BU
VƏTƏNİN TORPAĞINA, SUYUNA...
Yazılmış
vərəqlərin taleyinə mistik bir dönüşmü?
Mən ilk dəfədir ki, hissələrə
ayırdığım böyük bir yazının tən
yarısını başqa vaxta, daha doğrusu ən
münasib vaxta saxlamalı olub, yenidən işləmək qərarına
gəldim. Peşəkar üçün ani tərəddüdün
də ciddi psixoloji təsiri qabarıqlaşır və...
öz diqtəsini edir. Nadir hallarda baş versə belə, hər
halda qələmə alınan mövzunun əsas istiqamətləri
daha geniş spektrə malik olmalıdır. Çünki Layihənin
əsas tələbi də budur.
... Və nadir hal olaraq baş verən
həmin yazı prosesinin ilkin variantı da göydən
düşməyib, təəsadüfdən yaranmayıb. Əksinə
hansı tərəfdən baxsan Masallıya birbaşa və
ya dolayısı ilə dəxli olan məsələdir.
Çünki publisistikanın özəlliyi, cazibədarlığı
da elə bundadır, ki mən məhz həmin anlardan
başlamışdım və həmin afətin tilsiminə
düşmüşdüm. Xatirələr paradı, nostalji məqamlar...
Və mən təbii ki, ilk baxışda, ilk yanaşmada Layihə
proseduruna uyğun görünməyən həmin vərəqləri
arxivimin uzaq bir küncünə də atmadım. Bu vərəqlər
nə vaxtsa, bəlkə də lap yaxın zamanda oxuculara daha
bitkin formada təqdim olunacaq.
Masallı Henrix Böllü də
xatırlatdı, Herbert Uelsi də...
Anonsa bənzər kiçik
ştrixlər verməsəm o vərəqlərdəki qəribə
xatirələr canlı varlıqlar kimi məndən inciyə
də bilərlər. Axı "o illərin çörəyi"
də unudulmayıb. Elə Henrix Böll də. ... Necə ki,
sovet dövründə o bölgədən olmayan Azərbaycan,
nəinki Azərbaycan, bütövlükdə SSRİ vətəndaşları
DİN-dən rəsmi icazə almadan Masallıya və digər
cənub rayonlarına gedə bilməzdilər. Bəhramtəpədən
o tərəfə bircə addım da ata bilməzdin.
... Mənim cəmi 51 il
ömür sürmüş yaxın qohumum - xalamın həyat
yoldaşı Məmməd Cabbarov Masallı rayonundan idi. O,
SSRİ-nin əksər orden və medallarını
almış, Xəzərdə çalışmaqla
yanaşı, Suriya və Hollandiyada da illərlə
yaşayıb-işləmiş məşhur neftçi idi. Həm
də elə "Neftçi"nin ən sadiq azarkeşi...
Mənim tələbə
yoldaşlarımdan 7 nəfəri (!!!) Masallı və ətraf rayonlardan idi...
On illər
ötüb keçsə
də mən Zahiri, əzizləmə mənasında "Vaska"
çağırdığımız səhər Bakıda, günorta Sofiyada görünən Vasif Səmədovu və başqalarını Masallı
yazılarında unuda
bilərəmmi? Həm
də ki, bizim Vaska bəzən
Herbert Uelsin qəhrəmanı
kimi gerçəkdən
görünməz olurdu...
...Tiflis, Sxaltubo,
Rustavi hara, Masallı hara? Elə o vərəqlərin sirri də bundadır
ki, qıvrımsaçlı
yaraşıqlı bir
gəncin acılı-şirinli,
ancaq o qədər dürüst, o qədər
təmiz həyat yolu məhz o xatirə fotolardakı kimi dupduru qalmaqdadır.
Metronun Nərimanov stansiyasından tutmuş, doğma universitetimizə qədər; İçəri
şəhərə və
gələcəyə qədər...
Ştrix adlandırdığım bu
hissələr heç
də kiçik alınmadı və deyəsən özümü
aldada-aldada hələ
bir az
da, hələ bir qədər də Onunla ayrı-ayrılıqda yaşadığımız
sevincli və ... faciəli günləri bir göz qırpımı
qədər, həm də mücərrəd zamana yükləməyə
doğruyam.
Yox! Bu söhbət indiyə
qədər olmayıbsa,
indən belə də olmasın. Yalnız bir şeir parçası ilə - gizlin və hüzünlü...
.... Nə oxşarmış quşların,
uşaqların
ölümü-
Hərəsindən
dünyada
bir şey qalır;
Uşaqların
doyunca
sürmədiyi
bir ömür,
O quşların
doyunca
uçmadığı
göy qalır.
Atam oğlu, səbəb budu bəlkə də,
Uşaqların tabutu daş
kimidi.
Bəlkə elə o tabuta yüklənən
uşaqların
yaşanmamış
ömrüdü...
Bağışla
Tanrım, bağışla
Qardaşım, bağışla...
Günəşli
bir payız səhəri
...Masallı bizi günəşli hava ilə qarşıladı.
Baş küçə hələ
modern bir şəhərin
yeni quruluşundan, yaxın gələcəyinin
təntənəsindən xəbər
verirdi. Çünki burdan hara baxırsan - sağ-sol, qarşı küçələr
və kvartallar, onların ətrafı əsl tikinti meydanını xatırladır.
Elə Rafil müəllim də bizi İcra
Hakimiyyəti yaxınlığındakı
yeni tikililərin biri önündə qarşıladı. Köhnə tanışlar
üçün qısa
hal-əhval bəs edir. Biz də
bu ənənəni pozmadan bir stəkan
çay fasiləsini tez başa vurub
şəhərin mərkəzindən
ucqarlarına kimi gəzməyi razılaşdıq.
Saat hələ 11-ə qalırdı.
Şəhər
boyu səmimiyyət
...Şəhərin bir çox
küçələrində aparılan genişləndirmə
və abadlıq işləri ilə paralel olaraq,
qazıntı işlərinin də aparılması, indi
Respublikanın bir çox rayonları üçün
xarakterik haldır. Ən müasir layihələr əsasında
yeni su və kanalizasiya xətləri çəkilir. Eyni
zamanda sosial-mədəni obyektlərin tikintisi də davam
etdirilir. Biz Masallı Rayon İcra Hakimiyyətinin
başçısı Rafil Hüseynovla bu istiqamətdə
görülən işlərlə tanış olarkən
başçı bir məsələni xüsusi
vurğuladı.
Dedi sən də yaxşı bilirsən
ki, Masallının bir sıra özünəməxsus adət-ənənələri,
eyni zamanda problemləri də var. Bu problemlərin aradan
qaldırılması üçün çox işlər
görülür və görüləcəkdir. Rafil müəllim
problemlərin həllində gənclərin məşğulluğunu,
idmana münasibətini, mövcud idman qurğularının fəaliyyətinin
müntəzəmliyini ön plana çəkir. Eyni zamanda əhalinin
asudə vaxtlardan səmərəli istifadə, uşaqlarla birlikdə
mənalı istirahətlərinin təşkili məsələsi
ilə əlaqədar da geniş işlər
aparıldığını öyrənirik.
(ardı gələn sayımızda)
MƏZAHİR
ƏHMƏDOĞLU
Ədalət.-2012.-23
oktyabr.-S.7.