XAN QIZI NATƏVAN
Azərbaycanın
görkəmli şairəsi Xurşidbanu Natəvan 15 avqust
1832-ci ildə Azərbaycanın dilbər guşəsi, qədim
mədəniyyət mərkəzi olan Şuşada anadan
olmuşdu. Natəvanın dünyaya gəlişi ailəsinə
və Şuşa camaatına Tanrının sanki bir töhfəsi
idi. Çünki Natəvan dünyaya gələndə
Mehdiqulu xan 60 yaşında idi. Natəvan onun illərlə
gözlədiyi övladı idi. Mehdiqulu xan qızına
öz anasının adını verir. Xurşidbanu ailənin
yeganə övladı, Qarabağ xanlığının
sonuncu vərəsəsi idi. Sarayda onu "Dürrü
yekta" (yəni tək inci), el arasında isə "Xan
qızı" çağırmışlar.
Xuşidbanu ilk təhsilini dövrünün alim və sənətkarlarından
almışdır. O, həmçinin "Quran" ayələri
və dünyəvi elmlərlə yaxından tanış
olmuşdur. O, doğma dili ilə yanaşı ərəb,
fars dillərini mükəmməl öyrənmiş, klassik
şeir qayda-qanunlarının dərinliklərinə yiyələnmişdi.
Bütün bunlarla yanaşı o, çox diqqətli, fitri
yaddaşa malik olmuşdur. Mütaliə isə onun sevimli məşğuliyyəti
idi. Nadir kitablar, qiymətli əlyazmalar Xurşidbanunun
dünyagörüşünün bədii zövqünün
formalaşmasında rol oynamışlar. O, nəinki Azərbaycan
ədəbiyyatında, mədəniyyətində, hətta
ictimai həyatında da dərin izlər salmışdı.
Elə bir insanın yetişməsində əlbəttə
onun soy-kökü də böyük rol oynayırdı. Natəvan
iki böyük nəslin - Cavanşirlərin və
Ziyadoğlu Qacarların qanını daşıyırdı.
Xurşidbanun fitri istedadının üzə
çıxmasında Şuşa ədəbi mühiti
böyük rol oynamışdı. Natəvan şairliklə
yanaşı, istedadlı rəssam da olmuşdu. Onun bədii
tikmələri "Gül dəftəri" buna sübutdur.
O rəssamlıqla məşğul olmuş, nəfis əl
işləri, müxtəlif janrda tikmələr
bacarağına da yiyələnmişdi. O, naturadan çəkməyə,
obyekti birbaşa təsvirə üstünlük verir, real rəssamlıq
nümunələri yaradırdı. Onun çəkdiyi
"Gül", "Ağac", "Budaq",
"Üzüm salxımı", "Ev",
"Çiçək" rəsmləri təbii, inandırıcı
və lirikdir.
Xurşidbanunun həyatında yaddaqalan tarixi hadisələrdən
biri də böyük fransız yazıçısı
Aleksandr Düma ilə Bakıda görüşüdür.
Düma xatirələrində belə yazır: "Mənim dəvət
olunduğum evdəki məclisdə iki tatar (azərbaycanlı)
knyaz qadını və kiçiyinin əri iştirak edirdilər.
