"Əhali
ideoloji cinahlara meyl etməkdən uzaqlaşıb"
Fazil Mustafa: "Daha ağlabatan mövzularda müzakirələrin
təşkili və hakimiyyətin bura cəlb olunması
lazımdır"
- Fazil bəy, bu günlərdə
AŞPA-nın tədbirində iştirak etmisiniz. Bu sessiyada
müzakirə olunan məsələlər barədə nələri
deyə bilərsiniz?
- Sessiyada çox gərgin müzakirələr oldu. Əsasən
iki məsələ üzərində daha çox müzakirələr
aparıldı. Bunlardan birincisi siyasi məhbus
meyarlarının müəyyən olunması, ikincisi isə
Ramil Səfərovla bağlı məsələ idi. Hər
iki məsələdə hiss olunan bu idi ki, Avropanın
qurumları, ayrı-ayrı şəxsləri Azərbaycana
qarşı çox sərt və müəyyən dərəcədə
təzyiq formasında münasibətlərini çözmək
üçün bu mövzulardan istifadə olundu. Hətta
başqa ölkələrin deputatları da söylədilər
ki, siyasi məhbuslarla bağlı problem bütün ölkələrdə
- Rusiyada, Ermənistanda və s. ölkələrdə var.
Burada isə yalnız Azərbaycanın adı çəkilirdi.
Bəlli idi ki, hazırlıqlı kampaniya aparılır. Təbii
ki, demokratiya nöqteyi-nəzərindən başqa ölkələrdə
olduğu kimi, Azərbaycanda da müəyyən
çatışmazlıqlar, problemlər var. Hamıya eyni
standartlar olmadığına görə hiss olunur ki, qəbul
edilən qərarlar gələcəkdə Azərbaycan
üçün müəyyən narahatlıq yaratmaq məqsədi
güdür. Siyasi məhbuslar məsələsində Azərbaycan
nümayəndə heyətinin təklifi o idi ki, bu məsələlər
Avropa İnsan Haqları Məhkəməsində konkret insan
haqları predmeti kimi ələ alınsın, konkret müddətlər
qısaldılsın. Amma bundan imtina edildi. Qəbul edilən sənəd
ciddi problem yaradacaq. Biri var məhkəmənin qərarı
hamı üçün məcburidir, onu həyata keçirməyə
bütün ölkələr borcludurlar. Biri də var ki,
AŞ-ın hansısa şəxsi siyasi məhbus elan etməsi
komitədə müzakirəyə çıxarılır. Səs
çoxluğu qazanmadısa, onun siyasi məhbus adı
alması məsələsi xeyli ləngiyir.
Ramil Səfərov məsələsində
ermənilər çox sərt mövqe nümayiş etdirdilər.
Hətta siyasi məhbus məsələsində erməni
deputat Rustamyan açıq şəkildə bildirdi ki, biz bu qərarı
ona görə dəstəkləyəcəyik ki, bundan sonra Azərbaycana
ciddi təzyiqlər başlayacaq. Maraqlısı odur ki, siyasi
məhbus kateqoriyasına ən çox daxil olan insanlar Ermənistandadır.
Hətta onların müxalifət nümayəndəsi də
bildirdi ki, Ermənistanda Levon Ter-Petrosyanın tərəfdarlarının
müəyyən bir hissəsi həbsdə yatır. Onlar
siyasi baxışlarına görə həbsdədir. Biz Ramil
Səfərovla bağlı məsələdə Ermənistana
qarşı əks arqumentlər qoyduq. Ermənistanın
AŞ üzvü olandan sonra Parisdə aeroportu
partlatmış terrorçunu necə Milli Qəhrəman elan
etməsi və s. arqumentləri dilə gətirdik. Bu məsələdə
qərar qəbul edilmədi. Düşünürəm ki, bu,
ermənilərin könlünü almaq üçün
AŞ-da açılan müzakirə idi. Məncə,
artıq bu məsələ öləziməyə
başladı. Ramil Səfərov məsələsi Avropa məkanında
siyasi sui-istifadə olma predmeti olmaqdan çıxır.
- Sizin məlum video qalmaqalı ilə
bağlı məsələyə münasibətinizi bilmək
istərdik. Sizcə, bu, parlamentin imicinə nə dərəcədə
ziyandır?
- Bu məsələ mürəkkəb
formada həllini tapmadı. Gülər Əhmədovanın
özünün ərizə yazması problemin asan yolla həllinə
imkan verdi. Təbii ki, istintaq gedir və istintaqda müəyyən
addımlar atılmalıdır. Çünki kimliyindən
asılı olmayaraq qanun qarşısında hamı bərabərdir.
