"Anarxistəm"

 

   "...Seviş "roman"larımı sonralar bədii hekayələrimə çevirib Feysbukda yerləşdirdim"...

 

   "Tələbəlik illəri" layihəsinin növbəti qonağı Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, www.kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xandır

 

   -Ali məktəbə necə hazırlaşırdınız? Repetitor yanına gedirdiniz yoxsa, təkbaşına hazırlaşırdınız?

   - Ali məktəbə çox gec, 1991-ci ildə, Rusiyada həqiqi hərbi xidməti keçəndən sonra daxil olmuşam. Əvvəlcə Bakı Dövlət Universitetinin əyani hazırlığına, sonra isə ilk testçilərlə birgə, filologiya fakülətəsinin gündüz şöbəsinə keçmişəm. Bizim vaxtımızda əlavə müəllim hazırlığına getmək hələ dəbə düşməmiş, repititorluq bu qədər geniş yayılmamışdı. Az sayda, qulluqçu və nisbətən varlı təbəqənin uşaqları, orta məktəbdə zəif oxuyan yeniyetmələr pulla əlavə hazırlaşdıran müəllim yanına gedirdi. Orta məktəbi əla və yaxşı qiymətlərlə, əsgərlikdən qabaq Bakının 12 saylı texniki-peşə məktəbini əla qiymətlərlə bitirmişdim. Hərbi xidmətdə olan vaxtlar isə kənddə xəbər göndərdim, mənə 8-10 sinif dərsliklərini yolladılar. Əsgərlikdən geri dönəndə, qulluq etdiyim hərbi hissədən zəmanət aldım və gəlib o rəsmi göndərişlə də universitetə sənəd verdim. Tənbəl olduğumdan yaxşı hazırlaşa bilmədim. Üstəlik də o vaxtlar hərc-mərclik dövrü idi deyə, sənəd verdiyim 1991-ci ildə əksər qəbul yerləri pulla satılmışdı. Qısası, bir 3, iki də 4 qiymətlə hazırlığa daxil oldum. O vaxtlar belə bir rəsmi qərar vardı: hərbi xidmətdən sonra gələnlər hazırlığa imtahansız və plandan kənar daxil olurdu. Bir sözlə, indiyə qədər nə qazanmışamsa, biliyim, intellektim və ayıqlığıma minnətdaram...

   -İmtahan həyəcanı necə yadınızda qalıb? Kəsilməkdən qorxurdunuzmu?

   - Düzünü desəm, təbiətən anarxist, ruhən azad olduğumdan, hər hansı bir imtahan həyəcanı heç vaxt məni bürümür, amma onda, sözsüz, bir məsuliyyət və gənclik narahatlığı vardı. Qəribə xasiyyətim vardı, imtahanqabağı gedib istirahət edirdim, stress atırdım: məsələn, kinoya, zooparka, ya da hansısa teatra-muzeyə gedib özümü daxilən rahatlayırdım. Belə bir inamla həyat yolumda hər zaman addımlamışam. Həyat evizim belədir də: "Əgər başqaları kosmosa uça bilirsə, sənin onlardan nəyin əskikdir?!" Canını dişimə tutub qarşıma qoyduğum məqsədə çatmaq üçün qətiyyətlə addımlar atırdım. Boynuma alıram ki, indiki ağlım olsaydı, nə Azərbaycanda qalar, nə də ali təhsilə 6 il ömür sərf edərdim. Onsuz da mən universitet və aspiranturanı oxuyan zaman qəliblərə sığmır, özüm üçün alternativ bilgi əldə etmə metodları fikirləşib tapırdım. Kitablar, televiziya, jurnallar,tanınmışlarla canlı təmas, əlavə elmi mənbələr və hər şeyə həvəsim mənə çox yardımçı olurdu...

   -Ali məktəbə qəbul olunmaq xəbərini kimdən aldınız və necə qarşıladınız?

