Zaqatala-həmişə
təzə qala
(əvvəli
ötən sayımızda)
Güc həmişə birlikdədi
Zaqatalada
zəlzələdən ziyan çəkən
rayon sakinləri üçün
yeni evlərin tikintisi
bir neçə şirkətə həvalə
olunub. Onlardan biri də AVS Tikinti-Quraşdırma Şirkətidi.
Sahə rəisi Mehman Təhməzov bizimlə
söhbətində bildirdi ki, tikintinin
aparılmasına 42 ədəd texnika cəlb
olunub. Şirkət ərazidə beton zavodu da
quraşdırıb. Sutkada 400 kub sement istehsal
edən zavodda işlər iki
növbədə həyata keçirilir.
Muxax Zaqatalanın ən
böyük yaşayış məntəqələrindən
biridi. Kənddə 8 minə yaxın əhali yaşayır.
Bu il mayın 7-də baş verən təbii fəlakət
Muxaxa da ciddi ziyan vurub. Bu gün AVS şirkəti kənddə
zəlzələdən ziyan çəkən ailələr
üçün 201 ev inşa edir. Şirkət rəsmiləri
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının
Muxax kəndi üzrə nümayəndəsi Abdulkərim
Şabanovla, Muxax bələdiyyəsinin sədri Akif Abdullayevlə
gündəlik toplantı keçirərək görülən
işləri müzakirə edir, qarşıya çıxan
problemləri birgə və operativ həll etməyə
çalışırlar.
İcra nümayəndəsinin
müavini Əli Mahmudov hesab edir ki, belə müzakirələr
işin vaxtında və keyfiyyətlə görülməsinə
imkan yaradır: "Atalar nahaq deməyiblər ki, güc
birlikdədi. Muxaxda tikinti işlərini aparan AVS şirkətinin
nümayəndələri ilə sıx əməkdaşlıq
edirik. Zəlzələdən ziyan çəkən sakinlər
üçün evlərin inşasında işlər keyfiyyətlə
görülür. Şirkətin iş icraçıları,
mühəndisləri və fəhlələri ürəklə
çalışır, üzərlərinə düşən
vəzifələri layiqincə yerinə yetirirlər.
İnanıram ki, insanlar yeni evlərinə köçəndən
sonra onlar üçün yaradılan bu şəraitdən
razı qalacaqlar".
Həmsöhbətimin sözlərinə
görə, yerli hakimiyyət orqanları zəlzələdən
ziyan çəkən sakinlərin problemləri ilə
yaxından maraqlanır, belə günlərdə onlara mənəvi
dayaq durmağa çalışırlar: "Ölkə
başçısı Zaqatalada olarkən rəhbər
işçilərə bunu bir vəzifə olaraq
tapşırdı. Zaqatala Rayon İcra Hakimiyyətinin
başçısı Mübariz Əhmədzadənin, rayon
fövqəladə hallar komissiyasının
tapşırıqlarına uyğun olaraq yerlərdə bu məsələlərə
ciddi önəm verilir".
Eviniz tikilsin!
Muxaxdakı inşaat işləri
ilə yaxından tanış olmaq üçün kəndi gəzirik.
Tikinti aparılan həyətlərdən birində bizi 84
yaşlı Sona Mahmudova adlı sakin qarşılayır:
"Həyat yoldaşımla birgə çox çətin
günlər görmüşük. Amma mayın 7-də
baş verən zəlzələni yaddan çıxara
bilmirik. Təbii fəlakət üzündən evimiz
dağıldı. Elə bildik ki, hər şey bir anda məhv
oldu. Əlimizi hər yerdən üzmüşdük. Sağ
olsun prezidentimiz İlham Əliyev, bizə yeni evin tikilməsi
üçün tapşırıq verdi. Həyat
yoldaşım ağır xəstə yatırdı. Amma
inşaat işləri başlayan gündən durub gəzir.
Dövlətimizin bu qayğısı bizi həyata yenidən
qaytardı. Rayon rəhbərliyi bizimlə tez-tez maraqlanır.
