YENİ
PROYEKTİMİZ: ALTMIŞINCILAR
PUBLİSİST
NEMƏT VEYSƏLLİ - 2
"Altımışıncılar"
dedikdə adətən yazıçıları nəzərdə
tuturlar və bütün vurhəşir də bildiyimiz kimi hər
zaman onların başında olur.Bunun nədən olduğunu mən
araşdıran deyiləm,amma bunu bilirm ki ALTIMIŞINCILAR təkcə
ədəbiyyatda deyil, sənətin bütün sahələrində
özlərini göstərməkdə idi. Və mənə
elə gəlir ki, dünyamızın
altımışıncı illəri təkcə bizim məmələkətdə deyil, başqa məmləkətlərdə
də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub.Məsələn, sevgili Türkiyə cumhuriyyətində
ALTIMIŞINCILAR adıyla bir dərnək
də var. Həmişə gönlümdən
keçib belə bir
təşkilat və ya dərnək bizlərdə
də olsun,amma bizlər ayrı Türkiyə
ayrı.Hər zaman adları ortalıqda hallanan yazar və sənət
adamları sonrakı nəsil tərəfindən heç də gönül
xoşluğu ilə
qarışılanmayıb. Açığını deyim ki,hətta onları insafla
müdafiə edənlər də qınaq sahibi
olur. Mən onların müdafisinə qalxmaq məqamında uzağam.
Sadəcə onlardan bəzilərini yenidən
xatırlatmaq istərdim. Ən çox o yaradıcıları ki,
onlar ədəbiyatçı deyillər.Yazar-çizər
deyillər.Amma bu sırada yazarlar
da ola bilər.
Daşlaşmış "ALTIMIŞINCILAR"
sırasına salınmayan ALTIMIŞINCILAR da
olub. Kimlərdir bunlar?
- Kənddə böyüməyinə
baxmayaraq rus jurnalistikası və rus yazarları haqqında hər
zaman çox ürəkdən, çox ayıq
danışmısan və məni də çaşdıracaq
dərəcədə rus dilində yazıları həmişə
izləmisən. Rus yazarlarına meylin nə zaman
başlayıb?
- Orta məktəbi
Martunidə (DQMV) bitirmişəm.
Orada (1957-1959) rus dilini yaxşı tədris edirdilər. Sonralar Sovet ordusu sıralarında
(1961-1964) xidmət etmişəm.
Yalandan durum deyim ki, bu illərdə
rus dilini mükəmməl öyrənmişəm,
bu da düz
olmazdı. Rus dilini, rus ədəbiyyatına
həvəsi mənə
rəhmətlik Feyzi Mustafayev sevdirib.
Universitetdə
oxuduğum illərdə
(1965-1971) Yardımlı rayonunun
ucqar dağ kəndindən Sumqayıta
gələn Feyzi o zamanlar, artıq biz jurnalistika fakültəsinin
I kursunda oxuyanda, o, demək olar ki, rus ədəbiyyatına,
bədii-publisistikasına yaxşı
bələd idi. Blokun, Tutçevin, Selvinskinin, Oveçkin və Svetlovun adlarını ilk dəfə
mən Feyzinin dilindən eşitmişəm
Ümumiyyətlə,
bizim nəsildən olan yazarlara bu fakt çox
yaxşı məlumdu:
60-70-ci illərdə mütaliəyə,
axtarışa xüsusi
meyl vardı. Sonralar həyat öz axarına düşdü. Mən qalın bədii jurnalların publisistika şöbələrində (1976-1993) çalışası oldum.
O zamanlar, lap elə sonralar da rus
mətbuatında dərc
edilən adlı-sanlı
publisistlərin - Rostun,
Boçarovun, Çerniçenkonun,
Tatyana Testin, Rudenkonun yazıları ilə tanış oldum. Bu siyahını genişləndirmək
də olar - Strelyaniy, Qolovanov, Vasilyeva, Aqranovski. Məsələ burasında
idi ki, "İzvestiya", "Komsomolskaya pravda", "Soskultura"
qəzetlərində çalışan
publisistlərlə, "Literaturnaya
qazeta", "Novıy
mir", "Yunost",
"Znamaya" kimi qəzet və jurnallarında çalışan
yazarlar bir-birindən kəskin şəkildə
fərqlənirdilər. Sözün
həqiqi mənasında,
Simonovun, Abramovun, Aytmatovun, Belov və Bitovun nəsrləri ilə, bədii-publisistikaları arasında
elə bir əsaslı fərq yox idi. Hər
iki janrda yazılan əsərlər
bədii cəhətdən
təhkiyə, tərzinə
və genişliyinə,
estetikasına görə
oxucunu valeh edirdi.
O zamanlar Azərbaycan mətbuatında
da bədii-publisistika sahəsində çalışan
maraqlı və orijinal müəlliflər
vardı: hətta o dövrün ən öndə gedən yazar və şairləri
də bədii publisistikaya çox ciddi baxırdılar və onların qələmindən gözəl
yazılar çıxmışdı.
Anar, Məmməd Araz, İsa İsmayılzadə
kimi böyük yazar və şairlər,
birbaşa publisistikada
püxtələşən Səyavuş Sərxanlı,
Əlisəftər Hüseynov
və adları yadımdan çıxan qələm sahibləri vardı.