   - Heç kimdən, əvvəlcədən də bilirdim ki, daxil olacağam, çünki yüz ölçüb, bir biçənlərdənəm. Əgər bilsəm ki, qədəm qoyduğum cığır geniş yollarla çevrilib məni məqsədimə doğru aparıb çıxarmır, heç vaxt bir addım da atmaram. O illərdə filologiya fakültəsinin nüfuzu böyük idi, raykom katiblərinin, iri məmurların, varlıların gül balalrı qızları əsasən BDU-nun bu fakültəsinə yerləşdirilirdi. Əslində mən əvvəlcə jurnalistika ixtisasını seçmişdim, sadəcə, qabiliyyət imtahanına çata bilmədiyimdən filologiyanı seçməli oldum. Əyaniyə verdiyim imtahanda az bal yazıb məni başqaları kimi sıradan çıxartdılar. Atamı da götürüb rektora qədər getdim, haqqımı tələb etdim, elə o zaman da qanun və normativ tələbləri gözəl bildiyimdən, halalca hazırlıq kursu dinləyicisi hüququmu bərpa etdim. O çağlarda ölkədə mürəkkəb ictimai-siyasi hadisələr baş verdiyindən, nəyəsə sevinə də bilmirdik...

   -Hansı ali məktəbdə təhsil almısınız və ilk dərs günü necə yadınızda qalıb

   - Mən sizə bir sirr açım, 41 yaşım var, indiyəcən də oxumaqla, təhsil almaqla məşğulam. Amma bu bilgiqazanmaqlarım alternativ, paralel təhsil kimi xarakterizə olunmalıdır. İstər orta, istər peşə, istər hərbi xidmət zamanı 3 aylıq kurs, istərsə də daha akademk, yəni universitetin hazırlıq və əyanisi, eləcə də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturası, yaxud da müxtəlif ixtisasartırma kursları, distant (məsafəli) öyrətmə formaları olsun, fərq etməz, harada oxumuşamsa, onların pedoqoji formalarından kənara çıxmış, özümün istəyim uyğun, könlümə yatan, intellektim üçün yararlı bilgilər toplamışam. Universitetin ilk dərs günü dumanlı yadıma gəlir. Xatırlayıram ki, təbiətən utancaq olduğumdan, yeni tələbə dostlarımla ilk görüşdə sıxılırdım, hələ müəllimlərlə birinci təmas zamanı özümü itirdiyimi demirəm. Maraqlıdır ki, çox sonralar, 2009-cu ildən bu yana hər dərs ilinin ilk günü özüm də Xəzər Universitetinin müəllimi kimi birinci dəfə mühazirərəyə daxil olanda tələbələrimdən utanır, ruhi sıxıntı keçirirəm, amma sonrası yaman gəlir də.. 

   -Ali məktəbdə ən çox sevdiyiniz müəllim kim idi? Hansı fənnləri daha çox sevirdiniz?

