QIRMIZI ONLUQ

 

  "Yaxşılığı itirməyən, balaca bir hörməti unutmayan kişidi veteran Mişa - fujniki bazarının müdiri. İki il qabaq qızının ad gününə hədiyyə-gözəl, yaraşıqlı güldan aparmışdım, bax onu hələ yaddan çıxarmır, çatan kimi mənə qapının ağzında yer düzəldir, gələn-gedən elə birinci mənlə alver eləyir. 16 yeşikdən ikisi qalıb. Sabah onu da xırıd elərəm gedər"... Pullarını saydı, yaxşı qazancı olub. Qonşu Muxtar kişinin istixanasından götürmüşdür budəfəki yükünü. "Vallah, əliyül-əladı alver. Muxtardan hər kiloqramını 2-dən aldım, bir manat yolpulu, özümə də qalır iki manat. Min bərəkət. Ailə güzəranına gen-bol çatır, qohumun, dost-tanışın xeyir-şər məclisləri olanda heç kəsdən üzüqara qalmıram".  

   Güzgü qabağında özünə tamaşa elədi: bəy balasıdı sanki, ağappaq, gül kimi. Rəngi-ruhu göz oxşayır, əyin-başı təptəzə. "Canım çıxmışdı" DT-75-in sükanı arxasında. O yerdə şum elə, bu yerdə torpağı əkinə hazırla. Təpəyə dırmaşanda, gədiyə qalxanda bir də gördün öskürdü-öskürdü, dayandı, başla ora-burasını qurtdalamağa. Köhnəlmişdi, əldən düşmüşdü o. Məndən sonra sildilər, verdilər metalloma... O vaxt evə gələndə özüm-özümdən qorxurdum. Üst-başım qapqara mazut, his-pas. Ha yuyunurdum, xeyri yoxdu...

   Acmışdı. "Hər gün otaqda kolbasa-çörək. yox, bu axşam qalxacam ikinci mərtəbəyə, yeməkxanaya"... Əyləşdi tək stolda onu görcək xidmətçi qadın gəldi əlində menyu. Baxdı menyuya, sifarişini verdi: birinci borş, sonra raqu-elə bozbaş kimidi, soyuqqəlyanaltı-salat. Görüm nəmənə şeydi bu salat... Yeməyi stola qoyan xoş təbəssümlü qadın "nuşican" deyib uzaqlaşmaq istəyərkən o, süfrəyə təəccüblə baxdı: budu salat? Gözüylə qadına "get" işarəsini verdi. Qımışdı, ürəyində yağlı bir söyüş verdi - mənası bu idi ki, ay mən deyən, nooldu Masallıda pomidor idin, gəldin Moskvaya, salat oldun?.. İstədi yüz qram araq sifariş eləyə. Vaz keçdi fikrindən. "Lazım deyil, arağı gərək tək yox, dostlarla birlikdə zarafatlaşa-zarafatlaşa, deyə-gülə içəsən".  

   Odyalı çəkdi üstünə. Yatmaq istədi, amma gözünə yuxu getmədi. Evi, ailəsi gəlib durdu gözününü qabağında. Gəldiyi dörd gün olsa da, hiss elədi ki, bir balaca qəribsəyib doğmaları üçün. Bax, indi Fatma əmiqızısı (o həyat yoldaşını belə səsləyir həmişə) balaca imişə (adı İmrandı, atasının adını qoyub, bircə oğul balasına) laylay çalır. İmişin gözü ya yumulur, ya açılır.  

   Fatmaya qalın, isti yun şal alıb. "Evin, ailənin yükü üstündədir. Gecəsi-gündüzü, yatdısı-durduşu olmur yazığın. Həyat-baca səliqə-səhman, biş-düş, xəmir-çörək, qızları məktəbə yola salma, inəyə yem, su vermə, şitilliyə qulluq - hamısı Fatmanın boynunadı. Qızlar pis oxumur, müəllimlər razılıq edirlər. Allah qoysa, oxudacam onları. Içi keçəli, uzunqıç xoşlarına gələcək, qar dizə çıxanda geyinib sevinə-sevinə gedəcəklər dərsə".  

