Şair ömrü, şeir ömrü...

 

  Ömür mənalı yaşanırsa...

 

  Şair Vaqif Bəhmənli sovet dönəmində Respublika komsomol mükafatına, Azərbaycan Ali Sovetinin Fəxri Fərmanına, müstəqillik illərində isə Türk dünyası poeziyasına xidmətlərinə görə və ilin ən yaxşı şeiri mükafatlarına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin "Yaddaş" ödülünü qazanıb. Mədəniyyət və Turizm Nazirliyində şöbə müdiri işləyir. Əməkdar Mədəniyyət İşçisidir

   Şeir və məqalələrdən ibarət 20 kitabı işıq üzü görüb. Əsərləri rus, gürcü, özbək, ukrayn, alman, ingilis və s. dillərə tərcümə olunub.

   Özünü nə 60 - cı, nə 70 - ci, nə də 80 - ci illərin ədəbi nəslinə aid edir. Amma Pənah xanın nəslindən olduğunu da inkar etmir, ehtimal edir

   O, yazır: "şeirin missiyası insanı haqqa yaxınlaşdırmaqdır", " haqq yolu yaxşıya tanış küçədir", "ona haqdan əmanətdir haqq - ədalət tərəzisi" və s

   Mən onun özünü tanıdığımdan bu yana həmişə haqqa tapınan, haqqa sığınan, haqq sözü danışan, haqqın yanında olan bir insan kimi görmüşəm.

   Hər dəfə onunla dərdləşəndən, ünsiyyətdə olandan sonra, yaxşı ilə pisin sərhəddində qərar tutanda öz - özümə sual vermişəm: "Görəsən Vaqif Bəhmənlinin belə saf qalmasının sirri nədədir?" Və cavab da öz içimdən gəlib: "Bəlkə də onun belə saf qalması Tanrının könlünə yaxın olmasındandır?" Bu mənada onu Tanrının şanslı bəndələrindən sayıram. Vaqif müəllim kimi insan olmaq dünyanın zor işidir. Çünki ömrüboyu dünyanın mənəvi hikmət qanunlarını poza - poza yaşayan bir adamın sonradan dönüb saflaşması mümkünsüzdür. Doğulandan, özünü dərk edəndən könlünü ülviyyətə, məhəbbətə, səmimiyyətə, sədaqətə, dürlü - dürlü hikmətə kökləyəndə isə ən uca keyfiyyətlərə malik insan olmaq mümkündür. Vaqif müəllim bu cür uca keyfiyyətlərə malik olan insanlardandır.

   Vaqif Bəhmənli tərbiyəçisinin Azərbaycan ədəbiyyatı olduğu qənaətindədir. Özünün isə İnsan kimi həyatı və şair kimi şair ömrü elə bir əxlaq üzərindədir ki, onunla söhbət edən hər kəs tərbiyələnər. O qədər səmimidir ki, bir söz soruşanda qarşısındakı bəlkə də ona yalan danışa bilməz, həqiqəti söyləyər.

   Şüşə ürəkləri daş ürəklilər sındırar. O isə bircə quş ürəyini qanatmağı da, bircə könül sındırmağı da böyük günah sayır. Ana torpağın bahar hüsnünə bənzəyir onun şair ürəyi. Bilmirəm, bəlkə Vaqif Bəhmənlinin ipək xasiyyəti, çiçək xasiyyəti baharda doğulduğundandır, bahar kimi doğulduğundandır.

   Başqasının taleyini özününkü etmək olmur axı! İnsan bəxt payının, tale qismətinin yükünü özü çəkəndə gözəl olur. Atasını erkən itirən Vaqif Bəhmənli heç əmi, dayı kölgəsinə də sığınmayıb. Qayğı, ehtiyac qapısını döyəndə heç kimin qapısını döyməyib. Taleyinə, qismətinə düşən nə varsa, şükranlıqla qane olub:

 

   Bir əkib min bitirəndə

   Zəhmətimə əvəz gəlir.

   Enli yolu itirəndə

   Xilasa xırda iz gəlir.

 

   Haqq nuruna bələnirəm,

   Olar gəlir, olmaz gəlir.

   Söz deyibən dillənmirəm,

   Eldən nəzir - niyaz gəlir.

