İradə Ağasıbəyli-varlı tələbə, deputat, aktrisa

 

  "Heç kimin işığına şərik olmaq istəmirəm"

 

   Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərinin məşqləri gedir. Firudin Məhərrəmovun quruluşunda ərsəyə gələcək tamaşada Ana obrazını istedadlı aktrisa İradə Ağasıbəyli yaradacaq. O İradə Ağasıbəyli ki...

   Aktrisanın mənzilində apardığımız söhbətdən sonra siz onu daha yaxından tanıyacaqsız.   

   - İradə xanım, mənziliniz Mədəniyyət və İncəsənət Universitetinin bir neçə addımlığında yerləşir. Dərsə tələsən gənclərə balkondan baxanda tələbəlik illəriniz heç yadınıza düşürmü? Düzdü, təhsil aldığınız ali məktəb o dövrdə şəhərin tamam başqa səmtində yerləşirdi...  

   - Tələbələri görəndə fikirləşirəm ki, bir zamanlar mən də kurs yoldaşlarımla birgə auditoriyaya tələsmişəm. Sənətlə, gələcək yaradıcılıq işləri ilə bağlı xəyallar qururduq. Çox maraqlı günlər idi.   

   - Yeri gəlmişkən, kurs yoldaşlarınızdan kimlər sənətdə özlərini sübut edə bildi?   

   - Hicran Mehbalıyeva, Həqiqət Nəbiyeva, Rəhilə Məmmədova, Lənkəran Teatrının aktyoru Sucəddin Mirzəyev, uzun müddət kino sahəsində çalışan Gəray Əlibəyov... Ötkəm İsgəndərov da əvvəl bizimlə birgə oxuyurdu, sonra Moskvaya gedib Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil aldı. Ədil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov kimi nəhəng rejissorlardan dərs alırdıq. Belə tələbkar pedaqoqların tələbəsi olmaq böyük xoşbəxtlik idi. Ədil müəllimin məsləhəti ilə institutun Tədris Teatrında işə qəbul olunmuşdum. Tez-tez televiziyada, radioda çıxışlar edirdim. Təqaüd, maaş, qonorar məni əməlli-başlı varlı tələbə etmişdi. Tələbə olmağıma baxmayaraq, artıq Əmanət Bankında pulum var idi. Televiziyada "Nəğmələri sətirlər" verilişinin demək olar ki, hər çəkilişinə dəvət alırdım. Bir dəfə böyük şairimiz Məmməd Arazın şeirlərini ifa etdim. Veriliş efirə gedəndən sonra Məmməd Arazın qızı İradə xanım dedi ki, bu ifa atamın çox xoşuna gəlir, istəyir ki, onun şeirlərini efirdə həmişə sən oxuyasan. Şəxsiyyətinə, yaradıcılığına böyük hörmət etdiyim bir insanın çıxışımı bəyənməsi məni daha da ruhlandırdı. Elə bilirdim ki, bundan sonra şeirləri ancaq mənə verəcəklər. Çox gözləsəm də veriliş müəlliflərindən təklif almadım. O zamanlar Məmməd Arazın şeirlərini məşhur sənətkarlar ifa edirdi. Görünür televiziyadakılar onların ad-sanından çəkindiklərinə görə şeirləri mənə vermədilər.

   - Tədris Teatrında çalışan, tez-tez televiziya və radioda çıxışlar edən İradə Ağasıbəyli niyə bəs paytaxtda qalmayıb Sumqayıt Dram Teatrına getdi?    

   - Sumqayıt teatrına institutumuzun o zamankı rektoru Rahib Hüseynovun təklifi ilə getdim. Rektor bizim kursu Bakıda saxlamaq istəyirdi. Lakin sonra bizə dedi ki, vəziyyət dəyişib, sizi Bakıda saxlaya bilmirəm. Gedin Sumqayıt teatrına, bir neçə ildən sonra sizi Bakıya qaytaracam. Amma elə gətirdi ki, Rahib müəllimi vəzifədən azad etdilər və bizim qayıdışımız alınmadı.

      - Bəlkə təxirə salındı deyək, çünki müəyyən müddətdən sonra Bakıya, özüAkademik Milli Dram Teatrına gəldiniz. Bu barədə bir qədər sonra danışarıq. İstərdim yaradıcılığınızın Sumqayıt teatrındakı dövrü barədə danışaq...

      - O dövrdə Sumqayıt Dövlət Dram Teatrı respublikada sayılıb-seçilən kollektivlərdən biri idi. Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" tamaşasını Moskvada uğurla təqdim etmişdik. Mən həmin tamaşada aparıcılardan birini oynayırdım. Sumqayıt səhnəsində Almaz (Cəfər Cabbarlı "Almaz"), Aytən (Nazim Hikmət "Bayramın birinci günü"), Zərifə (Çingiz Aytmatov "Əsrə bərabər gün") kimi mürəkkəb obrazlar yaratdım.   

   Şəhər Sovetinin iki çağırış deputatı oldum, Azərbaycan kommunistlərinin XXX qurultayına nümayəndə seçildim. Yəni təkcə aktrisa kimi deyil, həm də fəal ictimaiyyətçi kimi tanındım. Həmin ərəfədə də Bakıda çalışmaq şansı yarandı.  

   - Bu dəfə hansı səbəbdən alınmadı?  

