Çörək
xırçıltısı
Hekayə
Bu gün Elnur anasına hədiyyə
almaqdan ötrü səhər tezdən yuxudan
durmuşdu.Yuxuda çox qarmaqarışıq şeylər
görmüşdü. Müharibə, tankların,
topların uğultusu, şəhid olan
silahdaşlarının qışqırıqları bu
gün səhərəcən onu rahat buraxmamışdı. Dəhşətli
yuxunun təsiri, bu günün həyəcanı ona bərk
sirayət etmuşdi. Qəribə əzgin görkəmi
haldaydı. Hündürboy və yaraşıqlı görkəmindən
yorğunluq yağırdı. Bu gün illərlə gözlədiyi
günlərdən biri idi. Hələ həbsxanada olduğu
günlərdən əlinin pula çatacağı
günü gözləyirdi. Gözləyirdi ki, o həbs
olunanda anasının satdığı sevimli
boyunbağısını geri qaytarsın. Nəhayət ki, bu
gün onu narahat edən şeylərdən biri ilə birdəfəlik
üzüləşəcəkdi...
...Gəncədə adi günlərdən biri idi. Artıq ağrı-acılı illər arxada qalmışdı. Gəncədəki "iyun çevrilişi" çoxdan yatırılmışdı. Camaat çayxanalarda sərbəst oturub çay içir, domino oynayırdı. Elnur həbsxanadan yenicə gəlmişdi. Hərdən tanışları gəlir, dərdləşir, yaxın tarixin çətin günlərindən danışırdılar. Yenədə tanışları ilə çayxanada çay içir, söhbət edirdi. Gözlənilənlərin əksinə Elnur həbsxanada narkoman, tüfeyli kimi yox, imanlı, dindar bir insan kimi gəlmişdi. Küçəliləri buna inanmaq belə istəmirdilər. Qonşuların pıçapıçı onu hövsələdən çıxarsada yaşadığı kədərli və çətin həyatı bir daha yaşamamaq üçün səbir edir, düşdüyü bu vəziyyətdən çıxış yollları axtarırdı. I Qarabağ müharibəsinindən əvvəl yetimliyini, necə pul qazandığını xatırlardı. Moskvadan göndərilən "minlik palto" alverində qazandığı pulları necə sağa-sola xərclədiyini fikirləşirdi.
Eh... birdə yeniyetməlik illərində
bu günləri fikirləşmək iqtidarında deyildi ki... Çayxanada
hərə bir şeydən danışsada Elnur yalnız və
yalnız necə pul qazanacağını, necə həyat
quracağını fikirləşirdi. Söhbət
fırlanıb Moskvada, MDB-nin digər şəhərlərində,
ölkə xaricində pul qazanmağın üstünə gələndə,
uşaqlıq dostu Vüsal dilləndi:
- Elnur, bəlkə gedək mənimlə
Kiyevə?
- Nə bilim, Vüsal. Səncə pul qazanmaq olar?
- Olar.
- Bilirsən, mənim ciyərlərim
heç sözümə baxmır, "içəridə"
yığdığım xəstəlik məni təmiz əldən
salıb, yəqin ki, mən gedib Kiyevdə fəhləlik edə,
araba çəkə bilməyəcəm.
- Elə niyə fikirləşirsən,
sən ki, alveri yaxşı bacarırsan. O bir anlıq "Dəllal
bazarını" fikirləşdi. Sözün əsil mənasında
alverdə onun bəxti gətirirdi. Yetim olsa da fağır
böyüməmişdi. Əksər gəncəli uşaqlar
kimi, fərasətli və çevik idi. Məktəbdə
riyaziyyatı yaxşı öyrəndiyindən çevik
hesablama aparmağı, nəticəni öz xeyrinə dəyişməyi,
qarşısındakını inandırmağı
bacarırdı. Vüsalın alver söhbəti ürəyinə
yatdı.
- Vüsal mən razı, gedək.
Ancaq gərək bir az da fikirləşəm.
- Fikirləş, onsuzda Gəncə
bataqlıq kimi bir yerdir. Qazansanda nə isə artırmaq
çətindir.
- Mən mütləq evimizə
kömək eləməliyəm, bilirsən. Qardaşım xəstə,
anam da qocalır, daha bazarda işləməsini istəmirəm.