   - Ən və çox sözlərindən xoşum gəlmir, o mənada bütün müəllimlərimə eyni sayğı ilə yanaşırdım. O zaman da müəllimlər savadlı gənclərə xüsusi qayğıyla yanaşır, çox zaman onlardan çəkinirdilər. Mən müəllimlərlə hər zaman elmi və ictimai-siyasi zəmində mübahisələrə meylli idim. O vaxtlar müəllimlərin çoxu mühazirələri bizə yazdırardılar. Təsəvvür edirsiz, 70-80 dəqiqə imla - mühazirə yazmaq nə deməkdir də? Əsl cəhənnəm əzabı idi deyə, tələb yoldaşlarımın sifarişi ilə müəllimlərə ağır suallar verir, mübahisə edir, dirəşirdim, uşaqlar da dincəlirdilər. Mən də özümdənrazı çılğın gənc kimi, üstəlik milli-azadlıq hərəkatının romantik üzvü, BDU-nun Xalq Çəhbəsi bölməsinin filologiya özəyini yaradanlarından biriydim, eyni zamanda tələbə-həmkarlar ittifaqının rəhbərliyində təmsil olunurdum. Müxtəlif gənclər təşkilatın aktivistiydim, üstəlik də fakültədə təşkil etdiyim "Gənclər Pen-Klub"unun başçısıydım. Dekanımız isə indi də əziz dostum olan akademiyanın müxbir üzvü, millət vəkili Nizami Cəfərov idi. Bayaq da vurğuladığım kimi, böyüklərlə əlaqə qurmaqda heç bir problemim yox idi, eləcə də kafedra müdirləri ilə xüsusi münasibətlərim vardı, hətta rektor və prorektorla da tanışlığım vardı. Müəllimlərin sevimlisi idim. Nizami müəllim, professorlar Tofiq Hacıyev, Ziynət Əlizadə, Tofiq Hüseynoğlu, Azad Nəbiyev, Arif Əmrahoğlu, Pənah Xəlilli, Cəlal Məmmədov, Gülhüseyn Hüseynoğlu, Kamil Vəliyev, Əlyar Səfərli, Vaqif Sultanlı, Musa Adilov, Yaşar Qarayev, indi dünyalarını dəyişmiş başqa ustadlarımı sevə-sevə xatırlayır, əməkləri qarşısında baş əyirəm. Boynuma alım ki, dərslərin heç birini əlahidə olaraq sevmirdim, amma xüsusi həvəsə öyrəndiyim predmetlər vardı. Qrammatika, ingilis dili, qədim türk ədəbi dili ilə bağlı dərslərdə həvəssiz oturardım. Amma ədəbiyyatla bağlı nə vardısa, birbaşa ruhuma yazırdım...

   -İmtahanları özünüz verirdiniz yoxsa...

   - Sözsüz, hələ yadıma gəlmir ki, hansısa imtahana görə kiməsə rüşbvət verim, ya da hansısa müəllimə hörmət edim. Tələbə yoldaşlarım mənə yalvarırdılar ki, imtahan götürülən otaqlara ən axırıncı girim. Cünki mən hətta imtahan götürülən zamanı da mübahisələr edir, müəllimlərin əhvalını korlayırdım. Onlar da öz növbəsində tələbələrin qiymətini aşağı salırdılar. Yadıma bir hadisə düşdü. Professor, görkəmli alim Tofiq Hacıyev bizə qədim və orta dövrlər Azərbaycan ədəbi dil tarixindən dərs deyərdi. Bu fənn isə mənə yüngül ifadə eləsəm, ləzzət eləmirdi. Ancaq Tofiq müəllimin ədəbiyyatla bağlı mülahizələrindən ötrü ölürdüm də. Onun belə bir xasiyyəti vardı: tələbələrə əvvəlcədən deyirdi ki, kim imtahan qiyməti olaraq 3-4 istəyir, qiymət kitabçasını təhvil versin, imtahan vərəqinə bir şey yazsın və çıxıb getsin. Amma əla qiymət istəyənlər mütləq cavab verməlidir. Mənim də tərsliyim tutdu, sona qədər qalıb beş qiymət almaq istədim. Bir tərəfdən də mənə xüsusi rəğbəti olan Tofiq müəllimin xətrini dünyalarca istəyirdim deyə, özüməinam hissi məni yoldan çıxartdı. Tofiq müəllimi elə indi də xətri əzizdir və dostam onunla. İlk hekayəmi oxuyub dərsdəcə haqqımda elə xoş sözlər demişdi ki, gəl görəsən. Gördüm ki, əksər tələbələri otaqdan çıxması ona çox pis təsir etdi. Bir neçə nəfər qalmışdıq, cavab vermək növbəsi mənə çatanda, yaman ilişdim. O vaxtlar başımız daha çox mitinqlərə, respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərə, siyasətə qarışmışdı. Tərslikdən sual da Tofiq Hacıyevin öz kitabından düşmüşdü: qədim ədəbi dilimizin üslubiyyat və qrammatik cəhətləri ilə bağlıydı. Bu vaxt cavan dekanımız Nizami müəllimin içəri daxil olması qanımın arasına girsə də, məni "xilas" edə bilmədi. Nizami müəllim zarafatla söylədi: "Ay Tofiq müəllim, bu istedadlı tələbələr imtahanda həmişə ilişirlər də..." Beləcə, sevimli Tofiq müəllimim məni imtahandan kəsdi və sonra da ərkyana dedi: "Get, ağıllan, gələrsən..." Sonra isə heç imtahan götürmədən qiymətimi yazdılar... Xatırımdadır ki, sevimli tələbələri olduğumdan, xüsusi rəğbətlərini qazandığım müəllim və professorların əksəriyyəti məni üzücü imtahanlardan vaxtından əvvəl qiymət yazmaqla azad edirdilər.

