İqbal Ağazadə: "Elşad Abdullayevlə birgə görüntülərim var..."

 

   "Hakimiyyətdəkiləri də sevirəm" "Gülər Əhmədova ilə bir neçə dəfə danışmışam

 

   Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin APA-ya müsahibəsi.

 

   "Parlamentin buraxılma mexanizmi yoxdur"

 

   - İctimai Palatanın oktyabrın 13-nə "Parlament buraxılsın" tələbi ilə təyin etdiyi aksiyaya icazə verilməyəndən sonra quruma daxil olan partiyaların təmsilçiləri oktyabrın 20-nə eyni tələblə aksiya təyin edib. Ümid Partiyasının və Sizin bu aksiyaya münasibətiniz necədir?

   - Ölkədəki mövcud "Siyasi partiyalar haqqında" qanuna və Konstitusiyaya əsasən ölkə vətəndaşlarının istənilən məsələ ilə bağlı etiraz bildirmək haqqı var. Müsavat, AXCP, İctimai Palata, yaxud digər siyasi, sosial qrupdan olan insanların istənilən məsələ ilə bağlı toplantı keçirmək, istefa tələbi irəli sürmək hüququ var. Bu cür hallara hörmətlə yanaşırıq. "Qarabağ" bloku, Ümid Partiyası olaraq məsələlərə baxışımız fərqli də ola bilər, eyni də... Ona görə də hesab etmirəm ki, hər hansı qrupun verdiyi qərarı başqa bir partiya təftiş etməlidir.

   - Amma Sizin də üzvü olduğunuz parlamentin buraxılmasından söhbət gedir...

   -Parlamentin buraxılması tələbi situasiya ilə bağlı məsələ olmamalıdır. Bu, sistemli iş, sistemli mübarizə metoduna çevriləcəkdisə, yaxud bir təşkilatın, qurumun prioriteti olacaqdısa, bunlara fərqli qiymət vermək lazımdır. Mən situasiyadan doğan siyasət yürütməyin tərəfdarı deyiləm. Düzdür, situasiyadan doğan siyasətlər, hadisələr olur, hətta ona uyğun hakimiyyət formalaşmaları da baş verir. Azərbaycanın da tarixində situasiyadan doğan hadisələr, istefalar, hakimiyyət dəyişikliyi olub. Amma mən siyasətə sistemli mübarizə kimi baxıram, sistemli mübarizənin tərəfdarıyam. Sabah başqa bir olay çıxacaqsa, başımın dəstəsini də götürüb o olayın arxasınca qaçım? Lakin düşünürəm ki, bu, əsla İctimai Palatanın proseslərə münasibətindən doğan mövqe deyil. Çünki parlamentin buraxılması məsələsi İctimai Palatanın yaranışından onların prioritetləri olub.

   - İctimai Palatadan danışarkən "hər hansı qrup" ifadəsini işlətdiniz. Amma İctimai Palata özünü hər hansı qrup yox, müxalifətin əsas güc mərkəzi hesab edir. Siz İctimai Palatanı qrup sayırsınız?

   - Onların özlərini müxalifətin əsas güc mərkəzi sayması çox normaldır. Hakimiyyət bir qrupdur, İctimai Palata bir qrupdur, "Qarabağ" bloku bir qrup. Qrupların gücləri fərqli ola bilər. Hakimiyyət özünü ən güclü, İctimai Palata isə özünü ən güclü qrup saya bilər, biz də hesab edirik ki, bizdən güclüsü yoxdur.

   - Sizcə, İctimai Palatanın gücü nə qədərdir?

   - Uşaq atasından güclü heç kimi bilmir. Biz hesab edirik ki, bizdən güclüsü yoxdur, İctimai Palata da özünü ən güclü sayır, hakimiyyət də özü haqqında belə düşünür. Gerçək seçkilər, gerçək proseslər bu tipli sualların cavabını asanlıqla verir.

   - Bu situasiyada parlament buraxılmalıdırmı?

   - Parlamentin buraxılma mexanizmi yoxdur. Azərbaycanın Konstitusiya Məhkəməsi, Mərkəzi Seçki Komissiyası parlamenti buraxmaq səlahiyyətinə malik deyil. Hətta parlamentin özünün özünü buraxmaq səlahiyyəti yoxdur. Yalnız bəlli bir saydan yuxarı deputatlar istefa verib parlamentdə yetərsaydan - 83 nəfərdən az rəqəm yarada bilərlər. Bunun üçün 43 deputat mandatdan istefa verməlidir ki, bu da real deyil. Əks halda, heç bir qanunun, yaxud səlahiyyətli şəxsin qanunla gücü yoxdur ki. parlamenti buraxsın.

