YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR

 

  PUBLİSİST NEMƏT VEYSƏLLİ -1

 

  "Altımışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vurhəşir də bildiyimiz kimi hər zaman onların başında olur.Bunun nədən olduğunu mən araşdıran deyiləm,amma bunu bilirm ki ALTIMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızın altımışıncı illəri təkcə bizim məmələkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub.Məsələn, sevgili Türkiyə cumhuriyyətində ALTIMIŞINCILAR adıyla bir dərnək də var. Həmişə gönlümdən keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun,amma bizlər ayrı Türkiyə ayrı.Hər zaman adları ortalıqda hallanan yazar və sənət adamları sonrakı nəsil tərəfindən heç də gönül xoşluğu ilə qarışılanmayıb. Açığını deyim ki,hətta onları insafla müdafiə edənlər də qınaq sahibi olur. Mən onların müdafisinə qalxmaq məqamında uzağam. Sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim. Ən çox o yaradıcıları ki, onlar ədəbiyatçı deyillər.Yazar-çizər deyillər.Amma bu sırada yazarlar da ola bilər. Daşlaşmış "ALTIMIŞINCILAR" sırasına salınmayan ALTIMIŞINCILAR da olub. Kimlərdir bunlar?

   Çox işlənmiş sual olsa da bilmək istərdim, jurnalistikanı seçməyinizdə bir təkan olubmu, yoxsa Allaha təvəkkül deyib sənədlərini vermisən və o zamanın ən gözəl fakültələrindən biri olan jurnalistikanı qazanmısan?  

   - O illərin ab-havası sənə də yaxşı məlumdu. Gələcəyə ümidlə baxırdıq. Sanki üfüqləri qızaran xoşbəxtlik əlimizin içindəydi. İlahi, necə də xoşbəxt, bəxtəvərdik. Bunlardan əlavə, mənim doğulduğum kənddə, rayonda, külli Qarabağda uşaqlıq və yeniyetməlik bucağından yanaşan da, ara-sıra məişət qüsurlarına da rast gəlirdim. Dağların, dərələrin əhatəsində böyüyən bir yeniyetmə kimi elə hesab edirdim ki, bütün bu qüsurları jurnalistika sənətinin gücü ilə həll etmək olar. Sən demə, jurnalistika, qəzetlərdə məqalələr çap etməklə heç nəyi həll etmək mümkün deyilmiş. Bunları çox-çox sonralar dərk etdim. Amma, mən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olanda (1965) artıq iyirmi dörd yaşım vardı, orduda qulluq (1961-1964) etmişdim. Orduda, müəyyən mənada yaxşı şeylər görməyimlə yanaşı milli ayrı-seçkiliyi, rus şovinizmini də gördüm.  

   Dövlət Universitetinin o zamanlar dəbdə olan fakültəsinə qəbul olmağım, çox-çox sonralar mənə qarşı "ittihama" da çevrildi. Kənd ağsaqqallarından biri, kənd şənliklərində, yaslarında eyni sözləri elə hey təkrarlayırdı: "Nemət gedib jurnalist sənətini seçdi, özü cəhənnəm, onun həvəsinə Yuxarı Veysəllidən həmin sənəti seçənləri - Mustafa Sadıqovu, Vaqif Mehdiyevi, Kərəm Hətəmovu da bədbəxt etdi, hamısı qaldı ac-susuz. Əlbəttə, bu sözlərin içində müəyyən mənada həqiqət də var. Bütün bu deyilənlərlə yanaşı, mən jurnalistika sənətinin sevincini yaşamış adamam.  

   - Ömür yolu deyilən bir yol təbii ki, hər bir adam üçün təkrarsız hesab olunur. Keçdiyin bu ömür yolundan razısanmı?  

   - Keçdiyim ömür yolundan imtina etmək kişilikdən deyil. Allah bu ömür yolunu mənə verib, mən də onu yaşamışam. Necə yaşamışam, nələrdə səhv etmişəm, nələri düz etmişəm? Bunlar da mübahisəlidi. Amma, ömrüm boyu çoxlu-çoxlu səhvlər eləmişəm. Hətta, indinin özündə etdiyim səhvlər, hərəkətlər yadıma düşəndə xəcalət çəkirəm, sarsılıram. Amma, bu ömür yolunda sevinclərim, xoş anlarım da çox olub. Ailə qurmuşam, başımı uca edən oğlanlarım, nəvələrim var.  

   Həmişə, müəyyən vaxt keçəndən sonra böyük oğlum bu sözləri təkrarlayır: "Ata, itə-qurda əyilmə ha, nə problemin var, mənə söylə". 

   - Azərbaycan publisistikasının altmışıncı illər havasında sənin adın həmişə çox hörmətlə çəkilir və yazdığın bir çox publisistik yazılar uzun illərdi unudulmur və məncə hələ uzun illər də unudulmayacaq. Bu fakt olaraq qalır və şayət sənin o illərini bir etap kimi kimi götürsək jurnalistika üçün ən önəmli nəyi hesab edirsən?  

