Milli antiutopiya
Şəbnəm
Karslının "2087-ci il" romanı haqqında qeydlər
Ədəbi zövqünə
inandığım dəyərli dostum Kənan Hacı Şəbnəm
Karslının "2087-ci il" romanını çap
olunmamışdan qabaq xeyli təriflədiyi üçün,
kitab çap olunar-olunmaz bu kitabı alıb oxumaq niyyətində
idim. Çünki Kənan bir əsər haqqında
yaxşı deyirsə, deməli həmin əsərdə
mütləq yaxşı nə isə var. Onun mütaliəsinə,
zövqünə bələdəm. Bilirəm ki, hansısa zəif
əsəri yalandan tərifləməz. Nə isə, əsərin
çapını maraqla gözləsəm də, kitabın təntənəli
təqdimatına qatıla bilmədim və beləliklə də
yenicə çapdan çıxmış kitabı isti-isti
oxumaq imkanım olmadı.
Amma kitabın
çıxdığı ərəfələrdə Şəbnəmlə
dostluq münasibətlərimizin təməli qoyuldu. Şəbnəm
hər dəfə kitabı oxuyub-oxumadığımı
soruşanda utanırdım. Neçə ay idi ki, kitabı
almağa fürsətim olmamışdı. Təxminən bir
ay əvvəl kitab mağazasından kitabı alıb,
böyük həvəslə və ümidlə oxumağa
başladım.
"2087-ci il" - ciddi
təəssürat yaradan
roman
İlk səhifələri çevirə-çevirə yazacağım
yazını da beynimdə hazırlayırdım.
Yazının ilkin variantı belə başlayacaqdı: "Dostum
Şəbnəmin Oruelin
"1984" əsərinin təsiri ilə qələmə aldığı
roman..." Yaxşı ki, tələsməmişəm.
Çünki bu yaxınlarda
Şəbnəmlə görüşdüm
və roman haqqında
fikirlərimi bölüşmək
imkanım oldu. Şəbnəm etiraf etdi ki, "2087-ci il" çap olunduqdan sonra Corc Oruelin
"1984" romanını oxuyub. Beləliklə,
yazının ilkin variantının beynimdə
yazılmağa başlayan
birinci hissəsi avtomatik olaraq "delet" komandası ilə yoxa çıxdı...
və yeni yazı yaranmağa başladı.
Müəyyən kriteriyalarına görə
Şəbnəm Karslının
"2087-ci il" romanını
antiutopiya-roman janrına
aid edə bilərik.
Dünyada bu janrın ən populyar nümayəndəsi
Corc Oruel olduğu üçün,
mən "2087-ci il"
romanını məhz
Corc Oruelin
"1984" romanı ilə
müqayisə edirəm.
Hər iki müəllifin romanında dünya üç qütbə bölünüb və hadisələr bir-birinə
müəyyən qədər
bənzəyir. Antiutopiya janrına
Şəbnəm Karslıdan
əvvəl, tanınmış
nasirimiz Pərviz Cəbrayıl da "Yad dildə" romanında müraciət
edib. Hətta bəzi tənqidçilər
və bloggerlər Pərviz Cəbrayılın
"Yad dildə" romanını "milli antiutopiya" adlandırır.
Bu baxımdan Şəbnəmin
də romanını
"milli antiutopiya"ya
aid etmək olar. Məncə romanın yazıldığı
janr və müqayisə edə biləcəyimiz əsərlər
olduqca ciddidir. Yəni əsərin təhlilinə
keçməmişdən öncə,
onun yazıldığı
janr və müqayisə edə biləcəyimiz əsərlər
roman haqqında kifayət
qədər ciddi təəssürat yaratmağa
imkan verir.
"2087-ci il" antiutopiyadırmı?
"2087-ci il"
romanını antiutopiya-roman
janrına aid əsər
kimi təhlil etməzdən öncə,
bu janrın əsas xüsusiyyətlərinə
nəzər salaq:
-Romanda xəyal gücü ilə qurulan cəmiyyətə müəllif
yaşadığı cəmiyyətdə
barışmadığı cəhətləri proeksiya
edir.