   - Dediyinizdən belə məlum olur ki, İctimai Palata əsassız tələblə aksiya keçirmək istəyir?

   - Bəzən ictimai-siyasi prosesləri elə bir mərhələyə gətirib çıxarmaq olar ki, istefa verməyə 43 deputat tapılsın. Yaxud elə bir mərhələyə gəlib çatmaq olar ki, hakimiyyət dəyişikliyi olsun. Amma 43 deputatın istefaya getməsi mərhələsi hakimiyyət dəyişikliyinə səbəb olar, yəni həmin vaxt da parlamentin buraxılmasına ehtiyac olmayacaq.

   - Belə çıxır ki, aksiyanın şüarında ziddiyyət var?    

   - Bəli, bir az ziddiyyət var. Amma bir az da fərqli baxmaq lazımdır.

 

   "Hakimiyyətin ən yüksək ranqında dostlarım var"

 

   - Gülər Əhmədova məsələsi ilə bağlı "Qarabağ" blokunun Ümid Partiyasının mövqeyi açıqlandı. Bəs İqbal Ağazadənin mövqeyi necədir?

   - İqbal Ağazadənin danışmaq hüququ olduğu kimi, susmaq hüququ da var. Partiya sədri kimi yox, amma fərd olaraq susmaq haqqım var. Çünki Gülər Əhmədova ilə 20 ilə yaxındır çox xoş münasibətimiz var. Bu münasibət bu gün davam edir.

   - Ona bu hadisədən sonra zəng vurdunuzmu?

   - Desəm ki, hətta bir neçə dəfə zəng etdim, təəccüblənməyin.

   - Bəs Gülər Əhmədova ilə bağlı başqalarına zəng vurdunuzmu? Onun üçün hansısa xahişdə bulundunuzmu?

   - Kimə?

   - Əlaqədar adamlara...

   - Gülər Əhmədovanın məsələsi ilə əlaqədar olan adamlara o, məndən min dəfə yaxındır. Onunla bağlı həmin adamların heç birinə zəng vura bilmərəm.

   - Bu məsələyə olan münasibətlərlə bağlı rəyiniz nədir? Gülər Əhmədovanın bu qədər təftiş olunmasını doğru hesab edirsinizmi?

   - Adamların üzərinə gedib-getməmək kimi məsələlərə iki cür baxmaq lazımdır: onun təmsil olunduğu düşərgənin maraqları, şəxsi maraqları, qazana biləcəyi şeylər; bir daxili qərarları. Mən heç zaman heç kimin üzərinə getməmişəm. Əksinə, çalışmışam ki, bu tipli məqamlarda insanları müdafiə edim. İnsanları müdafiə etməyim cinayəti, cinayətkarlığı müdafiə etmək deyil. Amma bir sistem, cəmiyyətin toplum olaraq problemi varsa, buna ən azı kədərlənmək lazımdır. Bu məsələyə hansı tərəfdən baxsan, faciədir: qanunverici orqanın faciəsidir, bir partiyanın faciəsidir nəhayətdə, bir insanın, bir ananın faciəsidir. Faciə olanda insanlara dayaq durmaq lazımdır, daha əzməyi tərcih etməməlidir. Çox təəssüf ki, Azərbaycan cəmiyyətində bu tipli keyfiyyətlər uzun müddətdir sıradan çıxıb. Azərbaycan siyasətçisi qəzəblidir, kinlidir: onun hansı statusda olmasından asılı olmayaraq. Hətta cinayətkarı elə ittiham etməlisən ki, o, ittiham olduğuna görə qanunlara dövlətə qarşı çıxmasın.

   - Gülər Əhmədovadan başqa YAP-çı dostlarınız varmı?

   - Bəli, var. Hakimiyyətin ən yüksək təbəqəsində olanlardan tutmuş məmur təbəqəsinə qədər, partiyanın siyasi kursunu müəyyən edənlərə qədər dostlarım var. Ad çəkmək istəməzdim, çünki unutduqlarım inciyə bilər.

