DAĞLAR DAĞIMDI MƏNİM

 

Qorxuram qərib ölüm...

 

Hə, kövrək bir bayatı ilə başlayıram. Daha doğrusu, artıq başlamışam. Çünki bayatının birinciüçüncü misrası dilimdən kağıza köçüb. Amma ürəyim dinclik tapmayıb. Elə bil ağzına qədər doldurulmuş bir cismin içərisindən bayıra sızmaq üçün iynə ucu boyda bir dəlik açılıb və həmin iynə ucu boyda yerdə hələlik işıq süzülmür. Ancaq ağrı-acı, ancaq nisgil, ancaq xatirə calanır bir-birinə. Açığını deyim ki, indi "calaq" sözüurvatdan düşüb. Çünki bu günün calağı heç də hamımızın qəbul etdiyi o ilkin mənasını çoxdan itirib. İndi calaqlar da sünidi, calaq vuranlar da, calaq niyyətinə düşənlər də... Neyləmək olar, günümüzün reallığı budur...  

   Hə, mən kövrək bir bayatıya təsadüfdən üz tutmamışam. Çünki bu bayatı əvvəl folklor nümunəsi kimi ürəyimdə, yaddaşımda yer tutmuş, sonra öz dərdimə, kədərimə çevrilmişdi. Və mən də günlərin birində ayılıb gördüm ki, evimdən-eşiyimdən, doğulduğum torpaqdan, ünvanım olan bölgədən qaçqın düşmüşəm, qəriblik yaşayıram. Bax, o qəriblik də mənim yadıma həmin o bayatını saldı. Bu da təsadüf olmadı. Çünki qaçqınçılıqda dünyasını dəyişən doğmalarımın hamısının qibləsi Qarabağ oldu, əli Qarbağa tərəfə uzandı. Necə deyərlər, bu dünyadan əliuzanıqlı getdi... Bu ağrını, bu dərdi çəkmək, ümumiyyətlə, bu barədə düşünmək özüdözüm istəyir. Biz də dözə-dözə əriyir, əriyə-əriyə də dözürük...  

   1998-ci ilin fevral ayının ilk günlərindən Dağlıq Qarabağda baş qaldıran, amma illər öncəsi gizli aparılan Azərbaycan torpaqlarının işğal edilməsi istəyi gerçəkliyə çevrildi. Ermənilər bu qədim diyarın təkcə xəritəsini yox, tarixini də dəyişmək yolunu tutdular. Öncə abidələrimizdən başladılar. Qədim alban kilsələrini erməniləşdirdilər. Kəndlərimizin, bulaqlarımızın, oylaqlarımızın adlarını dəyişməyə başladılar. Şüşükənd Şuşuşena oldu... Hadrud Dizaq oldu... Çıraqlı Çiraquz oldu... Məmmədli Mammadazör oldu... və beləcə erməniləşdi kəndlərimizin adı. Biz eşitdik, oxuduq, gördük və bunların hamısına beynəlmiləlçilik donu geyindirib ermənilərin xətrinə dəymədik. Xətirlərinə dəymədiyimiz ermənilər isə Dağlıq Qarabağda at oynatmağa, yol kəsməyə, avtomobilləri partlatmağa, dinc sakinləri nişangaha çevirməyə başladılar. Zaman onların xeyrinə işlədikcə onlar da öz istəklərini bir az da alovlandırır və alovlanan istəklərinin içərisində bir az da həyasızlaşırdılar. Beləcə, artıq 1998-ci ilin fevralından heç nədən çəkinməyən, Moskvanın qanadları altında pərvazlanan Dağlıq Qarabağ erməniləri öz böyük oyunlarını mərhələ-mərhələ həyata keçirməyə başladılar. Bizim rəhbərlik isə yalnız emosiyaların qızışmasına imkan verməmək, dinc Azərbaycan insanlarının silahlarını əlindən almaqbir də Moskvanın sifarişlərini yerinə yetirmək yolunu tutdu. Təəssüf ki, bu yol bizi uçuruma aparırdı.  

   İndi həmin tarixə tərəf boylanıb baxanda o illərin qan yaddaşı doğrudan-doğruya insanın qanını dondurur, şəhidlərin, dinc sakinlərin, xüsusilə qadın, qoca və uşaqların mina qurbanlarına, qəfil hücum nişangahlarına çevrilməsi adamı sarsıdır. Çünki əliyalın insana meydan oxumaq, onun yaşam haqqını əlindən almaq təkcə düşmənçilik, namərdlik deyil, bu həm də hələ adı məlum olmayan ən böyük, ən bəşəri bir cinayətdir. Bu cinayətin paraleli, oxşarı yalnız faşistlər tərəfindən həyata keçirilir. Ermənilər də bu yolu seçdilər.   