Bacıma da gərək elə baxam ki, yetimliyini hiss eləməsin.
Səkkiz il boynubükük qoyduqlarımın da sevinməyə
haqqı var. Mən harda olsa bütün qüvvəmlə
çalışmalıyam.
- Danışdıq, mən
ayın sonunda getməyə hazırlaşıram, sənə
görə bir həftə də qalaram, sənədlərini
hazırla.
- Yaxşı, axşam bizə gəl.
Anamla danışıb onu inandırmaq lazımdır. Elnur səhər
evdən çıxanda alnını dik, başını uca
tutdu, bacardığı qədər dərindən nəfəs
aldı. Günəş şüalarını doya-doya uddu.
Qarşısına çıxan dostlarını qəribə
və ürəyə yatan təbəssümlə
salamladı, əllərini sıxdı. Artıq nə etmək
istədiyini dəqiq müəyyənləşdirmişdi. Məqsədinə
doğru gedəcəyi yol artıq özünə məlum
idi. Evdən bir az uzaqlaşmışdı ki, əmisi ilə
rastlaşdı. Əmisinin qeyri-adi qabiliyyətlərinin
olduğuna əmin idi. Bilirdi ki, əmisi risk etməyi,
planlaşdırılmış addımlar atmağı
bacarır. Sakitcə salamlaşdılar. Əmisi xeyli nəşəli
görünürdü:
- Hə, qardaşoğlu, məni təbrik
eliyə bilərsən. Məni Ədliyyə Nazirliyi
"..." qəzetinin baş redaktoru təyin edib. O Ədliyyə
Nazirliyi haqqında eşidəndə əsəbləşirdi.
Həbsxana illərindən ondan bu sistemə nifrət
yaranmışdı. Təbii və içdən gələn
nifrətini gizlədərək əmisini təbrik etdi: -
Çox mübarək, uğurlar arzulayıram.
- Sağ ol qardaşoğlu.
Eşitdim Kiyevə gedirsən.
- Elədir, o haqda fikirləşirəm.
Sənədlərimdə demək olar ki, hazırdır.
- Qardaşoğlu, orda nə
qazancaqsan? Həm uzaq, həm də qürbət. Gəl əmiylə
ver əl-ələ qəzet işində yaxşı pul var.
Yaxşı pul qazanacaqsan. Həm evi dolandır, həm də
toyun üçün pul yığ. - Əmi, inanmıram ki, qəzetlə
o qədər pul qazanam.
- Qazanarsan, qazanarsan sən işində
ol, mən ananla danışacam. Həftənin sonunda Vüsal
Kiyevə, Elnur isə abunə kampaniyasını aparmaq
üçün məktəblərə yollandı. Beləliklədə
Elnurun jurnalist karyerası başlandı. Günləri
rayonlarda, kəndlərdə, idarə və müəssisələrdə
keçirdi. Rahat pul qazanmaq onu da cəlb eləmişdi.
Hamı rahat pul qazanmağın çətinliyindən
danışdığı bir vaxtda bir həftəyə bəzilərinin
bir aylıq maaşını qazanan bu çalışqan
"jurnalistlər", getdikcə daha çox pul qazanmaq
mübarizəsinə qalxırdılar. Elə öz
aralarında da ciddi mübarizə başlamışdı.
Pulun insanlıqdan üstün tutulduğu bütün cəmiyyətlərə
xarakterik xüsusiyyətlər bu kollektiv üçün də
adi hal idi. Çalışdığı kollektiv o qədər
riyakar və ürəkbulandırıcı idi ki, hətta
Elnurun doğma əmisi ilə də münasibətləri
korlanmağa başlamışdı. Ortada o qədər
söz gəzdirən var idi ki, əmisi Elnuru görmək istəmirdi.
Artıq o hərdən Moskvaya gedib-gəlir, yaxşı pul
qazanırdı. Jurnalistika onunüçün əyləncəyə
çevrilmişdi. İndi Elnur Gəncəbasarın ən həyasız
jurnalisti "Qurd" ləqəbli Vüqarla işləyirdi.
"Qurd"un riskli oyunları, utanmadan bütün variantlara əl
atmağı onu bu sahədə xeyli irəli
aparmışdı. İndi onun jurnal açmaq arzusu vardı.