   -Tələbəlik illəri ilə bağlı ən yaddaqalan xatirənizi bölüşə bilərsinizmi 

   - O zaman Türkiyədən ilk dəfə Bakıya oxumaq üçün tələbələr gəlmişdi. Yaxından dostluq etdiyim türk tələbələrindən birinin kor bağırsağının partlaması, sonra da həkimlərin biganəliyi nəticəsində onun qəfil ölümü məni çox sarsıtmışdı. Xatirələrim daha çox özümlə bağlıdır: bayaqdan onları danışıram sizə. Bir dəfə isə əzrayıl olan və hamının qorxduğu professor Əlyar Səfərlinin dərsindəki mübahisəmi xatırlayıram. O, ümumiyyətlə, orta əsrlər Azərbaycan ədəbiyyatı və sufizm-hürufizm fəlsəfəsini gözəl bilirdi. Mühazirələrin biri zamanı sufilərdən danışarkən, zahidlərin qeybə çəkilən vaxtı 40 gün sutkada bircə zeytun dənəsi ilə dolandıqlarını söylədi. Bu anda məni yaman dəli gülmək tutdu. Uzatmayım, Əlyar müəllim hirsləndi, tələbələr heyrətləndi və məni ərkyana ayaqüstə qaldırdı: "Aya, nasir, nəyə gülürsən?!" Qımışaraq cavab verdim: "Əlyar müəllim, bəlkə zeytunu xurmayla əvəzləyək..." Alim bir anlıq duruxdu, gülümsədi, sonra özünü itirmədən söylədi: "İmtahanda dəyişərsən..."

   -Hansı dərslərdən qaçırdınız?

   - Dərslərdən qaçmaqla aram yox idi. Tələbə yoldaşlarım mənə yalvarırdı ki, keçirilməyən dərslərə görə gedib dekanlıqda şikayət eləməyim. Amma mütəmadi olaraq mitinq və siyasi aksiyalara qoşulduğumdan, eləcə də tədris ilinin əvvəlində və sonunda Rusiyaya kiçik biznes dalınca yollandığımdan, dərsburaxmalarım, qaiblərim olurdu. O zaman iqtisadi durum çox pis idi və mən apreldə əvvəlcədən imtahan verirdim, gedib Rusiyada alver edirdim, oktyabrda qayıdıb birtəhər illik tələbə büdcəmi formalaşdırıdım. Valideynlərimlə böyük qardaşımın da bu mənada mənə dayaq durmasını vurğulamamaq insafsızlıq olardı...

   -Tələbəlik illərinizdə ən çox sevdiyiniz kitab, ən çox sevdiyiniz mahnı, ən çox sevdiyiniz film yadınızda qalıbmı?

