Zaqatala - həmişə təzə qala
Azərbaycanın şimal-qərbindəki
Zaqatala rayonu öz füsunkar gözəlliyi ilə bu
torpağa ayaq basan hər kəsi heyran qoyur. Son illər burada
aparılan quruculuq işləri rayonun simasına yeni
çalarlar əlavə edib. "Ədalət" qəzeti Zaqatalada
həyata keçirilən layihələr barədə öz
oxucularına müntəzəm məlumat
çatdırmağa çalışır. Qəzetimizin
bölgələr üzrə baş redaktor müavini Məzahir
Əhmədoğlunun hazırladığı silsilə
reportajlar Zaqatalanın bu günü barədə dolğun mənzərə
yaradır.
Bu günlərdə yolum Zaqataladan
düşdü. O qədər peşmançılıq hissi
keçirdim ki... Bərəkətli torpağı, göz
oxşayan yaşıllıqları, səliqəli
küçələri, mehriban və zəhmətsevər
insanları ilə seçilən Zaqatalanı bu vaxta kimi
görmədiyim üçün özümü əməlli-başlı
qınadım.
Təbiətin imtahanı
Tanrı səxavətini bu yerlərdən
əsirgəməyib. Təbiətdən hər cür bəxşiş
alan Zaqatala bu ilin mayında çətin bir imtahanla
sınağa çəkildi. Ayın 7-də səhər qeydə
alınan 7 ballıq zəlzələ evlərə, məktəb
və bağçalara, digər sosial obyektlərə ciddi
ziyan vurdu.
Həmin çətin günlərdə
ölkə başçısı İlham Əliyev Zaqatalaya
səfər edərək zəlzələdən ziyan çəkən
insanlara dayaq durdu. Dövlət rəhbəri təbii fəlakətin
nəticələrinin qısa zamanda aradan
qaldırılması üçün lazımı tədbirlərin
görülməsini tapşırdı. Fövqəladə
Hallar Nazirliyi başda olmaqla digər qurumlar az müddətdə
səylə çalışaraq ölkə
başçısının tapşırıqlarını həyata
keçirməyə nail oldular. Proses bu gün də uğurla
davam edir.
Dar
günün dostları
Ölkədəki sürətli
inkişaf prosesinə öz töhfəsini verən Zaqatala bu
gün böyük bir tikinti meydançasını
xatırladır. Fövqəladə Hallar Nazirliyi, Zaqatala Rayon
İcra Hakimiyyəti, aidiyyəti təşkilatlar birlikdə
zəlzələnin vurduğu yaraları sağaltmağa
çalışırlar.
Rayon ərazisində təbii fəlakətin
ziyan vurduğu obyektlərin təmir və bərpası 3
şirkətə həvalə olunub.
AVS Tikinti-Quraşdırma Şirkəti
həmin 3 müəssisədən biridi. Şirkətin
prezidenti Ələsgər Mehdiyev bizimlə söhbətində
bildirdi ki, AVS tikinti-quraşdırma sahəsində
böyük təcrübəyə malikdi. Bakıda yerləşən
bu tanınmış şirkət son illər təkcə
paytaxtda deyil, İmişlidə, Göy-Göldə,
Şamaxıda, Qubada, Şəmkirdə, Qəbələdə,
Şəkidə, Zərdabda, Qaxda, Gəncədə, Kürdəmirdə,
Şirvanda qəsəbə, yaşayış evləri, məktəblər,
bağçalar, idman kompleksi, mehmanxana, hərbi hissə,
yanğınsöndürmə deposu inşa edib. Ələsgər
Mehdiyevin sözlərinə görə, şirkət bu
gün Qəbələdə, Gəncədə,
Şamaxıda, Şəmkirdə, Şəkidə müxtəlif
təyinatlı obyektlərin inşası ilə məşğuldur.
Yüksək peşəkarlıqla idarə olunan şirkət
Zaqatalada görülən işləri də keyfiyyətlə,
müasir standartlara uyğun görməyə
çalışır.
Şirkətin vitse-prezidenti
Vüqar Hacı bildirdi ki, Zaqatalada çalışan əməkdaşların
iş şəraitinin yaxşılaşdırılması
üçün bütün zəruri tədbirlər həyata
keçirilir. Bu məsələlərə ciddi önəm
verən şirkət işçilər üçün 200
yerlik yeməkxana, 200 yerlik yataqxana quraşdırıb. 4 ədəd
duş kabinəsi, tibb məntəqəsi fəaliyyət
göstərir.
Sahə rəisi Mehman Təhməzovla
da rayonun Muxax kəndindəki tikinti aparılan ərazidə
söhbətləşirik. Sahə rəisi bildirir ki, tikinti
işlərinə iyun ayından başlanılıb. Zəlzələdən
ziyan çəkən ailələr üçün 258 ev
inşa olunacaq. Onlardan 93-ü 2 otaqlı, 105-i 3 otaqlı,
23-ü 4 otaqlı və 37-si 5 otaqlı evlərdi. Muxax kəndində
201, Yuxarı Talada 35, Cudulubinədə 7, Qarqayda 2, Sabunçuda
7, Meşleş kəndində isə 4 ev inşa olunur.
Mehman Təhməzovun sözlərinə
görə, inşaat işləri nəzərdə
tutulduğu kimi aparılır. Noyabrın əvvəlinədək
100 evin, dekabrda isə qalan 158 evin əhalinin istifadəsinə
verilməsi planlaşdırılır. Zəlzələdən
ən çox ziyan çəkən Zaqatala sakinləri yeni
ili öz təzə evlərində qarşılayacaqlar.
Sahə rəisi onu da bildirdi ki,
tikinti materiallarının təchizatda heç bir problem və
gecikmə yoxdur. Şirkət Zaqatalada beton zavodu inşa edib.
Tikintidə bahalı və keyfiyyətli, suya davamlı
materiallardan istifadə olunur, evlər tikilərkən yerli
şərait nəzərə alınıb.
Onu da əlavə edək ki,
Zaqatalada inşa edilən evlərin layihəsi ölkə
prezidenti tərəfindən bəyənilib. Fövqəladə
Hallar Nazirliyi tikintinin gedişinə ciddi nəzarət edir.
Nazirliyin Zaqatalada aparılan işlərə məsul
işçisi Malik Cəbiyev bildirdi ki, inşaat işləri
tikinti normalarına uyğun həyata keçirilir.
Baş mühasib Rasim Sadıqovun
sözlərinə görə, tikintidə
çalışanların əmək haqlarının ödənməsində
heç bir problem yaşanmayıb. Görülən işlərin
haqqı mərhələlərlə ödənilir. Hər
bir mərhələ bitən kimi işçilərə əməkhaqqı
verilir.
Qabaqcıl iş
icraçıları Elxan Cabbarov, Süleyman Süleymanov,
Şəmşir Əsgərov, Mehdi Bayramov, Şahin
Qasımov tikintinin vaxtında və keyfiyyətlə təhvil
verilməsi üçün səy göstərirlər.
Şirkətin Zaqatalada
çalışan qabaqcıl mexanizatorlarından söhbət
düşəndə isə Farizin, Azayın, Ruslanın,
Aminin və Əlizaminin adı həmişə öndə
çəkilir.
Zaqatalada AVS Tikinti-Quraşdırma
Şirkətinin əməkdaşlarını dar günün
dostları sayırlar.
(Ardı
növbəti sayımızda)
Etibar
CƏBRAYILOĞLU
Ədalət.-2012.-19
oktyabr.-S.7.