Odunçu

 

   Gecənin ayaq səsləri,

   Qara-qara döşənir

   Yerin qulağına...

   Bir külək üşüyür,

   Bu səsin sorağına.

   Bu agac yenə də,

   Qamətindən asdığı

   rüzgarı yelləyir

   beşik budaqlarında.

   Dizləri qabıq-qabıq çatlamış,

   İllər yorğunudu bu agac...

   Ona torpaqda da uzanmaq yasaq..

 

   Bu odunçu axır ki,

   Dizlərini bükdü ağacın

   Alov-alov uzanıb uyudu agac.

   Tüstüsündə gecə boğuldu,

   İstisinə seir doğuldu...

  

 

   O küləksə

  

   Ulaya-ulaya beşiyini axtardı...

   axtardı, axtardı..

   o ağacın tüstüsünü çəkib ciyərlərinə

   yuva oldu beşiyinə...

   Tanrı nın dizlərinə qoyub başını,

   Elə bərkdən susdu ki...

   Bu sükutun səsində

   Allah da susdu...

   Şüşənin dibindəki ...

 

   Gözlərimə bax!

   İçimə boylan.

   Yaxşi görə bilməsən

   lap yaxınlaş gözlərimə

   Nəfəsini bol elə,

   duman olsun içimin pəncərəsində.

   Özünə təsəlli ver,

   olsa görə bilməyəcəyinə inan.

  

 

   İç...

 

   İç, şüşənin dibindəki həqiqətə oyan.

   Onda

   içimdəki tör-töküntüdən

   barmaqlarının ucunda

   bir şair gələcək gözlərimə tərəf.

   Qələmi yerə atıb

   bu dəfə barmaqlarıyla cızacaq

   nəfəsini üfürdüyün gözlərimi.

   Bir ürək şəkli,

  

   bir ürəyə sancılmış ox!

   Fonda içimin xarabalığı...

   Ürəyim qalacaq gözlərimin üstə,

   Ox batmış,

   gözləri sevgidən kor olmuş ürəyim.

   Sonra

   o şair

   rəsimdən sükutu da söküb

   hamı duysun deyə

   səssizliyinə çəkiləcək.

   dilinin ucundakı söyüşü

   yalnızlığın düz alnına tüpürəcək.

 

 

   Sənin cəzan

 

   Şimşəyin çaxışından,

   Yagmurun yağışından,

   Dümag qar naxışından,

   Sənə şeir yığacam

    Misrası ulduz-ulduz...

 

   Bu çəmənin yazından,

   Bənövşənin nazından,

   Baharın avazından

   Sənə şeir dərəcəm

   Nəfəsi çiçək-çiçək...

 

   Gülüşündə isinən

   Kainatin, dünyanın

   Kədər qəm havasından,

   Kiprikdə mürgüləyən

   Gecənin qarasından,

   Körpəmin gözündəki

   Yuxunun yarısından

   Sənə şeir yozacam

   Kəlməsi inam-inam...

 

   Vərəqə, qələmlərə,

   qısqanmasaydım əgər

   Sənə şeir yazardım

   Ürəyi həsrət-həsrət...

   Təqvimin yarısını,

   Sənsizliyə pay verdim.

   Gündüz gecə verdim,

   Günəş verdim, ay verdim...

 

   Mən seir toxuyacam,

   Həsrətin saçlarından.

   Əgər yene dönməsən

   Edam edəcəm səni!

   Ömrün göz yaşlarından...

 

 

   Anla məni şair...

  

   İçimi çölümə bürümüşəm, şair...

   İsinmək üçün.

   Anla məni,

   Bu dəli şairi anlal, lütfən...

 

   Bu gün hamı məndən mərhəmət umur ...

   Dünəndən arxamca düşən

   İslanmış pişik yavrusu da qapımda...

   Hamı mənə vermədiyini umur, şair...

 

   Qucağımdakı körpənin

   iniltiləriydi gecənin gözünü tökən,

   bu gecə anam olmuşdu divarlar,

   sıxıb sinəsinə ovudurdu çarəsizliyimi...

 

   yuxusuz gözlərimdə tökülən

   qaranlığı süpürürdü kirpiklərim...

   arxada qalmışdılar

   mən arxa bildiklərim...

  

   körpəmi sol qolumda

   bu şeiri də kağızda yatırdım, şair.

   Bir anam qaldı başımın üstə

   bumbuz sinəsinə baş qoyduğum,

   bir pişik yavrusu qaldı

   qapı dalında

   səbrinə daş qoyduğum,

   bir də içim qaldı çölümü

   isitməkdən üşüyən...

 

 

   Günay Ümüd

 

   Ədalət.-2012.-18 oktyabr.-S.7.