   - "Ən"lər yox idi: xarici ədəbiyyatı xoşlayırdım, çağdaş Azərbaycan yazarlarını oxuyardım, ümumiyyətlə, əlimə nə keçirdisə mütaliə edirdim. Musiqi ilə elə də aram olmasa da, estrada və caz, xalq və muğam, rok və pop mahnılarına, kreativ depressiyalar zamanı isə toy və klassik musiqilərinə qulaq asırdım, hind filmlərini isə Avropa və yaponiya intellektual, müəllif kinosoyla əvəzləmişdim...

   -Tələbəlik illərinizdə sevgi macərası olubmu? O illərin xatirəsini bölüşmək istərdinizmi?

   - Olub, mən ümumiyyətlə, hər zaman qızların sevimlisi olmuşam. Amma əksər mələklər mənimlə daha çox dostluq edirdilər, nəinki xanımlıq. Onların psixoloji yüklərini daşımaqdan öz quhum, az qala, qozbel olmuşdu. İlk məhəbbətim kənddə qalmışdı deyə, şəhərdə ciddi sevgi yaşamamışam. Rusiyaya gedib-gələn şəxs olaraq seviş məsələsində də problemlərim yox idi. Qaraçı, rumın və rus sevgililərim haqqında seviş "roman"larımı sonralar bədii hekayələrimə çevirib Feysbukda yerləşdirdim...

   -Sizin üçün seminarlar, yoxsa mühazirələr maraqlı olub?

   - Universitetdə seminarlar - praktik məşğələlər hər zaman zəif müəllimlərə, cavan kadrlara tapşırılırdı deyə, elə o zamanlar da onlara barmaqarası baxılırdı. Mühazirələri heç vaxt kağıza köçürmürdüm, birbaşa yaddaşıma həkk edir, imtahanda da onlardan faydalanırdım. Sonralar özüm də Xəzər Universitetində mühazirə və seminar aparanda heç vaxt çıxışlarımı yazdırmırdım, əksinə, tələbələrimə mobil telefonun diktafon funksiyasından yararlanmağı tövsiyə edirdim...

   -Tələbə yoldaşlarınız üçün darıxırsınızmı?

   - Vaxt var ki darıxım da?! Əlbəttə, hərdən hamısını görmək istəsəm də, boynuma alım, burnumun ucu göynəyən bir kimsə yoxdur. Bütün yaradıcı intellektuallar kimi insanlar məndən ötrü, sadəcə, bir həyat və ədəbiyyat subyektidir. Tələbələrin özü də savadlı, diribaş, özünü gözə soxan yoldaşlarını axı sevmirdilər deyə, məndən ötrü heç də ürəkləri getmirdi...

   -O illəri xatırlayanda ən çox nə ovqatınızı pozan nə olur?  

   - Su kimi axan gəncliyim, siyasətə xərclədiyim zaman, oxumadığım dərslər və kitablar...  

   -Tələbəliyin sonuncu günü xatirinizdə qalıbmı?

   - Xeyr, çünki tez-bazar imtahan verib çörəkpulu qazanmaq üçün Rusiyaya getmişdim. Amma dövlət imtahanı verdiyim gün indi də yadımdadır. Azərbaycanda demək olar heç işlənməyən bir sahədən - elmi-bədii fantastikadan diplom işi yazmışdım. Orijinal elmi araşdırmamı nə elmi rəhbərim oxudu, nə də dövlət imtahan komissiyasının üzvləri. Amma çıxışım o qədər xoşlarına gəldi ki, mərhum böyük alimimiz Yaşar Qarayev məni birbaşa Akademiyanın aspiranturasına dəvət etdi. Baxın, belə böyük kişilər vardı: onların xeyirxahlıqlarının yerini dolduran isə təəssüflər olsun indi yoxdur...  

   -Yenidən o günlərə qayıtmaq istərdinizmi?

   - Yox, ömürü başa vurmaq lazımdır - görüləsi o qədər iş var ki...

 

 

   Cəlil Cavanşir

 

   Ədalət.-2012.-30 oktyabr.-S.5.