DOĞUM
GÜNÜN MÜBARƏK
Güzgü qarşısına
keçib, lal sükuta daldı. Bir anlıq əlini
saçlarına apardı. O saçlar ki, bir zamanlar
çiynindən sürüşüb kürəyində ilan
tək qıvrılmışdı. O saçları bir zaman
necə sevgiylə, həvəslə qoxlaya-qoxlaya
hörükləmişdi. Birdən qulağına
anası Güləbatının səsi gəldi.
- Bala saçlarını
yaxşı-yaxşı qurut, yoxsa xəstələnərsən.
Yaxşı ana dedi. Bir anlıq öz
boyuna-buxununa baxıb qürrələndi. Sonra
yazı masasına yaxınlaşıb dərslərini
hazırlamağa başladı. Sevə-sevə
əlinə coğrafiya kitabını götürdü.
Səməd müəllim yenə də mənə bir 5
yazacaq, amma gərək yaxşı çalışam, - dedi.
Həyətdən gələn səs-küy
fikrini yayındırırdı. Bir
gözü kitabda, bir gözü xəritədə
qalmışdı. Ah bu səs-küy. Əsəbi-əsəbi
sarı rəngli radioya yaxınlaşdı. Radionun
üstündə üç val var idi.
Biri Zeynəb Xanlarovanın, biri İslam Rzayevin, biri
aşıq havalarından ibarət bir val. Valın biri
anasının, o birilər özününkü idi. O bir
valdan elə acığı gəlirdi ki, o valın
sınmasını, pozulmasını elə istəyirdi ki.
Amma val gün-gündən onun acığına
o evdə daha da sevilirdi. Anası tez-tez o valı
oxutdurur, ifa olunan mahnıları aşıqlarla birlikdə
özü də ifa edirdi. Bu zaman necə də
ona çətin olurdu. Bir gün o valı
cızmaq qərarına gəldi və belə etdi də.
Amma çox sonralar buna çox peşiman oldu.
Bu valı ona görə cızmışdı
ki, anası onun sevdiyi Zeynəb Xanlarovanı dinləsin,
aşıq havalarını yox, amma bir zaman olacaqdı ki,
özü bu havaların eşqinə düşəcək.
"Dilqəmi", "Baş sarıtel",
"Ruhani", "Misri". Bu havalar onu
özündən alıb, havalandıracaq, laməkan edəcək.
Amma bunlara hələ zaman lazımdı. Zeynəb Xanlarovanın valını oxumağa qoydu və
onun şux səsi altında dərslərini hazırladı.
Səhər müəllimlərin: - Gələcəyin
parlaqdır, afərin, afərin sənə! kəlimələrini
özünəməxsus tərzdə qarşılayıb,
sakitcə gülümsədi.
Məktəbdən gəlib
qardaşı Yunusu evdə gördü. Onlar
bacı-qardaş olsa da aralarındakı yaş fərqi
onların arasına bir sədd çəkmişdi. Bəziləri elə bilirdi ki, Salatın elə
Yunusun qızıdı. Çünki,
Yunusdan sonra olan bacı-qardaşlarından heç biri
qalmamış, körpə ikən dünyalarını dəyişmişdi.
Çox illərdən sonra Salatın dünyaya
gəlmişdi. Bir az ərköyün,
bir az da şıltaq idi. Ev işlərinə
qarışmaz, ancaq özü ilə, sözü ilə
oynayar, dərsləri ilə məşğul olardı.
Qardaşı:
- De görüm dərslər necə
gedir Salatın?
- Səncə sənin
bacının dərsləri necə ola bilər.
Qardaşı məhəbbətlə onun qara
saçlarına tumar çəkib alnından öpdü:
- Afərin sənə, amma indi nə
anası var, nə də qardaşı. Onlardan
ancaq xoş xatirələr qalıb.
Eləmi, od
tutub, yanım,
Qorundan od tutum,
yanım.
Köçübdür anam,
qardaşım,
Boş
qalıbdır iki yanım.
deyib, bir
bayatı harayladı.
Xatirələr
bir-birini əvəz edirdi. Artıq məktəbi
qurtarmışdı. Bakıya gəlib sənədlərini
Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə
verdi. Amma müsabiqədən
keçə bilməmişdi. Çünki,
25 yer uğrunda mübarizə gedirdi. Müsabiqə
şərtinə uyğun olaraq kiçik yaşlı
Salatının yeri hərbi xidmətdən qayıtmış
bir oğlana verildi. Amma bu onu ruhdan
salmadı. Prinsipial sözündə vəfalı
idi. Bəxtini bir də sınadı.
