GÖRÜŞ

 

   Esse

 

   Bizim tərəflərdə cavan ailələr yaşayır. Kişinin və qadının orta yaş həddi 25-40 arasında ola-olmaya. Çox az bir hissəsi, 5-6 nəfəri təhsildə, səhiyyədə çalışır. Qalanı mal-heyvan, ev quşları, toyuq-cücə saxlamaqla ailələrinin gündəlik ruzisini qazanmaq, birtəhər dolanmaq zorundadır. Başqa yerlərə işəmuzd gedənlər, kartof, xiyar, pomidor, pambıq əkənlərə əl yetirib, bir günə 3-5 manat pul qazananlar sevinclərini gizlətmirlər.

   Sağ olsunlar, məni böyük, ağsaqqal kimi tanıyır və ehtiram göstərirlər. Kiminə əmiyəm, kiminə dayı. Harda rastlaşdılar, salam-kalam, hal-əhvalımı soruşma. Böyüklər bir yana, uşaqları görəsiz. Düz üstümə cumur, gülə-gülə əl verib salamlaşırlar

   Hələ bu azdır. Kimin oğlu əsgər gedirsə, kiçik yığıncağın baş tərəfində mən əyləşirəm. Qızlara elçi gəlibsə, əl tutan, iki gəncə xoşbəxtlik arzulayan mən.

   Bu ehtiram, bu sevgi ömrün dolaylarında şərəfli, mənalı yaşamağa necə də həvəsləndirir məni... Həyat elə bəlkə budu: yaşa dolduqca düz, xeyirxah yolla get, sadə, səmimi ol. Eqoizm mərəzinə mübtəla olma. Bu mərəz səni cəmiyyətdən ayrı salar. Heç kimə gərək olmamaq dərdi ölümdən də betərdi. Evdən bayıra çıxmasan, şənlik məclislərində, yas təziyyələrində görünməsən, kimə, nəyə lazımsan? Özü torpaq altında, ruhu göylərdə cövlan edənlərlə sənin fərqin nə?

   Hərdən öz-özümə deyirəm: hə, belə yaxşıdı, görünmək, hərəkət etmək lazımdır. Baxma bu qocadı, o cavan, lap elə uşaqla da xoş ünsiyyət qur, mehriban üz göstər rastına çıxan hər kəsə. Həzrəti Məhəmmədin kəlamıdır: "sənin təbəssümün sənin sədəqəndi, onu başqalarından əsirgəmə".

   Düşüncələrimə nöqtə qoyub, keçirəm mövzumun episentrinə. Günlərin bir günü evdə fikrimi hamıya bildirdim. Evdar qadınlarla görüşüb-söhbətləşmək istəyirəm. Daha doğrusu, onların toplantısını keçirib, övlad tərbiyəsi - bu gün bu məsələ çox aktualdı-haqqında bilgilərimi onlara çatdırmağı özümə borc bilirəm.

   Çaşqınlıq yarandı. Xanımım əlini alnına qoydu: deyəsən qızdırmam var, kişi. Gəl səni uşaqlar həkimə aparsın... Sözün qısası məni məqsədimdən əl çəkməyə çalışdılar. Yox ey, qoy lovğalanım: hələm-hələm saqqalı ələ verən kişilərdən deyiləm ha! Dönmədim niyyətimdən: qadınların yığıncağını təşkil eləyəcəm. Bacarıram. Başqalarını iclasa, toplantıya gətirmək təcrübəm var. Beş il 6 kəndi əhatə eləyən böyük bir kolxozun partkomu olmamışam bəyəm

   Sözarası deyim ki, evdən kəndə zəng eləyib, ağlımın çaşdığını qızıma da xəbər veriblər və o, yazıq iki mollaya mənim ağlım yerinə gəlsin deyə dua yazdırıb. Amma o bilmir ki, mən dua-mua, cadu-piti kimi həlləm-qəlləm söz-söhbətlərə inanmıram. Bilirəm, Allaha şərik qərar verənlər, yəni dua yazan mollacıqlar cəhənnəm odunda yanacaq.

   Nə isə, özüm başladım maarifləndirmə, təbliğat kampaniyasına: "Gəlin görüşək, birlikdə söhbətləşək". "Nə haqda ay əmi?", "Bu sirdi, elə ki, bir yerə cəm olduq, onda agah edəcəm sizdən nə istədiyimi". Dilli-dilavərin biri zarafatından qalmadı: "Əşi, bizi evdən çıxarıb harasa aparsan, bəs kişilərimiz nə deyər".