   - Nazir dostunuz var?

   - Var. Mən nazirlə dost ola bilmərəmmi? Mən nazirin siyasətini bölüşmürəm o mənim müxalifətçiliyimə toxunmursa, mən onun xəttinə niyə toxunmalıyam?! Mənimlə bir qabdan yemək yeyən neçə tələbə yoldaşım var ki, səfirdi, başqa partiyanın rəhbərliyindədi, hüquq-mühafizə orqanlarında, gömrükdə s yerlərdə çalışırlar. Mən onların siyasi xəttini dəyişməyi ağlımdan da keçirməmişəm.

   - İsa Qəmbər dostunuzdur?

   - Bəli, İsa Qəmbər dostumuzdur. Niyə dostumuz deyil? Arif Hacılı da, Pənah Hüseyn , İbrahim İbrahimli dostumuzdur. Rauf Arifoğlu ən böyük dostumuzdur.

   - Əli Kərimlinin adını eşitmədik...

     Əli Kərimovla çox xoş münasibətimiz var, amma dostluq münasibətimiz olmayıb.

 

   ".o qədər sevirəm ki!"

 

   - Elşad Abdullayevi tanıyırdınız?

   - Şəxsən? Bəli, tanış idik

   - Görüşmüsünüz onunla?

   - Çox, dəfələrlə görüşmüşük.

   - Sizi də çəkibmi videoya?

   - Toyda çox çəkiblər, onunla birlikdə görüntülərim var.

   - Videokadrlarda göstərilən məşhur otaqda olmusunuzmu?    

   - Yox. Ümumiyyətlə, onunla rəsmi bir yerdə görüşməmişəm. Toylarda, yaslarda görüşmüşük. Mənim atamın yasına da gəlmişdi. Şəxsi münasibətim olub onunla.

   - Bəs onun videolar yaymağını necə qiymətləndirirsiniz?

   - Vallah, mən insanların peşə, yaxud digər məsələlərlə bağlı münasibətlərini aydınlaşdırmağa borclu deyiləm. Onu deyə bilərəm ki, Azərbaycan Beynəlxalq Universitetində kifayət qədər qanun pozuntularının olduğunu bilirəm. Bu məsələ ilə bağlı təkcə son bir ildə Təhsil Nazirliyinə 600 məktub yollamışam. Bunlar insanların ali məktəbə bərpası, təhsili və s. ilə bağlı olub. Bu, mənim bir millət vəkili olaraq borcumdur. Amma adamla salam-əleykümüm olubsa, bu başqa məsələdir. Ona bu hüququ, səlahiyyəti Təhsil Nazirliyi vermişdi. Ona hüquq-mühafizə orqanları, vergi qurumları qadağa qoymamışdısa, mən qadağa qoya bilərdim? Ümumiyyətlə, mənim insanlara münasibətim ənənəvidən bir qədər fərqlidir. Mən insanların hüquqpozmalarına qarşı mübarizə apararam, amma o insanların özünə qarşı mübarizə apara bilmərəm. Mən fərd mübarizəsi aparmıram, aparmayacam da.

   - Dedikləriniz hakimiyyət nümayəndələrinə də aiddir?

   - Eynilə. Hakimiyyətdəkiləri də partiyadakılar kimi, yaxınlarım kimi münasibətimin dərəcəsindən asılı olaraq və yaxud olmayaraq - bir azərbaycanlı kimi o qədər sevirəm ki... Mənim sevmədiyim Azərbaycan vətəndaşı yoxdur.

   - Bu sevgi nə vaxtdan başlayıb?

   - Açıq deyim ki, son 10 ildə mənim siyasi həyatımda proseslərə yanaşmam, Azərbaycan haqqındakı düşüncələrim, Azərbaycana baxışım - bunlar zaman-zaman yerini tutub. İçimdə hər zaman bir Azərbaycan sevgisi olub və proseslərin içərisində, ola bilsin, bəzən daha çılğın ifadə etmişəm, yaxud fərqli şəkildə... Mən insanlarımızı sevirəm. Mənim də qohumlarımın arasında cinayət törədib həbsdə yatanlar var, hətta adam öldürmək üstündə həbsdə yatanlar olub. 10 il, 15 il arxasınca çörək aparmışıq. Həbsxanada qayğısına qalmışıq. Hətta qumar oynayıb, "tavan"ı olub, "tavan"ını ödəmişik. Atmamışıq onu. Həbsdən çıxanda sahib durmuşuq. Gətirmişik, evləndirmişik. Azərbaycan vətəndaşlarının siyasi cəhətdən fərqli dünən digər təbəqəsi bir cinayətkar qədər deyilmi? Hər kəs bizimdir, hər kəsə də sahib çıxmalıyıq.