Özünün olacaq hər şey daha şirin gəlirdi. Bilirdi
ki, çoxları başına yığışacaq.
...Divarları nəm çəkmiş, kif iyi verən kamerda, Elnurla bərabər Gəncədən "Qaqaş" adlı birisi də var idi. İçəri düşməyinin səbəbindən asılı olmayaraq burda demək olar ki, hamı eynidir. Üst-başları bir-birindən fərqlənməyən bu insanları əksəriyyəti eyni şeyi iddia edirdi. Maraqlı cəhət də məhz bundadır ki, hamının iddiasının da əsaslı arqumenti və sübutları var. Hər kəsin günahsız olduğunu iddia etdiyi bu yerdə hamı günahkar kimi cəza çəkir. Bura insanlıqdan kəsilib atılmış, Robinzonların yaşadığı, daha doğrusu cəza çəkdiyi bir yerdir. Robinzondan Elnurun fərqi onda idi ki, onu əhatə edənlər çox idi. Robinzon əgər insan görmək arzusuyla yaşayırdısa, burdakıların əksəriyyətini görməməmək daha yaxşı idi. Bir kamerada uzun illər bir yerdə yaşadığı dostunu satanlardansa tənha adada yaşamaq daha doğru deyilmi? Nə isə, artıq onun günlərini saydığı bu kamerada hərənin bir məşğuliyyəti vardı. Ebonitdən düzəltdiyi yumru kürəni uzun müddət ipək parçaya sürtən manyakdan tutmuş, çörəkdən təsbeh düzəldənlərə qədər. Qara çörəyin içini uzun müddət barmaqları arasında oynadıb bərkidən Qaqaşın da belə bir təsbehi vardı. Çox qəribə insan mənzərəsi yaşanan bu yerin adı nə qədər dəhşətli səslənsə də, insanı qorxmağa məcbur eləsə də, buranın bir adı var-məhbəs! Onun da illəri, xüsusən gəncliyinin çılğın illəri burda ərimişdi. Günlərlə bir tikə çörəyin paylaşıldığı bu yerdə ən qəbulolunmaz iş, oğurluqdur. Bu "günahsız" günahkarların ən çox nifrətini qazanan iş, kamera yoldaşından oğurluq etmək, yoldaşının payına göz dikmək idi. Hətta oğurluq üstündə kamera küncünə atılanlarda oğurluqdan, "krısalıq"dan nifrət edirdilər. Günlərlə eyni divarlar arasında yaşamaq, eyni üzləri görmək insanı dözülməz həddə qədər bezdirir. Kimi bu intəhasız boşluqdan qumara, nərdə və sair mənasız məşğuliyyətlərə qurşanır. Səhvini dərk edənlərin isə yeganə məşğuliyyəti oxumaq və nə isə düzəltməkdir. Elnur da kluba gətirilən bütün kinofilimlərə baxmış, kitabxanadakı kitabları bu illər ərzində dəfələrlə oxumuşdu. Oxuduqca, filimlərə baxdıqca divarların o üzündə onu gözləyən həyatın cazibəsinə daha çox qapılmışdı. Yaşamaq, ailəsinə və qohumlarına olan mənəvi borcunu qaytarmaq, yeni həyat qurmaq arzusu ilə alışıb yanırdı. Hərdən yerliləri ilə söhbətləşər, gələcək planlarından danışardı. Ən çox Qaqaşla söhbətləşir, divarların o tayındakı həyatın təlatümlərindən, haqsızlıqdan və hər şeydən danışırdılar. Hər ikisinin yeganə arzusu azadlıq idi. Elnur artıq kameranın alaqaranlıq mühitindən yorulmuşdu. Gənc və enerjili günlərini xəstəliyə, ağrılara, həsrətə dəyişmişdi. Bu həyatın bütün iyrəncliklərini görür, dustaq yoldaşlarına mənən acıyır, bu mühitin insanı çox şeylərə sürüklədiyinin şahidi olurdu. Evdən gələn pul qurtaranda axırıncı konserv bankasını da "mala" dəyişib xumarlananların iniltisi, qumarda uduzub verə bilməyənlərə yağdırılan söyüş və hədyanların səsi bütün günü qulaqlarında