XX əsr Azərbaycan poeziyasında Cavid

 

XX yüzil Azərbaycan ədəbiyyatında Cavid obrazına dəfələrlə müraciət edilmişdir. Xüsusən, Müstəqilliyin qazanılmasından sonra, 90-cı illərdə bu mövzuya sıx-sıx müraciət olunduğunu söyləmək olar. Amma altmışıncılar və Cavid xüsusi bir mövzudur. Milli istiqlalı çoxlarının ağlı kəsmədiyi və arzulamağa belə cəsarət etmədiyi zamanlarda bu poetik gənclik Cavid sevgisini ürəklərində yaşatmağa və aydın lirikanın səsi ilə söyləməyə cəsarət etmişdilər. Çağdaş nəsillərin azadlıq arzuları və cəsarətləri o illərin yenilməz gəncliyinin bənzərsiz mərdliyindən və rəşadətindən doğulmuşdur desək, yanılmarıq.

 Həqiqətən də altmışıncıların ilk lirikasında bədii ideal timsalı olan sənətkar obrazlarından söz açarkən dahi Hüseyn Cavidi anmamaq mümkün deyil. Öncə söyləməliyik ki, ömür yolu amansız faciə nəticəsində kəsilmiş şairin xatirəsi gənclik üçün hədsiz dərəcədə əziz və müqəddəs idi. Bu pleyadanın alovlu nümayəndələri Hüseyn Cavidi misilsiz bir ustad, mənəvi ata və saf milli ideal kimi öz qəlblərində əzizləyirdilər. Onlar bir çox şeirlərində açıq-aşkar olmasa da, xəyalən, müəyyən sətiraltı mənalarla və işarələrlə ötən yüzilin ən tragik dahilərindən birinə müraciət edirdilər. Amma Hüseyn Cavid və Əhməd Cavad adının uzun müddət qəti qadağalar mühasirəsində saxlanması onlara birbaşa ithaflar yazmağa, şeirlər həsr etməyə imkan vermirdi. Düzdür sonralar, xüsusən 80-ci illərdəki məlum hadisələrdən sonra Hüseyn Cavid obrazına açıq müraciət etmək imkanları genişləndi. 60-cı illərdə isə belə bir ictimai-siyasi şərait heç kimin yuxusuna belə girməzdi. Elə bu səbəbdən də bəxtsiz dahi haqqındakı 60-cı illərin lap əvvəllərində yazılmış və talenin bir möcüzəsi kimi işıq üzü görmüş nadir əsərləri layiqincə və mərdcəsinə qiymətləndiməliyik. Belə nadir əsərlərdən biri yeniyetməlik çağlarından "Cəsarət - ürəyin istedadıdır" deyən və son nəfəsinə qədər öz sözünə sadiq olan Xəlil Rza Ulutürkə məxsusdur. "Hüseyn Cavidə" (1962) adlanan şeirində gənc şair həqiqətpərəslik və ədalətpərəstlik duyğularını cilovlaya bilməyərək, sanki bütün dünyaya, yerə-göyə, təbiətə və iqlimlərə üsyan edirdi:

 

   Qəlbin od,

   şeirin od!

   Ömrün-günün od!

   Özün buz məzarda!

   Bu necə işdir?

   Bəs necə olub ki, o buz dağları

   Sənin atəşindən əriməmişdir?!

 

   Ümumən, altmışıncıların ilk lirikasında, xüsusən, Xəlil Rza Ulutürkün bu dövr yaradıcılığında bədii ideal və sənətkarın qarşılıqlı münasibətinə dair poetik-fəlsəfi düşüncələrlə sıx-sıx rastalışırıq. Bu əsərlərdə idealın aydınlığndan, bədii istedadla birlikdə əqidə və məsləkin də sənətdə həlledici rol oynamasından bəhs edilir. İstedadsız yazılmış əsər nə qədər milli əqidə və dəyərlərdən söz açsa da təsir edə bilmək keyfiyyətinə malik olmadığı kimi, xalqa yabançı və məsləksiz istedadlar da ədəbiyyatda uzunömürlü, yaşarı əsərlər yaratmaq iqtidarına sahib ola bilməz. Xalqın dərdinə-oduna yanmayan, onu ürəyinin dərinliklərində gəzdirməyən sənət adamı öz elinin, yurdunun sevgisinə nail ola bilməz. Gənc ədəbi qüvvələr bu sərt həqiqətləri erkən anlamışdılar. X. Rza "Meyar" (1962) şeirində bütün bunları gözəl bir cəsarətlə ifadə etmişdi:

 

   Tutaq ki, var istedadın,

   İlhamın da,

   Biliyin də.

