"Ya Qarabağ, ya ölüm"

 

   Onun bu dəfəki Azərbaycana gəlişi nə minlərlə pərəstişkarı olan, onun sənətini sevən, qiymət verən insanlar qarşısında konsert proqramı ilə çıxış etmək, nə də ictimai xadim kimi bəzi dövlət məsələlərinin həllində yaxından iştirak etmək idi. Sadəcə, onun qəlbindən süzülüb gələn, artıq milyonların himninə çevrilən "Ya Qarabağ, ya ölüm" mahnısının kök atdığı, cücərərək insanların daim diqqət mərkəzində olan Qarabağ torpağına səfər etmək idi.

    Xocavənd rayon icra hakimiyyəti, xocavəndlilər onun bu arzusunu məmuniyyətlə qəbul etdilər.

    Həmin gün Xocavənddə gözəl payız havası var idi. Səhər tezdən öz qızılı şəfəqlərini aləmə yayan günəş təbiəti nura boyamışdı. Bu qızılı şəfəqlər altında öz payız libasını geyinmiş ağaclarda rəssam tablosundan çxmış bir mənzərəyə bənzəyirdi. Uzaqdan görünən sıra dağlar sanki, günəşin bu parıltısından utanırmış kimi kiçik görünürdü.

    Türkiyəli məşhur qonaq əvvəlcə Xocavənddə şəhid ailələrinin qonağı oldu. Bir həyətə girərkən onu qarşılayan Qarabağ savaşında iki oğul şəhid vermiş ağsaçlı ana oldu. Türkiyəli qonaq ağsaçlı ananın əllərindən öpdü. Onun dərdinə şərik olmaq istədi. Ana isə gözlərini məchul bir nöqtəyə dikib müharibənin ağır, dəhşətli məqamlarından, insanların bu müharibədə çəkdiyi əzab-əziyyətdən və birbu müharibədə minlərlə oğulların şəhid olmasından, minlərlə anaların şəhid anası olmasından bir ağbirçək təmkini ilə söhbət açdı.

    - Oğul bu həyatda insanlar müvəqqətidir. Gəldi gedərdi. Amma Vətən daimidir, oğul. Ta qədimdən babalarımız, atalarımız bir qarış torpaq üçün canlarından keçiblər.

    Oğullarımız da onların yolunu davam etdiriblər. Şəhid olublar. Düşmən elə bilirdi ki, oğullarımızı əlimizdən almaqla bizim qəddimizi əyəcəklər. Vətəni sarsıdacaqlar. Yox oğul, əgər birdə müharibə olsa mən yenə oğullarımı şəhid verməyə hazıram. Vətən basılmazdır.

    Türkiyəli qonaq bu ağbirçək ananın bu cür inamla, əzəmətlə danışacağını gözləmirdi. Onun qarşısında ən uca, ən müqəddəs bir zirvədə olan möhtəşəm bir ana dayanmışdı. Bu ananın qarşısında heç bir qüvvə tab gətirə bilməzdi. Bu ana bütün ucalardan uca idi. Əyilməz idi.

    İkinci bir şəhid qapısı (onu da qeyd etmək lazımdır ki, Xocavənddə elə bir ailə yoxdur ki,şəhid verməsin). Onu 80 yaşlarında qoca bir kişi indiyə kimi öz ağbirçəkliyini saxlamış bir ana qarşıladı. Qonaq onlarla söhbəti hardan başlamağı unutmuşdu. Qoca bunu hiss etdi aram-aram ətrafında heç kim yox imiş kimi söhbətə başladı.

    - Oğul düz 20 ildən çoxdur ki, mən həsrətlə o tərəfə, işğal olunmuş torpaqlarımıza tərəf boylanıram. Doğulduğum, boya-başa çatdığım həyatımın ən mənalı günlərinin keçdiyi o yerlər bir anda olsun yadımdan çıxmır. Bəzən özümü unuduram. Yola düzəlirəm. Qarabağa doğru uzanan bu yolla addımlayıram. Daha da o yerlərə yaxınlaşıram. Mənimçin müqəddəs olan o yerlərə gedə bilmirəm. O yerlər ki, mən orada qohumlarımı, yaxınlarımı şəhid vermişəm.

    Qocanı qəhər boğur, gözlərində gilələnən yaş yanağından aşağı süzülməyə başlayır.

    Onun həyat yoldaşı ağbirçək ana onun köməyinə çatır. Oğlum Asif düşmənlə olan qeyri-bərabər döyüşdə son gülləsinə qədər vuruşdu. Arxadan kömək gözlədi. Kömək gəlmədiyini görəndə özünü vurmaq istədi. Amma düşmən buna imkan vermədi. Əsir götürdü. Çox böyük ağılasığmaz işgəncələrlə onu öldürdülər. Meyidi almaq istədik. Onlar meyidi qaytarmaq üçün bizdən üç ton benzin istədilər. Qohum əqraba hamı yığışıb benzin tədarükü görməyə başladılar. Mən isə qabağa çıxıb: Torpaqda mənimdi, oğulda mənim. O, o torpağın azadlığı uğrunda şəhid olub, o torpaqda qalmalıdır - dedim. Mən heç vaxt yağı düşmənə benzin verib, onların ana-bacılarımızı, körpələri məhv etməyinə razı olmazdım oğul. Oğlumun cəsədi yağı düşmənin tapdağı altında qalan mənim doğma yurdumdadır. Mən, oğlumu Vətən yolunda qurban verdim.