Açıq deməliyəm ki, onlar gəlişimizi səbirsizliklə
gözlədiklərindən bizi sevinclə
qarşıladılar. Knyaz qadınlarından biri
Qarabağın son hakimi Mehdiqulu xanın arvadı, digəri
qızı idi. Anasına 40, qızına 20 yaş vermək
olardı. Hər ikisi milli paltar geyinmişdi. Qızı bu
bahalı, həm də zərif paltarda olduqca cazibədar
görünürdü. Öz anası kimi geyinmiş
üç-dörd yaşlı qız uşağı təəccüb
doğuran iri gözləri ilə bizə baxırdı. Həmçinin
5-6 yaşlı oğlan nənəsinin dizi üstündə
oturub, instinktiv olaraq, hər cür təsadüfə hazır
vəziyyətdə öz xəncərinin dəstəyindən
yapışmışdı... İki tərəfi də iti
olan həqiqi xəncəri fransız ana heç vaxt
uşağının əlinə verməz. Heyrət edirəm
ki, (azərbaycanlı) analar üçün bu, uşaq
oyuncağı idi. Ataları knyaz Xasay xan Usmiyev... Andreyevo kəndində
doğulmuş, 35 yaşlı, yaraşıqlı, məğrur
bir kişi idi. Fransızca əsl parisli kimi
danışırdı. O, əyninə qara kostyum geymiş,
başına zərlə işlənmiş sivri uclu şapka
qoymuşdu. Belindən fıl sümüyündən dəstəyi
və qızıla tutulmuş qını olan xəncər
asılmışdı".
Natəvan
öz xeyriyyəçiliyi və xeyirxahlığı ilə
Şuşa əhalisinin qəlbinə yol
tapmışdı.
1973-cü ildə Şuşaya su kəməri çəkdirmiş,
bu kəmər "Xan qızı bulağı" adı ilə
məşhur olmuşdu. O, hətta Araz çayından Mil
düzünə su çəkmək təşəbbüsünü
irəli sürmüşdür. Deyilənlərə görə,
Natəvandan kömək istəyən heç bir insanın əlini
boş qaytarmamışdır. Köməksizlərin həmişə
köməyi olmuşdur. Ona görə Şuşa əhli onu
ürəkdən sevmiş və dərin hörmət bəsləmişdi.
O,
yaradıcılığa 1850-ci illərdən ənənəvi
şərq mövzusu və şeirlərlə
başlamışdı. Qəzəllərində məhəbbət,
insani gözəlliklər, təbiət gözəllikləri
əsas yer tutur. Füzuli yaradıcılığından bəhrələnən
şairə insani keyfiyyətləri hər şeydən uca
tutmuş, bu dünyanın fani olmasına inanmışdı.
Natəvan yaradıcılığı boyu Füzulinin poetik
cazibəsindən uzaqlaşa bilməmişdi.
Yenə,
ya rəbb, nə qəmgindir mənim bu şad olan
könlüm,
Rümuzi-eşqdən ağah olub, ustad olan
könlüm.
Görübdür yari əğyarə olubdur məhvi-nəzzarə,
Edibdir
sinəsin parə, mənim abad olan könlüm.
Niyə
peymanədən keçdin, niyə zəncirdən
qaçdın?
Nədəndir
çöllərə düşdün, mənim bərbad
olan könlüm?
Fəraqin
ruzi-matəmdir, sərasər möhnəti-qəmdir,
O
zülfün kimi dərhəmdir, mənim azad olan
könlüm.
Baxın bu
Natəvan zarə, günü bəxti kimi qarə,
Gəzər
Məcnun tək avarə, mənim naşad olan könlüm.
Klassik
şeirlə yanaşı, aşıq
yaradıcılığı da Natəvan irsində
özünəməxsus yer tutur. XVI əsrdə
yaşayıb-yaradan Qurbanidən bu günə qədər bir
çox şairlər, ustadlar baharın elçisi olan bənövşə
gülü haqqında şeirlər yazmışlar. Ətirli,
zərif olduğu qədər də vəfalı, sevimli olan
bu çiçək nakamlıq rəmzi kimi də
tanınır. Səma rəngli bu gülün çöldə,
qayaların, kolların dibində bitməsi gülşəndən
küskünlük kimi mənalandırılır. Bənövşə
boynu bükükdür, çünki aşiqi vəfasızdır.
Bənövşə ətirlidir. Ətri yarın
zülfünün ətrini xatırladır. Natəvan bənövşə
kimi kövrək, qəmli hisslərini "Bənövşə"
şerində belə dilə gətirir:
Fələk rənginə bənzər
bu bənövşə,
Tutub səhraları
hərsu, bənövşə!
Neçün gülşənlərin tərkin
qılıbsan?
