İLK ŞEİRİMİN "ŞİRİNLİYİ"

 

  (Hekayə)

 

  Kolxozun mərkəzi malikanəsinin - idarə binasının da yerləşdiyi, bizdən üç kilometr aralıda, qonşu kənddəki vur - tut beşcə otaqda yerləşən səkkizillik məktəbin altıncı sinfində oxuyurdum. Deməli, on üç yaşın içindəydim. Dərslərimiz günortadan sonra, ikinci növbədə keçirdi. Payızın orta ayı, sısqa, yağmurlu bir hava idi. Kor duman da ki, göz deşirdi. Məktəbdən dönüb evimizə çatanda axşam düşürdü. Elə həyətdə, təkbaşına kənd axşamının özünəməxsus yır - yığışı ilə məşğul olan anam, hələ mən əlimdəki çantamı yerə qoymamış ":Gəl, kömək elə, a bala, malı belə sür... qoyunu o tərəfə qaytar... çırpını ocaqlığa daşıyaq... nə bilim daha nələr..." deyə, məndən gördüyü işlərə əl yetirmək üçün kömək istədi. Mən də içi kitab dolu çantamı evin düşəcəyindən asıb könülsüz, daha doğrusu, deyinə - deyinə onun göstərişlərini yerinə yetirərək:  

   -Bəs bu kişi hardadı? - deyə, gizlicə bir eyhamla xəbər aldım. Anam:  

   - Kolxoz sədri Mərdan müəllim kəndə gəlib. İclas çağırıblar, atan da ordadı - dedi.   

   Beləcə, işlərimizi tamamlayıb, əl - ayaq yığışandan sonra evə keçdik.

  

   ***

  

   Pəncərənin qabağında bir qalaq qəzet qoyulmuşdu. Yəqin ki, həftə boyu yığılıb qalmış o qəzetləri bu gün kəndə yolu düşən poçtalyon gətirib elə uzaqdan evimizdən kimisə haraylayıb vermişdi.  

   Atam bəlkə də, öz istəyincə olmasa da, bir neçə adda qəzetə abunə yazılırdı. Yazılmalıydı, çünki kommunist, eyni zamanda mühüm vəzifə sahibi - kolxozun partkomu idi. Atamın abunə olduğu o qəzetləri çox adam oxumasa da, gərəkli olur, işə yarayırdı. Həm də təkcə nəsə bükmək, bəzən çöldə - bayırda süfrə əvəzi yerə sərmək üçün yox. O vaxtlar kəndimizdə hələ həyətlərdə tənbəki əkib saçaq - saçaq doğranmış tütündən eşmə edib, papiros çəkən üç - dörd kişi vardı. O kişilərin də tütünü büküb eşmə etmək üçün lazım olan qəzetləri bizim evdən gedərdi. Həmin kişilər qəzeti qat - qat çinnəyərək dəstəyi mal buynuzundan olan, tiyəsi ülgüc kimi iti "Çaqqu" bıçaqla elə səliqə ilə kəsib qomlayardılar ki, üstündə o illərin dahi rəhbəri Leninin şəkli olan onluq pul "paçkalarından" da yaraşıqlı görünərdi. O cür səliqəli kağızların tütünə bükülərək yanmasına, vallah, adamın hayıfı gəlirdi. Ancaq orası da var idi ki, o kişilər zəhər kimi tənbəkidən büküb düzəltdikləri papiroslara qullab vurub, tüstüsünü elə ləzzətlə sinələrinə çəkirdilər ki, bu, üstündəki dövrünün rəsmilərinin şəkilləri ilə yanıb tüstüyə qarışan kağızın hayıflığına bir təsəlli olurdu...  

   Qərəz, mətləbdən çox uzaqlaşmayım.   

   Kitab - dəftərimi bir kənara qoyub, qəzetləri götürdüm. Açıb səhifələrə baxmağa başladım. Kiçik formatlı bir qəzetdə (bəlkə də o vaxtlar Lerikdə çıxan "Bolluq uğrunda" qəzeti idi) bir satirik şeir parçası diqqətimi cəlb elədi. Oxumağa başladım. Şeir məni necə tutdusa, "ilham mənə güc gəldi", qələm - kağıza əl atdım. Elə o şeirin təsiri ilə də oturub on - on iki bəndlik bir şeir yazdım. Şeirə ad da qoydum: "Ay sədr". Yazdığım şeiri ürəyimdə sakitcə oxuduqca bəzi yerlərində misralar mənə necə ləzzət verirdisə, dodağım qaçır, öz - özümə gülürdüm. Kənarda oturub əli işdə, diqqəti məndə olan anam birdən bunu hiss elədi:  

   - Orda neynirsən? O nədir, yazıb - oxuyub gülürsən? Birdən bir yaramaz iş tutarsan ha! - deyə, nigarançılıqla xəbərdarlıq elədi.  

   Mən dama - dama vərəqdə yazdığım, indicə ürəyimdə oxuya - oxuya güldüyüm vərəqi əlimin altındakı kitablardan birinin arasına qoydum. Kitabı da çantama yerləşdirib:  

   - Yox, ana, elə bir şey yoxdur, neynirəm ki? Dərslərimi oxuyub, yazıram! - deyib, onu sakitləşdirdim.   

