İSLAMZADƏLƏR
Bu nəsli çoxları tanıyır
Azərbaycan adlanan məmləkətimizdə
təkcə ayrı-ayrı şəxslər deyil, həm də
özünün ziyalı kontingentilə
sayılıb-seçilən, xeyirxahlığı ilə
nümunə olan, ağsaqqallığı ilə şərəf
gətirən nəsillər də var. Zaman-zaman
özünü təsdiq edən, necə deyərlər, qaim
qədimliyini qoruyub saxlayan bu nəsillər yeniləndikcə,
onların çevrəsi də böyüyür, nüfuzu da
artır və əməlləri də hər kəsə
nümunə olur.
Belə qaim qədim nəsillərdən
biri də İslamzadələrdi. Təkcə onu demək
kifayətdir ki, bu nəslin adı, onların şəxsi
nümunələri, ziyalılığı,
xeyirxahlığı Azərbaycanın böyük coğrafi
bölgələrindən biri olan Kürdəmirdə,
bütövlükdə Şirvan bölgəsində hər kəsə
bəllidir. Çünki İslamzadələr özlərini
təsdiq edən gündən öz tanınmış
ziyalıları, mütəxəssisləri, xüsusilə
ağsaqqallıqları ilə digərlərindən
seçilmiş və həyatın onların çiyninə
qoyduğu ağsaqqallıq missiyasını şərəflə
daşımışdılar.
Bu nəslin
sayılıb-seçilən övladlarından biri olan Telman
Abdulrəhim oğlu İslamzadə bu günlərdə
özünün 70 yaşını qeyd edəcək. Telman
müəllim özünün həyat tarixçəsini vərəqləyəndə
arxadan qalan illər üçün təəssüf hissi
keçirmir. Çünki o bu illəri, bu ayları, bu
günləri elə-belə küləyə verməyib, əksinə
arxada qalan zaman kəsiyinin hər anını təkcə
bacardığı kimi yox, həm də hamıya bir nümunə
olacaq bir şəkildə yaşayır. Həm də elə
yaşayır ki, el-obadan çəkinməyib. Əksinə həmişə
onların önündə olub, onların yanında olub və
bu missiya da onu hər kəsə sevdirib. Həyat belədir də,
sən ətrafdakıları sevdikcə onlar da səni sevir.
Bu mənada Telman Abdulrəhim oğlu özünün
ziyalılığı ilə yanaşı, həm də
dövlətə, xalqa sədaqəti, zaman-zaman
gördüyü işlərdəki prinsipiallığı
ilə kollektivin də, rəhbərliyin də diqqətini
özünə çəkə bilmişdi, hörmətini
qazanmışdı.
Eşidəndə ki, Telman müəllimin
70 yaşı tamam olur, tərəddüd etmədən onunla əlaqə
saxladıq və xatirələr Telman müəllimi yarım əsr
bundan öncəyə apardı. Həmin illərdə Telman
müəllim universitetdə oxuyub təhsil alırdı. O,
universitetin ictimai-siyasi həyatında fəallığı
ilə hamıdan seçilir və aşağı kurs tələbələri
onunla münasibət qurmağa, onun ətrafında olmağa
çalışırdılar. Bax, həmin günlərdə
Telman müəllim bir cəhəti ilə də
seçilirdi, bu da onun doğulduğu bölgəyə sevgisi
idi. Odur ki, öz həmyerlilərini arayıb-axtarır və
yaxud da ona təqdim edilən həmyerlisinin
qayğıları ilə maraqlanır, böyük
qardaşlıq himayəsini də əsirgəmirdi. Xüsusilə
Telman müəllim doğulduğu bölgədən olan tələbələrə
yaxşı oxumağı, ictimai işlərdə fəal
olmağı tövsiyə edir və konkret də deyirdi ki:
"Yaxşı oxumaq, savadlı olmaq lazımdır, ictimai
işlərdən də kənarda qalmayın. Elə edin ki,
universiteti bitirəndən sonra burada keçən illər
üçün təəssüflənməyəsiniz. Nə
çətinliyiniz olsa çəkinməyin, müraciət
edin. Hər halda həyə isə gücüm
çatar". Onun bu səmimiyyəti. Bu
xeyirxahlığı bütün tələbələr
üçün həmyerlilərinin də ürəyindən
xəbər verirdi və bütün tələbələr
onun bu canıyananlığını az qala qibtə hissi ilə
qarşılayırdılar. İllər ötdü, Telman
müəllim universiteti bitirib təyinatla yeni həyata qədəm
qoydu və onun universitetdə qalan izi dostlarına, onu
tanıyanlara şirin bir xatirə oldu. Hər kəs bir daha
anladı ki, maarifpərvər, ziyalı bir ailədə
doğulmuş Telman müəllim təhsilə fəhləlikdən
gəlsə də, o, həyatı tanıdığından
öz qərarlarında daha diqqətli, daha mükəmməl
idi. Elə təhsil aldığı ixtisas da birbaşa həyatla
bağlı idi. Universiteti bitirən Telman İslamzadə
hidrogioloji dəstənin tərkibində Azərbaycanın
müxtəlif regionlarında fəaliyyət göstərdi,
sonra dəstə rəhbəri oldu. Müxtəlif kənd və
qəsəbələrdə, artezian quyularının
qazılıb istismara verilməsində onun da rəhbərlik
etdiyi dəstənin də halal haqqı olubdur.