 

   "Bu pul çox azdır"

 

   - Siyasi partiyalara ayrılan vəsaitin məbləği ilə bağlı fikirləriniz necədir?

   - Çox pisdi. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna 1,7 milyon manat, QHT-ə Dövlət Dəstəyi Fonduna 2,8 milyon manat, siyasi partiyalara isə 2 milyon manat vəsait ayrılıb. Bu, çox azdır. Vəsaitin bölünməsinə gəldikdə, bununla bağlı fərqli yanaşmam var. Məncə indiki start vəziyyətində bərabərlik prinsipi qorunmalı idi, 2 milyon manat son parlament seçkilərində iştirak etmiş 17 partiya arasında bölünməli idi. Növbəti mərhələdə - 2015-ci ildə qanunvericiliyə əsasən, hər partiyada seçkidə iştirak faizinə görə, vəsait ayırmaq mümkün idi.

   - Demokratik cəmiyyətin üç ayrılmaz sütununun adını çəkdiniz. Bəlkə mətbuat və QHT-lərə ayrılan vəsaitin partiyalara nisbətdə çox olması bu institutun ictimai rəyə daha artıq təsir edə bilməsi ilə bağlıdır?

   - İctimai rəyə təsir etmək fərqli bir şeydir. Siyasi partiyanın isə ayrı təyinatı var. Siyasi partiya yeganə yerdir ki, normal, demokratik ölkələrdə hakimiyyət kadrı hazırlayır, hakimiyyətə oradan gəlirlər. Heç bir universitetdə siyasətçi fakültəsi yoxdur. Biz demokratik dövlətiksə, yaxud buna doğru gediriksə, o zaman dövləti idarə edən şəxslərin yetişəcəyi yeganə yer siyasi partiyalardır. Ölkənin gələcək idarəçiliyi bu təşkilatlarda yetişən kadrların idarəçiliyindən asılı olacaq. Məncə, hər bir dövlət özünün gözəl gələcəyini bu gün sevə-sevə pul qoymalıdır.

   - Parlament müzakirələrində fikirlərinizi bildirəcəksiniz?

   - Əlbəttə.

 

   "Türkiyənin bölgəyə girməsinə imkan verməliyik"

 

   - Sizin Türkiyə-Ermənistan sərhədinin açılması barədə gözlənilməz təklifiniz bəzi siyasətçilər tərəfindən təpkiylə qarşılandı...    

   - Ermənistan-Azərbaycan, Gürcüstandakı Abxaziya, Osetiya konfliktlərini yaradan, ayaqda saxlayan Rusiyadır. Bu, kimsəyə sirr deyil. Rusiya bölgədə iri dövlətlərin ictimai-siyasi proseslərə psixoloji və hərbi vəziyyətə təsir edə biləcək dövlətlərin özünü regiona bağlamaq istəyir. Qapıları hər tərəfdən bağlayır ki, tək qalsın, konfliktlər də bunun nəzarətində olsun. Biz bütün bunların qarşısını almaq üçün müttəfiqimiz olan Türkiyənin bölgəyə girməsinin niyə qarşısını almalıyıq? Bu baxımdan, hesab edirəm ki, sərhədlər açılmalıdır. Axı Türkiyə bununla Ermənistana heç nə verməyəcək. 70 milyonluq bir ölkəyə 3-4 milyon erməni təsir edə bilməyəcək. Amma 3-4 milyon erməninin yaşamına, təfəkkürünə, düşüncəsinə 70 milyon mütləq təsir edəcək. Mən bu təklifi bu baxımdan səsləndirmişəm. Mənim bu təklifimdə ölkə əleyhinə nəsə axtaranlar bilməlidirlər ki, dövlətimin mənafeyinə tam sadiqəm. Vaxtilə Qarabağda da döyüşmüşəm. Sadəcə, indi başqa mərhələdir.

 

  

     Ədalət.-2012.-19 oktyabr.-S.6.