Hüseyn Cavid - 130

 

   Dünən Azərbaycanın dahi şairi Hüseyn Cavidin anadan olmasından 130 il ötdü

 

   APA-nın xəbərinə görə, Hüseyn Molla Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) 24 oktyabr 1882-ci ildə Naxçıvanda anadan olub. İlk təhsilini mollaxanada alıb, sonra Məmməd Tağı Sidqinin "Tərbiyə" məktəbində oxuyub, Sidqinin təsiri ilə "Gülçin" təxəllüsü ilə şeirlər yazıb. 

   1898-1903-cü illərdə Təbriz və Urmiyada yaşayan Hüseyn Cavid Təbrizdəki "Talibiyyə" mədrəsəsində təhsil alıb. 1906-1909-cu illərdə İstanbul Universitetində oxuyub, orada Rza Tofiq və Tofiq Fikrət kimi şairlərin əsərlərindən bəhrələnib. 1903-cü ildə "Şərqi-Rus" qəzetində ara-sıra məqalələr dərc etdirib. Tələbə ikən "İrşad" qəzetində "Növhə", "Füyuzat" dərgisində isə "Bir ahi-məzlumanə" adlı şeirlər dərc etdirib.

   1909-1910-cu illərdə Naxçıvanda müəllim işləyən Hüseyn Cavid orada "Ana" (1910) pyesini yazıb. 1911-ci ildə Tiflisə gedərək 1917-ci ilə qədər burada yaşayıb. O, Tiflisdə "Maral"(1912), "Şeyx Sənan"(1914), "Şeyda"(1916) pyeslərini qələmə alıb, "Keçmiş günlər"(1913) kitabını "Şərq" mətbəəsində nəşr etdirib. 1918-1919-cu illərdə Naxçıvanda "Ruşdiyyə" məktəbində dərs deyən Hüseyn Cavid Bakıdakı "Yaşıl qələm" dərnəyinin üzvü olub.

   1918-ci ildə "Bahar şəbnəmləri" kitabını çapdan çıxarması, 1918-ci ildə "İblis", 1919-cu ildə isə "Uçurum" faciələrinin yazılması və xüsusən də "İblis" pyesinin uğurla tamaşaya qoyulması Cavidin şöhrətini daha da artırıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Müəllimlər İnstitutunda və Bakı Teatr Texnikumunda dərs deyən Hüseyn Cavid "Azər" poeması (1928), "Afət" (1922), "Peyğəmbər" (1923), "Topal Teymur" (1925), "Knyaz" (1929), "Səyavuş" (1933), "Xəyyam" (1935), "İblisin intiqamı" (1936) pyeslərini yazıb. 1922-ci ildə "Hüseyn Cavid axşamı" keçirilib.

   1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıdıb. 1927-ci ildə ona fərdi təqaüd kəsilib. Lakin 1931-ci ildən etibarən dövri mətbuatda onun haqqında tənqidi məqalələr getməyə başlayıb. Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməyib, Lenin və Stalini mədh etməkdən qətiyyətlə boyun qaçırıb. 1934-cü ildə üzvü olduğu Yazıçılar İttifaqında "burjua yazıçısı" kimi damğalanıb, 1937-ci ildə "Gizli millətçi əksinqilabi təşkilat"da iştirakı bəhanəsi ilə 8 illik həbs cəzasına məhkum edilərək Sibirə sürgün olunub.

   Hüseyn Cavid elə sürgündə - 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində vəfat edib. 1956-cı il martın 6-da bəraət alan Cavidin cənazəsi 1982-ci ildə Heydər Əliyevin köməyi sayəsində vətənə gətirilib. Bakıda heykəli, Naxçıvanda türbəsi və ev muzeyi var.

   Hüseyn Cavid Müşkünaz Cavidin həyat yoldaşı, Ərtoğrul və Turan Cavidlərin atası olub. Şair həbs olunduqdan sonra ailəsi müxtəlif təzyiq və məhrumiyyətlərə məruz qalıb. Bütün bunların nəticəsində istedadlı bəstəkar və rəssam olan oğlu Ərtoğrul 1943-cü ildə vərəm xəstəliyindən 24 yaşında vəfat edib. Cavidlər ailəsi Naxçıvanda - Hüseyn Cavidin adını daşıyan məqbərədə dəfn olunub. Məqbərə 1996-cı ildə inşa olunub.

 

 

   Ədalət.-2012.-25 oktyabr.-S.8.