  

   Günah əkib bələmirəm,

   Niyyətim yüzdə yüz gəlir.

   Mən heç bir şey eləmirəm,

   İşim Allahdan düz gəlir.

  

   ...Böyük Bəhmənlinin şair oğlu kimi doğuldu. Və səsi - ünü haradan - haraya çatdısa, doğma kəndinin adı da şair adının yanında bir boy ucaldı, bir boy artdı, bir boy böyüdü. Sözümü qəribçiliyə salmayın, bu gün hər mənada Vaqif Böyük Bəhmənli adı ona daha yaxşı yaraşır. Bu gün bütöv və mənalarla dopdolu ömrü ilə doğma kəndini də şöhrətləndirir Vaqif Bəhmənli.

   Şöhrətə can atmayan Vaqif Bəhmənlini qısmətin özü qovuşdurub şöhrətə. O, təmiz duyğularını heç zaman bu dünyanın şan - şöhrətinə dəyişən deyil:

 

   Ruhumu şərbət hava

   Bərəyə, bəndə çəkir.

   Çağırır doğma yuva -

   Yaz məni kəndə çəkir.

  

   Nə suçum var yumağa?

   Çeşmələr anda çəkir.

   Qanadım var uçmağa -

   Yaz məni kəndə çəkir.

 

   Bu səadət yükünü

   Tay hansı bəndə çəkir?

   Üzümdən nur tökülür -

   Yaz məni kəndə çəkir.

 

   Füzulinin Böyük Bəhmənli kəndində, təbiətin bahar çağında doğulduğundan doğma yurd - yuvanın bahar eşqinə uçur həmişə. Onu tanıdığım gündən bahar kimi ilıq nəfəsi, ürəyinin hənirtisi, sözünün - söhbətinin hərarəti həmişə qəlbimi isindirib. Tələbəlik illərindən bu yana həyatın yollarında boy atdıqca, illər ötdükcə Vaqif Bəhmənlini həmişə belə görmüşəm; saf, səmimi, sədaqətli, mehriban... bir sözlə, dəyişməz. Hər insan belə dəyişməz qalmır. Tələbə vaxtı telli bir oğlan idi. İllərdən bəri dəyişən təkcə zahiridir.

   Universitetin jurnalistika fakültəsində ayrı - ayrı kurslarda oxusaq da, aramızda şeirdən ünsiyyət körpüsü qura bilmişdik. İlk dəfə şeirlərimlə tanış olduğu zaman dediyi sözləri də unutmamışam: "elə şeirlərin də özün kimi abırlıdır... Şeirlərinin qayğısına qal..." Kövrək günlərimdə mənə bu cür ürək - dirək verməsindən elə ürəkləndim ki, qəlbimdəki yaradıcılıq həvəsi birə - beş artdı. Mən o zaman şeirin yollarında iməkləyirdim, ən kövrək addımlarımı atırdım. Həmin günlərdə Vaqif Bəhmənli qolumdan tutub məni ayağa qaldırdı. Şərt o deyil ki, sənin hansısa bir şeirinin qəzet və jurnalda dərc olunmasına kömək eləsin. Şərt odur ki, sənə mənəvi dəstək verən olsun, hər addımda ruhdan düşməyə, sınmağa qoymasın. Vaqif Bəhmənli elə o vaxtdan kövrək könlümün dostuna çevrilib. Elə o vaxtdan onu könül adamı kimi tanımışam. Elə o vaxtdan onu özümə böyük qardaş ( aramızda cüzi yaş fərqi olsa da) bilmişəm.

   Mən dostları kimi hər gün onunla bir yerdə olmasam da, dostları qədər ona yaxın olmasam da, kövrək şeirlərinin, ipək duyğularının sirdaşı olmuşam. Şeirlərini oxuduqca ürəyim ürəyi ilə danışıb. Onun şeir dili ürəyimi dilləndirib həmişə:

  

   Mən şeir yazanda öz dilim kimi

   Qəşəng anlayıram külək nə deyir.

   Su kimi içirəm suyun səsini,

   Kolda işıldayan böcək nə deyir.

   Söz dəyib qızaran çiçək nə deyir...

   Hələ bunlar nədir, bunlardan əfsəl

   Mükəmməl qanıram ürək nə deyir.

