Müstəqilliyimizin bərpasından
21 il ötdü
Dünən Azərbaycanın
dövlət müstəqilliyini bərpa etməsindən 21 il
ötdü. APA-nın məlumatına görə, Azərbaycan
Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də
keçirilən iclasında "Azərbaycan
Respublikasının Dövlət müstəqilliyi
haqqında" Konstitusiya Aktını qəbul edib.
Sənəddə bildirilir ki, Azərbaycan
Respublikasının Ali Soveti Azərbaycan Milli
Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi
İstiqlal Bəyannaməsinə, Azərbaycan
Respublikasının demokratik prinsiplərinin və ənənələrinin
varisliyinə əsaslanaraq və "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il
30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu
Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan
Respublikasının dövlət quruluşunun, siyasi və
iqtisadi quruluşunun əsaslarını təsis edir.
1991-ci il dekabrın 29-da Azərbaycanda
ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə
bir sual yazılır: "Siz "Azərbaycan
Respublikasının Dövlət müstəqilliyi
haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul
etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət
müstəqilliyinə tərəfdar çıxır.
1992-ci ilin mayında Milli Məclis
tərəfindən Azərbaycan Respublikasının Dövlət
himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd
Cavadın), az sonra üçrəngli bayraq, içində
alov olan səkkiz guşəli ulduz təsvirli dövlət
gerbi təsdiq edilir.
18 oktyabr 1992-ci ildən Azərbaycanda
bayram günü kimi qeyd edilir, lakin qeyri-iş günü
sayılmır.
Ədalət.-2012.-19
oktyabr.-S.5.