Axı qızıl payızda oktyabrın 18-də
tərəzi bürcündə dünyaya gəlmişdi.
Mələklər alnına yazdığı
yazıya gah şad, gah da naşad günlər vəd
etmişdi. Amma hər bir işinin
axırı xeyir olmalı idi. Axır ki,
arzusuna çatdı. Tələbə
oldu. Tələbəlik həyatı
bir-birindən gözəl və qayğılı
keçirdi. Artıq 3-cü kurs tələbəsi
idi. Həm işləyib, həm də
oxuyurdu. Günlərin bir günü həmişə xəyal
etdiyi, yəni xəyalındakı hündürboylu,
genişürəkli, xoş simalı, damarında
qanını qaynadan o ağ atlı
oğlan qarşısına çıxdı. O zaman Keşlədə
Toxuculuq fabrikində işləyirdi. Bir gün
Toxuculuq sexinin qapısı açıldı. İçəri hündürboylu, bir azda zəhmli
bir oğlan daxil oldu. Bu anda Salatın "Adam aşiq
olanda da beləsinə aşiq olar", - dedi ürəyində.
Allah səsini eşitmişdi bu qızın.
Günlər yerini həftələrə
verirdi. Bu ağ atlı oğlan onun
ömür-gün yoldaşı Tağı müəllim idi.
Tağı müəllim ilk ürək sözlərini,
sevgisini şeirə çevirib bu suyuşirin qıza
çatdırırdı. Nəhayət
ki, onlar ailə qurdular. Bu evlilikdən, bu
sevgidən övladları dünyaya gəldi. Yeni ailə quran gənclər kirayə evdə
yaşayırdılar. Bəzən
çörək almağa pulları belə
çatmırdı. Onlar hər ikisi mərdi-mərdanə
çətinliklərin üstünə gedir,
doğmalarına, yaxınlarına, valideynlərinə
heç nə bildirmirdilər. Əl-ələ
verib bütün çətinlikləri dəf edirdilər.
Bilirdilər ki, hər qaranlıq gecənin bir
işıqlı gecəsi var. Rəbbim onların bu səbrini
qiymətləndirdi. Onların üzünə
ruzi qapılarını açdı. Amma
onlar heç vaxtı keçmişlərini unutmadılar.
Bir-birinə sığınıb ehtiyacı
olan insanlara dayaq oldular.
Mən aşiq
yaxşılıq qalar.
Yaxşı ad,
yaxşılıq qalar.
Pislik etməkdən nə
çıxar
Dünyada
yaxşılıq qalar.
Heç
unutmadılar ki, insanı varlı, kasıb olduğuna görə
ayırmazlar. Ümid edib qapılarına gələnləri
köməksiz qoymadılar. Onlarla
insanları, ailələri sevindirdilər. Çünki onlar vətəni olan Azərbaycanı
çox sevirdilər. Bu səxavətlərinə
görə rəbbim həmişə onları nəzərində
qoruyub saxladı. Bir-birindən gözəl
günləri, ayları, illəri oldu və olacaq. Oğlanlarının boyunu hər dəfə
qucaqladıqca, nəvələrinə məlhəm
baxışlarla baxdıqca Tanrıya şükür etdilər.
Nəvələr onun ürək sevinci,
gözünün nuru idi. Hələ Qəndab
bir hazırcavab qızdı ki, bəzən ona söz
çatdırmaqda çətinlik çəkirik.
Eləmi, inci-inci.
Arzular inci-inci.
Nəvələr şirin olur,
Hansın deyim birinci?
Birdən xəyallardan
ayılıb, saçlarına düşən bəyaz tellərə
baxdı. Bu tellər neçə-neçə
payızdan, qışdan keçmişdir. Bəzən sərt rüzigar onun da ruhuna
dolaşmışdı. Həyat yolu həmişə
hamar olmur. Bu yolun enişi, yoxuşu var.
Oğul istərəm ki, dözsün.
Xəyallar yenə
onu çox uzaqlara apardı. Bu dəfə iş
otağında. yazı masasının
qarşısındaydı. Bir-birindən nəfis,
zərif və qiymətli kitablar. Müəllifinə
baxdı - Salatın Əhmədli. Ən
üstə olan kitaba əl atdı. "Səfərnamə".