Düşübsən çöllərə dilcu, bənövşə!
Belə qəddin
bükülmüş, pirlər tək,
Deyirsən
sübhü şam yahu, bənövşə!
Səni
şövqi-bahar aşüftə qılmış,
Çəkər
aşiq olan qayğu, bənövşə!
Dilər ətrin
könül badi-səbadan,
O
zülfi-yar tək xoşbu bənövşə!
Xurşidbanu Qarabağda fəaliyyət göstərən
ədəbi məclis - məclisin yaradıcıları Mirzə
Rəhim Fəna və Hacı Abbas Ağəh olmuşdur. Məclis
1972-ci ilə qədər adsız fəaliyyət göstərmişdir.
Həmin ildən ədəbi məclisə Xurşidbanu Natəvan
rəhbərlik etmiş və məclis öz fəaliyyətini
Qarabağ xanının sarayına köçürərək,
davam etdirmişdir. "Məclisi-üns" - dostluq-ünsiyyət
məclisi mənasını ifadə edir. Məclisin
yığıncaqlarında şairlərlə yanaşı,
musiqi xadimləri də iştirak etmişdir. Musiqi məclisi
daha da canlandırmış, müzakirələrin məzmununa
ciddi təsir göstərmişdir. Rəvayətlərə
görə Xurşidbanu Natəvan narı dənələtdirib
buzxanaya tökər və əmələ gələn
narlı buz parçalarını "Məclisi-üns"
yığıncaqlarında süfrəyə verdirərmiş,
buz parçasındakı nar dənələri şam
işıqları altında yaqut kimi parlarmış. Bu da məclisə
daha da gözəlləşdirirmiş. Məclisdə
Şuşa ziyalıları Natəvanın başına
toplaşıb, əlaqəli ədəbi-elmi söhbətlər,
fikirlər mübadilələri aparmışlar. Bu dövrdə
məclisin 30-dan artıq üzvü olmuşdur. Görkəmli
ədəbiyyatşünas Firudin bəy Köçərli
yazmışdı: "Xüsusən Qarabağ şairləri
nəhəng qartallar kimi Şuşa dağlarının poetik
zirvəsində məskən salaraq, öz fövqlərindən
poeziyaya ton vermişlər". Təxminən iyirmi ilə qədər
Xurşidbanu məclisə rəhbərlik etmişdi. "Məclisi-üns"
ədəbi məclisində yaranan əsərlər Azərbaycan,
fars və cığatay dillərini əhatə etmişdi. Məclisdə
Şərq şeirinin poetik özəllikləri öyrənilmiş,
Nizami, Xəqani Şirvani, Qətran Təbrizi, Füzuli, Nəsimi,
Xətai kimi klassiklərdən tərcümələr
edilmiş, onlardan bəhrələnmişlər. Məclisdə
deyişmələr və bu deyişmələrin özünəməxsusluğu
diqqəti cəlb edir. Bu bədahətən deyişmələr
dövrümüzə qədər gəlib
çatmışdı.
Natəvan:
Kaş əzəldən gəlməyəydim, ey fələk
dünyayə mən,
Kəminə:
Gəldiyim gündən əsirəm bir quru sevdayə mən.
Fəna:
Vermişəm dil, bağlayıb bel bir vəfasız dilbərə,
Növrəs:
Salmışam billah, bəlasız başımı qovğayə
mən.
Nəzən:
Əhli-aləmdə, könül, nə sidq vardır, nə
səfa,
Məxfi:
Mehirsizdirlər sərasər, kimsədə yoxdur vəfa.
Təbib:
İndi ki, var dustaqlarda hiyləvü-kizbi-riya,
Aşıq: Nə görəydim hiyləni, həm də
düşəydim vayə mən.