   ... Gördüm, yox, çəm-xəm eləyirlər. Cavan ərlərinə də "iclas"ım haqqında xəbər verdim. Balaca məktub yazıb uşaqlara paylatdırdım: "filankəs, sizin həyat yoldaşınızı filan tarixdə görüşə dəvət edirəm".

   Və nəhayət, dua-muanın heç zərrə qədər təsiri-zadı olmadı. İstəyimə çatdım. Axşamın qara sərinində böyük talvarı olan həyətə cəm olduq. 18 nəfər gənc ana və mən pah, pah nə gözəl məclis. Yuxarı başda stol-stul, qabağında limonlu çay, şəkərbura, paxlava.

   Əvvəlcə çağırışımı qəbul etdikləri üçün minnətdarlıq, səmimi sözlər, sonra pavoslu, qol-qanadlı cümlələr:

   - Ailə bir dünyadı, məhəbbətsə onun Günəşi. Yer üzündə təbiətə Günəş necə lazımsa, məhəbbət də bir elə ailəyə lazımdı. Günəşsiz təbiət saralıb-solar, məhəbbətsiz ailə dağılar, məhv olar. Ata evin, ailənin rəhbəridirsə, ana bu evin, ailənin qurucusu, daxili qayda-qanunların nizamlayacısı, ilk öncə, tərbiyəçisidir. Qadın evdə elə bir mövqe tutmalıdır ki, tərbiyə işində ciddi xətalar baş alıb getməsin. Deyirlər: övladın əzizdirsə, tərbiyəsi ondan da əzizdir.

   Dövran dəyişib. Ötən vaxtlardan tamamilə fərqli olaraq bu gün uşaqların tərbiyəsində 4 amilin rolu var: ailə, telekanallar, məktəb və ictimai mühit. Aydın məsələdi: ailə daha çox məsuliyyət daşıyır və ata da, ana da istəyir ki, övladı sağlam, savadlı, müasir dünyagörüşlü insan kimi formalaşsın. ABŞ-da aşağı sinif uşaqlarına səhər-səhər yemək verilir. Məktəbə gələn valideyn deyir: "Görüm hansı kalorili yemək verilir. Mənim övladımın sağlamlıq durumu onun təhsilindən daha önəmlidir".

   Tərbiyə çətin, mürəkkəb problemdir. Yaponların düşüncəsi belədi: uşaq tərbiyəsi iti ülgücə bənzəyir, ehtiyatlı olun, əlinizi kəsərsiniz.

   Hə, əzizlərim, Sovet dönəmindən ta indiyə kimi tərbiyədə iki şərt əsas götürülür: rəğbətləndirmə və cəzalandırma. Gəlin uşağı sevək, tərifləyək, onun istəklərinə əməl edək. amma bu sevgi əndazəsində olmalıdı ha! Gəlin rəğbətləndirməni kənara qoyaq və keçək əsas mətləbə: "tez-tez dəcəllik edib, ədəb qaydalarını gğzləməyən, şıltaq uşaqları necə, hansı yollarla cəzalandırmalıyıq?"

   Burda pauza verdim, gördüm gözlərini döyürlər, mənim söhbətimi deyəsən, yaxşı qarşılamırlar. Hə, məsələ aydındır: indi didaktika, quru, cansıxıcı "mühazirənin" kitabı bağlanıb. Bu gəlinlərin eləsi var heç doqquzuncunu da bitirməyib, çöl-bayır işlərinə can atır, kartof, pambıq, xiyar, pomidor əkib-becərir

   Eləsi var, cavan əri iş dalınca Rusiyaya gedib, ailənin ağır yükü düşüb üstünə, bəzisinin əri ortalıqda veyillənir. Eləmədim tənbəllik, valı dəyişdim, zildən endim bəmə. Başladım fəallığı artırmağa. 18-min də adını yazdım vərəqə, başladım sorğu-suala:

   - Hə, Gülnaz neçə uşağın var?

   - Üç, əmi, ikisi qız, biri oğlan.

   - Hə, Gülbəs sənin neçə balan var?

   - İki qızdı...

   - Fatma sizin ailədə neçə uşaq var

   - Biri oğlan, biri qız...

   Yekun məlumat: 18 ailənin cəmi birinin 4 övladı var: 3 qız, bir oğlan.