   - Görkəmli rejissor Tofiq Kazımov Akademik Milli Dram Teatrında Anarın "Şəhərin yay günləri" pyesinə quruluş verirdi. Məni həmin tamaşada Qumral roluna dəvət etmək istəyirdi. Hətta Anar razılığımı almaq üçün Sumqayıta gəldi. Teatrımızın direktoru Salman Dadaşov bu məsələdən xəbər tutanda razı olmadı. Dedi ki, bu şəhər sənə böyük etimad göstərib, deputat, qurultay nümayəndəsi seçib, sən kollektivi necə atıb gedə bilərsən? Mən də direktorumuzun sözündən çıxmadım. Tofiq Kazımov isə məni Bakıya dəvət etməkdə israrlı idi. Onun qələmə aldığı "Muradın kələkləri" pyesi Sumqayıtda Yusif Əkbərovun quruluşunda səhnəyə qoyulanda mən də həmin tamaşada rol almışdım. Tofiq Kazımov tamaşaya baxandan sonra dedi ki, yeni mövsümdə səni Akademik Milli Dram Teatrına aparacam. Təəssüf ki, həmin yay Tofiq müəllim rəhmətə getdi.

   - Hər halda 1990-cı ildə Akademik Milli Dram Teatrında işə qəbul olundunuz... 

   - Həmin ərəfədə Mərahim Fərzəlibəyov, Rövşən Almuradlı kimi istedadlı rejissorlar Sumqayıt teatrını tərk etmişdi. Hiss etdim ki, artıq bu kollektivdə qala bilmirəm. Çünki aktrisa kimi potensialımı qiymətləndirə bilən rejissora ehtiyac var idi. Ona görə də ərizəmi yazıb teatrdan getdim.

   Akademik Milli Dram Teatrında debütüm də Mərahim Fərzəlibəyovun quruluş verdiyi tamaşada oldu. Lorkanın "Dişi canavar" əsərində Amella rolunu oynadım. Bu illər ərzində müxtəlif rejissorlar Bibi (Əli Əmirli "Ağqoyunlular, Qaraqoyunlular"), Banuçiçək (Bəxtiyar Vahabzadə "Özümüzü kəsən qılınc"), Kokola (Otari İoseliani "Kaş araba aşmayaydı"), Paolina (Nazim Hikmət "Kəllə") rollarını mənə etibar ediblər. Mən də həmişə çalışmışam ki, müxtəlif xarakterli həmin obrazlar inandırıcı alınsın. "Ağqoyunlular, Qaraqoyunlular"da tərəf-müqabilim Yaşar Nuri idi. Allah onun şəfasını versin, bir dəfə dedi ki, İradə, sən özün bilirsən Bibini necə gözəl yaratmısan? Düzdü, uğurumu həzm edə bilməyən, paxıllığımı çəkən yoldaşlarım da olub. Belələri bilmir ki, səhnədə olduğu kimi, həyatda da hər insanın öz rolu var. Heç kim başqasının rolunu oynaya bilməz.  

   - Səhnədə tərəf-müqabil sizin üçün nə deməkdi?

   - Aktyor səhnədə ürəyini ortaya qoymursa, bunu tamaşaçıdan öncə tərəf-müqabili hiss edir. Tərəf-müqabil səni başa düşməsə, duymasa rolu heç vaxt güclü oynaya bilməzsən. Bu mənada Səyavuş Aslanın, Yaşar Nurinin, Nurəddin Mehdixanlının, Bəsti Cəfərovanın, Ramiz Novruzun mənə köməyi çox dəyib. Təəssüf ki, rəhmətlik Telman Adıgözəlovla səhnədə tərəf-müqabili ola bilmədim. 

   - Sizi "Kişi sözü" bədii filmindəki Ağca rolunda görəndən sonra adama elə gəlirdi ki, bundan sonra tez-tez kinoya çəkiləcəksiniz. Niyə dəvətlərin davamı gəlmədi?

  

   - Cahangir Mehdiyev "Kişi sözü"ndə sonra məni İctimai kanalın istehsalı olan "Məxfi plan"da Afaq roluna çəkdi. Ondan sonra bir xəbər yoxdu. Kinorejissorların da öz arqumenti var. Deyirlər ki, mən filan aktrisanı bu rolda görmürəm. Əgər rejissor məni rolda görmürsə, gedib yalvarası deyiləm ki? Ümumiyyətlə obraza, fəxri ada görə bu günə kimi heç kimə yalvarmamışam. Bundan sonra da bunu məndən gözləməsinlər.    

   - Tutaq ki, fəxri ad aldınız. Afişada adınızın yanında əməkdar artist titulu yazıldı. Bununla nəsə dəyişir ki?  

   - Bu illər ərzində səhnədə baş rollar oynamışamsa niyə fəxri ad almayım? Bəs necə olur ki, stajı, istedadı məndən az olan bəzilərinə ad verirlər? Söhbət təkcə fəxri addan getmir. Bütün dövrlərdə sənət adamı çəkdiyi əzab-əziyyətə, zəhmətə görə diqqət görmək istəyib. Akademik Milli Dram Teatrının aktrisası kimi bu gün 282 manat maaş alıram. Digər teatrlarda çalışanların əməkhaqqı bundan da azdı. Belə aşağı maaşla sənət adamı necə dolansın? Bizim teatrda bəziləri prezident mükafatı, prezident təqaüdü alır. Halal xoşları olsun. Amma onların evində işıq yanırsa, mən qaranlıqda qalmalıyam? Heç kimin işığına şərik olan deyiləm.

 

 

   Etibar CƏBRAYILOĞLU

 

   Ədalət.- 2012.- 13 oktyabr.- S.12.