N.GƏNCƏVİ TORPAQ VƏ ONUN QƏDİR-QİYMƏTİ HAQQINDA

 

   Dərya yalnız su cəhətdən deyil,bitki və heyvanlar aləminə,qiymətli incilərinə görə dərya olduğu kimi,N.Gəncəvi də fikir dünyasına görə dəryadır 

 

   Əjdər Qiyaslı

 

 

   Hər bir cəmiyyətin həyatında cərəyan edən iqtisadi hadisə və proseslər yaradıcı şəxsiyyətlərin əsərlərində bu və ya digər dərəcədə öz əksini tapır. Bu baxımdan N.Gəncəvinin şerləri və poemaları diqqəti cəlb edir. O, bilavasitə iqtisadçı-mütəfəkkir olmasa da digər elm sahələri ilə yanaşı, iqtisadi hadisə və kateqoriyalar barəsində də öz dövrünə görə zəngin fikirlərə malik olmuşdur.

   Dahi ədib ictimai quruluşun doğurduğu bəlaların, sosial bərabərsizliyin, onun səbəblərinin bədii təsvirini öz hikmətlə dolu və dünya şöhrətli "Xəmsə"sində vermişdir. O, cəmiyyətin yaşaması və inkişafının əsasını maddi nemətlər istehsalında, onun davamlı artımında, işgüzar və səmərəli təsərrüfatçılıq amilində, insanın bacarıq və qabiliyyətinin mütəmadi yüksəldilməsində görürdü. Dahi mütəfəkkir bu baxımdan torpaq, əmək və kapital kimi istehsal amillərinin istehlak dəyərlərinin yaradılmasındakı əhəmiyyətini dolğun təsvir etmiş, hər şeydən öncə torpaq amilinə çox yüksək qiymət vermişdir.Onu Ulu Tanrıdan bəxş olan və bəşəriyyətin varlığı üçün misli-bərabəri olmayan ən müqəddəs bir nemət kimi dəyərləndirmişdir. N.Gəncəvi torpağın bütün məziyyətlərini, onun sərvətin anası, əməyin isə atası olması ideyasını hələ XVII əsrdə ingilis klassik siyası iqtisadında əmək dəyər nəzəriyyəsinin ilkin banisi olan U.Pettidən 5 əsr əvvəl mükəmməl bədii şəkildə vermişdir. O,torpağın qədir-qiymətini "Leyli və Məcnun" poemasında belə dəyərləndirir:

   Bütün gövhərlərin rəngi parlaqdır,

   Hamısından xoş gələn yenə torpaqdır.

    (səh. 69)

   Dahi mütəfəkkir insanların torpağın qədir-qiymətini bilməsini, ona anadan da yüksək qayğı göstərməsini, lütf ilə əkib- becərməsini sosial-iqtisadi tərəqqinin və firravan yaşayışın əsası hesab edir:

   Torpağa mərhəmət xeyirdir, inan,

   Lütf etsən gül verər, zülm etsən tikan.

    (səh. 199)

   Nizami torpaq haqqında bu fikirlərini hələ fiziokratlardan 5 əsr yarım əvvəl bədii şəkildə şərh etmişdir. Həmin məktəbin görkəmli münayəndəsi R.Kantilonun: sərvətin yeganə mənbəyi torpaqdır, çünki torpaq ən zəruri yaşayış vasitələri ehtiyatına malikdir, insan əməyi torpaqdan sərvət yaradır- kimi ideyaları hələ XII əsrdə Nizaminin əsərlərində tərənnüm olunmuşdur.

   Ataların gözəl məsəli var: "torpaq deyir- öldür məni, dirildim səni". Yəni torpağı gərək əkinçilik mədəniyyətinin tələbləri əsasında elə əkib becərəsən ki, onun həm münbitliyi qorunub saxlana bilinsin, həm də torpaq sahəsi vahidindən daha çox və yüksək məhsul götürülməsinə nail olunsun. Bunun üçün deyirlər: sən inamla cəhd elə, ruzi verən Allahdır. Bu mənada N.Gəncəvi Ulu Yaradana üz tutaraq deyir:

   Biz sənin duanla öpsək torpağı,

   Qızıl güllər açar qanqal yarpağı.