uğuldayırdı. Qaqaşın qara çörəkdən düzəltdiyi təsbehi əlində aramla çevirir, döyüşdə itirdiyi yoldaşlarını, məhkəməsində göz yaşı tökən anasını, onu əsgərlikdən qurtarmaq üçün bir maqintofonu satmayan qardaşını, üzünə oxunan saxta ittihamı, Surət Hüseynovun mühafizə dəstəsində keçən günləri xatırlayırdı. Bu gənc ömründə taleyinə yalnız ağrı-acılar düşdüyündən həyata baxışları tamam dəyişmişdi. Həyatını ağrı-acı içində keçırən iki gəncəlinin söhbəti xeyli uzanmışdı və Qaqaş yatmağa gedəndə çörək təsbeh yadından çıxıb onda qalmışdı. Gecə yarısına qədər evlərini. Anasını, bacısını, qardaşını fikirləşən Elnur, yatanda təsbehi dəmir çarpayının ayaq hissəsindən, döşəməyə yaxın bir yerdən asmışdı. Uzun gecələrin sıxıntısı, yuxusuzluq əzabı və narahat həyat dustağın alın yazısıdır. Onun da narahatlığı, əsəb gərginliyi çox idi. Sayıq yatdığından hər kiçik səs onu yuxudan oyadırdı. Bu gecənin də narahatçılığı, üzücü bir boşluğu vardı. Kamerada iydən baş gicəllənsə də müharibədə kontuziya almış Elnurun bu iydən xəbəri olmurdu. Müxtəlif xəstəliklərdən əzab çəkən dustaqların, natəmiz və rütubətli kameranın iyrənc qoxusu onu narahat eləmirdi. Bütün problemi xorultu və onu sakit buraxmayan hardan gəldiyi məlum olmayan səs-küy idi. Bütün gecələrdə oyanmaq onda artıq adət halını almışdı. Yenə də gecənin bir aləmi ayılmışdı. Qulağına gələn səsdən əvvəlcə narahat olmuş, sonra nəyi isə fikirləşərək utanmışdı. Gecənin bir aləmi onu utandıran səs ÇÖRƏK XIRÇILTISI idi. Bu isə o demək idi ki, illərlə bir tikəni bölüşdüyü kamera yoldaşlarından hansısa biri oğurluq eləyib, ümumi "katyola" əl uzadıb. Kamera yoldaşlarından hansısa birinin oğru olduğunu düşünmək ona ağır gəlir, onu utandırırdı. Gözlərini açıb hansısa kamera yoldaşını quru çörək xırçıldadan, "krısalıq" eləyən görməmək üçün gözlərini açmırdı. Bərk-bərk gözlərini yumub xırçıltının dayanacağını gözləyirdi. Yazılmamış qanunlara görə o oğrunu ifşa eləməli, ümumi qaba əl uzadan kamera yoldaşını cəzalandırmalı, bunu da hamıya bildirməli idi. Ancaq o inadla gözlərini yumurdu. Kamera yoldaşını utandırmamaq üçün gözlərini açmaq istəmirdi. Çünki bu iyrənc mühitdə hərə bir şeyin yoxluğunu hiss edirdi. Azadlığın məhdudiyyəti ən çox istəklərin məhdudluğunda hiss olunurdu. Onun məhbus taleyi də başqalarının taleyində heç nə ilə fərqlənmirdi. Onunda hamı kimi məhdud istəkləri, məhbəsdə boğulan arzuları vardı. Çoxusu bir qarın yeməyin və qadın təmasının arzusuyla qıvrılırdı. O isə azdlığı istəyirdi. Anlayırdı ki, bütün arzuları məhz onun azad həyatında gerçək olacaq. İnandla gözlərini yumur, bütün bu məhdudiyyətlər içində abrını itirə biləcək kamera yoldaşı haqqında fikirləşirdi. İnadla gözlərini yumurdu. Bir müddətdən sonra xırçıltı dayandı, o sakitcə gözləri açdı və ətrafı müşahidə elədi. Hamı sakitcə yatıdı. Bircə Qocanın- gəncəli Ərətunun xorultusu gəlirdi. Hamıya sakitcə nəzər salaraq yenidən dustaq yatağını başına çəkdi. Ancaq oğru deyəsən hələ doymamışdı. Xırçıltı əvvəlki kimi əsəblərinə