   Bax, belə bir məqamda artıq düşmənin əli soydaşlarımızın qanına batdığı tarixi bir kəsikdə, yəni 1991-ci ilin noyabr ayının 26-da Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildi. Həmin vilayətin bazası əsasında Xocalı rayonu, Ağdərə rayonu yaradıldı. Xocavənd rayonu isə keçmiş MartunuHadrud rayonlarının bazasında rəsmiləşdirildi. Beləcə, Azərbaycan xəritəsində ərazi vahidi kimi yeni bir rayon, yəni Xocavənd rayonu yaradıldı. Çox təəssüf ki, yaradılmış rayonun öz kökləri üzərində bərqərar olması, yəni HadrudMartuni rayonlarının bütün ərazisində özünü tanıtması mümkün olmadı. Təbii ki, bunun əsas səbəbi də müharibə və işğal idi. Çünki 1996-cı ilin 26 noyabrından təqribən 1 il sonra, yəni 1992-ci ilin oktyabr ayının 2-də Ermənistan silahlı birləşmələri öz havadarlarının köməkliyi ilə Xocavənd rayonunu işğal etdilər. Bu, təkcə torpaq işğalı deyildi...   

   Mən Xocavənd rayonunun Tuğ kəndində yaşadığım illəri günbəgün, aybaay yadıma salır və gözlərimin önündən getməyən o doğma yerlərin mənzərəsi fonunda təkcə mənim yox, təkcə xocavəndlilərin yox, bütövlükdə Azərbaycanın nələr itirdiyini düşünəndə doğrudan-doğruya böyük bir sarsıntı keçirirəm. Söhbət burda Tuğun, Xocavəndin qeyri-adi mənzərəsindən, buz bulaqlarından, ormanlarından, meyvə bağlarından, hətta tut arağından getmir. Söhbət burdakı Azərbaycan tarixindən, yəni yüz illərlə yaşı olan kilsə-məsciddən, qədim insan məskənlərindən, xüsusilə Azıx mağarasından gedir. Dünyanın tanıyıb qəbul etdiyi insan məskənindən söhbət gedir. Elə bir məskəndən ki, onun adı dünya tarixinin səhifələrində insanlığın ünvanlarından biri kimi göstərilib. Zənnimcə, bu faktın özü Xocavəndin tarixi coğrafiyasını şərhsiz təqdim edir. Üstəlik, qədim Amaras kilsəsini də böyük siyahıya əlavə etsək, onda rayondakı mənzərənin, onun tarixinin qədimliyini kifayət qədər diqqətə çatdırmış olarıq.  

   Hə, Xocavənd işğal edildikdən sonra respublikanın demək olar ki, bütün ərazilərinə səpələnən sakinlər bu itkinin ilk sınağının ağrısını özləri ilə çox da yaşatmadılar. Çünki dərdə boyun əymək dərdə yıxılmaq olar. Onda ayağa qalxmaq ikiqat güc istəyir. Bunu yaxşı bilən xocavəndlilər qısa bir zamanda işğaldan qoruyub saxlaya bildikləri Dağlıq Qarabağın bir parçası olan ərazilərində məskunlaşmağa, əvvəl çadır şəhərcikləri, sonra isə dövlət dəstəyi ilə müasir qəsəbələr salmağa başladılar. Artıq Haramı düzündə xocavəndlilərin Yeni Tuğ, Yeni Qaradağlı və ya digər qəsəbələri öz görkəmi, öz infrastrukturu ilə diqqəti çəkir. Təkcə bu qəsəbələrdə səliqə ilə tikilmiş evlər, sosial obyektlər, insanlar üçün yaradılmış şərait, həyat səviyyəsini yüksəltmək üçün ayrılmış torpaq sahələri... bir sözlə, görülən hər adamların torpağa bağlılığını birə-beş artırıbdı. Açıqca görünür ki, ayağı öz torpağında olan bu insanlar daha dəyanətli, daha qürurlu, daha ağayanadılar.  