-Antiutopik cəmiyyət təcrid edilmiş təsvir olunur.
-Antiutopik cəmiyyətə xas olan neqativ cizgilər
elə təsvir olunur ki, oxucuda
dəhşət hissi
yaratsın.
"2087-ci il" romanında müəllif Çin Xalq İmperiyasının
tərkibindəki parçalanmış
Azərbaycan cəmiyyətinə
müasir Azərbaycan
cəmiyyətində barışmadığı,
qəbul etmədiyi detalları açıq-aşkar
proyeksiya edib. Çin Xalq İmperiyasının
tərkibindəki Azərbaycan
bugünkü Azərbaycan
cəmiyyətinə çox
bənzər, bəzi
hallarda oxşardır.
Eyniyyətlər və paralellər
olduqca diqqətçəkəndir.
Günümüzün Azərbaycanın problemləri "2087-ci il"dəki
Azərbaycana çox
bənzəyir. Cəmiyyətimizin
müxtəlif dünyagörüşünə
məxsus partiyaları,
QHT-ləri, yazar birlikləri ilə Osmanlı İslam İmperiyası ilə, Çin Xalq İmperiyası arasında
bölünmüş Azərbaycan
arasında çox böyük bənzərlik
var. Deməli, əsərə
antiutopik-roman demək
üçün əlimizdə
bir əsasımız
var. 200 ildən artıqdır
ki, parçalanmış
Azərbaycan, "2087-ci il"
romanında da parçalanmış durumdadır.
200 il öncə
Rusiya imperiyası ilə İran arasında bölünən
Azərbaycan bu romanda da iki
böyük imperiya arasında bölünür.
Bu dəfə tərəflər daha böyük ərazilərə
malik, xəyali də olsa dünyanı
bölüşdürmüş imperiyalardır. Nədənsə bu detal mənə
olduqca həqiqi bir bölgü təsiri bağışlayır.
Hadisələr Çin Xalq
İmperiyasının Gəncə
şəhərində baş
verir. Mirasın və babasının gündəliklərindən bəlli
olur ki, əsərin əsas qəhrəmanı Mirasın
yaşadığı Çin
Xalq İmperiyası, eləcə də digər imperiyalar və onların tərkibindəki cəmiyyətlər
təcrid olunub və biri digəri
haqqında yanlış
məlumatlara malikdir. Mirasın sevgilisi, Amerika Demokratik imperiyasından Gəncəyə araşdırma
aparmaq üçün
gəlmiş Eleni kifayət qədər açıq fikirləri ilə günümüzün
amerikapərəst intellektuallarını
xatırladır. Miras və
Elenin söhbətlərindən
aydın olur ki, indiyə qədər təcrid olunmuş cəmiyyətlərdə
yaşayan ziyalılar
qonşuları olan imperiyalar haqqında olduqca yanlış məlumatlara sahibdirlər.
Maraqlı detallardan biri
də, Eleninin mühacirətə getmiş
amerikapərəst ziyalılardan
birinin övladı olmasıdır. Bu baxımdan Mirasın rusiyapərəst valideynləri
də diqqətimizi çəkir. Romanda haqqında
bəhs oluna Böyük Xaos Dövrü və bu dövrdə parçalanan Azərbaycan
məsələsi, Azərbaycanda
illərdir gedən proseslərin məntiqi sonucu kimi oxucuya
olduqca inandırıcı
görünür.
"2087-ci il" romanında təsvir olunan imperiyaların vəziyyəti
istər-istəməz oxucuda
dəhşət hissi
yaradır. Üçüncü
Dünya müharibəsi
bitdikdən sonra bağlanan "Kiyev sülh müqaviləsi",
eləcə də Mirasın və babasının gündəlikləri
oxucuda dəhşət
hissi yaradır. Eyni zamanda Mirasın babasının gündəliklərində
bəhs olunan hadisələri saf-çürük
etdikdə dəhşətə
gəlməyə bilmirsən.