Araşdırılmadan, istintaq başa çatmadan hansısa
şəxsləri konkret adla tanıtmaq doğru deyil. İstər
müxalifət, istər iqtidar olsun. Görüntülərin
saxta olmadığı da bəlli oldu. Elşad Abdullayev
bildirdi ki, o videoları beynəlxalq ekspertizaya göndəriləndən,
rəyi alandan sonra təqdim edib. Belə olan halda dələduzluq
iddiası ilə müəyyən məsələlərin
başa çatdırılması zəruri olacaq. Bunun
parlamentin imicinə təsiri, parlamentin buraxılması ilə
bağlı müəyyən fikirlər səslənir. Məgər
"Azadlıq" qəzetinin direktorunun nalayiq hərəkətinə
görə "Azadlıq" qəzeti dayandımı? Yaxud
onlarla belə hadisə olur. Məsuliyyət fərdidir. Milli Məclis
süddən çıxmış ağ qaşıq deyil
ki... Əgər partiya bunu müdafiə edirsə, israrla gizlədirsə,
prokurorluq orqanları yayındırıcı addım
atırsa, onda bu məsələnin üzərinə getmək
olar. Əgər konkret addımlar atılırsa, onda niyə
şübhələnməliyik? Cinayət işinin prezidentin
də nəzarəti altında olduğunu nəzərə
alsaq, deyə bilərik ki, hakimiyyət özü məsələyə
reaksiya verib. Prezident Administrasiyasının rəhbəri də
açıq şəkildə fikrini bildirib və deyib ki, dələduz
kimliyindən asılı olmayaraq cəzalandırılmalıdır.
- Bir hüquqşünas kimi nə
deyə bilərsiniz - cinayət işi doğru maddə ilə
açılıb?
- Məncə, doğrudur. Əgər
Elşad Abdullayev deputat seçilsəydi, bu, rüşvət
alma sayılırdı. Amma alınan vəsait müqabilində
deputat seçilməsi mümkün olmayıbsa, artıq bu, dələduzluq,
etibardan sui-istifadə etmədir.
- Bir qrup dindarın Təhsil
Nazirliyi qarşısında hicabla bağlı keçirdiyi
aksiyaya münasibətinizi bilmək istərdik...
- Mən orta məktəblərdə,
xüsusilə də Bakıxanov qəsəbəsində hicab
məsələsi ilə bağlı məktəb
direktorları ilə söhbət etmişəm. Heç bir
problem yoxdur. Baxmayaraq ki, əvvəllər hicablı
azyaşlı uşaqların sinfə buraxılmasında
müəyyən problemlər olurdu. Problem olmadığı
halda birdən-birə belə bir aksiyanın keçirilməsi
ilə bağlı iki variant ola bilər. Birincisi odur ki insanlar
kəskin addım ataraq hicabın bir qərarla
tanınmasına çalışırlar. Bu
inandırıcı deyil. Səmimi dindarlar bu cür səbirsiz
və zorakı üsullardan heç vaxt istifadə etmirlər.
İkincisi isə hansısa xarici qüvvələrin
birbaşa tapşırığının olmasıdır.
Aksiya "bu ölkədə bizim gücümüzü
nümayiş etdirin, əlinizə dəyənək
götürüb savaşın" təlimatını
xatırlatdı. Açıq-aşkar aqressiv
çıxış idi. Bu onu göstərir ki, dindarlarla
bağlı məsələ deyil. Xüsusi
hazırlanmış və məqsədyönlü aksiya idi.
Amma bu aksiya başqa bir problemi, xüsusilə dini qurumlarla
bağlı fəaliyyət göstərən qurumların yetərsiz
fəaliyyətini də üzə çıxardı. Bu yetərsiz
fəaliyyət nədir? Elə sahələr var ki, cəmiyyətlə
bu formada təmasda olmaya bilərlər. Amma Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi aktivlik
nümayiş etdirməli, dindarların içində
olmalı, onlarla diskussiyalar keçirməli, müzakirələr
aparmalıdır. Bu boşluq bir daha göründü və
polislə dindarı birbaşa üz-üzə qoyan vəziyyətə
gətirib çıxardı. Bundan qaçmaq lazımdır.
Onlarla kim bir diskussiya apardı? Bəhanələri kəsmək
üçün mütərəqqi düşünən
dindarları kim topladı? Hakimiyyətə kim hansı sənədi
təqdim elədi? Tək küçədəki insanları
qınamaqla iş bitmir.
- Siz Müsavat Partiyasının gənc
fəalı Nigar Yaqublunu zaminə götürmək
üçün prokurorluğa müraciət etmisiniz.
Müraciətinizə hər hansı bir reaksiya varmı?
Maraqlıdır ki, 2010-cu ildə onun atası Tofiq Yaqublu ilə
eyni dairədə alternativ idiniz...
- Sumqayıt Apellyasiya Məhkəməsinə
müraciət etmişəm. Hələ ki, bir cavab verilməyib.