   Rədd ol! İtil gözlərimdən,

   Əgər yoxsa, Vətən eşqi

   Sümüyündə - iliyində.

 

   Bu ruhdakı şeirlərində 60-cı illərin gəncliyi, tədricən özlərinin əsl sənət və sənətkar haqqındakı görüşlərini ərsəyə gətirirdilər. Nakam getmiş və həyatda olan ustadlarının qismətlərindən, həyat və sənət təcrübəsindən çıxış edərək onlar son dərəcə zəruri olan mühüm həqiqətləri özləri üçün kəşf edir, hamıya məlum və elan etdikləri bu qanunauyğunluqlara həmahəng tərzdə yaşamağa can atırdılar. Cavan və alovlu Xəlil Rzanın düz yarım əsr əvvəl yazdığı manifest səciyyəli, poetik amalı təqdir və təkid edən miniətür əsərlərindən daha bir nümunə - "Şəlalə kimi" (1962) dördlüyündə oxuyuruq:

 

   Şəlalə - dağların mərd övladıdır.

   Qır bütün sədləri!

    Şəlalə tək qır!

   İldırım - buludun,

    tufan - dənizin,

   Cəsarət - ürəyin istedadıdır!

 

   Altmışıncıların sənət və sənətkar haqqındakı görüşləri, təbii ki, həyatdan və insana münasibətdən doğurdu. Düzdür, onların hələ təsəvvür və qənaətlərində müəyyən dərəcədə maksimalizm də mövcud idi. Buna baxmayaraq, mənəviyyatı hər şeydən uca tutmaqda, məslək və əqidə yolundan dönməməkdə, milli namus və qürura sədaqətdə bu gənclik heç nəyə güzəştə getməzdi. Əli Kərim, Məmməd Araz, Fikrət Qoca, Xəlil Rza Ulutürk və digər altmışıncıların lirik qəhrəmanınını, heç bir mübaliğəsiz, ideal mücəssəməsi adlandırmaq olardı. Xəlil Rza məşhur "Əyilmə!!!" (1962) şeirində sanki bütün amaldaş qələm dostları adından ədəbi mühitə müraciət edirdi: "Qalsan belə susuz, ac, Yavan çörəyə möhtac, Boğazına ilan tək, Sarılsa da ehtiyac, Ehtiyac ürəyini Köksündən qoparsa da, Odu, suyu, havanı, Evindən aparsa da, Ağız açma namərdə! Ürəyində dərd, yaşa. Sən İnsansan! Əyilmə! Yoxsul yaşa. Mərd Yaşa!"

   Fikrət Qocanın "Uzaq şərqin üfüqlərində Cavidi xatırladım" şeiri ulu ustadın xatirəsi təkcə 60-cı illərdə yox, sonrakı dövrlərdə də pleyadanın mənəvi-bədii fəaliyyətində mühüm yer tutduğunu göstərməkdədir. Altmışıncılar yaradıcılığa təzə başladığı və formalaşmaqda olduqları zamanlarla yanaşı, artıq boya-başa çatdıqları və öz estetik mövqelərini təyin etdikləri dövrlərdə də öz amallarının mənşəyinə bağlılıqlarını vurğulamqdan usanmırdılar. Fikrət Qocanın şeiri Hüseyn Cavid iztirablarının hərarətinin soyumadığını, əksinə bu həsrətin illər keçdikcə alovlandığını nümayiş etdirir.

 

   Təyyarədəyəm, göyləri fəth etmədə sürət,

   Çərxi-fələyin sürətini ötmədə sürət.

   Yay idimi, yer ox kimi atdı bizi ərşə,

   Qaçqın günəşə çatmağa yerdən üzü ərşə.

   Cavid, göy üfüqlərdə çiməndə səni andım.

   Yandım, yenə andım.

