapışsınlar. Bizim
sənətdə elə
insanlar var ki, yaşlaşıblar, sənətdə heç
nəyə nail ola bilməyiblər. Buna görə onların
özləri günahkardır.
Cavanlıqlarında o teatrdan bu teatra qaçıblar, kinonu üstün tutublar, teatr qalıb qıraqda və s. Bizim sənət onu sevmir. Gərək çoxlu şey
qurban verəsən ki, sənətdə nəsə əldə edə biləsən.
Ədalət.-
2012.- 9 oktyabr.- S.8.