Deməli, "2087-ci il" romanı antiutopik-roman janrı üçün əsas xüsusiyyətləri
özündə birləşdirə
bilib.
Bəzi başqa detallar
Əsərdəki sevgi xətti
kifayət qədər
canlı təsvir edilməyib. Şəxsən müəllif məni, Miras və Eleninin
sevgisinə inandıra
bilmir. Mən bunu çatışmayan
detal kimi, müəllifin diqqətinə
çatdırmaq istərdim.
Məhz bu detal oxucu kimi
mənə imkan verdi ki,
əsərin sonluğunu
təxmini də olsa beynimdə canlandıra bilim.
Əsərdə insan faktoru olduqca diqqət çəkicidir. Hətta yazıçının
təxəyyülünün məhsulu olan antiutopiyada da, insan informasiyanın əsiridir. İllər keçir və
insanın informasiya uğrunda apardığı
savaş səngimək
bilmir, bütün dəhşəti ilə davam edir. Yenə də casusluq, xəbər əldə etmək üçün savaş davam edir. Elə məhz bu detal, Mirasın məhvini sürətləndirir.
Əsərdə çinli Jianyinq
obrazı mənim əsas qəhrəmanlardan
daha çox diqqətimi çəkdi.
Bircə
bu obrazla müəllif dünyanı
təhdid edən Çin təhlükəsinə
diqqəti yönəldə
bilib.
Jianyinqin atası müharibə
vaxtı mühüm xidmət göstərmiş
çinlidir. Lakin bir
gün əzilən, haqq səsi boğulan uyğurlar tərəfindən öldürülərək
cəsədi evlərinin
qapısına tullanılır.
Bu hadisə Jianyinqin
həyatını kabusa
çevrilir.
Bu travmadan
Jianyinq qatı bir türk düşməninə
çevrilir və əlinə düşən
hər imkanda türkləri baltalayaraq öldürməyə başlayır.
Jianyinqin
növbəti qurban kimi Elenini seçsə
də istəyinə çata bilmir.
Müəllifi bu obrazı
çox canlı yaradıb.
Əsərdə diqqətimi çəkən
bir məqam da, müəllifin İslama olan münasibətidir. Açıq-aşkar
hiss olunur ki, müəllifin islama böyük simpatiyası
var. Məncə bu detal gələcəkdə
də tənqidçilərin
və oxucuların diqqətini çəkəcək.
Əsər antiutopiya-roman janrının
tələblərinə nəzəri
cəhətdən tam olaraq
cavab versə də, müəllifin tələskənliyi və
təcrübəsizliyi istər-istəməz
özünü göstərir.
Roman bitkin əsər
təsiri bağışlamır.
Xüsusilə sevgi xətti
olduqca xaotikdir. Mənə elə gəlir ki, Eleninin ərinə,
Mirasın Eleniyə yazdığı məktublar
müəllifin sevgiyə
xaotik münasibətinin
göstəricisidir.
Bütün uğurları və
qüsurları ilə
birlikdə Şəbnəmin
ilk roman cəhdi təqdirəlayiqdir.
Məncə bu əsər gələcəyin
böyük romanlarının
müjdəçisi ola bilər. Etiraf edək ki, son dövrlər gənc həmkarlarımız tərəfindən
qələmə alınan
saysız-hesabsız romanlar
içində dostumuzun
bu romanı fərqlidir. Ən azından
janr və üslub, təhkiyə forması, yanaşma və dünyagörüşü
müəllifin bazasının
güclü olduğunun
göstəricisidir. Mən bir
oxucu kimi, bu romanın ardının yazılmasını
arzu edirəm. Çünki belə bir mövzunun "bədxərclik"lə
istifadəsi məni qane etmir. Hər halda Şəbnəmin də bir qələm
adamı kimi gələcəklə bağlı
düşüncələri və planları olmamış deyil. Ümid edirəm ki, sevimli dostum növbəti əsərlərində
daha böyük uğurlar qazanacaq.
Cəlil Cavanşir
Ədalət.- 2012.- 12 oktyabr.- S.5.