   - Allah sənə kömək etsin, adama elə suallar verirsən ki, gərək onun üstündə günlərlə düşünəsən. Əlbəttə, mən ömrümü jurnalistikayamı deyim, bədii-publisistikayamı deyim, mətbuatamı deyim həsr etmişəm. Azərbaycanın bir neçə nəslinin ictimai və bədii zövqünü formalaşdıran, səhifələrində dərc edilən yazıları illərlə xatırlayan orqanlarda - "Azərbaycan", "Ulduz", "Azərbaycan qadını" jurnallarında, "Qobustan" incəsənət toplusunda çalışmışam. Allah İsmayıl Şıxlıya, İsrail Mustafayevə dönə-dönə rəhmət eləsin, mən onların xeyir-duası ilə "Azərbaycan" jurnalına işə düzəlmişəm, yazılarım dərc edilib, qonorar almışam, Yazıçılar Birliyindən üçotaqlı mənzil almışam. Əlbəttə, mən İsmayıl Şıxlı, İsrail Mustafayev, Əkrəm Əylisli, Yusif Səmədoğlu, İsi Məlikzadə, İsa İsmayılzadə və İntiqam Qasımzadə kimi adamlar, şəxsiyyətlərin arasında olmasaydım, heç o cür bədii-publisistik yazıları da dərc etdirə bilməzdim. Sözün geniş mənasında qəzetinmi, jurnalınmı əməkdaşı, lap elə mətbu orqanın özü bir növ redaktorun gövdəsidi. Əvəz Sadıq, Ağabala Rzayev, Cəmil Əlibəyov, Anar, Əkrəm Əylisli, Yusif Səmədoğlu, Nəriman Həsənzadə istedadlı və demokratik redaktor olmaqlarıyla yanaşı, həm də böyük şəxsiyyətlərdi, kişilərdi. Anar müəllimin demokratmizmi, müəllifə geniş meydan verməsi, Cəmil Əlibəyovun mövzu seçməsi, Əkrəm Əylislinin mətn üzərində işləməsi, İntiqam Qasımzadənin adamı yola verməsi keyfiyyətləri məni həmişə heyrətləndirib, onlara məhəbbətim artıb. Azərbaycan mətbuatında azdan-çoxdan imzası məlum olan, sevilən onlarla yazı-pozu adamları məhz bu redaktorlara borcludu.Əlimə fürsət düşmüşkən Nəriman Həsənzadəyə xüsusi minnətdarlığımı, təşəkkürümü bildirmək istəyirəm. O, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru işləyən zaman mənim onlarca məqaləm, oçerk və publisistik yazılarım çap olunub və oxucular tərəfindən isti qarşılanıb. Məsələ burasındadır ki, azdan-çoxdan istedadı, qabiliyyəti olan yazar qayğıkeş redaktorun rəhbərliyiylə çalışanda ifadə oxunur. Əksinə, mühafizəkar, mütaliəsi və dünyagörüşü dayaz rəhbərin yanında isə itib-batır, unudulur.  

   Mənə belə gəlir ki, Azərbaycanda, lap Zərdabinin dövründən tutmuş indiyə kimi həmişə redaktor qıtlığı olub. Nə mənim özüm, nə də bədii-publisistik yazılarım Azərbaycan mətbuatında mərhələ olmayıb. Sadəcə olaraq, Anara, Əkrəm Əylisliyə, xüsusilə Nəriman Həsənzadəyə ona görə minnətdaram ki, "Ağ başlı torpağı", "Bizim şəhər", "Tək ev", "Tərbiyəçinin düşüncələri" kimi, adlarını çəkmədiyim onlarca yazılarıma həssaslıqla yanaşıblar, onlar işıq üzü görüblər. "Jurnalistika üçün ən önəmli nəyi hesab edirəm" sualına isə vaxtilə "Piyadaların döyüşü və ya publisistik poetik düşüncələri" yazısında kifayət qədər cavab vermişəm.

  

   NEMƏT VEYSƏLLİNİN "BİR SAAT YOL GETDİM BİR ÖMÜR YAŞADIM"

  

   yazısından   

   ...Rəhmətə getmiş dostumun vaxtı ilə təqribən hansı küçədə, binada yaşadığını müəyyənləşdirmişdim. Vallah, bilmirəm binanın hansı blokundansa - onun üçüncümü-dördüncümü mərtəbəsinə qalxdım, sağ tərəfdən bir mənzilin qapısını döydüm. Qapını üzümə qadın açdı.  

   - Evdə kişi var, - deyə soruşdum. - Onu çağır.  

   Yarı işıqlı, yarı qaranlıq dəhlizdən ev yiyəsinin yarı çılpaq fiqurunu gördüm.  

   - Bu binada Cəlil Vəzirov adlı bir nəfər yaşayıb. Onların evlərini axtarıram.  

   Ev yiyəsi son dərəcə soyuqqanlı və biganə şəkildə:  

   - Onlar buradan harasa köçüblər. Haraya köçdüklərini də deyə bilmərəm.  

   Uzun illər yazı-pozu ilə məşğul olduğumdan belə-belə səhnələrlə, adamlarla çox üzləşmişəm. İnsan ölür, belə daşürəkli adamların vecinə də deyil. On illərin qonşusu birdən-birə qonşuluqdan yoxa çıxır, belələri bununla da maraqlanmır.  

   Sən demə, heç mənim bayaqdan bəri blokları gəzməyə, soyuqqanlı adamları sorğu-suala tutmağıma ehtiyac yoxmuş. Sən demə, Naxçıvan Kukla Teatrı ilə vaxtilə Cəlil Vəzirovun yaşadığı binanın birinci mərtəbəsindəymiş. Teatrın gözətçisi, qapının o üzündən yazıq-yazıq küçəyə sarı baxırdı. Və mən ona yaxınlaşıb, kim olduğumu, haradan gəldiyimi və nə istədiyimi bildirdim. Gözətçi elə həmin minvalla da:  

   - Müəllim, icazəsiz mən sizi direktorun otağına buraxa bilmərəm. Xahiş edirəm bir az gözləyin.

  

   (HƏR İKİ HİSSƏ

  

   DAVAM EDƏCƏK)

 

 

   Tofiq Abdin

 

   Ədalət.- 2012.- 13 oktyabr.- S.15.