Məni rus mətbuatında dərc edilən bədii-publisistik yazılar
niyə özünə
belə cəlb edirdi? Lev Tolstoydan tutmuş ta Belova, Rasputinə qədər müəlliflərin
bədii-publisistik yazıları
daha geniş, əhatəli, geniş təhlilə malikdi. Simonovun Yaponiyaya, Çerniçenkonun kartofa,
Qolovanovun elmə həsr edilmiş yazılarını mütaliə
edən oxucu, bu yazıları oxuyub qurtarandan sonra elə bil bir universitet
qurtarırdı. Burada
yüksək bədii
zövq, mətləbin
dərinliyinə enmək,
bədii vüsət,
dünyagörüşü kimi amillər ön plana çəkilir.
- Dostlar itirmişik, onların içində bizimlə bir fakültədə oxyuan insanlar da vardı,
kimləri xatırlayırsan,
kimlərin itkisi səni incidir?
- Dünyasını
dəyişən dostlarım
çoxdu: Mirhüseyn
Kazımov, Yaqub Qurbanov, Sevindik Hüseynov, Rəşid Quliyev. Amma tələbə
yoldaşım, dostum Feyzi Mustafayevin itkisi həmişə məni ağrıdır.
Feyzi çox istiqanlı, mütaliəli
və həssas jurnalist idi. O, Azərbaycan dilinin imkanlarından çox gözəl istifadə edirdi.
Onun "Dinmə ey kədər",
"Ölənlər geri
qayıtmır" kitabları
oxucular tərəfindən
çox yaxşı qarşılandı. Çox
təəssüf ki, Feyzi istedadının, qabiliyyətinin bəhrəsini
görə bilmədi.
O istedadda insan, ömrü boyu maddi sıxıntı içində yaşadı.
Feyzi hər yadıma düşəndə
dünya başıma
hərlənir.
NEMƏT
VEYSƏLLİNİN "BİR SAAT YOL GETDİM BİR
ÖMÜR YAŞADIM" yazısından
...Yasa toplaşan dost-tanış,
qohum-əqrəba çıxıb
gedəndən sonra ətrafa lal bir sükut çökdü. Bu sükut
onun neçə illərdən bəri söykəndiyi divarları,
iş otağını,
bütün həyatını,
enerjisini sərf etdiyi, əvəzində isə əzab-əziyyət,
bol-boluna sarsıntılar
qazandığı Azərbaycan
teatrı və səhnə həyatına
həsr edilmiş -
"Pəncərəni açdım
sabaha", "Gözlər
sənə minnətdar",
"Naxçıvan teatrının
qadın sənətkarları",
"Kişi ömrü",
"Naxçıvan teatrı"
(1883-2008) kimi sanballı
kitablarının cilidlərini,
səhifələrini dolaşdı.
İlahi, o bu kitabların araya-ərsəyə
gəlməsi üçün
nə qədər mənəvi və maddi çətinliklərlə
üzləşmişdi. Gecəli-gündüzlü
narahatlığın, əsəbin,
arxivlərdə izləməyin
sayəsində kitablar
işıq üzü
görüb, bunun əvəzində isə Cəlil sağlamlığını
itirib, kəskin ürək ağrılarına
tutulub. Mənim üçün də, onu dostları üçün də bu sirr olaraq
qalır: Cəlil belə-belə ağır
və nəhəng elmi idarənin görə biləcəyi
işlərin ağırlığını
nə üçün
çiyinlərinə gətirib,
o bu məsuliyyətin
altına niyə girib? Onu bu
fədakarlıqda, əzablı
yollarda nələr gözləyirdi? Mükafatlarmı,
maddi təminatmı, məişət rahatlığımı?
O, bu fədakarlığın,
ürək ağrıları
hesabına qazandığı
zahiri uğurları ilə adamlara yenə nə demək istəyirdi? Artıq o özü də çox yaxşı bilirdi ki, xalq, vətən
üçün edilən
fədakarlığın sonu
nə ilə bitir? Azərbaycanda, bizim indiki cəmiyyətimizdə
bunların onlarla, yüzlərlə nümunəsi
vardı. Məgər
Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Hüseyn Cavidin, Azad Mirzəcanzadənin,
Xudu Məmmədovun bir sözlə, yüzlərlə fədakar,
zəhmətkeş Azərbaycan
ziyalılarının sonrakı
acınacaqlı taleləri
məgər ona məlum deyildimi?
Doğrudur, Cəlil Vəzirov bu cəfakeşliyinin,
əzab-əziyyətinin müqabilində Rəsul Rza,
"Qızıl Dərviş" mükafatlarına, prezident
təqaüdünə, əməkdar mədəniyyət
işçisi adına layiq görülmüşdü. Amma
teatrşünasın həyatında elə incə məqamlar,
dözülməsi mümkün olmayan sarsıntılar var ki,
yuxarıda söylənilən statistik, ilk baxışda
gözəl və təntənəli səslənən adlar,
mükafatlar onun köməyinə gəlmirdi. Sosial ədalətsizlik,
hər şeyin pula və mənsəbə
hesablandığı indiki cəmiyyətdə vicdanlı vətəndaşların
dolanışığı, ziyalıların yeri. Bəzən
müxtəlif tədbirlərdə, məclislərdə belə-belə
ifadə və sözlər eşidilir: "Ziyalılar niyə
susur?", "Ziyalılar nə üçün cəmiyyətdə
baş alıb gedən rüşvətxorluğa, məmur
özbaşınalığına qarşı mübarizə
aparmırlar, müqavimət göstərmirlər?".
Tofiq Abdin
Ədalət.-2012.-20
oktyabr-S.15.