    Türkiyəli qonaq eşitdiklərinə heç cürə inana bilmirdi. Əzizlərini, doğmalarını şəhid vermiş insanlar necə əzəmətli, vüqarlı görünürdülər. Onların qəlbində necə böyük Vətən yanğısı, torpaq, yurd yanğısı var idi.

    Budur gözlənilən an. Xocavənd rayon Mədəniyyət evində onun şərəfinə təşkil olunmuş möhtəşəm görüş. Zal Azərbaycan, Türkiyə bayraqları ilə bəzədilmişdi. 

    Zalda möhtəşəm bir görüntü var idi. Kiçik yaşlı məktəblidən tutmuş ta ahıl qocaya kimi hamının nəzərləri Türkiyədən gələn qonağa dikilmişdi. O, bu baxışlar altında özünü cəmlədi, aram-aram tribunaya doğru addımladı. Bu insanlara necə - haradan başlayıb söhbət etməyi düşündüg

    - Arkadaşlarım, mən buraya, Qarabağ torpağına bir türk oğlu kimi gəlmişəm. Bu mənim arzum idi. Mənim yaradıcılığımda Qarabağ mövzusu mühüm yer tutur. Mən, Qarabağı görməmişdim. Bu gün isə mən sizlərin arasındayam. Mən burada iki oğul şəhid vermiş ana gördüm ki, başını dik tutub "Vətən sağ olsun!" dedi. Mən Qoca ahıl bir kişi gördüm ki, ağbirçək ömür yoldaşı ilə birlikdə - Torpaqda mənimdi, oğul da mənimdi - demiş oğlunun meyidini yağı düşmənin şərti ilə razılaşıb almamışdır. Mən indi gördüm ki, siz öz yurdunuza, öz Vətəninizə necə bağlı insanlarsız. Həqiqəti öz gözlərimlə gördüm. Mən, Qarabağ həqiqətlərini bütün dünyada yayacam. Sizlərin bu cür Vətənpərvər olduğunuzu öz əsərlərimdə qabardacam.

    Sonra türkiyəli qonaq Azərbaycan, Türk bayrağı altında öz mahnılarını oxudu. Zal sanki, hayqırırdı.

    Türkiyəli qonaq Dağlıq Qarabağın Xocavənd rayonu ərazisində yerləşən "Nərgiz təpə" yüksəkliyinə ziyarət etdi. Bu həmin ərazidir ki, burada yüzlərlə şəhid qanı tökülüb, amma düşmən buranı zəbt edə bilməyib.

    Türkiyəli qonaq yavaş-yavaş zirvəyə doğru addımladı. Zirvədə Azərbaycan bayrağı dalğalanırdı. Zirvə təmas xəttinin lap yaxınlığında yerləşir. Buradan baxanda Şuşanın dağları, Xocavənd rayonunu, Qarabağlı, Muğanlı, Qarakənd kəndləri ovuc içi kimi görünür.

    O, Qarabağa, Şuşaya sarı boylandı. Ətrafı sükutla izlədi. Birdəng

    Birdən sanki, nərə çəkdi, "Ya Qarabağ, ya ölüm" deyə şərqi söyləməyə başladı. Onun səsi dağları, daşları lərzəyə saldı. Onun səsi yaxın günlərdə olacaq qələbə müjdəsini sanki, Şuşanın dağlarına çatdırırdı. Onun səsi sanki, ermənilərə bir mesaj idi. Bu səs sanki, bütün bəşəriyyəti haqqa, ədalətə çağırırdı.

  

   Ya Qarabağ, ya ölüm.

   Bəsdi səbr etdik daha

   Ümidlərə qapıldıq,

   Ümid etdik Allaha.

   Şəhid məzarlarında,

   Bəsdi batdıq günaha.

   Qılıncı qapmaq gərək

   Bu olsun nicat yolum,

   Ya Qarabağ, ya ölüm.

 

    Bu qonaq bütün türk dünyasının tanıdığı, ictimai xadim, yazıçı, bəstəkar, müğənni Əhməd Şəfəq idi. O Əhməd Şəfəq ki, bütün varlığı ilə Azərbaycana bağlı bir insan olaraq, Qarabağ həqiqətlərini öz səsiylə, mahnısıyla, qələmiylə bütün dünyaya çatdırmaq üçün Qarabağa ziyarətə gəlmişdig

 

 

   Vidadi Tağızadə

 

   Ədalət.-2012.-30 oktyabr.-S.6.