   Anam:  

   -Bax, yenə də səndən soruşuram, dərs oxuyursansa, bəs onda nəyə gülürsən?..

      Mən qəzetləri qucağıma alıb:  

   - Ona gülürəm ki, kişi (atamı nəzərdə tuturam) gəlib bu qəzetləri gözdən keçirib, şəkdən düşsəydi, sabah aparıb Qələndər kişiyə verərdim. O gün də evlərinin yanından ötəndə məndən papiros eşməyə qəzet istədi.   

   Beləcə, anamı arxayın saldım. O da daha dinmədi. Bəlkə də işin axırına çıxacaqdı, amma eşikdən səs gəldi. Sinif yoldaşım idi. Yəqin ki, sinifdə yarımçıq qalmış məsələni həll etmək üçün gəlmişdi. İlk oxucum da elə, o sinif yoldaşım oldu...  

   Ertəsi gün öyrəndim ki, atam evə axşamdan xeyli keçmiş, biz yatıb yuxuya gedəndən sonra qayıdıb. Köhnə briqadiri işdən çıxarıb, yenisini təyin edəndən, sədri və onu müşaiyət edən kolxoz rəsmilərini yola salandan sonra kişi evə dönübmüş...  

   Hansı kitabımın arasından, kim tərəfindən bilmirəm, ancaq o gecə yazdığım şeiri məktəbdə oğurlayıb, sədrə çatdırmışdılar.   

   Nə bilim, yazdığım o şeir parçasını bəlkə də, o gecə evimizdə qonaq olan sinif yoldaşım, kolxozun rəhbərinin atasından xoşu gəlsin deyə, kitabımın arasından götürüb, sədrin yaxın adamlarının uşaqlarına vermişdi.   

   Əgər indi ağlım kəsənləri onda duyub, dərk etsəydim, böyüməzdim ki...  

    Bunu biləndə, yer ayağımın altından qaçdı. Nə edəcəyimi bilmədim. Anam məni danlayıb deyirdi ki, gördünmü neylədin? O kişi (Mərdan müəllimi nəzərdə tuturdu) bizə neynəyib ki, sən ona şeir qoşub ələ salmısan? Atana hörmət edib, iş verib, indi də ondan bədgüman olub işdən çıxaracaq. Bəs biz onda nə edəcəyik? - deyə, elə hey deyinirdi.   

   And - aman edib, özümü öldürürdüm ki, ay ana, mən o sözləri (şeiri demirdim) Mərdan müəllimə yazmamışam. Gör bu kişiyəcən kolxozumuzda neçə sədr olub. Neçəsini də elə mən özüm görüb tanımışam - Kərim, Əbdül, Sərdar, elə biri atam, - axı mən də sədr oğlu olmuşam, - deyə, anamı inandırmağa, özümü safa çıxarmağa çalışırdım. Ancaq dediklərim anamın ağlına batmır, o, öz dediyini deyirdi. (Həqiqətən, mən bu şeiri Mərdan müəllimi nəzərdə tutub yazmamışdım).  

   Anam məni belə danladıqca öz- özlüyümdə götür-qoy edib, düşünürdüm ki, mən anamı inandıra bilmirəmsə, atama heç yaxın dura bilməyəcəyəm, hələ gör o neynəyəcək? Qorxuya düşüb, təlaşla ürəyimi yeyirdim.   

   Mərdan müəllim şeiri oxuyandan sonra həqiqətən atamdan incimişdi: "Oğlun bir qarış uşaqdır. Belə şeyləri onun ağlı kəsib, yaza bilməz. Bəlkə də bunlar elə sənin işindir " - demişdi. Araları pozulsa da, atamı işdən çıxarmadı.   

   Qəribə idi. Qəbahətimə, uşaq hərəkətimə görə atam dostluq, yoldaşlıq etdiyi adamdan sıxılıb utansa da, bu hərəkətimə görə məni danlamadı, bu işin heç üstünü də vurmadı.   

   Sevimli Mərdan müəllimin isə "cəzası" bu oldu ki, bir il bizim kənddə heç kimin evinə düşmədi, kəndimizdə çörək kəsmədi. Dağ yerində yaşayan, qonağı evinə şərəf, ocağına ehtiram, ruzi bilən sadə kənd adamları üçün isə, əlbəttə, bu da bir cəza idi və həm də ağır cəza idi.   

   Mən isə Mərdan müəllimdən qaçırdım. Üz - üzə gəlməməyə, gözünə görünməməyə çalışırdım. Amma nə qədər qaçacaqdım ki?..  

    ...Hər məni görəndə "şair, necəsən?" - deyə, gülə - gülə kefimi soruşardı. Sonralar unutdu, daha mənə "şair" demədi.  

   Mən də şair olmadım. Əlbəttə, Mərdan müəllimə görə yox!..  

   Bu əhvalatı isə mən indiyəcən də unutmuram...  

 

   Avqust 2012-ci il

  

   Şabran

 

 

   Novruz NƏCƏFOĞLU

 

   Ədalət.- 2012.- 13 oktyabr.- S.9.