Diqqətinizə
çatdırmaq istəyirəm ki, deyişmədə
iştirak edən Fatma xanım Kəminə 1842-ci ildə
Şuşada anadan olmuş, 1898-ci ilin sentyabrında
Şuşada vəfat etmişdir. Çox istedadlı şairə
olmuşdur "Məclimsi-üns"ün üzvlərindən
olmuşdu. Natəvanın yolunu davam etdirmişdir. Mənbələrdən
aydın olur ki, Fatma xanım Kəminə "Qarabağın
üçüncü şaireyi-möhtərəməsidir".
Vəfatından sonra da qəzəlləri sevilə-sevilə
oxunmuşdur.
Qızı Xanbikə xanım da anasının yolunu
davam etdirmiş, qəzəllər və rübailər
yazmışdı. Xanbikə xanımın bir neçə qəzəli
Vasif Quliyevin "Dünənə uzanan cığır"
kitabında çap olunmuşdu. O, həmçinin "Məclisi-üns"ün
üzvlərindən biri olmuşdur.
Öz
gözəlliyi ilə dillər əzbəri olan Xurşidbanu
həyatda öz xoşbəxtliyini tapa bilməmişdi.
Xurşidbanu özünə "Natəvan"
sözünü (yəni kimsəsiz, köməksiz) təxəllüs
götürmüşdü. Tale onu qəribə sınaqlarla
üz-üzə qoymuşdu. Natəvanın
yaşadığı dövrdə xarici və daxili vəziyyətin
ciddi surətdə gərginləşməsi, xan ailələri
üzərində nəzarəti gücləndirmiş və
Xurşidbanu Xasay bəy Usmubəylə izdivaca məcbur
edilmişdi. Bəzilərinə görə isə Vorontsovun
şəxsi yavəri Xasay bəy Tiflisdə onlara mülk
iddialarında kömək göstərmiş və bunun
müqabilində Xurşidbanuya evlənmək təklifi
etmişdir. 1850-ci ildə Xasay bəy Şuşaya gəlib toy
etmiş, sonra isə Xurşidbanunu Dağıstana doğma kəndinə,
oradan da Tiflisə aparmışdır. 18 yaşlı Natəvan
həyatının çiçək açdığı
bir dövrdə vətənindən uzaqda yaşamağa məcbur
olmuş, çox vaxt tək qaldığı
üçün sıxılmış, qəriblik çəkmişdi.
Gənc ailənin bir müddət övladları
olmamışdı. Bu da Natəvana bir dərd idi. Deyilənlərə
görə, Natəvan müqəddəs ocaqlara ziyarətə
getdikdən sonra (1854-cü il Bakının Şıx kəndindəki
Bibixanım məscidi) 5 il tamamında onun bir oğlu
dünyaya gəlir. Adlını Mehdiqulu qoyurlar (1855). Sonra isə
qızı Xanbikə (1856) dünyaya gəlir. Amma Xasayın
Natəvanla bu ailə münasibəti çox uzun çəkmir.
Natəvan xəstələndiyi üçün Şuşaya
gəlir, bir müddət orada yaşayır. 1861-ci ildən
Natəvanın anası Bədircahan bəyim vəfat edir. Ailənin
bütün ağırlığı şairənin üzərində
cəmləşir. O, xanlığın ixtiyarında olan kəndləri,
yaylaq yerlərini zavod və dəyirmanlarını təkbaşına
idarə etməli olur. Bütün bu ağırlıq zəif
bir qadın çiynində yüklənir. 1864-cü ildə əri
Xasay ailəsini Şuşada qoyub, vətəninə
qayıdır, 1866-cı ildə isə özünü orada
öldürür. Bədxah insanlar bu hadisədən sonra Natəvan
haqqında mənasız, yersiz söz-söhbətlər,
heç bir əsası olmayan böhtanlar
danışırlar, hətta onun xeyirxah əməllərinə
dodaq büzürlər. Şairəni ləkələmək,
el arasında gözdən-nüfuzdan salmaq istəyirlər. Gənc
və gözəl Natəvan bütün bunları
özünə dərd etsə də, xeyirxah əməllərinin
- körpü, yolların salınması, məktəb və