   , , birdən yadına düşdü: 6-da oxuyan Nərgiz - bu göygöz, çəlimsiz, amma dilli-dilavər balası yalvarıb-yaxarmışdı ona: Qurbanın olum, ay ata, neçə dəfədir gedirsən Moskvaya, bir ayağını qoy o Movzoleyə , Leninin qəbrini gör. Nərgiz kitabından maraqlı hekayə oxudu ona. Gərək ki, yazıçı Qılman Musayevin (İlkinin) "Sovqat" hekayəsi idi: qubalı uşaqlar sözü bir yerə qoyub V.İ.Leninin anadan olması gününə az qalmış alma səbəti düzəldərək göndərirlər rəhbərə. bu, xəstə yatan rəhbəri hədsiz sevindirir. O, həyat yoldaşı N.K.Krupskayaya tapşırır: mənim adımdan minnətdarlıq məktubu yaz sevimli balalara, almalara da əl vurmayın, çatdırın uşaq evinə...  

   Səhər açılar-açılmaz, pəncərənin tül pərdəsini yana çəkdi. Havanın üzü dönüb. Şaxta var, yalan olmasın, bəlkə on dərəcədən yuxarı. Tək-tək, iri qar dənələri düşür yerə. Neyləyəsən, qışın zəlov - zəlov vaxtıdı, kiçik çilə təzə başlayıb, zərbə - zəngini göydə keçirməyəcək ki... Əyni-başı qalındı. əl-üzünə su vurub, paltarını geyindi, bər ehtiyyat paltosunun yaxasını qaldırdı. Tələsə-tələsə özünü yetirdi bazara. "Buna bax, sən Allah, üşüyən, əl-ayağı buza dönən elə mən imişəm demə, buranın adamları elə gəl-getdədirlər, soyuğu, şaxtanı veclərinə almırlar. Öyrəşiblər ".  

   O, iki yeşiyi xırda eləyib qayıtdı mehmanxanaya. İsti çay içdi, baxdı saatına: "on birə 20 dəqiqə işləyir. Hələ vaxta çox qalıb. Gedim ora - Mavzoleyə, kişini ziyarət eləyim. Onsuz da axşamüstü təyyarə ilə uçacam Bakıya", ordan da evə.

  

   ***

  

   Axın-axın insanlar bayırda sıralanır. O da durdu bu sıraların birində, asta, ləngərli addımlarla keçdi içəri. Deyəsən qayda belədi: hamı içəriyə, qarşıda görünən qapıya tərəf getməlidi. Sola baxdı, sanki yoldaş Lenin ölməyib, bax, elə təzəcə dərin yuxuya gedib. Yaddaşını yoxlamağa çalışdı: çox yerdə rəhbərin şəkillərini, heykəllərini görüb. Kolxoz sədrinin, partkomun otaqlarında, özü hündür yerlərdə portretlər var.  

   İçəridə sükutun səsini eşitmək olur. lakin hərdənbir sükutu hansısa musiqi səsi pozur. Fikir verdi, ondan irəlidə başında hündür buxara papağı olan, qıyıqgöz, uzun saqqallı kişi irəliləyirdi. O, cənazəyə çatar-çatmaz sağ əlini üzünə, uzun saqqalına çəkdi astaca, pıçıltıyla salavat çevirdi: "Bissmillahir-rəhmanir-rəhim". O da növbəsi yetişən tək salavat duasını oxudu, rəhbərə hörmət ehtiramını göstərib, döş cibindən bir onluq çıxararaq qoydu cənazənin ayaq tərəfinə.  

   Qapıdan çıxanda hündür, cantaraq iki hərbçi, biri sağdan, biri soldan girdilər onun qoluna, istədi dartına, "noolub, baş verib, istəyirsiniz məndən" deyərək, öz yoluna davam eləyə. Olmadı əlavə iki nəfər gəldi, onu yarıxoş, yarızor apardılar arxa tərəfə. Bura komandatura idi. Haray-həşir qoparıb, heç olmasa saxlanmasının səbəbini bilmək istədi. Çox gözlətmədilər, kiçik bir hərbiçi dəstəsi onu başqa yerə, nisbətən uzağa apardı elə buradaca "günah"ını bildi: "niyə Leninin cənazəsi üstünə pul qoyubsan?