  

   Zaman, təbii ki, insanın təsəvvür və qənaətlərinə öz təsirini göstərir. Ancaq zamanın ürəyə təsir dərəcəsi, könül yaddaşına düzəlişlər etmək imkanları çox məhduddur. Fikrət Qocanın şeirində də biz buna bir daha əmin oluruq. Şairin yanıqlı və cavabsız sualları dünən olduğu kimi bu gün də ürəklərin ən məhrəm və köhnəlməyən ağrılarıdır:

 

   Karvanını çəkmiş yenə səyyarə buludlar,

   Ahındımı, arzundumu onlar,

   Nəğməndimi qu nəğməsi, son nəğmən, əzizim,

   Neyləyim mən əzizim

 

   Fikrət Qoca ustad şairin faciəsindən, müsibətlərindən birbaşa söz açmır. Diqqəti daha çox həmin ağrı və itkinin iztirablarına və izlərinə yönəldir. Mənəvi müsibət və əzabların əks-sədasını əks etdirir. Səhər çağı qızaran dan, dalğalanan ümmanlar, bu həsrətə dözməyən çılğın Xəzər də məhz bu ayrılığı andırır. Hüseyn Cavid ayrılığı və ağrısı torpağın altına belə sığmır, vulkan kimi, od-alov kimi göylərə ucalır:

 

   Həsrətli baxışlarını allam bu səmadan

   Bəlkə o baxışdan qalan izdir qızaran dan.

   Sakit okean bir tərəfindirsə, a şair,

   Bir yanda da qəlbin kimi çılğın Xəzərindir.

   Tayqa məzarındır.

   Ruhundumu, könlündümü vulkan?!

   Nəğməndimi qu nəğməsi, son nəğmən, əzizim,

   Neyləyim mən, əzizim?!

 

   Ötən yüzildə ulu Cavidimizə həsr olunmuş böyük şeirlərdən bəhs edərkən bir gözəl poetik nümunəni də yaddan çıxartmaq olmaz. Bu şeir də narahat sənətkarımız Fikrət Qocanın qələminə məxsusdur. Misal gətirmək istədiyimiz əsərin fövqəladəliyini təkcə böyük Cavidin amansız və dözülməz faciələri deyil, həm də bu müsibətlərin gözlənilməz və fövqəladə sonu, xalq qəlbindəki əks-sədası, şəhid sənətkarın dünyada misli görnməmiş və möcüzəli bir tərzdə Vətənə qayıdışı şərtləndirmişdi. Ulu öndərin misilsiz cəsarəti və fədakarlığı nəticəsində Azərbaycan xalqının dahi və nakam oğlu Hüseyn Cavidin cənazəsinin uzaq Sibirdən doğma vətəninə gətirilməsi və Naxçıvanda ana yurd torpağına qovuşması əsrlərin, tarixlərin, bəlkə də minilliklərin bir möcüzəsi idi. Məhz şeir mövzusunun özü, təkrarsızlığı və müqayisə edilməzliyi bu əsərin taleyini sanki əvvəlcədən müəyyən etmişdi. Bu şeirdə üç böyük obraz - Hüseyn Cavid, Ulu Öndər və Azərbaycan bütün əzəməti, cəsarəti və tragizmi ilə üzvi surətdə birləşmişdir. "Cavid gəlib, aç qoynunu" şeirinin bədii səviyyəsi və dərəcəsi isə öz mövzusuna, ehtiva etdiyi məqsəd və mətləblərə tamamilə həmahəngdir:

 

   Tale, nə gözəl gündü bu, sən

    insafa gəldin.

   Qırx ildi gəlirdin, gəl, a Cavid,

    səfa gəldin.

 

   Şair təhlükəli və səksəkəli illərin bir-birini qova-qova gözdən itməsini, zaman küləklərinin dünyanı təzələməsini, üzü dönmüş insanların dəyişməsini və yenidən özünə dönməsini məharətlə təsvir edir:

 

   İllər külək oldu,

   yollar çiçək oldu,

   insan mələk oldu,

   gördün - vəfa gəldin.

  

   Bu qəribə və fövqəladə vüsal müəllifi o qədər duyğulandırır ki, o hiss-həyacanını və ilhamını cilovlaya bilmir. Zira, bu gözlənilməz Vüsalın yalnız ruhi-hissi təcrübəsi deyil, təbii ki, bədii təcrübəsi də yoxdur. Məhz buna görə də biz bu şeirdə xüsusən, aşağıdakı misralarda yalnız görünməmiş və yaşanmamış yaşantıları deyil, həm də görünməmiş görüntüləri - yazılmamış yazını oxuyuruq:

 

   Torpaq, gözün aydın,

    onu al bağrına, torpaq!

  

   Ana torpağa belə gözaydınlığı vermək, bu qədər böyük müjdə verə bilmək zatən, heç bir Vətən oğluna və qələm sahibinə qismət olmayıb. Bu misralarda kədər və sevinc, ayrılıq iztirabları və vüsal hıcqırıqları təkcə bir sətirdə deyil, bir sözdə belə birləşə bilir, əks edir:

  

   İtkin düşən oğlun gəlir,

   Yoldan gəlir, yorğun gəlir,

   Ey ulu torpaq, ana torpaqg

  

   Bizə elə gəlir ki, şeirdəki növbəti misra - bax bu sətir təkcə nəzərdən keçirdiyimiz şeirin yox, Fikrət Qoca lirikasının deyil, ümumən, XX əsr Azərbaycan şeirnin şah misrasıdır:

   Cavid gəlib, aç qoynunu, bas bağrına torpaq...