Bilirsiniz, kiməsə bir elementar insanlıq yardımı
göstərirsənsə və ya buna cəhd edirsənsə,
onun reklamına doğru baxmıram. Bu məsələdə
humanistlik göstərmək lazımdır. O ailə eyni
zamanda mənim seçki dairəmdə olan insanlardır. Dairəmdə
olan insanların hüquqlarını qorumaq borcumuzdur. Burada
qadın məsələsi var. Qadının
ehtiyatsızlıq üzündən törədilmiş cinayətlərə
görə həbsdə olması yaxşı tendensiya deyil.
Cinayət işinin açılması, istintaqın getməsi
prosessual qaydalara uyğundur. Qəsdən törədilmiş
cinayət olsa, buna müdaxilə etməzdim. Amma ehtiyatsızlıqdan
törədilmiş cinayət olduqda, burada öz mövqeyimizi
bildirməliyik. Hesab edirəm ki, yaxın günlərdə bu
məsələ çözülə bilər. Bu məsələnin
daha da dərinləşməsi ölkəmiz
üçün beynəlxalq miqyasda problemə çevrilə
bilər. Bunun yanında onlarla suallar olacaq.
- Oktyabrın 13-nə
planlaşdırılan müxalifətin
yürüş-mitinqinə baxışınızı bilmək
istərdik.
- Yürüş və ya mitinq
keçirmək konstitusion hüquqdur. Amma burada motiv fürsəti
motivdir. Müxalifət əslinə bu formada addımlara
çox da meyl göstərməməlidir. Havadan bir fürsət
düşüb. Bayaq dedim, məsuliyyət fərdidir və
onu hamıya aid eləmək olmaz. Belə olan təqdirdə
hakimiyyət də dönüb ayrı-ayrı fərdi
insidentləri müxalifətin özünə qaytaracaq.
Qarşıdan prezident seçkiləri gəlir. Hakimiyyətlə
müxalifət arasında dialoq mühitini yaratmağa səy
göstərmək lazımdır. Burada "oyundan küsəcəm,
meydana çıxmayacam" fikri yetərli deyil. Meydana
çıxmayacaq, 2013-cü ildə müxalifətə yeni
texniki məğlubiyyət veriləcək.
- Meydançaya çıxsalar, nə
olacaq?
- Meydançaya çıxsalar, ən
azı hakimiyyətdən bir-iki nəfərin
ayağını zədələyə bilərlər. Qələbə
ehtimalı mövcud şərtlərdə çox çətindir.
Ola bilsin, bu seçkidə qalib gəlməyəsən, amma
toplanıb 2015-ci ilin parlament seçkilərində nəyəsə
nail olmaq olar. Hesab edirəm ki, bu seçkilərdə
müxalifətin dialoq mühitini yaratmağa səy göstərməsi
vacibdir. Ramil Səfərov məsələsi bunu göstərdi.
Düşünürəm ki, daha ağlabatan mövzularda
müzakirələrin təşkili və hakimiyyətin bura cəlb
olunması lazımdır. Biz müxalifətlə münasibətlərə
yenidən baxılmasının tərəfdarıyıq.
2013-cü ilə qədərki dövr doğru dəyərləndirilməsə,
mitinqlərin də bir əhəmiyyəti olmayacaq.
Çünki Azərbaycan əhalisi ideoloji cinahlara meyl etməkdən
uzaqlaşıb. Nəbzi doğru tutmaq lazımdır.
- Gürcüstanda baş vermiş
hakimiyyət dəyişikliyi sizcə Azərbaycana hansı təsiri
göstərəcək?
- Məncə
Gürcüstandakı hadisələrin Azərbaycana ciddi təsiri
yoxdur. Azərbaycanda baş verən hadisələrin
Gürcüstana böyük təsiri var. Çünki Azərbaycanda
pul, Gürcüstanda mədə var. Bu mədə də nə
iləsə dolmalıdır. Gürcüstanda müəyyən
layihələrin maliyyələşməsi ölkənin
sosial vəziyyətini yaxşılaşdırılır. Azərbaycan
Gürcüstan bazarından çəkilsə Saakaşvilinin
vəziyyəti daha pis olardı. Gürcüstanda bir hadisə
baş verdi ki Rusiyanın təsiri bu ölkədə güclənməyə
başlayacaq. Bu da əslində Azərbaycanın xeyrinədir.
Çünki Gürcüstan bəhanəsi ilə Rusiya həm
də Qafqaz üzərində ciddi təsir imkanı əldə
edib. Bu fürsəti Rusiyanın əlindən almaq
lazımdır. Gürcüstanla münasibətlər düzələndə
Rusiyanın bölgədə aqressiv siyasət izləməsinə
ehtiyac qalmır.
Ədalət.-
2012.- 12 oktyabr.- S.3.