  

   ***

  

   Traktorçuluğun daşının birdəfəlik atıb, alverə qurşanan, ailəsinin dolaşığını ürəyincə təmin edən Lətifi avam, bisavad hesab eləyib qınağa çəkmək insafdan deyil. Ötən əsrin sonlarına kimi Talış, Muğan zonalarında min illərin sınağından süzülüb gələn adət-ənənələr yaşanır və göz bəbəyi kimi qorunub - saxlanılırdı. Qocalı-cavanlı, uşaqlı-böyüklü hamı bilirdi: toylarda oynamaq, oxumaq, şənlənmək necə mümkünsə, yas mərasimlərinin məna və məzmununu da unutmağa, onu bayağılaşdırmağa bir kimsənin haqqı yoxdu. Hamı bilirdi: "olum" varsa, "ölüm" də həyatın qanunudu. Bir gün gələn bir gün getməlidi. Həyat necə şirin, gözəl, doyumsuz olsa belə, sonda ölüm labbüddür, qaçılmazdır. Ona görə şəhərdə, kənddə yas təziyyələri izdihamlı olur, cavanlı-qocalı hamı dünyasının dəyişənin yaxınlarına başsağlığı, təskinlik verməyi özünə müqəddəs borc bilirdi. Birisinin haqqa qovuşduğu xəbəri ildırım sürətilə hər yana yayılır və hamı əlindəki işini yarımçıq qoyub özünü dəfn mərasiminə yetirirdi.

   Cənazə darvazadan yola çıxarılır, burada bir ağsaqqal qara şal, kəlağayı sərirdi cənazənin ayaq tərəfinə və yasa gələnlər, kimin nə imkanı varsa kənarda dayanmayıb, ora 5-10-20 manat pul qoyurdu. Beləcə 300-400 manat pul toplanıb verilirdi yas sahibinə. O vəsait dəfnə, 3,7 günlərinin məsrəfinə kifayət edirdi.  

   Cənazə qəbiristana əllərdə aparılırdı. Öndə növhə deyən molla, arxada ən çox gənclərin çiyin verdiyi mafa. Hətta gənclər bir-birlərilə xısınlaşır, bir-birlərinə "qoy mən yapışım mafadan" deyirdilər. Ağsaqqal nizamlayırdı növdəliyi: "Azər, sən kənara çəkil, Murad sən gəl irəli" deyirdilər. "Qurban sən yerini ver Asifə" və s. Beləcə, qədim adət-ənənəni qoruyub saxlamaq üçün nəsillərarası əlaqələr yaşanırdı. Bu günün cavanı sövqü-təbii hiss edirdi ki, sabah yas təziyyəsinin təşkilinə o, məsuliyyət daşıyacaq...  

   Lətif, Leninin qəbrinə 10 manat pul qoyan insan o zamanənin kişilərindən idi.  

   ... Dövran dəyişib. Keçmişə, bəzi adət-ənənələrə qələm çəkilir. Lovğa, təkəbbürlü, ədabaz, pulu var deyə özünü cəmiyyətin elitası bilən oliqarxlar, biznesmenlər ötən zamanların unudulmayan adət-ənənələrinə arxa çevirirlər. İndi yas təziyələrinin məna və məzmunu köhnəliyin qalığı hesab edilir, çox vaxt vəzifəlinin, imkanlının yası da el-oba kədərinə oxşamır daha. Budu, tikinti materiallarının satışı ilə məşğul olan birisinin qardaşı dünyasını dəyişib. Cənazə əllərdə, çiyinlərdə yox, maşında gor evinə aparılır. Evdən məzarıstana kimi xarici maşınların karvanı düzülür.

  

   Ehsan süfrələri də başqa cürdür indi. Köhnə tanışım olduğundan bir iş adamının anasının yasına gəlmişəm. Məclisdə 20-25 nəfər ola-olmaya. Yasin oxunur, sonra süfrə açılır. Gözucu baxıram: bütün növ sular, şirniyyat, soyuq yeməklər, halva, qoz-fındıq ləpəsi, külçə, qoğal, paxlava, şəkərbura, isti yeməklər - bozbaş, dolma, lüləkabab, plov. Meyvələr: alma, armud, üzüm, şaftalı, hətta banan.  

 

   ***

  

   Masallı rayon DTK-da arayış hazırlandı ki, həqiqətən burda cənazə üstünə pul qoymaq adəti var. Məlumat ötürüldü Bakıya, ordan da Moskvaya. Üç gündən sonra yazıq Lətif buraxıldı, gəldi evə. Qırmızı onluq əhvalatını xısın-xısın, bir sirr kimi söylədi əmiqızısına - Fatmaya. Sonralar bu sirr gəlib mənə də çatdı.

 

 

  Əlibala Rəhimov

 

  Ədalət.- 2012.- 17 oktyabr.- S.6.