   Deməli, keçmiş arxada qalıb. Çoxuşaqlı - 5 və ondan artıq övladı olan yoxdu! Niyə belədi, sosial çətinliyə görə? - bu, ayrı söhbətin mövzusudu.

   Keçid alıram cəzalandırma metoduna. əsl məqsədimə.

   - Yasəmən dur ayağa, de görüm sözünə baxmayan övladına necə cəza verirsən?

   - Canın alıram onun. Qızım Aysel - altıncıda oxuyur, məndən xəbərsiz getmişdi kəndə, bibisigilə. Gələn kimi təpəsinə bir qrama vurdum, 10 gün gözündən su axdı.

   - Hə, bə görərsən Elmira qızım uşağa necə cəza verir 

   Elmira dedi:

   - Müəllim, Orxan hirslənib termosu çırpmışdı divara. Peysərinə yumruq vurdum, neçə gün başağrısından yata bilmədi

   - Arxada oturan o gəlin var ha, adı Həlimə, görəsən o balasını necə döyür?

   Ayağa durdu gülə-gülə:

   -Bir sözümü iki eləyənin ağız-burnunu verirəm şilləyə, yumruğa. əmi. Uşağı döyməsən, Allaha bəndəlik eləməz.

   Xanım lap quşu gözündən vurdu:

   - Orxan küçə uşaqlarından pis-pis söz, söyüş öyrənmişdi. Atasına söyüş verdi. Götürüb çırpdım yerə, başını təpiklədim. Neçə gün ağlı çaşdı, dili topuq çaldı. Qulağından qan gəldi

   Başqa bir gəlin məktəbi, müəllimi günahlandırdı:

   - Direktor, müavinlər əllərində çubuq gəzdirirlər. Döyürlər uşaqları. Bəzi müəllim lap ağ eləyir.

   - Nə təhər?

   - Ögey-doğmalıq salır uşağın içinə. Kim onun qohumu-qonşusu, simsarıdırsa, ona güzəştə gedir. Kim kənardırsa, şuluq salanda təkcə döymür, həm də köhnə qaydayla cəza verir. O gün ikincidə oxuyan oğlum Elmir evdə atasına xəbər verirdi: "Azər mənə söyüş verdi, mən də ona cavab qaytardım". Müəllim ona dinmədi, mənə qışqırdı:

   - Elmir keç qabağa. Dur küncdə, bir ayağını qaldır yuxarı... Hamı mənə güldü.

   - Bəs, Azərə niyə dinmədi, müəllim?

   - O, müəllimin qardaşı oğludu da...

   Sona-bizdən iki ev aralıda yaşayan gəlin dilləndi:

   - Ay müəllim, nə qoyub, nə axtarırsan, elə biz özümüz də anamızdan pis hərəkət eləyərkən qapaz yeməmişik? Böyük qız idim ey, evə gec gəldiyim üçün anam saldı məni qapazın altına. İki gün qulağımdan çirk axdı... Uşaq gərək ataya-anaya tabe ola.

   Sona ilə yanaşı oturan gəlin də Sonaya qoşuldu:

   - Gündə on dəfə uşağa "qurban qara gözlərinə", "başuva dönüm", "Sən mənim ömrüm-günümsən" deyirik, üz-gözündən öpürük, bə hərdən qapaz da olmalıdı də...

   Hə, deyəsən, kifayətdi, maraqlı, qeyri-adi görüşümüzü yekunlaşdırmağın vaxtı çatıb. Iki qurtum çay içib başlayıram:

   - Ay mənim gəlinlərim, ay mənim qızlarım! Məni ağsaqqal hesab elədiyinizə görə sağ olun. Həmişə xeyir işlərinizə gəlim.

   Görüşümüzün başlanğıcında tərifinizi ala buluda qaldırdım. Bunlar mənim, həyatın isti-soyuğunu görən insan kimi ürək sözlərim idi. Həqiqətən hər cür tərifə, bəzəyə, gözəlliyə layiqsiniz. Siz varsız dünya var, siz olmasaz nə dünya, nə həyat...

   Amma ötənləri yada salarkən xatırlayaq: müsəlman kişisi o qadına qəlbini verir ki, onun sədaqəti, etibarı olsun. Söz var, deyirlər: hər kimin olsa vəfalı yarı, lazım deyil ona dünyanın varı.