 

   Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində " tələbə - şair"lər bir - biri ilə daha doğma münasibətdə olurdular. Mən jurnalistika fakültəsində birinci kursda oxuyanda Vaqif Bəhmənli artıq sonuncu kurs tələbəsi idi. İmzasına qəzet və jurnallarda rast gəlirdik. Ədəbi mühitdə haqqında danışılırdı, ədəbi aləmdə geniş tanınmaqdaydı.

   Universiteti bitirdikdən sonra təyinatla "Sovet kəndi" qəzetində işləməyə başlamışdı. Az bir müddətdən sonra həmin qəzetdə mədəniyyət şöbəsinin müdiri kimi irəli çəkildi. Başqa uğurlarına sevindiyim kimi, yeni vəzifə təyinatına görə daha çox sevinmişdim. Dost uğuruna təmənnasız sevinməyimi, yaxşı insanın uğurları ilə öyünməyimi, sadəcə fəxr etməyimi Tanrı tərəfindən ürəyimə verilən ən yüksək mükafat kimi baxmışam.

   Hər dəfə məni görəndə nurani çöhrəsi gülümsəyər, hal - əhval tutar, "yaradıcılıqda nə var, nə yox" deyərdi. Özünün yaradıcılığı ilə maraqlanada isə "yeri gələndə uydurduğunu" nəzərimə çatdırıb zərif zarafatından qalmazdı. Bir səhər nəşriyyatın binasında görüşəndə mənə dedi:

   - Həzi, adından da göründüyü kimi,"Sovet kəndi" qəzeti əsasən kənddən - kəsəkdən yazır... Hərdən uyğun gələn mövzulardan bizim qəzetə də məqalələr yaz. Elə bu günlərdə Sahil parkında kaktusların sərgisi açılıb. Bəlkə o sərgiyə gedib baxasan, həm də bizim qəzetə bir yazı yazasan.

   Bu təklif çox ürəyimcə oldu. Sərgiyə baxdıqdan sonra elə həmin gün kiçik bir məqalə yazıb gətirdim. Yazını oxuduqca nurlu çöhrəsi bir qədər də işıqlandı. Xəfifcə gülümsündü:

   - Məqalənin adı "Gözəllik"dir, özün də gözəl yazmısan. Sanki şeir kimi yazmısan, yaxşıdır, çox yaxşıdır, - dedi. Çox xoşuna gəlmişdi o yazı...

   Səhərisi gün "Gözəllik" adlı o balaca məqaləmi qəzetdə oxuyanda elə sevindim ki... Biz başqa cür görmüşdük axı... O vaxtlar bir yazının dərc olunması üçün qəzet axtarırdın, indiki qəzet bolluğunda isə qəzetlər yazı axtarır. Bir kiçicik yazının qəzetlərdə işıq üzü görməsi üçün redaksiyalara ayaq döydüyümüz vaxtlar az olmamışdı.

   Vaqif Bəhmənlinin yazıma belə qiymət verməsi, mənə doğma münasibət göstərməsi heç yadımdan çıxmır. Bu söhbət könlümün yaddaş səhifəsinə elə həkk olub ki, ömrümün sonunacan silinən deyil...

   Başqa təbiətin qoynunda doğulsaq da, ruhən o vaxtlardan doğmalaşmışıq. Ömrümüzün tərlan çağında - oğlan çağında eyni şəhərdə, eyni dövrün, eyni universitetin, eyni fakültənin tələbəlik həyatını yaşamışıq. Ömrümüzün müəyyən ayları, günləri eyni yataqxanada keçib, eyni dərsikləri oxumuşuq, eyni müəllimlərdən dərs almışıq, eyni ədəbi nəslin içindən çıxmışıq. İndi ömrümüzdən ötən və itən o günlər üçün burnumun ucu göynəyir. O günlərin tələbə həyatı da, yataqxanası da, çayxanası da mənalı və məzmunlu idi. O günlərdə şair xəyallı bir tələbə gəncin şeirinin qəzet - jurnal səhifələrində görünməsindən aldığı sevincə sevinc çatmazdı.