Həyatın mənasını
halal çörəkdə, alın tərində görən
Telman İslamzadə təkcə ali təhsildə yiyələndiyi
sənətlə kifayətlənməyib. O, həyatın
özündən gələn adi peşələri də
çox mükəmməl mənimsəyib. Bəzən
dülgərlik edib, bəzən xarratlıq, bəzən fəhləlikdən
də çəkinməyib. Məhz bu səbəbdəndir
ki, gənc yaşlarında Kürdəmir şəhərindlə
tikilən Nizami adına kinoteatrın binasında Sorsor kəndi
yaxınlığındakı el arasında "Qamış
zavodu" kimi tanınan obyektin inşasında onun özəl
yeri var. Ümumiyyətlə, Telman İslamzadə
bütün həyatı boyu hansı işin qulpundan tutubsa,
ancaq xoş niyyətlə, xoş məramla bu addımı
atıb.
Özünün peşəkarlığı,
işinin mahir bilicisi olması Telman İslamzadəyə təkcə
şöhrət gətirməyib, həm də yeni vəzifə
pillələri bəxş edibdi. Belə ki, geoloq kimi
böyük həyat fəaliyyətinə başlayan Telman
İslamzadə sonra "Azərneft" birliyinin 2 nömrəli
neft kəşfiyyatı idarəsində
çalışmağa başlayıb.
Bu vəzifədən irəli
çəkilərək partiya təşkilat katibi olub, sonra
ali partiya məktəbində təhsilini davam etdirib. Bu təhsilini
də başa vurduqdan sonra Kürdəmir rayon Partiya Komitəsində
"Azərneft" Birliyinin Carılı Kəşfiyyat Qazma
idarəsində partiya təşkilat katibi vəzifəsini
yerinə yetiribdi. 1980-ci ildə Telman müəllimi Kürdəmir
rayon İcraiyyə Komitəsinə sədr seçdilər. 8
il bu vəzifəni icra edən Telman İslamzadə öz fəaliyyəti
ilə həm Kürdəmirin, həm də kürdəmirlilərin
həyatında özünün maraqlı izlərini qoyub. Təkcə
Kürdəmir şəhərindəki N.Abdullayev adına mədəniyyət
və istirahət parkının salınması, kolxoz
bazarının tikintisi, dəmiryol xətti üzərindən
keçən körpünün inşası, Böyük Vətən
müharibəsində həlak olmuş kürdəmirlilərin
xatirə kompleksinin ucaldılması və sair Telman İslamzadənin
Kürdəmir şəhər İcraiyyə Komitəsinin sədri
olduğu illərə təsadüf edir. Ümumiyyətlə,
o, bu vəzifədə çalışanda əsl rəhbərlik
nümunəsi göstərdi. Təqaüdə
çıxdığı vaxta qədər Kürdəmirdə
müxtəlif vəzifələrdə
çalışmış, dəfələrlə şəhər
və rayon sovetlərinin deputatı olmuş Telman müəllim
həm də gözəl ailə başçısı kimi də
fərqlənmişdi. İki oğul, iki qız atası, səkkiz
nəvə sahibi olan Telman müəllim bu həyatdan həmişə
məmnun olub. Çünki övladlarının dördü
də ali təhsillidi və öz ixtisaslarını mükəmməl
bilirlər. Ataları kimi onlar da nümunə olmağı,
xeyirxahlıq etməyi bacarırlar. Telman müəllimin
qızı Səriyyə xanım Kürdəmir şəhər
poliklinikasında uşaq həkimi kimi fəaliyyət göstərir.
Bu ailənin gəlini olan və bütün kürdəmirlilərin
adı ilə fəxr etdiyi Xanımsoltan İslamzadə uzun
illər rayonda həkim işləyib. Zamanında dövrun ən
mötəbər mükafatı olan Lenin ordeni "SSRİ-nin
Səhiyyə Əlaçısı" döş
nişanı ilə təltif olunmuş Xanımsoltan
İslamzadə bütün kürdəmirlilər
üçün, bütün Şirvan bölgəsi
üçün həmişə xatırlanan, rəhmət oxunan
bir həkim kimi yaddaşlarda yaşayır. Təsadüfi
deyil ki, bu gün rayon xəstəxanası onun adını
daşıyır.
Bəli,
maraqlı həyat tarixçəsi olan İslamzadələr
nəslinin tanınan övladlarından biri kimi sizə təqdim
etdiyimiz Telman müəllim bu günlərdə ömrünün
70-ci ilini tamamlayır. Biz ona möhkəm can
sağlığı və mənalı ömrünün
davamlı olmasını arzu edirik.
Tofiq
ABDULLAYEV
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-
2012.- 17 oktyabr.- S.5.