   Gəlin zəmanənin gərdişini, həyatın dolanbaclarını da görək. İnciməyin, küsməyin, qoy sizi bir balaca tənqid də eləyim. Sadə, səmimi olun ev-eşikdə, sinənizə döyüb, cavan ərlərinizi divara qısnamayın mən olmasam, atam kömək eləməsə, bizim ailə dolana bilməz, "mən olmasam uşaqlar acından ölər" deməyin. Cavan ər istəyər ki, gecə-gündüz əlləşib-vuruşsun, təki evinə pul gətirsin, ailəsi şad-xürrəm yaşasın. Bax, Bəxtiyar hansınızın yoldaşıdı, bilmirəm, ali təhsilli zootexnikdi, harda işləsin? Qismət adlı cavan ər. İki dəfə sıxıla-sıxıla, dərdini mənə açıb: "ay müəllim, politexnik universitetini bitirmişəm, iş tapa bilmirəm. Gözətçi də olsa, razıyam, təki işləyib evə çörəkpulu gətirim" deyib.

   Siz Allah, orda-burda günəmuzd çalışıb, evə pul gətirəndə, onu kişilərinizin baçına qaxınc eləməyin.

   ...Pauza, Diqqətlə süzürəm görüşü. Hardansa xəyalımda yaxın dostumun zərb-məsəli canlanır: Kişilərlə müqayisədə qadınlar dözümsüz olur tənqidə. Haqlıdır dostum, üstılik, mən nəyiyəm bunların? ərləri deyiləm, ataları, əmiləri, dayıları da deyiləm. Nə olsun ki, ehtiram göstərirlər mənə. Yenə keçirəm tərifə:

   - Dünyanın, cəmiyyətin yaraşığı, gözəlliyi anadır və biz ömrümüz boyu ananın borcundan çıxa bilmirik. İlk Vətənimiz ana bətnidi, son günümüzə kimi anamıza bənzəməyə, onun kimi yaşamağa, hərəkət etməyə üstünlük veririk. Eşidibsiz, böyük alim olub - Azad Mirzəcanzadə. O, 78 yaşında güzgüyə baxıb, sevinə-sevinə demişdir: "Mən necə də xoşbəxtəm ki, anama oxşayıram".

   ... Başqa bir nüans. Biz sizə minnətdarıq ki, indi uşaqlarımızın dilində "papa", "mama" yoxdur, "ata", "ana" var.

   Hə, mənim əzizlərim, görüşümüzə son vermək istəyimə az qalıb ha. Qəsdən, bilərəkdən hər birinizlə sorğu-sual aparıb öyrənmək istədim ki, görüm ömrümüz-günümüz, işıqlı sabahımız olan şirin-şəkər balaları necə cəzalandırırsınız!

  

   Qulaq asın, səbirlə dinləyin məni. Bu gündən etibarən övladlarınızın səhhətini korlayan bəzi cəza növlərini qoyun qırağa.

   Başa zərbə vurmaq olmaz! Qapaz, qarama, gicgaha təpik, yumruq, şillə, ağır fəsadlar törədir... Qapaz yeyən uşağın qulağı ağır eşidir, gözü yarıçer olur, ya zəif görür, onun dili pəltək olur. Burnunda qaymarit yaranır. Bilin, yadda saxlayın ki, bədənin bütün əzaları, cəmiyyət, ölkələr, kürreyi-ərz başla idarə olunur. Heç bir millətin - xristianların, yəhudilərin dilində "qapaz" sözü yoxdur.

   Kimsə replika atdı:

   - Bəs onlar övladlarını necə cəzalandırırlar?

   - Hə, bax, burası maraqlıdır. Onlar şuıuq, davakar, söyüşçül, sözə baxmayan övladlarının qılçının arxa tərəfinə, yanbızına çubuq vururlar. Yəhudi ana bir də gördün uşağın qalın ətindən bir çimdik götürdü ki, qışqırtısına ya baba, ya nənə özünü yetirdi.

   Tərbiyə işində ögeylik, doğmalıq ola bilməz. Oğlanı çox istəyin, onun nazı ilə oynayan, qızı tez-tez döyən, bax, bu yaramaz... Bəzi ailələrdə 2-3 qız, 1 oğlan böyüyür. Oğlan varisdi deyə şıltaqdı, hətta atasını söyür, gələcəkdə o, nəinki ailəyə, heç cəmiyyətə də layiq övlad, vətəndaş olmayacaq.

   ... Beləcə qeyri-adi görüşümüz sona çatdı. Deyəsən razı qalmışdılar. Baxışlarından məmnunluq duyulurdu.

 

 

  Əlibala Rəhimov

 

  Ədalət.-2012.-24 oktyabr.-S.6.