   Xocavənd rayonunun 1991-ci ilin 26 noyarından başlayan müasir tarixi özü-özlüyündə bir kitab, bir səlnamə, bir inkişafı göstərən cildlər toplumudur. Bu fikirləri mən elə-belə söz xatirinə kağıza köçürmürəm. Çünki gözlərim qarşısında baş verən, daha doğrusu, keçilən həyat yolu mənim üçün həm doğmadı, həm də mən bu yolun yolçularından, iştirakçılarından biriyəm. Özü də təkcə xocavəndli kimi yox, həm də qaçqınlığın, müharibənin bütün ağrı-acısını yaşayanlardan biri kimi. Mən bu rayonun uğrunda gedən döyüşlərdə itirdiyim doğmaları, tanışları xatırladıqca onların ruhunun nigarançılığını da anlayıram, sevincini də. O nigarançılıq böyük qayıdış üçündü... O sevinc isə digər qaçqın soydaşlarımızdan fərqli olaraq özünə aid torpağın müəyyən bir hissəsini qoruyub saxlayıb, orada tikib-qurmaq, həyatı gözəlləşdirmək, maddi sıxıntıları aradan qaldırmaq, mənəvi çalarları bir az da zənginləşdirmək üçündür.  

   Bu gün işğalından 20 il keçən Xocavənd rayonu özünün Qaradağlı faciəsinin ağırlığı altında əyilmədi. Əksinə, dünya tarixində yeri olan Xatın və Xocalı faciələri ilə eyni səviyyədə təqdim edilən Qaradağlının qisasını almaq üçün özündə cəsarət tapıb, dözüm nümayiş etdirib haqq səsini dünyaya çatdırmaq və əzəli-əbədi torpaqlarımıza qayıtmaq naminə dövlət başçısının rəhbərliyi altında qurub-yaratmağa, səfərbər olmağa qərar verdi. Bu, nəyinsə xatirinə olan adi bir qərar, istək deyil... Bu, özünə inamın, dövlətinə və xalqına inamın bəhrəsi və təntənəsidi. Təbii ki, 20 illik yol keçən Xocavənd rayonu əhalisi və ərazisi baxımından respublikanın digər rayonlarından xeyli fərqlənsə də, ancaq bu rayonun əhalisinin və rəhbərliyinin gördüyü işlər, həyata keçirdikləri tədbirlər silsiləsi göstərir ki, istənilən uğura imza atmaq olar. Təki bunu ürəkdən istəyəsən. Hətta bu istəyə çatmaq üçün ən son maddi durumu da xərcləmək mümkündü. Necə ki, bunu xocavəndlilər edirlər. Təkcə Qarabağ həqiqətləri ilə bağlı Xocavənd ictimaiyyətinin ölkə səviyyəsində gördüyü tədbirlərin miqyasını göz önünə gətirsək, onların siyahısına nəzər salsaq, beynəlxalq təşkilatların, xarici nümayəndələrin bu bölgəyə səfərlərini və bu səfərlər nəticəsində rayonun tarixi ilə, həqiqətləri ilə bağlı dünya mətbuatına çıxarılan gerçəklikləri internet saytlarında yer alan informasiyaları izləsək, onda bu 20 illik tarixin həm böyük, həm də çox qısa olduğu qənaətinə gələ bilərik. Amma ən böyük qənaətimiz bu olar ki, biz qısa zamanda böyük işlər görə bilmişik və görməkdə də davam edirik.  

   Hə, yazının əvvəlində qədim bir bayatının misralarını xatırlatdım. Təəssüf ki, o bayatıdakı həqiqət hələ ki, öz gerçəkliyində qalır. Çünki biz Muğanlıda, Qaradağlıda, Salakətində, Axulluda, Tuğda və bütövlükdə Xocavəndin bütün ərazilərində bu həyatın dadını çıxara bilmirik. Biz hələ ki, işğal altında olan torpaqlarımızın həsrəti ilə, nisgili ilə yaşayırıq. Necə deyərlər, bir gözümüz gülür, biri ağlayır. Amma əminliklə demək olar ki, biz mütləq güləcəyik. Çünki ağlamaq dövrümüz artıq tarixin o biri üzündə qalıb. İndi gülmək, qalib gəlmək haqqı, zamanı bizdədi. Necə ki, bu haqdan, bu zamandan xocavəndlilər dinc, yəni atəşkəs dövründə istifadə edirlər, qalib gəlmək, döyüşmək haqqından da mütləq istifadə ediləcək. Bu haqq bütün Azərbaycanın haqqıdır.

 

 

  Əbülfət MƏDƏTOĞLU

 

  Ədalət.- 2012.- 9 oktyabr.- S.7.