məscidlərin tikilməsi, köhnə binaların təmiri
kimi xeyirxah işlərini davam etdirir. Başı nə qədər
bu işlərə qarışsa da, bütün bu
haqsızlıqlar bir qadın qəlbini incidir, bu
ağrılar göz yaşına çevrilib, yanağı
boyunca süzülürdü. Bütün bu söz-söhbətlərə
son qoymaq üçün 1869-cu ildə Natəvan Seyid
Hüseyn adlı kasıb bir Şuşalıya ərə
gedir. Hüseyn diribaşlığı, əməksevərliyi,
mədəni davranışı ilə bir çox cavanlardan
seçilirdi. Bütün bu müsbət keyfiyyətləri
ilə o, Natəvanın qəlbinə yol tapa bilir. Evləndikdən
sonra təsərrüfat işlərinin bir çoxunu öz
üzərinə götürür. Natəvanın bü
evlilikdən - Mirabbas adlı oğlu dünyaya gəlir. Amma təəssüf
ki, o ağır xəstələnir, 17 yaşında vəfat
edir. Övladının vaxtsız ölümü, onsuzda dərin
iztirablar, mənəvi böhranlar keçirən anaya
ağır bir dərd olur. Şairə "Ağlar",
"Əfsus", "Getmə" rədifli qəzəllərini
oğlunun ölümünə həsr etmişdi. O, bu dərdən
xəstələnərək yatağa düşür. Səhhəti
bir qədər yaxşılaşdıqdan sonra Tiflisə
gedir, orada müalicə olunur. 1888-ci ildə Natəvan yenidən
müalicə almaq üçün Tiflisə gedir. Bir il orada
qalıb, yenidən Şuşaya qayıdır. Amma səhhəti
get-gedə daha da pisləşir, günlərlə, hətta həftələrlə
xəstə yatır. 1891-ci ildə isə həyatın daha
amansız bir zərbəsi ona dəyir. Əri vəfat edir. Bu
onun səhhətinə daha da pis təsir edir, çətin vəziyyətini
daha da ağırlaşdırır. Elə bu illərdə
evində xeyirxah məqsədlər üçün
ayırdığı bir sandıq qızıl pul və qiymətli
əşyaları oğurlanır. Bu hadisə Natəvanın
Arazdan Mil düzünə çəkdirməyə
başladığı arxın Kənkərli məntəqəsində
yarımçıq qalmasına səbəb olur. Həyatının
son illəri daha ağırlı və qüssəli
keçmişdi. Yararlı torpaqları, yaylaqları əlindən
çıxmış, borca düşmüşdü. Deyilənlərə
görə maddi çətinlik üzündən ev əşyalarını,
evini, mülklərini, bağını, zinət əşyalarını
satışa çıxarmışdı.
Natəvan
1897-ci il oktyabrın 1-də Şuşada vəfat etmişdir.
Şuşa camaatı hörmət əlaməti olaraq şairənin
cənazəsini Şuşadan Ağdama qədər
çiyinlərində aparmış, Ağdamda "İmarət"
deyilən ailə qəbristanlığında dəfn
olunmuşdu. Onun ölümü ziyalıların, şairlərin,
ədiblərin kədərlənməsinə səbəb
olmuş, Məhəmməd ağa Müştəri, Mirzə
Rəhim Fəna və başqaları Natəvanın
ölümü münasibəti ilə mərsiyələr
yazmışlar.
İllər
keçsə də qəbirbilən Azərbaycan xalqı onu
unutmamış. Adına küçə, kitabxana. məktəblər
vermişlər. Bakıda heykəli, Şuşada büstü
ucaldılmışdı. Xan qızının əlyazmaları,
şəxsi geyimləri, əşyaları arxiv və muzeylərdə
saxlanılır. Çox sevindirici haldır ki, Azərbaycan ədəbiyyatının
inkişafında xüsusi rol oynamış Xurşidbanu Natəvanın
180 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Prezidenti Sərəncam imzalamışdır.
Xədicə
İsgəndərli
Ədalət.-
2012.- 10 oktyabr.- S.5.