  

    (səh. 56)

  

   N.Gəncəvi istehsalın maddi amillərinin də rolunun poetik təsvirini çox gözəl verir, torpağa yüksək çeşidli toxum səpilməsinin xeyir-bərəkətli bəhrəsini belə ifadə edir:

   Toxumu bəsləyən torpaqdır, ancaq

   Ona şəkildəmi verir bu torpaq?

  

    (səh.45)

  

   Bununla Nizami demək istəyir ki, yüksək çeşidli toxumu da yetişdirən və onun könül oxşayan qənirsiz gözəllik şəklini də verən torpaqdır. Yəni torpağı şumlayıb toxumu səpməklə bitmir. Gərək əmək prosesi ilə təbii prosesin çulğalaşması elə aqrotexniki təsərrüfatçılıq qaydaları əsasında təmin edilsin ki, səpilən toxumdan da yüksək keyfiyyətli bol taxıl götürülməsinə nail olunsun.

   Onda yaxşı toxum torpağın da üzünü ağ edir, əkinçinin də. Çünki yüksək çeşidli toxum torpaq sahəsi vahidindən yüksək məhsul götürülməsinə, bunun da sayəsində istehsal xərclərinin mütəmadi aşağı düşməsinə və istehsalın gəlirli işləməsinə səbəb olur. Bu, mütəfəkkir şairin "Sirlər xəzinəsi" poemasında "Süleyman və qoca əkinçi" şerində yüksək bədii ifadəsini tapmışdır. Dahi ədibin dediyi kimi "əla toxum" əla da məhsul verər:

  

   Səpdiyin əla toxum yararlı dən olanda,

   Hər dən yırtar köynəyi sünbülə dən dolanda.

  

    (səh. 83)

  

   Dahi şair aqrar istehsal sahəsində torpağa səpilən hər bir dənin bol bəhrə verməsinin, bin-bərəkətli olmasının təbii iqlim şəraitilə bilavasitə sıx bağlılığını görür və göylərdən çox razılıq hissilə belə tərənnüm edir:

  

   Bolluğun müjdəsini bu göylərdən alıram,

   Hər dənin sünbülündən yeddi yüz dən alıram.

  

    (səh. 83)

  

   Onu da şair deyir ki, bolluq olanda insanın dərd-səri də azalır, süfrələrin bəzəyi duz-çörəyi çoxalır, adam özünü həmişə toxtaq saxlayır. Bu barədə Nizami fikrini belə işıqlandırır:

  

   Şah deyiləm, məmləkət dərdi çəkib yıxılım,

   Ömrüm boyu şadam ki,vardır dənim, taxılım.

  

    (səh. 83)

  

   N.Gəncəvi insanı səmərəli əmək fəaliyyəti göstərməyə, çəkdiyi zəhmətin könül açan bəhrəsini görmək üçün inamında mətin və dözümlü olmağa, məqsədə nail olmaq naminə ağıllı cəhd göstərməyə çağırır.O, yazır ki, günlərin birində Süleyman el-obasını seyrə çıxanda görür ki, qoca bir əkinçi qan-tər içində torpağını becərir. Nizami onun əməksevərliyini belə təsvir edir:

  

   Bircə ovuc dəni də kəsib yoxsul daxmadan

   Səpib kərəm mülkünə ehtiyaca baxmadan.

  

    (səh. 82)

  

   Süleyman havaların isti keçməsi və suyun çatışmazlığı ucbatından əkinçinin əməyinin hədər gedəcəyinə heyfsilənərək deyir:

  

   İsti dəni qovurur alovlanan tarlada,

   Məhsul ələ gələrmi susuz yanan tarlada?

  

    (səh.82)

  

   Nizami Süleymanın sözlərindən ruhdan düşməyən qoca əkinçinin öz əməyinin bol bəhrə verməsinə mətin inamını belə təsvir edir:

  

   Qoca dedi: "İncimə. Qoy deyim sözümü mən,

   suya, torpağa dikmişəm gözümü mən.

   Halal zəhmət itməyib, əlləşmək deyil eyib,

   Tanrı: "Səndən hərəkət,məndən bərəkət deyib..."

  

    (səh.83)

 

 

   ƏJDƏR QİYASLI,

   İqtisadçı alim, şair

 

   Ədalət.-2012.-30 oktyabr.-S.7.