   Ana Vətənə ünvanlanmış bu amiranə xitab - bu şairanə əmr də özünü doğruldur:

  

   Onu kövrəlt, onu qızdır

   O qədər həsrət olub ki,

   Ona yurdun qışı yazdır.

  

   Bəli, bu misralar düz qırx il uzaq torpaqlarda həsrət çəkmiş, sümükləri Sibir soyuğunda donmuş şairə Vətən mehrini ifadə edir, ana laylası qədər əziz və şirin səslənir:

   

   Həsrət - onu mərd yıxdı ki,

    O, insafa gəldi

   Ey ayrılıq oğlu, bu Araz sahilinə

    sən səfa gəldin!

 

   Bu fövqəladə şeiri dəfələrlə oxuyarkən çox qəribə və qarşısıalınmaz duyğuları yaşayırsan. Bu tragik vüsal şeirini nəzərdən keçirərkən Cavid faciəsindən başqa, qeyri-ixtiyari olaraq, ümumazərbaycan faciəsini də anmalı olursan. Səmim-qəldən düşünürsən ki, ancaq qərbli, cənublu və şimallı Azərbaycanların birləşərək, bütöv Azərbaycanın yaranması xəbərini eşidən, görən şair, bəli, yalnız həmin şair Fikrət Qocadan çox sevinə bilər. Ümid və arzu edirik ki, Hüseyn Cavidin qayıdışına sevinən XX yüzil şairinin ənənəsini davam etdirərək XXI yüzil Azərbaycan poeziyası bütöv Azərbaycan sevincini yaşaya biləcəkdir.

   Cavidin Vətənə qayıdışı uzunmüddətli, ümid və iztirablarla dolub-daşan bir proses idi. Altmışıncılar özlərinin mərdanə və cəsur fəaliyyətləri ilə əzabkeş dahinin mənəvi qayıdışını təmin etmişdilər. Yenilməz gəncliyin hüdudsuz və azadlıq eşqi ilə qanadlanan təxəyyülü zamanın süni bölgüləri və milli yaddaşda yaratdığı sərhədlərlə barışa bilməzdi. Atəşin və istiqlal xəyallı gənclik "ruhu ilə həmvətən" (Ə. Vahid) olduqları və özlərinə ideal elan etdikləri varlıqla, şəxsiyyətlə daim bir yerdə, bir sırada idilər. Bu mənada 80-ci illərin əvvəllərində Cavidin fiziki qayıdışı öz mənşəyini Caviddən başlayan və taleyini əbədiyyən Cavidlə bağlayan pleyadanın aləmşümul qələbəsi idi. Və bu qəti qələbənin reallaşmasında altmışıncıların mənəvi-siyasi hamisi - Ümummilli liderimiz Heydər Əliyevin həllediici xidmətlərini etiraf etməmək insafsızlıq olardı. 60-cı illərin ədəbi-siyasi dissident hərəkatı ilə ürəkdən həmrəy olan Ulu Öndər böyük Cavidimizə münasibətdə də onlarla həmfikir və məsləkdaş idi. Akademik Yaşar Qarayevin təbiri ilə söyləsək, altmışıncı illərin mübariz və barışmaz dissident şairlərini həmişə himayə və hifz edən Ulu Öndərin özü də həmin epoxanın ən yenilməz və uzaqgörən dissidenti idi. Beləliklə, aydın olur ki, 60-80-ci illərin poetik prosesində reallaşan və dahi sənətkara ünvanlanan ithaflar sadəcə bir ədəbiyyat işi və hadisəsi deyildi. Cavid taleyi və tərcümeyi-halı, şəxsiyyəti və sənəti təkcə ədəbi obraz sərhədlərinə sığmayıb, eyni zamanda, ümummilli birlik və həmrəylik simvoluna çevrilirdi. Məhz o illərdə yenidən doğulan Cavidanə şeiriyyət isə yeni Azərbaycan şeirinin ilk parlaq səhifələri idi.

  

 

  Yaşar Qasımbəyli,

  filologiya üzrə fəlsəfə doktoru,

  AMEA-nın Baş elmi işçisi

 

  Ədalət.-2012.-23 oktyabr.-S.5.