Tikintidə çalışanlar bizə diqqət və
qayğı ilə yanaşırlar. Onları öz
doğmalarımdan ayıra bilmirəm. İnşallah,
yaxın günlərdə 3 otaqlı evimiz hazır olacaq. Həmin
gün hamınızı təzə evimizə dəvət edəcəm".
Məktəb də diqqətdən
kənarda deyil
Zaqatalada qabaqcıl təhsil müəssisələrindən
söhbət düşəndə A. Bubuşov adına 1
saylı Muxax kənd orta məktəbinin adı birincilər
sırasında çəkilir. Ötən tədris ilində
bu məktəbin məzunu olan 50 şagirddən 16-sı
müxtəlif ali məktəblərə qəbul olunub. Bir
neçə ay öncə baş verən təbii fəlakət
məktəbin binasında da izlər buraxıb. Lakin AVS
şirkəti əməkdaşlarının operativ və
mütəşəkkil fəaliyyəti nəticəsində
480 şagirdin təhsil aldığı məktəbin
binası qısa müddətdə təmir olunub. Məktəbin
direktoru Ədalət Novruzova da inşaatçıların
işindən razılığını bildirdi: "Tikinti
şirkətinin bütün əməkdaşlarına təşəkkürümüzü
bildiririk. İşləri yeni tədris ilinə kimi
yekunlaşdırdılar. Zəlzələ baş verən
gün və sonrakı vaxtlarda müşahidə olunan qorxu və
həyəcan artıq arxada qalıb, hamı məktəbə
əminliklə gəlib dərs prosesində yaxından
iştirak edir. Müəllim və şagirdlərimizin
sevincini sözlə ifadə etmək mümkün deyil. Biz də
öz növbəmizdə çalışacağıq ki,
göstərilən bu qayğıya işimizlə cavab verək".
Sabunçu. Bakıda yox, Zaqatalada
İndi yolumuz Sabunçu tərəfədi.
Söhbət Bakının Sabunçu rayonundan yox, Zaqatala
rayonundakı Sabunçu kəndindən gedir. Dağ kəndinin
çətin keçilən yollarını iş
icraçısı Şahvələd Aslanovun
sürdüyü avtomobilin köməyi ilə arxada qoyuruq.
Şirkət Sabunçuda təbii
fəlakətdən ziyan çəkən 7 ailə
üçün yeni evin tikintisinə başlayıb. Bütün
çətinliklərə baxmayaraq, burada işlər sürətlə
davam edir. Yeni inşa olunan evlərdən biri Ramazan Usubovun ailəsinə
məxsusdu. Ailənin başçısı ən çətin
anlarda onlara dayaq duran insanlara minnətdarlığını
çatdırmaq istəyir: "Zəlzələdən sonra
evsiz-eşiksiz qalmışdıq. Nə yaxşı ki,
insanlar çətin anlarda birləşməyi bacardılar.
Ölkə prezidenti, rayon rəhbərliyi, tikinti şirkətinə
başçılıq edənlər bizi darda
qoymadılar".
İş icraçısı
Ceyhun Hüseynov tikintinin keyfiyyətlə görülməsi
üçün aparılan işlərə ciddi nəzarət
edir. Onun sözlərinə görə, hava şəraiti
imkan verərsə, Sabunçu sakinləri ilin sonuna kimi öz
yeni evlərinə köçəcəklər.
Zəlzələnin törətdiyi
fəsadları aradan qaldırmaq üçün şirkətin
əməkdaşları hətta şənbə və bazar
günləri də çalışırlar. Sürücülər
Yaqub Məmmədov, Ramiz İsayev bizimlə söhbətdə
bildirdilər ki, qarşıya qoyulan tapşırıqları
vaxtında yerinə yetirmək üçün bütün
qüvvələrini səfərbər ediblər.
Xatırladaq ki, Zaqatalada tikinti
işlərinə iyun ayında start verən AVS şirkəti
noyabrın əvvəlinədək 100 evi, dekabrda isə qalan
158 evi sakinlərin istifadəsinə verməyi
planlaşdırır.
Mənziliniz mübarək!
Etibar
CƏBRAYILOĞLU
Ədalət.-2012.-20
oktyabr.-S.5.