   Vaqif Bəhmənli ilə eyni dövrdə yaşasaq da, həmişə məndən öndə olub, həmişə qabağa gedib. O, qabağa gedərkən elə sevinmişəm ki... Ömrün - günün, vaxtın - zamanın diqtəsi ilə məsafəcə aralansaq da... ürəyimiz heç zaman bir - birindən aralanmayıb, aradakı səmimiyyət paralanmayıb, könlümüz bir - birindən incik düşüb yaralanmayıb. Kitabında mənə yazdığı avtoqrafla da özü bunu təsdiq edir: "Şair qardaşım, az - az görüşsək də, doğma işığı həmişə qəlbimdə yanan Həzi Həsənliyə can sağlığı və yaradıcılıq uğurları arzulayıram..."

   Onsuz da kiminsə ondan qəlbi sınıq gəzməsinə inana bilmirəm. Bilirəm ki, həyatda düşməni olmasa da, o, qəlbə dəyənlərin düşmənidir. İpək xasiyyəti ilə hamının dostuna çevrilib. Bəlkə də elə buna görə sonuncu kitabına da "Hamı" adını verib.

   Doğrudan da şairin hər yeni doğulan şeiri təzə - tər qönçəyə bənzəyir. Doğulan səhər kimidir yaxşı şeirin doğulması. Onun şeirlərini oxuduqca Vətən torpağı gözlərimdə al - əlvan libasa bürünür. "Hamı" kitabı ilə çoxları (hamı) kimi mən də nəfəs - nəfəsə, üz - üzə, göz - gözə qalmışam. Xeyli vaxtdır şair qardaşımın bu kitabı ilə yol gedirəm. Bakı - Borçalı boyunca yol gəlib-getdikcə oxudum, yorulmadım. Stolüstü kitabıma döndü, dönüb - dönüb bir də oxudum, doymadım. Hər dəfə bu kitabı əlimə alıb uca könüldən oxuduqca könlüm xoş oldu. Vaqif Bəhmənlinin ürəyinin döyüntüsünü duydum... Nurlu simasından qəlbimə işıq düşdü.

   Vaqif Bəhmənli zahirən çox sadə görünür, adi insan təsiri bağışlayır. Davranışı da, geyimi də sadədir. Amma daxilən o qədər zəngindir ki... O qədər böyük ürəyi var ki! Onu həmişə qəlbi qırılan, haqsız yerə incidilən, küsdürülən qələm dostlarına ürək - dirək verən, qayğısına qalmağa hazır olan görmüşəm.

   Düşünürəm ki, hər gün yanında olan adamlar da Vaqif Bəhmənlini mənim kimi tanıya bilməz. İnsan hər gün qarşısında olan ucalığa öyrəşdiyindən ona dəyər vermək haqqında o qədər də düşünmür. Mənsə deyirəm ki, nə yaxşı Vaqif Bəhmənlidən "bir köynək" gendəyəm. Ucalığa yaxından baxmazlar ki... Ucalığa gendən baxanda uca görünür, axı! Vaqifin şair adı dağların bəyaz qarı kimi ləkəsizdir. Onun üçün ən əsası adın təmizliyidir.

   Sözə qüvvət, bir dəfə millət vəkili, yazıçı Aqil Abbas "Ədalət" qəzetinin redaksiyasında fikirli - fikirli oturubmuş. Bu zaman qəzetin əməkdaşlarından biri elə həyəcanla gəlir ki, Aqil Abbas onun həyəcanının səbəbini biləndən sonra deyir:

   - Zalım oğlu, elə həyəcanlı gəldin ki, elə bildim Vaqif Bəhmənlinin kimdənsə rüşvət aldığını deyəcəksən?!

    Mən də bu qənaətdəyəm ki, Vaqif müəllim neyzənbillah təmiz adına ləkə gətirməz.

   Vaqif Bəhmənlinin "ömür mənalı yaşanıbsa, ölüm də mənalı olur", " ona görə yazıram ki, sözlər məni yaşadır" kimi bir - birindən gözəl xeyli deyimləri də "Hamı" kitabında yer alıb.

   ... Oxuya - oxuya, yaza - yaza ömür yolu zamana qoşulub beləcə uzanır. Şair ömrün, şeir ömrün uzun olsun, Vaqif Bəhmənli!

  

 

  Həzi Həsənli,

 Azərbaycan Yazıçılar və

 Jurnalistlər birliklərinin üzvü,

 şair-publisist

 

Ədalət.-2012.-23 oktyabr.-S.6.