toxunmağa başladı. Gözlərini bərk-bərk yumdu, bir neçə minə qədər sayaraq yuxuya getdi. Yuxuda gördü ki, qonşu kameraların dustaqları, zonun bütün "yaxşı oğlanları" onları lağ hədəfinə çevirib. Katyoldan olan oğurluq bütün zonda söhbət mövzusu olub. Səsi eşidib heç kəsə demədiyinə, oğrunu tutmadığına görə onu qınayırdılar. Onu günahkar sayıb üz çevirənlərə də başa sala bilmədi ki, bu sizin içinizdən biri ola bilərdi və mənim onu utandırmağım, cəzalandımağım qonşu kameraların yanında bizi utandırardı. Qarmaqarışıq yuxunun təsirindən diksinib oyandı. Bir balaca qulağı səssizliyə alışan kimi, xırçıltı səsini yenidən eşitdi. Qəribə burasında idi ki, xırçıltı səsi onun çarpayısınnın ətrafından, o yatan istiqamətdən gəlirdi. Az qaldı ki özündən şübhələnsin. Sabahın alatoranında, barmaqlıqlardan süzülən işıqda hiss elədi ki, hamı yatır. İnadla quru çörəyi xırçıldadan isə gözünə dəymirdi. Fikirləşdi ki, kimdirsə çarpayıların altında bu iyrənc işi-oğurluğu həyata keçirir. Ehtiyatla aşağı əyiləndə gözlərinə inanmadı. Çörəyi xırçıldadan uzun illərdir onlarla bir kamerada yaşayan, bütün çətin günlərinin yeganə şahidi idi. Nifrətlə qara çörəkdən düzəldilmiş təsbehi gəmirib xırçıldadan, rütubətli kameranın daimi sakinlərindən biri olan həşərəta, TARAKANA baxdı. Baxdı və ikrahla tüpürdü. ... Qan, ölüm, məhbəs və bu kimi faciələr bir də görürsən ki insanı vəhşiləşdirir, ruhundakı sükunəti, səbri və sevgini oğurlayır. Gəncliyinin gözəl vaxtlarında ölümün və qanın içində yaşayan, günahsız olduğu halda həbsxanalarda həyat sürən Elnur kimi yüzlərlə gənc bütün yaşadıqlarından sonra daşlaşır və həyata qarşı daimi üsyan,qisas mövqeyində olurlar. Onda da ikili və təzadlı xarakter vardı. Heç kəsi itirməmək naminə hamı ilə dost idi. Əmisinin vəfatından sonra onun başı bəlalı kollektivinin çox hissəsi həmin riya və ikiüzlülüklə onun yanında idilər. Əmisinin sevimli yardımçısı, sadiq işçisi və özünündə dostu Kənan əmisinin vəfatından sonra onun şəriki idi. Bütün yoldaşlardan daha çox Kənan ona daha yaxın və sadiq idi. Bütün təzadların içində o xarici ölkədə çalışmış, ailə qurmuş və övlad sahibi olmuşdu. Ancaq rahat məşğuliyyətindən, jurnalistikadan əl çəkə bilmirdi. İndi onun təzə dotları, işçiləri, əməkdaşları vardı. Şəhərin bütün jurnalistləri ona qibtə edirdii. İndi jurnalist və mətbu vasitələrin sayı çoxalsa da onun öz bazarı vardı. Dostları, məhbəs yoldaşları ümumiyyətlə onu tanıyanlar yenə də ətrafında idilər. Onun liderlik keyfiyyəti, heç kimi itirməmək naminə hamıyla dostlaşması, incə siyasəti hətta ən mahir fırıldaqçı olan, bütün iyrənc vasitələrlə, bütün cildlərə girməklə pul qazanmağı bacaran insancıqların da həsəd yeri idi. O artıq məhbus deyildi. Anasının satdığı boyunbağının eynisini almışdı.Bacısına arzuladığı hər şeyi alırdı. Avtomobili, pulu və azadlığı vardı. Haqsız həbs olunduğunu unutmasa da həbsxana kamerasında gecənin bir aləmi eşitdiyi ÇÖRƏK XIRÇILTISINI unutmuşdu...
Cəlil
Cavanşir
Ədalət.-2012.-20 oktyabr.-S.6.