Fikirlər onu çox uzaqlara apardı. Poylu kənd məktəbi, sinif otağı və Səməd
müəllim. Gözləri bir anlıq
yaşardı.
Mən aşiq o Poyluya,
Yol gedir, o Poyluya
Girə meydana Koroğlu
Qılınc
götürə, hoyluya.
Bir dəfə elə
Səməd müəllimdən də incimişdi. Ona görə ki, xəritədə Çud
gölünü göstərə bilməmişdi 2
almışdı. Həmin gün
özünə söz vermişdi ki, daha bir də 2 almayacaq.
Kitabı vərəqlədi. 40-dan çox ölkəni gəzmişdi. Səyahət
ediyi ölkələr gözü önündən keçdi
və birdən:
- Bəs bunun ikinci hissəsi
hanı, - deyə öz-özünə sual etdi,
yaddaşım harda ilişib qalıb görəsən? Axı ikinci hissəsi nəşriyyatdadı. Sonra başqa bir kitabları vərəqlədi.
Gözləri yaşarmışdı. Göz yaşları yanağı boyunca
axırdı. Amma bu sevinc yaşları
idi. Bütün bu kitablar onun zəhmətinin
bəhrəsi idi. 25-dən artıq
kitabı işıq üzü görmüşdü. Hələ
yarımçıq qalan əsərləri... Birdən
özünü dərs dediyi auditoriyada hiss etdi:
- Uşaqlar Azərbaycan
gəncləri fəal vətənpərvər, savadlı
olmalıdır. Axı gələcək
sizin əlinizdədir. Ən azından hərəniz
üç dildə danışmaq qabiliyyətinə malik
olmalısınız. Klassiklərin əsərlərini
oxumalısınız, dünya ədəbiyyatı mədəniyyəti
ilə tanış olmalısınız.
Sonra özündən
ixtiyarsız çox sevdiyi XX əsr Azərbaycan ədəbiyyatı
kitabına əl atdı. Bu kitabı
hörmətli professor Teymur Əhmədli ilə birlikdə
hazırlayıb nəfis şəkildə çap
etdirmişdi. Kitab o taylı-bu taylı Azərbaycan
şairlərinin əsərlərindən ibarət idi. Sonra "Həcc ziyarəti", "Heydər Əliyevin
dil siyasəti", üç dildə çap etdirdiyi
"Ermənilər mütəfəkkirlərin gözü ilə"
və digər kitablarını vərəqlədi. Amma bu son deyildi. Qalaq-qalaq
yazılar və tamamlanmamış dörd roman. Bəlkə də bir gün əsərlərinin qəhrəmanlarından
biri özü olacaq. Öz taleyini, həyatını
qələmə alacaq. Nə bilmək olar...g
Mən aşiqəm kim
yaza,
Kim oxuya, kim yaza
Ömür də bir kitabdı,
Kim götürə, kim yaza.
Rəbbim kömək ol ki,
bunları da tamamlayım, çap elətdirim.
Birdən qulağına yenə də
anasının səsi gəldi:
- Qızım, sən qəlbinə,
xeyirxah əməllərinə görə bütün
arzularına çatacaqsan inşallah, hələ bu nədi
ki... Mən səni daha yüksək zirvələrdə
görmək istəyirəm. Qızım sənin mənə
həsr elədiyin "Hər kim yüz il unutmasa..."
kitabını mələklər mənə
çatdırdı. Çox nəfis kitabdı, çox da
xoşuma gəldi. Amma çox heyfsiləndim ki, sinəmdə
qalan bir çoxbayatıları, əfsanələri, atalar
misallarını, nağılları sənə niyə
danışmamışam. Ana öz-özünə:
- Axı iş-gücdən
başın açılırdı ki, - deyib
sağollaşmamış qeybə çəkildi. Salatının
yadına anasının bir bayatısı düşdü:
Qaladan endim ancaq,
Başımda sarı sancaq.
Nə qız oldum, nə gəlin,
Odlara yandım ancaq.g
Birdən - axı bu gün
oktyabrın 18-dir, indi ailəm, dostlarım başıma
yıbışacaq, amma mən hələ hazır deyiləm,
tələsmək lazımdır. Sonra gözəl qamətinə,
üzünə bir nəzər saldı. Öz-özünə:
Doğum günün mübarək Salatın xanım! - deyib,
üzündə təbəssüm güzgüdən
ayrıldı.
Xədicə
İsgəndərli
Ədalət.-2012.-19
oktyabr.-S.4.